Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Adil Cəmil. Mən yaşamaq istədim


MƏN YAŞAMAQ ISTƏDIM


Bu dünyaya göz açdım, dünya açdı gözümü,
Körpəcə varlığımda gizləndi fil dözümü.
Haqsızların içində haqqa tutdum üzümü,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Uşaqlığım sovuşdu ata-anadan uzaq,
Onlara uzaq oldum başdan-binadan uzaq...
Adamlara uzaqmış demə bu adam, uzaq -
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Gəncliyimə gəlincə öz oduma alışdım,
Bəşərə dil açdıran söz oduna alışdım.
Yavaş-yavaş dünyanın təzadına alışdım,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Saçlarıma dən düzdü illərimin düzümü,
Qəm əydi qamətimi, kədər bükdü dizimi.
Qara buludlar aldı bəmbəyaz gündüzümü -
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

Bir də gördüm, ilahi, tayalarım taylanıb,
Gedən ömrüm sən demə gələnlərə paylanıb.
Doğulduğum torpağa yetim-yetim boylanıb,
Mən yaşamaq istədim,
Mən yaşaya bilmədim.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG