Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Diffamasiya qanunu qəbul olunandan sonra...


Dunya Miyatoviç
Dunya Miyatoviç
Mayın 10-da ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatovic) Bakıya səfəri çərçivəsində həbsdə olan jurnalist Eynulla Fətullayevlə görüşüb. Jurnalistin atası Emin Fətullayev isə bu görüşün hansısa effekti olacağını düşünmür. Deyir Dunya Miyatoviçdən əvvəl bu postu tutan Mikloş Haraşti Eynulla Fətullayevlə yetərincə görüşmüşdü.

«Dunya Miyatoviç gedib görüşüb, sağ olsun. Amma mən bunu ciddi bir görüş hesab etmirəm. O qədər belə görüşlər olub ki. Əgər Eynulla həbsdən azad olunsa, əfv, yaxud amnistiyaya düşsə, mən onu bu görüşlə əlaqələndirməyəcəm.

Miyatoviç mayın 11-də Bakıda «Qanunvericiliyə dəyişikliklər etmək yolu ilə diffamasiyanın dekriminalizasiyası» mövzusunda keçirilən konfransda da çıxış edib.

DAHA MƏSULİYYƏTLİ OLMALI?

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu tədbirdə deyib ki, jurnalistlər heç də düşünməsinlər ki, diffamasiya haqqında qanunun qəbulu onları yazıya, insanların şərəf və ləyaqəti ilə bağlı hazırladıqları materiallara görə məsuliyyətdən azad edəcək.

«Bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar. Media qrupları və onlara rəhbərlik edən adamlar öz mətbuat orqanlarına daha məsuliyyətlə yanaşmalıdırlar. O cümlədən jurnalist təşkilatları jurnalistlərin peşəkarlığının artırılmasında ciddi işlər görməlidirlər. Biz jurnalistlərin öz peşələrinə daha məsuliyyətlə, daha peşəkar yanaşmalarını təmin etməsək, cəmiyyətdə jurnalist- vətəndaş, jurnalist və digər strukturların qarşıdurması davam edəcək».

Əli Həsənov
Əli Həsənov
deyir ki, diffamasiya haqqında qanun qəbul olunandan sonra böhtana, təhqirə məruz qalan vətəndaş jurnalistin çalışdığı redaksiyanı inzibati qaydada məhkəmə yolu ilə cərimə sanksiyasına məruz qoya biləcək.

Prezident Adminstrasiyasının şöbə müdiri hesab edir ki, jurnalistləri cinayət məsuliyyətindən azad etməklə iş bitmir. Kimlərin jurnalist olub- olmamasını müəyyənləşdirmək məsələsi açıq qalır. Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində hər kəs jurnalist vəsiqəsi daşıya, yazı yaza, bloqqerlik edə bilər. Amma bunların əksəriyyətini böhtan və təhqirə görə cinayət məsuliyyətindən azad etmək mümkün deyil. Ona görə də Əli Həsənov düşünür ki, gələcəkdə jurnalistin əxlaq kodeksinə hüquqi qüvvə verilməlidir. Jurnalist vəsiqəsi də həmin kodeksi imzalayan kəslərə verilməlidir.

«BU SÖZ MƏNDƏ ALLERGİYA YARADIR»

ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç isə hesab edir nə o özü, nə də hökumət jurnalistlərə nəyi necə yazmaq haqda dərs keçməməlidir. Miyatoviçin fikrincə, dövlət orqanları jurnalistlərə tez- tez məsuliyyətli olmağı xatırlatmağı xoşlayırlar. Halbuki, bu sözün deyilməsi senzura yaradır:

«Bu söz məndə allergiya yaradır. Hesab edirəm ki, jurnalistlər də digər peşə sahibləri kimi məsuliyyətli olmalıdırlar. Bu çox vacib məsələdir. Ancaq nəyə görə siyasətçilər hər zaman jurnalistlərin məsuliyyətindən danışırlar? Düzdür, onlar peşəkar, ədalətli, bitərəf olmalıdır. Ancaq biz jurnalistlərə məsuliyyətli olmağı deyiriksə, deməli özümüz senzora çevrilirik».

ATƏT təmsilçisi hesab edir ki, diffamasiyadan kənar motivlərlə də jurnalistlərin həbsə atılması təcrübəsinə mümkün qədər tez son qoymaq lazımdır.

O, hesab edir ki, əslində dövlət jurnalistlərin fəaliyyəti üçün şərait yaratmalı, onlara maliyyə, maddi təminat imkanları yaratmalıdır. Məhz belə olanda jurnalistlərin peşəkarlığı ortaya çıxır, onlar müstəqil fəaliyyət göstərə bilirlər.

«DİFFAMASİYA HAQQINDA QANUN HAMIYA AİDDİR»


Media mütəxəssisi Zeynal Məmmədli isə düşünür ki, hakimiyyət artıq jurnalisti başqa bəhanələrlə də həbsə salmağı bacardığı üçün informasiya məsələlərinə dair qanunlar sırasındakı bu boşluğu qapatmağı məqbul sayır. Bununla hakimiyyət həm də söz, fikir azadlığının tərəfində olduğunu nümayiş etdirə bilir.

Zeynal Məmmədli
Əli Həsənovun
bloqqerlik, kimin jurnalist olmasını necə müəyyənləşdirməyə dair fikirlərinə gəincə, Zeynal Məmmədli deyir ki, yeni texniki imkanların artması hakimiyyəti bu barədə düşünməyə vadar edir.

«Dilə gətirilən əslində beynin gizlinlərində olan şeylərdir. Düşünürlər ki, bu yeni media ifadə azadlığı ilə bağlı hansı problemləri yaradacaq. Tutaq ki, sabah hökuməti kəskin tənqid edən birisini jurnalist saymasaq, onu cəzalandırmaq mümkün olacaq. Ancaq elə söhbət yoxdur. Diffamasiya haqqında qanun hamıya aiddir»

Zeynal Məmmədli deyir ki, təkcə jurnalistlər yox, hər kəs öz fikrini azad ifadə etməlidir. Hətta əgər kimsə yanlış fikir yayıb hökumətin nüfuzuna xələl gətirirsə, qoy hökumət bunun düz olmadığını faktlarla sübut edib vətəndaşları belə yanlışlıqlardan çəkindirsin.
XS
SM
MD
LG