Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:24

Faiq Balabəyli. Lənətlənmiş həyat (4)


(Povest)

Əvvəli

***

Məmmədi bir də axşam saat 12-dən sonra müstəntiqin yanına apardılar. Otaq səliqə ilə silinib təmizlənmişdi. Elə bil ki, 10-12 saat bundan qabaq burda hansısa bədbəxti döyə-döyə öldürməmişdilər.
Müstəntiq də sakit idi. Sanki gündüz baş verən hadisənin bu adama heç bir aidiyyatı yox idi. Məmmədə sakitcə yer göstərdi. Polis nəfərlərinə “gedin” dedi. Sonra Məmmədə müraciətlə:
- Nə fikirləşirsən, səmimi etiraf edəcəksən, yoxsa sən də o birinin taleyini yaşamaq istəyirsən?
Məmməd dinmədi. Müstəntiq Məmmədə yaxınlaşıb, aldığı “ifadəni” sakitcə onun qarşısına qoydu:
- Oxu, hər səhifənin altına imzanı at.
Məmməd udqundu. Etiraz edə bilmədi. Sadəcə:
- Latınnan oxuya bilmirəm, – dedi.
Müstəntiq:
- Heç oxumağına ehtiyac yoxdu. Guya iş yerindən yaxınlıqdakı zibilliyə zibil boşaldarkən bükülü görmüsən. Maraqlanmısan, götürüb baxmısan, bir ədəd “Makarov” tipli tapança və bir siqaret qutusu “həşişi” bükülüdə “obnarujivat” etmisən. Bir neçə gün üstündə gəzdirmisən. Həşişdən isə istifadə etmisən, az bir miqdarda da həşiş üstündən tapılıb. Vəssalam, başa düşdün?
Məmməd başı ilə “hə” dedi.
- Onda mübarək imzanı at ora. Kstati, sənə ona görə hörmət edirik ki, – bəlkə işinə də xitam verdik, – gündüz dindirdiyimiz şübhəli şəxsin ikinci mərtəbənin pəncərəsindən yerə tullanmasını sən də görmüsən. Bunu da başa düşdün?
Məmməd qorxa-qorxa:
- Olar ki, mən o hadisəni görməyim?
- Ə, qoduq, bəs sən korsan, o boyda hadisəni görməmisən? Şəhər uje bu haqda danışır, sənsə deyirsən görməmişəm. Onda başqaları görər ki, sən o şəxsi necə itələyib pəncərədən yerə atmısan! Tez ol, imzala verdiyin ifadəni.
- Nəçənnik, sənin başuva dönüm, ayaqlarını yuyum, suyunu içim gəl o silahı yazma. Qorxuram silahdan adam-zad vurmuş olalar. Gedərəm fələyin badına.
Müstəntiq deyəsən yumşaldı. Pəncərənin önündə durub çölə – qaranlığa baxdı. Siqaret yandırdı. Otaqda var-gəl etdi. Məmmədlə üz-üzə oturdu:
- Gərək onda ifadəndə dəyişiklik edəm. Yaxşı.
Ayağa durdu. Növbətçi polisə zəng vurdu:
- Gəlin dustağı aparın, – dedi.
Növbətçi polis serjantı otağa daxil oldu. Məmməd ayağa durub otaqdan bayıra çıxdı. Polis serjantı dünən axşam Məmmədə siqaret, yemək verən oğlan idi. Koridorda polis serjantı yavaş səslə:
- Mamed dayı, doğrudan səndə silah, narkotika tutublar?
Məmməd geri qanrıldı. 22-23 yaşlı bu gənc polis serjantına baxdı. Onun “Mamed dayı” deyərək müraciət etməsində bir doğmalıq, mərhəmlik vardı. Bu gəncin sifəti də ona tanış gəlirdi. Harda görmüşdü bu oğlanı? Kəsdirə bilmədi. Əlləri arxasında ağır-ağır addımlayaraq:
- Bəs sən özün nə düşünürsən, bacoğlu?
Özü özünün polisə müraciətindən təəccübləndi: “Bacoğlu nədir, ay Mamed? Bunlardan indiyədək nə yaxşılıq görmüsən ki, indi dayıları oldun?”
Gənc polis:
- Vallah, nə bilim, mən səni tanıyıram, eşitmişəm, davakar olmusan. Neçə dəfə həbsdə olmusan. Bizdə həmişə səni xatırlayıblar. Biz siznən kənddə qonşu olmuşuq.
- Sən kimlərdənsən? – Məmməd diqqətlə polisə baxdı. – Sənin sifətin mənə tanış gəlir. Amma kəsdirə bilmirəm.
Artıq “KPZ”-nın qapısını açan polis pıçıltı ilə:
- Mən Sənəmin oğluyam. Anam sənin haqqında danışıb, hər şeyi bilirəm.
Məmməd artıq dəmir barmaqlıqların o biri üzündən:
- Dədəndən nə xəbər?
- Dədəmlə yaşamırıq. Çoxdan ayrılıb anam ondan.
Addım səsləri gəldi. Gənc polis qapıdan aralandı. Əlindəki açarları barmağının ucunda fırlada-fırlada uzaqlaşdı.

