Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 07:34

Koroğlu dastanı ("Koroğlunun Türkman səfəri" qolu)- 5


əvvəli

Deyirlər Koroğlunun oğlu yox idi. Nigar xanımı almışdısa da, amma övladı olmamışdı. Koroğlu Qarsın ətəklərindəki Alacalar adlı dağda Osmanlı qoşunu ilə toqquşduğu zaman çox bərk dara düşüb, yeddi gün, yeddi gecə o mahasırada qalmışdı.

Bundan çox qorxduğuna görə kişilikdən kəsilmişdi.

Günlərin bir günü yenə də Çardaqlı Çənlibeldə kef məclisi qurulmuşdu.

Xanımlar, dəlilər, mehtərlər geyinib-keçinib Koroğlunun, Nigar xanımın sağ-solunda əyləşmişdilər.

Neçə vaxt idi ki, bir yana səfər yox idi. Koroğlunun başı davadan, qalmaqaldan bir az ayazımışdı.

Koroğlunun Cünun aşığı da bu kef məclisində idi. Bir tərəfdə oturub Koroğlunu gözləyirdi ki, nədən desə ondan oxusun. Hamı kefdəydi.

Bunların içində bircə Nigar xanım qəmgin idi.
Deyirlər Nigar xanım əlini uzadıb cibindən balaca bir güzgü çıxartdı.
Özünə güzgüdə baxıb dərin bir ah çəkdi.
Koroğlu bunu görüb soruşdu:
– Ay Nigar xanım, kef bizdə, damaq bizdə, mal-dövlət bizdə, sən
niyə belə qəmginsən?
Koroğlunun cavabından Nigar xanım bir də aynaya baxdı. Genə ah
çəkib, aldı görək nə dedi:
Qəm-qüssəm başımdan aşıb,
Mən tək dərdə dalan yoxdu.
Qürbət eldə bağrım bişib,
Necə yada salan yoxdu.
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə.
Toz bürümüş boş beşiyə,
Şirin layla çalan yoxdu.
Çənlibeldə qar görünür,
Güllər mənə xar görünür,
Günüm ahu-zar görünür,
Bir qaydıma qalan yoxdu.
Tutun məclisdə yasımı,
Geymişəm qəm libasımı,
Bu fələkdən qisasımı,
Nə zamandı alan yoxdu.
Çənlibeli güllər bəzər,
Güllər saralsa kim üzər?
Hər quş balasıynan gəzər,
Niyə sənin balan yoxdu?
Koroğlusan hay salarsan,
Paşalardan bac alarsan,
Neçə şəhərlər talarsan,
Sən tək şəhri talan yoxdu.
Nə dərd olsa məni tapar,
Sonsuzluq bir yanım çapar,
Yarılğan uçar, toz qopar,
Görəsən ki, qalan yoxdu.
Nigarı dərdə gətirən,
Cəsədin qəbrə yetirən,
Koroğlu namın götürən
Yurdunda son olan yoxdu.
Nigar xanımın sözlərindən Koroğlu da qəmləndi. Onu da dərd aldı.
Aşıq Cünunun işi belə görüb sazı sinəsinə basıb dedi:
Bürüyüb aləmi şanın, şöhrətin,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Adın çəkiləndə yağı titrəyir,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Dəlilər yeriyir, alaylar bükür,
Düşmanlar əlindən dad, həzar çəkir,
Quşlar qanad salır, şahlar tük tökür,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Dağların başından keçəmmir karvan,
Ovsarı əlində ağlayır sarvan,
Tacirlər əlindən çəkirlər aman,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Nərəndən meşədə əsir aslanlar,
Zərbindən titrəyir xotkarlar, xanlar,
Sənə baş əyirlər bəylər, sultanlar,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Qıratın üstündə dili-təng olan,
Paşalar varına talanlar salan,
İsgəndər tək sudan bac-xərac alan,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Çənlibeldə ağır məclislər quran,
Tuncular döşdəyən, əyəşlər qıran,
Ayaqlarda əsən, başlarda duran,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Yanında əyləşib ala göz Nigar,
İyidlər, dəlilər bütün hər nə var,
Aşıq Cünun şoğa gələr, oxuyar,
Bir de, qoç Koroğlu, nədən məlulsan?
Aşıq Cünunun oxumasından Koroğlunun qəlbi coşa gəldi, köhnə
yaraları təzələndi, sazı aldı, görək nə dedi:
Sənə deyim, Aşıq Cünun,
Gözlərimdə yaş inildər,
Bir iyid oğlan ucundan,
Şeş atanda, beş inildər.
Telli Nigar məlul durar,
Əl qoynunda boynun burar,
Mujganın sinəmə vurar,
Göz oxşayar, qaş inildər.
Könlümü namərdlər yıxsa,
Polad qolçaq qolum sıxsa,
Misri qılınc qından çıxsa,
Leş sərilər, baş inildər.
Coşdu dəli könül, coşdu,
Mövc verdi, kəllədən aşdı,
Bir meşəyə ki, od düşdü,
Quru yanar, yaş inildər.
