Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:55

Seçkiyə müdaxiləyə görə açılmış yeganə cinayət işi


Vidadi İsgəndərli
Vidadi İsgəndərli
«Vidadi İctimai Palatanın üzvüdür, ikincisi də İctimai Palatada müstəqil tədqiqat komissiyasının sədri idi. 2 aprel tarixində ona 8 sutka, 17 apreldə isə ən çox ona iş veriblər- 15 sutka. Mitinqdə monitorinq keçirən zaman onu həbs ediblər. Sözsüz ki, həbsinin arxasında siyasi sifariş durur».

Bunu mayın 2-də barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərlidir.

Vidadi İsgəndərli İctimai Palatanın aprelin 17-də Bakıda keçirdiyi mitinqə görə həbs olunsa da, həbs müddəti başa çatan gün yeni ittihamla həbsinin müddəti artırılıb. Ona Cinayət Məcəlləsinin 159.4.1 9 (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma) və 160.2.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə yeni ittiham elan olunub. İttihamlar parlament seçkilərindən bir qədər sonra açılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirib ki, Vidadi İsgəndərli haqda açılan cinayət işinə xitam verilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil. Seçkidən sonra açılan iş icraatda olub. Həmin cinayət işi 7 noyabr parlament seçkisindən sonra 89 saylı Göyçay-Ağdaş DSK-dan daxil olan məlumat əsasında başlanıb.

Vidadi İsgəndərli
XİTAM VERİLMİŞ İŞ YENİDƏN AÇILIB?


Vidadi İsgəndərlinin vəkili Akif Əlizadə isə deyir ki, Vidadi İsgəndərli ötən ilin sonu Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən açılan cinayət işinə xitam verildiyini düşünürmüş:

«Özü mənə dedi ki, 17 noyabr 2010-cu ildə ona faktla bağlı cinayət işi başlayıb. Onu dindiriblər, bir neçə dəfə istintaqa çağırıblar. Bundan sonra müstəntiq qeyri-rəsmi deyib ki, «bu iş bağlandı-getdi». Dünən isə məlum oldu ki, bu iş bağlanmayıbmış. Saat iki üçün getmişdik onun arxasınca götürək, evlərinə təhvil verək».

Vəkil Akif Əlizadə hesab edir ki, İsgəndərliyə qarşı parlament seçkisinə müdaxilə ittihamının heç bir əsası yoxdur, qanunsuzdur. Mayın 3-də Bakı İstintaq Təcridxanasında Vidadi İsgəndərli ilə görüşən vəkil bir neçə günə qərardan apelyasiya məhkəməsinə şikayət verəcəklərini bildirir.

Hüquqşünas Yalçın İmanov hesab edir ki, Vidadi İsgəndərli kimi fəal insanlara qarşı bəzi hallarda cinayət işinin açıq saxlanması, bəzən isə xitam verilib, sonradan təkrar açılması praktikası var və bu təzyiq vasitəsi kimi istifadə olunur.

Bəşir Süleymanlı
«İLLƏRDİR SEÇKİ SAXTAKARLIQLARI ƏNƏNƏSİ DAVAM EDİR»


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı isə bildirir ki, seçki günü saxtakarlığa yol verənlərin məsuliyyətdən kənarda qalması ənənəsi artıq illərdir davam edir.

ATƏT-in 7 noyabr parlament seçkilərinə dair son hesabatında seçkilərlə bağlı tövsiyələrindən birində vurğulanırdı ki, seçki günü yol verilən pozuntular - saxta bülletenlərin qutuya atılması, bir adamın təkrar səs verməsi halları «dərhal araşdırılmalıdır». «Belə ki, bu pozuntular seçki prosesinin düzlüyünü şübhə altına alır.
Pozuntulara yol verənlər, o cümlədən seçki komissiyasının üzvləri qanunvericiliyə uyğun olaraq məhkəməyə cəlb edilməlidir»- deyə ATƏT bildirirdi.

SEÇKİDƏN SONRA MƏSULİYYƏTƏ CƏLB EDİLƏN YEGANƏ ADAM

Parlament seçkiləri. 7 noyabr 2010
Bəşir Süleymanlı
hesab edir ki, seçki saxtakarlığına yol verilmiş şəxslərlə bağlı ayrı-seçkilik edilir. O, xatırladır ki, seçkilərdən sonra cinayət məsuliyyətinə cəlb ediln yeganə adam da Vidadi İsgəndərlidir:

«Biz ötən seçkilərdə də görmüşük ki, seçki saxtakarlığında iştirak edən şəxslər barəsində heç bir tədbir görülmür. Hətta bu saxtakarlıqda iştirak edən insanlar, yəni seçki komissiyasının üzvləri və digər vəzifəli şəxslər yenidən öz vəzifələrində qalır, ya da bu və ya digər şəkildə mükafatlandırılırlar. Bu da hökumətin seçkilərə olan münasibətidir. Onlar seçki ilə bağlı hər hansı bir insanı cəzalandırsalar fikirləşirlər ki, insanlar növbəti dəfə bu saxtakarlıqda iştirak etməkdən imtina edə bilər».

Ekspert qeyd edir ki, bələdiyyə seçkilərindən sonra Naftalan şəhər icra hakimiyyətinin başçısı seçki komissiyalarının fəaliyyətinə müdaxilə etdiyinə görə işdən azad olunsa da, barəsində cinayət işi açılmadı, araşdırma aparılmadı.

Mərkəzi Seçki Komissiyasının hüquq şöbəsinin müdiri İradə Hacıyeva bildirdi ki, «MSK seçki saxtakarlığı ilə bağlı heç bir məsələ araşdırmayıb və heç bir orqana da ünvanlamayıb. Vidadi İsgəndərlinin məsələsinə də MSK-nın heç bir aidiyyatı yoxdur».
XS
SM
MD
LG