***

“Anam sənin haqqında danışıb, hər şeyi bilirəm”, deyir bu oğlan. “Gəlsə adını soruşum, görüm nədir adı”. Sənəmin iki oğlu vardı. Böyüyünün adı Xalid idi, kiçiyinin adını isə unutmuşam. “Görəsən bu hansıdır?” Xalidi çətinliklə də olsa yadına saldı. Arıq, sir-sifəti çil-çil olan şirin bir uşaq idi. Məmməd çox qaçırmışdı onu dükana – siqaret dalınca. Xalidin təxminən beş yaşı olardı onda. Sənəmin balaca oğlu isə nənəsinin kürəyində olardı həmişə. Yazıq arvad uşağı belinə şələləyib həyət boyu o başa, bu başa gəzərdi. Nə uşağın cınqırı çıxardı, nə nənənin gileyi eşidilərdi. Bir oğlu vardı, o da türmədə. Yazıq gəlin həm ailəni dolandırır, həm də ayda iki dəfə “kalona”, oğlunun yanına gedirdi. Başını aşağı salıb kor taleyini, alın yazısını, baxtını qarğaya-qarğaya dərdlərini “çalxalayırdı”.
Demək Sənəm uşaqlarını araya-ərsəyə gətirib boya-başa çatdıra bilib.
Məmməd axırıncı dəfə azadlığa çıxanda Sənəmgil artıq o kənddə yaşamırdılar. Evlərini satmışdılar, köçmüşdülər dədə-baba yurdlarına. Qoca qarının dünyasını dəyişməyini isə hələ “içəridə” olarkən eşitmişdi. Qonşu məhlədən biri gəlib düşmüşdü onun cəza çəkdiyi “zon”a. O, demişdi. Elə öz anası da azadlığa çıxmağa bir il üç ay qalmış ömrünü başa vurmuşdu. Məmməd anasına özünün son oğul borcunu belə verə bilməmişdi. “Guya mən anama nə vaxt oğulluq elədim ki, son borcumu verə bilmədiyimə görə də, bir yanıb-yaxılam. Mənim gərək tüstüm göyə dirənəydi, ahım, naləm yox. İyirmi bir yaşımdan türmələrdəyəm. Yazıq arvadın gözünün yaşının qurumasına imkan belə vermədim. Adım çəkiləndə arxasıyca anamın vayı-şivəni aləmi bürüdü. Bir dəfə sevindirmədim binəvanı. Köpəyoğlu bu Novruzun ağzına dəyən kəllənin taqqıltısının səsi nə uzun çəkdi. Budey Sənəm, uşaqlarını böyüdüb, birini polisə işə də düzəldib. Gör o bivec ər nə oyundan, pəstahdan çıxıb ki, dözməyib, aralanıb ondan. Tək başına uşaq böyütmək “hələbəsdik” deyil. Mən bədbəxt, Yetər demiş, anası qara geymiş, bir qızım var, onu da adam balası kimi böyüdə bilmirəm. Cəmi on üç ay üzünü görmüşəm. Anama oğul ola bilmədim, heç olmasa bu köpəyuşaqları yaxamdan əl çəkə, uşağıma atalıq edəm”.
Məmməd qızını fikirləşdi: “Məndən ayaqqabı, don istəyirdi balam”. Gözləri doldu. Yaxşı ki, heç kəs yoxdu. Göz yaşlarını görən olmayacaqdı.
Bir azdan Sənəmin oğlu gəldi:
- Mamed dayı, ala bu siqareti, indi çay da gətirəcəm.
Bir qutu “West” idi. Təşəkkürünü bildirdi:
- Sağ ol, bacoğlu. Sən Sənəmin böyük oğlusanmı, Xalidsənmi?
Polis:
- Hə, Xalidəm. İndi sənə yemək də gətirərəm.
Məmməd:
- Sağ ol, Xalid. Anan nə danışıb ki, məndən? – utandı verdiyi sualdan.
- Anam sənin namuslu, qonşu təəssübü çəkən, baxtı gətirməyən, başqasına görə əzablara düçar olan adam olduğundan danışmışdı. Mənə də, qardaşıma da, həmişə deyirdi ki, sənin hörmətini saxlayaq. Biz isə səni çox az görmüşdük. Sənin toyun olanda məktəbli idim. Mağarın qırağından baxıb fərəhlənirdik səninlə, tay-tuşlarımızın yanında. Düzü nəyə fərəhlənirdik, bilmirdik də. “Prosto”, kənddə sənin qorxmaz, “zon”da isə sözü keçən oğlan olduğun haqqında çox söz-söhbət dolanırdı. Sən axırıncı dəfə tutulandan sonra biz ordakı evimizi satıb köçdük “dvatsatıya”. Bir dəfə anamla bazardan gələndə səni gördük. Yaxınlaşmadıq. Daha doğrusu anam qoymadı. Sən kiminsə həyətində işləyirdin. Heç mən də istəmirdim səni bu vəziyyətdə görəm. Sonra öyrəndik ki, siz də evinizi satıb bura köçmüsünüz.
Xalidlə Məmməd xeyli söhbət etdilər. Hələ aralarında dəmir barmaqlıqlı qapı olsa da birlikdə çörək də kəsdilər. Məmməd Xaliddən xahiş etdi ki, evlərinə getsin. Sağ-salamat olduğunu, şərləyib həbs edildiyini Yetərə desin. Xalid, Məmmədi arxayın etdi:
- Narahat olma. Hər şeyi olduğu kimi Yetər xalaya çatdıracam.