Koroğluyam, sözüm çoxdu,
Sözlərim peykanlı oxdu,
Hansı iyidin sonu yoxdu,
Ocaq sönər, daş inildər.
Elə ki, Koroğlu sözünü tamam elədi, Aşıq Cünun dedi:
– Ay qoç Koroğlu, elə buna görə məlulsan? Buna nə var ki? Sənin
mənim kimi aşığın var. Dünya mənim ayağımın altında sini kimidi.
Gedərəm, hər yanı gəzərəm, axtararam, bir Rüstəm kimi iyid, Yusif
kimi gözəl oğlan taparam, gəlib sənə xəbər verrəm, gətirib özünə oğul
eləyərsən.
Aşıq Cünunun bu məsləhətinə Koroğlu, dəlilər, xanımlar, hamısı
razı oldu. Telli Nigar dedi:
– Ay aşıq Cünun, nə vaxt bir belə iş eləsən mənim, Koroğlunun,
dəlilərin hörməti sənin üstündən əksik olmaz.
Bu söz Nigarın ağzından çıxan kimi aşıq Cünun sazını götürdü.
Koroğluynan, dəlilərnən, xanımlarnan əltəmən olub yola düşdü. Dağ
aşdı, dərə keçdi, neçə-neçə oymaqlar, neçə-neçə şəhərlər gəzdi, dövran
açdı, məclislər qurdu, çox oğlanlar gördü, çox iyidlər nişanladı,
amma qoç Koroğluya, alagöz Nigara layiq olan Rüstəm kimi iyid, Yusif
kimi gözəl oğlan görmədi. Hər yerdən, hər torpaqdan keçib getdi,
axşam üstə Təkə-Türkmanda bir obaya çıxdı. Gördü obanın çobançoluqları,
cavanları sürülərini, naxırlarını yollardan, döşlərdən töküb
qabaqlarında obaya haylayırlar. Onlar aşıq Cünunu görcək başına yığışıb
dedilər:
– Aşıq, nə yaxşı oldu, səni tapdıq. Bu gecə bizim obada toy məclisi
var.
Aşıq Cünun yaxasını qırağa çəkib getmək istədisə də, Türkman
iyidləri əl çəkmədilər, onu özləri ilə apardılar.
Axşam toy məclisi quruldu. Toy yiyəsi dövlətli bir adamdı. TəkəTürkmanın
adlı-sanlı iyidləri, ağsaqqal, qarasaqqalları, cahal-cuhulları,
qız-gəlinləri hamısı məmə yeyəndən pəpə deyənə toya yığılmışdılar.
Yemək-içməkdən sonra aşıq Cünunu ortaya çıxartdılar. Soruşdular ki,
ay aşıq, haradan gəlirsən, haraya gedirsən? Kimin aşığısan?
Aşıq Cünun dedi:
– Qoç Koroğlunun aşığıyam. Çənlibeldən gəlib Ərzuruma gedirdim.
İyidlərdən birisi Koroğlu adını eşidib dedi:
– Ay aşıq, Koroğlunu çox vurub tutan, iyid deyirlər. Bir onun
şücaətindən, iyitliklərindən de, qulaq asaq.
Aşıq Cünun sazı sinəsinə basıb, görək nə dedi:
İyidlər oylağı o Çənlibeldə
Daşdan qala quran qoç Koroğludu.
Kinli paşalara meydan oxuyan,
Çox köhlənnər yoran qoç Koroğludu.
Düşmanın üstünü quş tək aldıran,
Aslanlar dişindən ovlar saldıran,
Xaqanlar başına şeşpər çaldıran,
Qulac qollar buran qoç Koroğludu.
Dağları, daşları duman bürüsə,
Qılınclar pas atıb qında çürüsə,
Misir, İstanbul, Şam, tamam yerisə,
Tək qabaqda duran qoç Koroğludu.
Qayada tor qurub tərlanlar tutan,
Yüz yağını birdən qol-qola çatan,
Ərəbat döşünə sərdarlar qatan,
Ər bağırlar yaran qoç Koroğludu.
Cünun, əyləşiblər ərlər qarşında,
Alaylar, başlanar tər savaşında,
Yeddi min yeddi yüz dəli başında,
Şahlar üstə varan qoç Koroğludu.
Aşıq Cünun sözünü qurtarar-qurtarmaz toy adamları ona əl çaldılar,
afərin dedilər. Bol nəmər yığdılar. Aşıq Cünun yığılan nəmərləri
yiyələrinə qaytarıb dedi:
– Qoç Koroğlunun malı, dövləti çoxdu. Mən belə qəpik-quruşlara
tamah salıb Koroğlunun adını batırmaram. Mən nəmər, pul yığan aşıqlardan
deyiləm.
Dedilər:
– Elə isə oxu, könlümüzü aç, dərdimizi, qəmimizi dağıt.
Aşıq Cünun sazını götürüb istədi ki, yenə Koroğludan oxusun, bu
zaman özünə qürrələnənlərdən biri ayağa durub dedi:
– Ay aşıq, Koroğludan oxuduğun yetər, indi də bizim iyidlərdən
oxu.
