Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Schengen qaydaları sərtləşir



Ərəb üsyanlarından sonra İtaliyaya gələn 20 min adama İtaliya məcbur olub, müvəqqəti qalma icazəsi verib.
Bu icazə ilə həmin adamlar Schengen zonası daxilində istədikləri ölkəyə sərbəst gedə bilərlər.

Ərəb ölkələrindən insanların axışdığı ikinci ölkə Fransadır.
Məhz Fransa və İtaliya ərəb üsyanlarından sonra Avropa Birliyində məsələ qaldırdılar ki, sərhədlərə nəzarət bərpa olunsun.

SƏRHƏDLƏRİ BAŞSIZ QOYMAQ OLMAZ

Və nəhayət, Avropa Birliyi öz daxilində ölkə sərhədlərinə nəzarətə qayıtmaq qərarına gəlib.

Hələik bu qərar daxili işlər nazirləri səviyyəsində verilib və Avropa Birliyinin iyunun 24-dəki sammiti yekun təsdiqini verməlidir.

Avropa Birliyi ölkələrinin daxili işlər nazirlərinin xüsusi toplantısı sərhədlərə nəzarət məsələsində konsensusa gələndən sonra Macarıstanın Daxili İşlər naziri Sandor Pinter xüsusi vurğulayıb ki, Birlik sərbəst hərəkət prinsipindən geri çəkilımir:

“Avropa daxilində sərbəst hərəkət, Schengen zonası Birliyin ən böyük nailiyyətlərindən biridir. Ancaq biz bunun təhlükəsizliyini qorumalıyıq”.

Hazırda Schengen zonası 25 ölkə arasında sərbəst hərəkətə imkan verir.

Nazirlərin gəldiyi razılıq isə ondan ibarətdir ki, miqrantların sayı kəskin artsa, hər bir ölkə öz sərhəddində postlar yarada bilər və ölkəyə girişi nəzarətə götürə bilər.

Birliyin Daxili Məsələlər üzrə komissarı Malmstroem isə deyib ki, qaydalarda hələ çox məsələ aydınlaşdırılmalıdır.

BELÇİKALI NAZİR DEYİR Kİ, BU, DÜZGÜN REAKSİYA DEYİL

Adının çəkilməsini istəməyən diplomatik mənbənin Reutersə dediyinə görə Birliyin üzvü olan 27 ölkə arasında Kipr yeganə ölkə olub ki, bu sərhəd nəzarətinin əleyhinə çıxıb.

Belçika, İspaniya, Malta düşünməyə vaxt lazım olduğunu bildiriblər. Ancaq səsvermədə hamı sərhəd nəzarətinə qayıtmaq ideyasını dəstəkləyib.

Belçikanın miqrasiya naziri Wathelet Frans Press agentliyinə deyib ki,

“Bəzi ölkələr sərhədləri bərpa etməyi təklif edirlər, ancaq bu, düzgün cavab deyil”.
“Birlik qeyri-Birlik ölkələri ilə sərhədlərini möhkəmləndirməlidir”.

AÇIQ SƏRHƏDLƏRİN QARANLIQ TƏRƏFLƏRİ

Ancaq Avropa Birliyi ölkələri deyəsən, təkcə miqrantlardan qorunmaq istəmirlər.

Danimarka bir neçə həftəyə İsveç və Almaniya ilə sərhədlərində hətta gömrük məntəqələrini bərpa etmək istəyir.
Danimarkanın bu planı kəskin etirazlar doğurub.

Avropa Xalq Partiyasının lideri Daul deyib ki, Danimarka bunu etmək istəyirsə, onda Schengen müqaviləsindən çıxsın.

Danimarka öz planını narkotiklərə nəzarətlə izah edir.
Danimarka bildirir ki, açıq sərhədlərin “qaranlıq tərəfləri” var.
XS
SM
MD
LG