***

Məmmədin gözünə yuxu getmədi. Elə hey fikirləşirdi. Yəni baxtına bir gün doğa bilər? Yəni, sabah qapıları açıb: – “ay Mamed, bağışla, bir səhvdir eləmişik, get ailənin, uşaqlarının yanına” – deyən tapılar? Yəni bu qara gəlmiş ömründə heç olmasa bir dəfə haqqın-ədalətin olduğunu gözləri ilə görə biləcək? Görəsən heç olmasa bircə dəfə gücsüzün haqlı olduğu vaxt, güclünün qarşısında sındırılmadığı zaman gəlib çatacaq?
Məmməd buna inanmırdı. Çünki ağlı kəsəndən haqsızlığın qurbanı olmuşdu. Çaqqallar gödən yırtıb, tülkülər xəlfət dərədə bəylik edib, Məmməd kimiləri yazıq gününə salıb, həyatın bir xoş gününü də imkan verməmişdilər yaşasın.
***
Qızı üçün darıxdı. Guya darıxmadığı gün olmuşdu ki? Gözlərini yumdu. Xoşbəxt yavaş-yavaş gözlərində böyüdü. Orta məktəbi bitirdi. Tibb universitetinə daxil oldu. Əynində ağ xalat xəstəxanada xəstələri qəbul etdi, insanlara şəfa verdi. Qapısına elçilər gəldi. Yenə də Məmmədin tərs damarı tutdu; elçiləri məyus qaytardı. Yenə də abrına-həyasına sığışdıra bilmədi. Türmədə qızının “toyunu” eləmək ona ar gəldi…