Aşıq Cünun dedi:
– Aşıq gördüyünü çağırar. Mən Koroğlunu görmüşəm, ondan oxuyuram.
Buraya təzə gəlmişəm, sizin iyidləri görməmişəm, onlardan
necə oxuyum? Məclisdə siz söyləyən adlı-sanlı iyid varsa, qalxsın,
görüm, özünə layiq tərifini eləyim.
Bu söz aşıq Cünunun ağzından çıxan kimi hər yandan:
– Qəssəboğlu Eyvaz ayağa qalxsın, aşıq onun iyidliyinə baxıb tərif
söyləsin – dedilər.
Eyvaz ayağa qalxdı. Aşıq Cünun baxdı ki, vallah bu bir oğlandı ki,
iyidlikdə Rüstəmzal, gözəllikdə Yusif onun əlinə su tökməyə
yaramaz. Ürəyində dedi, ay gidi dünya, axtardığımı tapmışam. Elə
Koroğlu, telli Nigara layiq oğlandı ki var. Aşıq Cünun coşa gəlib aldı,
görək nə dedi:
Məclis başında durubsan,
Neçə iyidlər yorubsan,
Qaşlarını nə qurubsan,
Bürcə bənzər boyun, Eyvaz!
Gözəllər pişvaza gələr,
Doğan ana qədrin bilər,
Alnın açıq, üzün gülər,
Nə şirindi suyun, Eyvaz!
Sən Yusifi-Kənansanmı?
Paşasanmı, sultansanmı?
Mələksənmi, insansanmı?
Kimə çatar soyun, Eyvaz?!
Çatmaz gücünə nər sənin,
Adın dildə əzbər sənin,
Koroğlu kimi ər sənin,
Axır olur oyun, Eyvaz!
Aşıq Cünun sənə heyran,
Eləmə könlümü viran,
Çənlibeldə qoyub nişan
Bir tutaydım toyun, Eyvaz!
Hər yandan kişilər, oğlanlar, qızlar, gəlinlər əl çaldılar. Aşıq Cünunu
dönə-dönə alqışladılar. Sağ ol, sağ olun üstündən yağırdı. Aşıq Cünun
genə də coşdu, başladı, görək nə dedi:
Çənlibel başında əsrəmiş bir nər,
Eyvaz, gələr alar Koroğlu səni
Yıxar qayaları, atar dağları,
Kəməndinə salar Koroğlu səni.
Eyvaz Aşıq Cünunun Koroğlu ilə onu qoxutmasını görüb aldı cavabında
görək nə dedi:
İyidlikdə vardı eldə adımız
Aşıq, bizə Təkə-Türkman deyərlər!
Hara varsaq qabağımız qayıtmaz
Aşıq, bizə Təkə-Türkman deyərlər!
Aşıq Cünun:
Dinib danışdığı davadı, dovdu,
Söndürən ruzgardı, yandıran qovdu.
Aləmi bürüyən sönməz alovdu,
Alovlara qalar Koroğlu səni!
Eyvaz:
Düşman gözün oyun-oyun oyaram,
Mənsur kimi dərisini soyaram.
Koroğlunu qızıl qana boyaram,
Aşıq, bizə Təkə-Türkman deyərlər.
Aşıq Cünun:
Dava günü qulac qolu qayıtmaz,
Nərəsindən gecə iyidlər yatmaz.
Yerdə olsan, göydə olsan, unutmaz,
Arar, axır bular Koroğlu səni.
Eyvaz:
Köhlən minib çıxar olsam yoluma,
Kim yapışar rikabıma, qoluma?
Koroğlu sağıma, Həsən soluma,
Aşıq, bizə Təkə-Türkman deyərlər!
Aşıq Cünun:
Dağların başında yel kimin əsər,
Bir qılınca yetmiş yeddi baş kəsər,
Tərlan gəmişdirib Çənlidə küsər,
Gələr qıya, çalar Koroğlu səni.
Eyvaz:
Türkmanların say-seçməsin yığaram,
Bulud olub Çənlibelə yağaram,
Koroğlunu özüm tutub boğaram,
Aşıq, bizə Təkə-Türkman deyərlər!
Aşıq Cünun:
Cünun Koroğluya bir şirin nökər,
Düşmanın üstünə göydən od tökər,
Şığıyıb Qıratın tərkinə çəkər,
Əziz-xələf qılar Koroğlu səni!
Eyvaz:
Hayqırıb meydanda açsam qol-qanat,
Qarı düşman qabağımda olar mat,
Eyvazı qorxutmaz Koroğlu, Qırat,
Aşıq, bizə Təkə-Türkman deyərlər.
Aşıq Cünun istədi ki, hərbə-zorba ilə, söz güləşdirmə ilə Eyvazı
qorxudub özü ilə Çənlibelə aparsın. Bir də Koroğlunu Çənlibeldən
buraya gətirib götür qoya, zəhmətə salmasın. Gördü yox, bu o deyilənlərdən
deyil, hər belə zarafatlarnan qorxası canavar deyil. Bir az da
artıq danışsa çömçəsini alıb başına çalar. Aşıq Cünun gizlicə Eyvazın
əsil-soyunu, yer yurdunu yaxşıca öyrəndi. Toyun sabahı günü yolu
əlinə alıb Çənlibel sənsən getdi, gecə gündüzə saldı, yolun damarını
kəsib hər yerdən keçdi, gəldi bir sabah ertəsi Çənlibelə çatdı. Koroğlu,
dəlilər, xanımlar onu görüb başına yığışdılar. Görüşəndən sonra yetmiş
yeddi yerdən dedilər:
– Ay aşıq Cünun, haraları, gəzdin, nə gördün, nə eşitdin? Niyə belə
gec gəldin?
Onların cavabında aşıq Cünun sazını götürüb görək nə dedi:
Vardım şəhərə, obaya,
Keçdi zimistan, yaz gördüm.
Uğradım çölə, səhraya,
Bulaq üstə yarpız gördüm.
Dən-dən oldu dağlarda qar,
Bağlar gətirdi heyva, nar.
Dolandı qış, gəldi bahar,
Göllərdə ördək, qaz gördüm.
Dolandım neçə oymağı,
Keçdim düzü, aşdım dağı,
Hələb qəsri, Bağdad bağı,
Döşənmiş payandaz gördüm.
Gedəndə mənə oldu tuş
Qars, Qağızman, İstanbul, Muş,
Çanaqqala, Sarıqamış
İgidlərin şahbaz gördüm.
Alacalardan aşanda,
Ərzurumu dolaşanda,
Qənimlərtək savaşanda
Gözü qanlı xırsız gördüm.
Əyri qılıncı belində,
Tərifi mərdlər dilində,
O Təkə-Türkman elində,
Qassaboğlu Eyvaz gördüm.
Laçın kimi göydə süzür,
Namərdlər bağrını əzir,
Məclisində sağı gəzir,
Ortada söhbət, saz gördüm.
Aşıq Cünun, de üz barı,
Dolandım dünyanı yarı,
Qoç Koroğlunu, Nigarı,
Eyvaz tək əri az gördüm.
Aşıq Cünuna cavabında Koroğlu üzünü başındakı xanlara, bəylərə,
paşalara qan udduran, tacirlərə tük saldıran iyid dəlilərə tutub, aldı
görək nə dedi:
Yığılın dəlilər, məclis başına,
Verin şirin badə, cana nuş olsun!
Vurun nərdtaxtanı, gəlib oynayaq,
Atın ağ zərləri, şeşi-beş olsun!
Bir xələt biçərəm Eyvaz boyundan,
İncimərəm xasyətindən, xoyundan,
Kəsin tunclulardan, qırın qoyundan,
Yeyin dəlilərim, keflər xoş olsun!
Uca dağlar başın almasın duman,
Koroğlu könlünə gəlməsin guman,
Verrəm o iyidə beş yüz min tümən
Qansırqada gələn qannı baş olsun!..
Dəli Mehtər Qıratı ifçin yəhərləyib onun barabarına gətirdi. Koroğlu
xanımlarla, dəlilərlə görüşdü, halallaşdı. Qıratı minmək istəyəndə Nigar
irəli yeriyib dedi:
– Ay Koroğlu, Təkə-Türkman kimi qorxulu, uzaq səfərə gedirsən,
qoy dəlilərdən bir neçəsi yanında getsin, demək olmaz, birdən davazad
olar, sənin üçün yalqız yaxşı keçməz.
Koroğlu dedi:
– Nigar xanım, sən Çənlibeldən, dəlilərdən yaxşı muğayat ol,
məndən qorxma. Qırat ki, altımdadı mənə zaval yoxdu, haradan olsa,
vurub, yarıb salamat çıxacam. Ürəyini sıxma, bir neçə günə Eyvazı
gətirib çatdıraram sənə.
Koroğlu Qıratın ziltəngini bərkitdi. Bir əlini yalmanına atıb belinə
sıçradı. Dəlilər, xanımlar Koroğlunun elə Qırata sıçramağın gördülər.
Qırat yel kimi əsdi, quş kimi uçdu, gədikləri keçdi, bellər aşdı, yoxuşlar
çıxdı, enişlər endi, yerin damarını kəsib neçə gündən sonra TəkəTürkmanın
yaxınlığına çatdı. Koroğlu uzun yol gəlmişdi, həm acımışdı,
həm də yorulmuşdu. İstədi ki, düşüb atı dincəltsin, özü də bir az
yeməkdən-zaddan tapsın yesin. O yan bu yana göz gəzdirirdi, bir də
gördü ki, yoldan bir az aralı bir çoban qoyun otarır. Düşüb Qıratı otlamağa
ötürdü, özü çobanın yanına gəlib dedi:
– Çoban qardaş, atalar deyiblər ki, acdın çobana, yoruldun sarbana.
Çörəkdən zaddan nəyin var?
Çoban dedi:
– Süd boldu, ancaq çörək bir az qonağa layiq deyil, dünəndən qalıb
quruyub.
Koroğlu dedi:
– Bəri ver görüm, ziyan yoxdu. Bu çölün düzündə nə quru, nə
yumşaq?