***

Səhəri gün, mayın on ikisi həftənin beşinci günü idi. Üçüncü gün idi ki, Məmməd sahə müvəkkili Rəhim tərəfindən aldadılıb həbs olunmuşdu. Fikri-zikri evində – ailəsinin yanında idi. Allah bilir, indi yolunu necə gözləyirdilər. Qız uşağı ilə bir damın altında yaşamaq Yetərə çox çətin olacaqdı. Düzdür, Yetər belə çətinlikləri çox görmüşdü. Amma o vaxtlarda qızı körpə idi və ağlı kəsəndən təkcə anasını görmüşdü. İndi isə atasızlığın acısını daha çox biləcəkdi. Az da olsa ata nəvazişi görmüşdü. Məktəbdən qayıdıb dərslərini hazırlayandan sonra bacardığı qədər anasına ev işlərində kömək edib, televizorda uşaq verlişlərinə baxa-baxa səbirsizliklə atasının evə gəlməsini gözləmişdi. Atası Xoşbəxt üçün oxunmamış bir kitab idi. Yazıq uşağ indi-indi öyrənirdi atalı günlərə. Bəzən uşaq həssaslığı ilə atasının, anasının sıxıntı çəkdiklərini də hiss etmişdi. Hiss etmişdi ki, atası özünü onların yanında günahkar bilir, utanır. Məmməd onların hər hansı bir arzusunu canla-başla yerinə yetirməyə çalışırdı. O da düzdür ki, nə anasının, nə də özünün elə də böyük istəkləri olmurdu. Lakin atası Xoşbəxtin qayğısına qalır, onu dizlərinin üstündə oturdardı. Döşəmənin üstündə oturaraq ayaqlarını düz uzadıb kiçik döşəkçənin üstündə Xoşbəxtə layla deyərək yatırdardı. Qundaqda olan uşaqları çox vaxt beləcə əzizləyib, yatırdırlar. Məmməd isə qızının körpəliyini görmədiyi üçün onun arxada qalan həyatını yaşamaq, yaşatmaq istəyirdi. Xoşbəxt atasını çox istəyirdi. Baxmayaraq ki, o da istəyirdi ki, sinif yoldaşlarının, tanışlarının ataları kimi onun da atası işdən evə erkən qayıtsın, üst-başı təmiz olsun, qızının əlindən tutub şəhərə gəzməyə aparsın. Bütün bunları atasında görməsə də, o uşaq ağlı ilə dərk edirdi ki, atası onu rəfiqələrinin atasından heç də az istəmir. Əksinə ona elə gəlirdi ki, atası bütün atalardan istiqanlı, ürəyi yumşaq və diqqətlidir. Atası onun çarpayısının yanında dizi üstə oturub, əlinin içində sifətini saxlayıb qoxlamasa və almacıq sümükləri çıxmış sifətini sifətinə söykəməsə Xoşbəxti yuxu aparmazdı. Xoşbəxtin xoşbəxt günləri başlamışdı. Bu xoşbəxt günlər mərhumiyyət, kasıblıq, nigarançılıqla əhatələnsə də atalı günlər idi.
Məmməd bütün bunları hiss edirdi. Nə qızı, nə də arvadı Yetər ona bu haqda bir kəlmə də olsun söz deməmişdilər. Uşaq deyildi ki, hiss etməyəydi. Bağlı qapılar arxasında ömrünün təxminən yarısını keçirsə də, əslində o, böyük bir məktəb keçmişdi. Məmməd tənhalığın, kimsəsizliyin acısını başqalarından fərqli olaraq çox dadmışdı. Yaxşı bilirdi ki, istər “çöl” olsun, istər “içəri”, arxanda kiminsə durduğunu görməsələr, kiminsə hənirtisini hiss etməsələr, səni məhv edərlər. Bu belə idi, buna şühbə etməyin özü belə ağılsızlıq olardı. Həyat mübarizləri sevir. Amma tək əldən doğrudan da səs çıxmaz. Məmməd bunu da yaxşı bilirdi.