Çoban canlı, qüvvətli yekə bir adam idi. Çanaxı da batman yarım
süd tuturdu. Amma çoban özü də çanaqdan qalan deyildi, yekə canlı
bir adamdı. Qərəz, çoban çanağı əlinə alıb bir neçə qoyunu sağdı, elə
ki, çanaq süd ilə doldu, gətirdi qoydu Koroğlunun qabağına. Çörək də
gətirib dedi:
– Qonaq qardaş, gərək məni bağışlayasan. Çörək çox qurudu. Heç
bilməyirəm necə yeyəcəksən.
Çobanın cavabında Koroğlu dedi:
– Fikir eləmə, gətir bəri. Elə acam ki, daşdan yumşaq hər nə olsa
yeyəcəyəm.
Koroğlu quru çörəkləri doğrayıb südün içinə tökdü, çanaq ilə
ağızbaağız süd doğramacı eyləyib əlinə də bir qaşıq alıb doğramacın
üstünə düşdü. Doğramacı qaşıqlayıb bir göz yumub-açan vaxta qara
bığların altından keçirtdi. Ona kimi Qırat da otlayıb doydu.
Koroğlu öz-özünə fikir eləyib dedi: Mən Türkmana bu paltarla
getsəm yəqin ki, tanıyarlar. Yaxşısı budu ki, paltarımı çobannan dəyişdirim.
Bir az götür-qoydan sonra paltarını çoban ilə dəyişdi. Onunla
əltəmən oldu. Sıçrayıb Qırata mindi, gəlib Təkə-Türkmana çıxdı.
Gəzdi, dolandı, Eyvazın yerini elədi. Bildi ki, bəs Eyvaz atası qəssab
Alı ilə sürüdən qoyun almağa gedib. Qıratı sürüb gəldi gördü doğrudan
da Eyvazgil sürülərdən qoyun seçirlər. Tez atdan düşüb onlara yanaşdı.
Soruşdu ki:
– Qardaş, qoyunun biri neçəyədi?
Qəssab Alı dedi:
– Beş manatdı.
Koroğlu yüz erkək seçdirdi. On beş manatdan pulunu verdi. Qəssab
Alı gördü ki, qoyunun birinə beş manat yerinə on beş manat verir.
Qaldı mat-məhəttəl ki, bu niyə belə eliyir.
Koroğlunun nə qoyun gözünə girirdi, nə pulun artıq verilməsi.
Gözü Eyvazın üzündə idi. Quş kəkliyi alan kimi gözü Eyvazı almışdı.
Eyvaz da bunu duymuşdu. Qaş-göz ilə atasını işdən xəbərdar eləmək
istəyirdi. Ancaq atası mətləbi işarədən anlamırdı. Belə olanda aldı
görək Eyvaz nə dedi:
– Qədəm qoyar hərdən-hərdən yerişlər,
Bu qılıqda çodar olmaz, hay olmaz,
Beş-beş deyər, on beş-on beş bağışlar,
Bu qılıqda çodar olmaz, hay olmaz.
Qəssab Alı dedi:
– Bala, çodar olmayıb nə olacaq? Görünür bunların yerində qoyun
bahadı.
Eyvaz atasının cavabında aldı sözünün o biri bəndini:
Mərd iyidlər kimi yolları basan,
Tülək tərlan kimi bərələr pusan,
Bu ya Koroğludu, ya Dəli Həsən,
Bu qılıqda çodar olmaz, hay olmaz.
Cünun gəldi Çənlibelin elindən,
Eyvaz bülbül oldu uçdu gülündən,
Bu söz çıxıb telli Nigar dilindən,
Bu qılıqda çodar olmaz, hay olmaz.
Qəssab Alı yavaşca oğluna dedi:
– Sən sarsaqlamısan. Bura nə aşıqlıq, şairlik yeridi? Sonra ürküdərsən
almaz, qoy alverimizi eləyək.
Koroğlu dedi:
– Qəssab əmi, adam qat bu qoyunları mənnən köməkli bələni
aşırsın, qayıtsın.
Qəssab Eyvazı çağırıb dedi:
– Yeri, qonağa kömək elə, qoyunları bələdən aşır.
Eyvaz Koroğlu ilə bərabər qoyunları hayladı. Bələdən aşırdı. Elə
ki, bələdən aşdılar, Koroğlu bir dala baxdı, gördü, tay qəssab Alı onları
görə bilməz, qoyunları buraxdı, quş kimi sıçradı Qıratın belinə mindi,
aldı görək nə dedi:
Qardı Çənlibelin başı,
Varaq, a qəssabın oğlu!
Gəl gedək düşmana qarşı,
Duraq, a qəssabın oğlu!
Çox oldum davada, doyda,
İyid görmədim sən boyda.
Əl ver, burda sənnən soyda
Vuraq, a qəssabın oğlu!
Əcəli qoydum börkümə
Büründüm çodar kürkümə.
Gəl min Qıratın tərkinə,
Varaq, a qəssabın oğlu!
Çoxdu Koroğlunun yaşı,
Nə qovğalar çəkib başı,
Əl ver, sənnən dağı daşı
Yaraq, a qəssabın oğlu!..