Azərbaycan adlanan bu sevimli məmləkətimizdə isə haqq-ədalətin bərqərar olması barədə çox az adam tapılardı ki, bəhs etsin. Bu məmləkət Allahın da nəzər və diqqətindən yayınmışdı, elə bil. Yoxsa bu qədər vəhşiliklər, özbaşnalıqlarmı olardı?!.
Məmməd Ağmirzənin onu şərləyib tutdurduğu vaxta qədər ki məhbus həyatında həmişə dikbaşlığı ilə tanınmışdı. Kasıb olmasına baxmayaraq dustaqların təbirincə desək, “özünü tanıyan” oğlan olmuşdu, yerini bilmişdi. Düzdür, “katyol” da oturmasa da, bəzi məsələlərdə, “söz-söhbət”də də iştirak edib “söhbətə okansovka” vurmuşdu, aydınlıq gətirmişdi qaranlıq mətləblərə.
Məmməd cəza çəkdiyi kalonlarda “aralıq uşağı” olmasa da üzdə olanlar tərəfindən həmişə qəbul olunmuşdu. Sadəcə o, bu yolun yolçusu olmamışdı. Özünü heç vaxt “pristupnı mir”də təsəvvür belə etməmişdi. O, “çöl” adamı idi. O, çox istəyirdi ki, azad olsun, ailəsinin yanında özünü evin kişisi kimi hiss etsin. Nə etmək olardı, bu da bir alın yazısı, tale payı idi ki, onun baxtına ünvanlanmışdı. Onu, onun özündən başqa heç kəs başa düşə bilməzdi.
Məmməd möcüzənin baş verəcəyinə heç cür inanmırdı. Harda idi elə bir ilahi qüvvə ki, bu müstəntiqin, yaxud “plan dolduran” polis rəisinin ürəyinə rəhm salaydı, onu açıb buraxaydı evinə – ailəsinin, tək balasının yanına. “Get, yaşa” – deyəydilər. Bunlar olmayacaqdı, bilirdi Məmməd. Onu da bilirdi ki, bu dəfə ailəsi üçün çox çətin olacaq. Qızı bir-iki həftədən sonra birinci sinfi başa vuracaqdı, sonra üç ay yay tətili. Dərslər başlananda bəs bu uşağın əyin-başını, çantasını, dəftər-qələmini necə alacaqdı yazıq Yetər. Yenə sağ olsunlar, dərslikləri məktəbdən verirlər. Yox, müstəntiqlə razılaşacaq. Deyirdi axı 500 dollar verərəm. Sən gələnə qədər yenə də üç-dörd ay yemək pulu edərlər. Dədəm vay, hələ işıq, qaz, su pulları, zibil pulunu da üstə gələk. Yetər yazıq dözəcəkmi görəsən? Razılaşacam, deyəcəm söz ver ki, işimi yüngül aformit edəcəksən. Pulu da ki, özü təklif edib. Çox güman ki, o silah da, həşiş də kiminsə üstündən tutulub. Və o adamın yerinə qurbanlıq kimi məni seçiblər. Ondan da nə qədər lazımdır alıblar. İndi aldığından da bir damlanı guya mənə qıymazlar? Qıyarlar. Axı onlar da istəyir ki, gördükləri iş təmiz olsun.

***

Məmmədi fikrindən növbətçi polisin addım səsləri ayırdı:
- Hazırsan? “Konvoy” gəlib səni aparacaq Xətaidəki “İVE”-sə. Qalx ayağa, gedək, müstəntiq səni gözləyir.
Müstəntiq Məmmədlə “səmimi” salamlaşdı:
- Mamed, uşaq ha deyilsən, özüvü toxdaq tut. Kak budto pervıy raz-zamuj gedirsən. İfadəni də dəyişdim. Arxanca “quyruq” aparmayasan deyə, anaşanı zibillikdən tapdığını yazdım. Satmaq fikrin olmayıb. Özünçün bala-bala çəkirmişsən. Həkimdən də spravka aldım ki, “55″-in olmasın. Yəni sənə məcburi müalicə yazmasınlar. Balalarımın qəbrinə and olsun, Zığ yolundakı dispanserin baş həkiminə 200 dollar vermişəm o sənədçün. İl yarım iş kəsəcək sənə hakim. Uşaqlarımın ruhuna and olsun elə edəcəm ki, heç Bayılda da bir aydan artıq qalmayacaqsan, tez-bazar məhkəmə, ordanda zona gedəcəksən. Yaxın gəl, qolla bunları. Oxuya bilsəydin, lap oxuyardın da.
Məmməd müstəntiqin ona tərəf uzatdığı vərəqləri alıb göstərilən yerlərə imza atdı.
Dünən baş vermiş ölüm hadisəsilə bağlı tərtib olunmuş akta da imza atdı. Bu imza ilə müstəntiqin zərbələrindən dünyasını dəyişmiş gəncin qanının batırılmasına yardımçı oldu. Müstəntiqin sanki üstündən ağır bir yük götürülmüşdü. Məmməd müstəntiqin kefinin kök olduğunu görüb ürəkləndi:
- Nəçənnik, məni ŞİZO-ya aparacaqlar. Bilirəm, arxamca gələn olmayacaq. Demək olar ki, heç kəsim yoxdur. Evdəkilərin isə – arvadını və qızını nəzərdə tuturdu, – elə bir imkanı da olmayacaq. Söz vermişdin ki, dediklərinə, yazdıqlarına imza atsam, 500 dollar verəcəksən. Həm o pulu evə verərdim, həm də ailəmlə, qızımla görüşüb, sağollaşıb, halallıq alardım.
Müstəntiqin sifəti dəyişdi, rəngi bozardı, elə bil dünən döyüb öldürdüyü oğlanı “hadisə” yerində tutmuşdu.
- Ə, Mamed, sən nə həyasız adamsan. Mənnən bazarlıq edirsən, ə, sən? Heç bilirsən nə danışırsan? Səni adam balası bildim, işini yüngülləşdirdim, indi mənə şərt qoyursan? Ə, aformit eləyim bunların hamısını?
Məmməd büzüşdü. Nə istəsə edər bu. Allahı yoxdu bunun. “Mənə özü demişdi də”. Bir qədər ürəkləndi:
- Axı sən özün demişdin də, mən dedim birdən yadından çıxar, onunçün yaduva saldım də, nəçənnik, ta nöş hirsdənirsən? Vermirsən vermə, dedim bəlkə sizlərdə də söz ağızdan çıxır da, day nə bilim səhv başa düşmüşəm, nəçənnik.
Müstəntiq mülayimləşdi:
- Sənin üstündən götürülən əşyaları özünə qaytaracaqlar. On bir Şirvan pulun olub, onu da verəcəklər, pulunu sayıb sonra kağıza qol çəkəcəksən ki, sonra söz-söhbət olmasın. Mamed, insafın olsun gör mən sənnən nə tonda danışıram. Balalarımın körpə qəbrinə and olsun, yeganə adamsan ki, sənə baballığım gəlir. Yoxsa nazınla oynamazdım, salardım sillə-təpiyin altına, nöyüt iyi verənə qədər döyərdim səni, elə eləyərdim ki, on bir sentyabrda Amerikanı böyrü üstə qoyan təyyarələrin hamısının pilotu olduğunu boynuva alardın, lap yazardın ki, Bin Ladenlə sinif yoldaşı olmusan. Amma eləmirəm, nöşün ki, sənə rəhmim gəlir. Həm də ay balqabaq, bilirsən dünənki hadisə mənə neçəyə başa gələcək. Hələ duza gedirəm e, – siqaret yandırdı, bir qullab vurub – ağıllı ol, – dedi. Konvoyları çağırdı:
- Aparın! Sonra nə fikirləşdisə:
- Bunun evi bura yaxındır, hörmətinizi eliyər, aparın iki dəqiqəlik arvad-uşağı ilə görüşsün, Allaha da xoş gedər, – dedi.
Konvoylar:
- Baş üstə, – deyib, Məmmədin qolunu qandalladılar.