Koroğlu Qırata acı bir qamçı çəkdi. Qıratın burnunun deşiklərindən
alov çıxdı. Yüyəni gəmirib ley kimi qanatlandı. Çənlibelə tərəf
baş almaq istəyəndə Koroğlu qırğı kimi Eyvazın üstünə şığıdı. Əlini
atıb onun kəmərindən tutdu, ancaq nə qədər qoluna zor verdisə, onu
yerindən tərpədə bilmədi ki, bilmədi. Dəli Koroğlu acıqlandı, qızdı bir
dəli nərə çəkdi, Eyvaz titrəyib yerə yıxıldı. Bu dəfə əlini atdı, quş kimi
Eyvazı götürüb Qıratın tərkinə qoydu, Çənlibel deyib yollandı.
Qəssab Alı gördü xeyli keçdi, amma Eyvaz gəlmədi. Bir yeldən
yeyin, sudan iti gedən Türkman atı vardı. Tez onu çəkdirdi, yəhərlətdi.
Koroğlunun dalınca sürdü. Türkman atı boğanağa düşmüşdü. İlan kimi
ağzını açıb, quyruğunu dik tutub dördnala çapırdı. Koroğlu bir də
dönüb gördü vallah qəssab Alı budu elə gəlir ki, tay nə deyim. Koroğlu
yavaşca Qıratı əylədi. Qəssab Alı gəldi ona çatdı. Götürdü görək nə
dedi:
– Əcəm oğlu, dəli çodar,
Vermərəm Eyvazı sənə!
Eyvazsız qəlbim qan udar,
Vermərəm Eyvazı sənə!
Eyvazdı iyidlər gözü,
Əllisi, altmışı, yüzü,
Burax gəlsin, eşit sözü,
Vermərəm Eyvazı sənə!
Sinəmə çəkmisən dağı,
Yol al burdan, qanlı yağı,
Bu gözümün odlu çağı
Vermərəm Eyvazı sənə!
Küllü məxluqat yığıla,
Çətindi sövdam dağıla,
Kim qıyar Eyvaz oğula?
Vermərəm Eyvazı sənə!
Qəssab Alı qılınc çalar,
Düşmandan qisasın alar,
Başın gedər, leşin qalar,
Vermərəm Eyvazı sənə!
Koroğlu qəssab Alının cavabında aldı görək nə dedi:
Canım qəssab, gözüm qəssab,
Qoy aparım mən Eyvazı!
Yerə salma sözüm qəssab,
Qoy aparım mən Eyvazı!
Eyvaz deyib Nigar ağlar,
Köysünü çal-çarpaz dağlar.
Aparmasam qara bağlar,
Qoy aparım mən Eyvazı!
Eyvazın qaradı qaşı,
Dəlilərin olar başı,
Tutma mənlə tər savaşı
Qoy aparım mən Eyvazı!
Tük tökər məndən paşalar,
Xotkarlar çəkər haşalar
Türkmana ərlər baş alar,
Qoy aparım mən Eyvazı!
Koroğluyam, mən çaparam,
Qiyamət olub qoparam,
Razı olma zornan aparam,
Qoy aparım mən Eyvazı!
Koroğlu sözlə dediyi kimi dillə dedi:
– Mən xotkarlara, paşalara qan udduran, yollar kəsən, alaylar basan
qoç Koroğluyam. Mənim övladım yoxdu, gəldim Eyvazı aparım,
özümə oğul eyləyim, yeddi min, yeddi yüz yetmiş yeddi dəliyə sərdar
tikim. Gəl məni dəlilərin, xanımların yanında xəcalət eləmə. Eyvazı
əlimdən alma. Məndən sənə xeyir dəyər. Eyvaz da istədiyi vaxt sənin
yanına gələr.
Qəssab gördü ki, Koroğlu güc, xoş Eyvazı aparacaqdı, öz-özünə
dedi:
– Genə xoşnan versəm yaxşı olar. Belə aparsa oğul yenə elə
mənimdi. Amma zorla aparsa nə olar? Çox fikir-xəyaldan sonra dedi:
– Koroğlu, namına qıyıb Eyvazı sənin əlindən almıram. Apar get,
amma gözün üstündə olsun.
Koroğluynan Eyvaz qəssab Alı ilə görüşüb ayrıldılar. Qəssab Alı
Təkə-Türkmana, Koroğlu ilə Eyvaz Çənlibelə yola düşdülər.
Koroğlu ilə Eyvaz Çənlibelə tərəf getməkdə olsun, sənə kimdən
xəbər verim, Ərəb Reyhandan. Ərəb Reyhan Türkmanın varlılarından
biri idi. Pəhləvanlığı da var idi. Deyirlər ki, Ərəb Reyhan başında yüz
atlı ova çıxmışdı. Ov eyləyib geri qayıdırdı ki, birdən Koroğluya rast
gəldi. Koroğlunun Çənlibeldən gəlib Türkman elindən Eyvazı aparmasını
qəbul eləyə bilmədi. Elə bil başına göydən bir daş düşdü.
Hücum eləyib başının adamları ilə Koroğlunun yolunu kəsdi.