***

- Gəl görək, sənin işin hələ innən belə olacaq. Bu adam sənin torbanın ağzını açıb, torbavu tikən istintaqın müstəntiqi olacey, – konvoylardan biri Məmmədi Polis İdarəsinin qarşısındakı ağ rəngli “07″-ə otuzduranda dedi. Özü də arxada, Məmmədin yanında əyləşdi:
- Hə, day-day, bir şirinlik ver, səni aparaq, evindəkilərlə görüş. Ya da zəng eləyək özləri gəlsin.
Məmməd:
- Telefonumuz yoxdu. Aparsanız daha yaxşı olar, – dedi.
Sükan arxasındakı konvoy:
- Gör də, səni “spes reyis”nən aparırıq, çıxar nəyin varsa, siftə ver.
- Cəmi on bir şirvanım vardı, birini pulumu qaytaran serjant götürdü, onu qalıb. Hərənizə birini verərəm, səkkizi də evə qalar, – dedi Məmməd.
Arxada Məmmədin yanında əyləşən konvoy:
- Yox, day-day, bu olmadı. Biz bu boyda “risqə” getmişik, səni evdəkilərlə görüşə aparırıq, sən isə xırdaçılıq edirsən. Luçşi bu “onun” üstünə evdən də bir “on” qoy, halallıq olsun. Yoxsa bizə nə düşüb ki, özümüzü işə salaq.
Məmməd ağlamsındı:
- Ətağa cəddi, imkanım yoxdur. Heç evdə də çörək pulumuz yoxdur. Məni başuvuza dolandırın. Balamı görsəm, “srok” mənə ağır gəlməz.
Konvoylar maşının güzgüsündən baxışdılar. Deyəsən insafa gəlmişdilər. Sükanın arxasında əyləşən konvoy:
- Bax, Mamed, beş dəqiqə vaxtın var. Çalış həyətdə vay-şivən salmasınlar. Anamın canıyçün yeganə adamsan ki, sənə “dobro” verdilər ailənlə görüşəsən. Bunun üstü açılsa adama “paya” çalarlar. O “on şirvan”ı da çıxart ver yanındakına. Yazıqsan, səndən çox almırıq. Sonra nə fikirləşdisə əlavə etdi:
- Ay Mamed, sən öl bizə qalmır, oğraşdı yalan deyən, biz də haqq veririk.
“Jiquli”nin arxa oturacağında büzüşən Məmməd dinmədi. Evlərinə yaxınlaşdıqca daha da kiçilirdi. İstəmirdi ki, qonum-qonşu, həyətində işlədiyi “xozeynlər” onu bu halda görsün.
- Qabaqdan sağa dönərsən, göy rəngli qapının yanında saxlayarsan.
Maşın Məmmədin göstərdiyi yerdə dayandı.
- Sən otur, hələ, – sürücü maşından düşdü. Qapıya yaxınlaşdı. İtələdi. İçəridən bağlı idi. Ətrafa göz gəzdirib qapını döydü. Yetərin səsi gəldi:
- Kimdi? Gözlə gəlirəm.
Qapı açıldı. Yetərin səsi:
- Kim lazımdı sizə, qardaş? – deyə soruşdu.
Konvoy:
- Mamedin evidi bu, bacı?
- Hə, evdə yoxdu, onu soruşan kimdi ki?
Konvoy:
- Heç bacı, sən hay salma, Mamedi gətirmişik, sənnən görüşsün. Rəis tapşırdı, onu həbs ediblər də, bilirsən?
- Bilirəm, dünən gəlib sizin işçilərdən biri dedi, – Yetəri qəhər boğdu.
Həyətdən küçəyə çıxdı. Məmmədi maşında büzüşmüş halda görəndə özünü saxlaya bilmədi, divarın küncünə çökdü, için-için ağladı:
- Anası qara geyinmişin balası, bizi kimin ümidinə qoydun?
- Bacı, keç içəri indi gətiririk. Ayıbdır, qonşular görər, hay-həşir salma, bizi işdən qovarlar, həbs edərlər, yazığıq.
Maşının arxasında Məmmədlə yanaşı oturmuş konvoy maşından düşüb:
- Gəl, – dedi.
Məmməd aşağıya düşdü. Konvoy əlindəki qandalı Məmmədin sağ, özünün isə sol qoluna bağladı. Pencəyini hər ikisinin qolunun üstünə atdı ki, qandal görünməsin. Həyətə keçdilər. Yetər ağlayırdı:
- Niyə belə oldu, Mamed? Axı sən tövbə etmişdin, Axı heç kəslə işin olmayacaqdı sənin. Bə dünən Sənəmin oğlu dedi ki, nəşəynən tutublar səni. Niyə axı belə elədin, bə deyirdin day özümçün yox, sizinçün, qızımçün yaşayacağam. Bə, nöş belə elədin, Mamed? Bə, biz indi neyniyək, Mamed, başımıza haranın daşını salaq, kimin qapısında nökərçilik eləyim, balamızı saxlayım? Dillən də, Mamed, sənin qadovu alım, sənin başuva dönüm, indi-indi özümü ərli arvad kimi hiss edirdim. Danış da, ay qara geyinmişin balası, ay başı batmış?!.