Bəli, Koroğlu baxdı ki, düşman gəlir. O, qorxmadısa da, ancaq
təkliyə darıxdı. Çəndibel, dəlilər Koroğlunun yadına düşdü. Bu dar
vaxtda ölümündən qorxmayan, düşmana baş əyməyən, qənimlərə qan
udduran iyid, mərd dəlilərini yanında görmək istədi.
Elə bu fikirdə idi bir də baxdı ki, budu qaqqıldaşa-qaqqıldaşa
göynən bir dəstə durna keçir. Ürəyi cuşa gəlib aldı görək nə dedi:
Göydən gedən beş dunralar,
Vətəndən xəbərin varmı?
Bir-birindən xoş durnalar
Vətəndən xəbərin varmı?
Kim çıxardar olmaz oyun,
Üstünə götürməz deyin,
Bir qılınca yeddi boyun,
Kəsəndən xəbərin varmı?
Koroğlu olmaz heç xəstə
Yağı istər girə qəsdə,
Yel təki düşmanın üstə,
Əsəndən xəbərin varmı?
Koroğlu fikirləşib öz-özünə dedi. Mən göylə gedən bu qatar durnanın
başçısını vursam, onda düşmanı da basa biləcəyəm. Bu mənim
üçün bir sınaq olsun. Bunu deyib kamanını çilləyə mindirdi, qatar durnanın
başçısını nişan aldı. Ox yayından çıxan kimi durnanın başçısının
ürəyinin başından keçdi. Başçı durna fırlana-fırlana göydən gəldi,
Qıratın ayağının altına düşdü. Koroğlu bundan şad oldu. Fal yaxşı gəlmişdi.
Qıratdan düşdü, başçı durnanın telindən bir neçəsini üzüb
Eyvazın papağına taxdı. Sonra yenə Qırata minib Eyvazı da tərkinə
alıb yola düzəldi.
Ərəb Reyhan Koroğlunun yolunu kəsmişdi. Koroğlunun ağzı düşmüşdü
qorxunc bir uçuruma. Uçurumun dörd bir yanı elə sıldırım
qayalıq, daşlıq idi ki, quş quşluğu ilə keçə bilməzdi. Koroğlu bir uçuruma
baxdı, bir tərkindəki Eyvaza baxdı, bir də onu dəfələrlə ölümdən,
mühasirədən xanların, paşaların çəngindən qurtaran Qırata baxdı,
aldı görək nə dedi:
Arxam qarı düşman, qabağım uçrum,
Apar Çənlibelə məni, Qıratım!
Sənə sığınmışam, qurtar bu dardan,
Apar Çənlibelə məni, Qıratım!
Olur Çənlibelin söhbəti, sazı,
Gəlir gumrah keçir baharı, yazı,
Almışam tərkimə iyid Eyvazı,
Apar Çənlibelə məni, Qıratım!
Koroğlu əməyi getməsin zaya,
Gərək qan udduram bəyə, paşaya,
Sıçrayıb quş kimi atıl o taya,
Apar Çənlibelə məni, Qıratım!
Koroğlu Qıratı cövlana gətirdi, səsləndi. Qırat dörd ayağını yığıb
özünü yığışdırdı, qızıl quş kimi sıçradı, uçurumun o tayına düşdü. Qırat
elə sıçradı ki, Koroğlunun başında papağı da tərpənmədi. Ərəb Reyhan
buna tamaşa eləyirdi. O elə fikir eləyirdi ki, Qırat bu uçurumdan
sıçraya bilməyəcək. Başındakı yüz atlı ilə hücum eləyib Koroğlunu
tutacaq, özünün də qollarını bağlayıb Türkmana aparacaq. Qırat ki,
uçurumu elə sıçradı, Ərəb Reyhan bundan hesabını apardı. Qarnına
sancı düşdü. Ancaq bunu başındakı atlılara bildirmədi. Bir nərə çəkib
yüz atlı ilə dolama yoldan keçib Koroğlunun üstünə gəldi. Koroğlu
dönüb geri baxdı, gördü Ərəb Reyhan başındakı atlılarla onun dalınca
gəlir. Koroğlu Qıratın başını çəkdi, geri döndü Ərəb Reyhanın yanına
qayıtdı, aldı görək nə dedi:
Yağı düşmanın hərbəsi
Qaçırtmaz meydannan məni.
Qorxaq müxənnət zərbəsi
Qaçırtmaz meydannan məni.
Girrəm meydana ər kimi,
Durram qabaqda nər kimi,
Düşman boylanar xər kimi,
Qaçırtmaz meydannan məni.
Hərdən bərədə yataram,
Ortada şeşpər ataram,
Paşanı diri tutaram,
Qaçırtmaz meydannan məni.
Aləmə bəlli hünərim,
Çənlibeldə dəlilərim,
Mərd iyidə peşkəş sərim
Qaçırtmaz meydannan məni.
Koroğluyam, budu düzü,
Comərdin sərt olar üzü.
Müxənnətin tənə sözü
Qaçırtmaz meydannan məni!