Məmməd qandal vurulmayan sol əli ilə gözlərinin yaşını sildi.
- Uçaskovı aldatdı məni, yanına getdim, tutdurdu məni, mənim heç nədən xəbərim yoxdu. Guya “plan” doldurmalıdılar. Mənə rəhmləri gəldi, hələ istəyirdilər bir dənə də tapança qoyalar boynuma. Günahım yoxdu, Yetər. Balamızın canı üçün heç nədən xəbərim yoxdu. Mənim taleyim belə imiş. Səni də bədbəxt elədim. Gün vermədim sənə. Gözün yaşlı oldu, ürəyin nisgilli. Dözün görək nə olur. Qızımı oxut, Yetər. Gecələr yatma, onun-bunun paltarını yu, həyətini süpür, adını qoru, qızımı qoru, oxut, balanı, Yetər. Mən ona Xoşbəxt adını verdim. Qurban olum kəramətinə, Allah istəmədi mənim balam xoşbəxt ola. Mənə heç nə lazım deyil, heç nə göndərməzsən mənə, qızımı oxut, Yetər. Qoy həkim olsun mənim balam. Hanı qızım, Yetər, denən aton gedir, bəlkə qayıtmadı, qoy gəlsin öpüm onu.
- İçəridədi qız, Mamed. Bu dəqiqə. – Arxaya döndü: – Xoşbəxt, qızım!
Xoşbəxt evin qapısının ağzında göründü. Həyətdəki yad adamlara, anasına və onlarla çiyin-çiyinə dayanmış atasına baxdı. Nəsə bəxbəxt bir hadisənin baş verdiyi onun körpə ürəyinə damdı. Göz yaşları səssizcə yanaqları boyu axdı:
- Ata, bəs niyə evə gəlmirdin? – dedi.
- Gələcəm, qızım, işim var, məni iş dalıyca göndərmişdilər, yaxına gəl, – dedi Məmməd. Qızına tərəf addımladı. Yad adam da onunla birlikdə irəlilədi. Xoşbəxt atasına tərəf qaçdı, qıçlarını qucaqladı atasının. Məmməd aşağı əyildi, sol qolu ilə qızını qucaqladı, saçlarından öpdü, göz yaşları qızının üzünə damcıladı.
- Ata, məni niyə tək əllə qucaqlayırsan? Məni çox istəmirsən? Sənin əlini niyə bu əmi öz əlinə bağlayıb, səni tutublar, ata? Səni aparacaqlar? Gəlməyəcəksən evimizə?
Konvoy cibindən balaca açar çıxartdı, qandalı Məmmədin qolundan açdı:
- Rahat görüş, – Kənara çəkilib yoldaşına: – Mənə siqaret ver, – dedi.
Hər ikisi siqaret yandırdı. Şahidi olduqları səhnə onları təsirləndirmişdi.
Məmməd qızının qarşısında diz çökdü, balasını bağrına basdı, öpdü, öpdü, doymaq bilmədi:
- Mən səni çox istəyirəm, qızım, lap çox istəyirəm. Səni dünyalar qədər istəyirəm, qızım. Böyü, qızım, oxu qızım, həkim olarsan, anan səni oxudacaq. İşdi qayıtsam səni özüm oxudub toyunu edəcəm, səni xoşbəxt edəcəm, qızım. Sən xoşbəxt olmağa layiqsən, mənim balam.
Yetər də yaxın gəldi. Dizi üstə çökdü. Hər üçü baş-başa verib ağladı. Hər ikisi Xoşbəxti öpdülər, “bədbəxt qızım” dedilər.
Xoşbəxt əllərini atasının göz yaşlarından islanmış sifətinə çəkdi:
- Ata, qayıt evimizə gəl. Mən səni hamıdan çox istəyirəm. Sən bütün ataların yaxşısısan. Gəlməsən mən böyüməyəcəm. Əgər istəyirsənsə mən böyüyüm, qayıt evimizə gəl. Mən həkim olacam, ata, qoymaram sən işləyib əziyyət çəkəsən. Ağlama, ata, sənin əvəzinə özüm ağlayacam.
Məmməd Xoşbəxti yenidən bağrına basdı. Sanki qızını ürəyinin içində yerləşdirmək istəyirdi.
Konvoylardan biri yaxınlaşıb əlini Məmmədin çiyninə qoydu:
- Bəsdi, Mamed, gedək, – dedi.
Məmməd ayağa qalxdı. Yetərin, qızının üzündən öpdü. Əlini konvoya tərəf uzatdı. Konvoy Məmmədin qoluna girdi. Qızının, həyat yoldaşının yanında qandallamaq istəmədi. Yoldaşına tərəf baxdı. Sonra əlini şalvarının cibinə salıb Məmməddən götürdüyü 100.000 manatı çıxartdı. Yetərə uzatdı:
- Al bacı, Mamedin cibindən çıxıb. Orda ona bu lazım olmayacaq, – dedi.

2006-2007
10 saylı CÇM

http://faiqbalabeyli.com/07.htm

XS
SM
MD
LG