Koroğlu sazla dediyi kimi sözlə də dedi:
– Ərəb Reyhan, mən paşalara, bəylərə, xanlara qan udduran Koroğluyam.
Mən sənin kimi adamlardan qorxmaram. Ancaq sənin bu
adamlarına yazığım gəlir. Onları nahaq yerə qırdırıb qanlarına bais
olma. Mənimlə dava etmək istəyirsən buyur, bu meydan, bu şeytan.
Mərd igid davada başının adamını qırdırmaz.
Koroğlu bu sözlərdən sonra genə də özünü saxlaya bilməyib üç
telli sazı döşünə basdı. Qıratı cövlana gətirib dedi:
Mərdsənsə gəl, Ərəb Reyhan
Savaşaq indi sənnən mən!
Gör gücümü eylə haşa,
Savaşaq indi sənnən mən!
Götürrəm əlimə nizə,
Mərdlər əhsən desin bizə,
Duraq meydanda üz-üzə
Savaşaq indi sənnən mən!
Demə mənə bu hədyanın,
Yəqin bil ki, allam canın,
Qılıncla tökərəm qanın,
Savaşaq indi sənnən mən!
Gərək dost düşmanım seçəm,
Çətin olar qorxam, qaçam,
İstərəm ki, meydan açam,
Savaşaq indi sənnən mən!
Koroğluyam, durmuşam mərd,
Yaman ürəyə düşsün dərd,
İyidsənsə, ol meydangərd,
Savaşaq indi sənnən mən!
Bəli, dava başlandı. Əvvəlcə olar elə at üstündə meydana girdilər.
Bir-birinə nizə atdılar, qılınc vurdular, nə qədər hiylə işlətdilərsə, bir
kaş aşmadı.
Koroğlu gördü yox, Ərəb Reyhan elə balaca canavar deyil, beləliklə
bir şey çıxmayacaq. Atdan düşüb, qollarını çırmadı. Paltarlarının
ətəklərini belinə sancıb meydanı dolanmağa başladı. Bəli, Ərəb Reyhan
da atdan düşdü. Hər ikisi piyada olub güləşməyə başladılar. Çox
güləşdilər, bir-birini kotan kimi yerdə sürüb, meydanı qaraltdılar.
Genə də bir murad hasil olmadı.
Axırda dəli Koroğlu elə bir nərə çəkdi ki, bütün dağlar, daşlar səsə
gəldi. Ərəb Reyhanın adamları içinə qırğı girmiş toyuq cücələri kimi
pərən-pərənə düşüb hamısı qaçıb dağıldı. Ərəb Reyhanın qulaqları batdı.
Koroğlu onu başına qaldırıb yerə vurdu, sinəsinə çöküb xəncərini boğazına
dayadı. Ərəb Reyhan bir dəfə də olsun nə dinmədi, nə ağlamadı, nə
də aman istəmədi. Koroğlu xəncəri yerinə qoyub ayağa durdu.
Deyirlər ki, Koroğlu çox mərd imiş. Ağlamayan, yalvarmayan
düşmanı öldürməzmiş. Ərəb Reyhanı da mərdliyinə görə öldürmədi,
bağışladı. Ərəb Reyhan min ənvai-müsibət ilə ayağa durdu. Qolu, qıçı
əzilmiş, haytıya-haytıya bir təhər ki, atına minib Türkmana tərəf yola
düşdü. Qoç Koroğlu da Eyvazı tərkinə alıb Çənlibelə yol başladı.
Nigar xanım çoxdandı ki, Koroğlunun yolunu gözləyirdi. Vədəsindən
çox keçmişdi, Koroğlu hələ gəlib çıxmamışdı. Bir gün yenə
Nigar bir hündür təpədə durub yollara baxırdı. Bir də gördü nə, yollarda,
toz-dumana, duman toza qarışdı, diqqət eləyib gördü Koroğlu
Qıratın üstündə, tərkində də Eyvaz budu gəlir. Nigar xanım təpədən
yenib dəlilərin yanına qaçdı, aldı görək nə dedi:
At belində qoç dəlilər,
Eyvazı pişvaz eləyin
Bir-birindən xoş dəlilər,
Eyvazı pişvaz eləyin.
Eyvazım bənzər laçına,
Tovuzlar heyran saçına,
Vermərəm Çinə, Maçına,
Eyvazı pişvaz eləyin.
Dolun libasa, yarağa,
Atlılar getsin sorağa,
Qoymaram gözdən irağa,
Eyvazı pişvaz eləyin.
Koroğlu oxunu qurub,
Sevib, seçib, tərlan vurub,
Qıratın tərkində durub,
Eyvazı pişvaz eləyin.
Külli məxluqat yığılı,
Paylayın qəndi, noğulu,
Koroğlunun qoç oğulu,
Eyvazı pişvaz eləyin.
Qoç dəlilər, açın qanat,
Düzəldin məclis, toy, büsat,
Götürün libas, qılınc, at,
Eyvazı pişvaz eləyin.
Ordu basan, qala yıxan,
Pəncəsində pələng sıxan,
Qəniminə qarşı çıxan,
Eyvazı pişvaz eləyin.
Xoş danışan, şirin gülən,
Məclis aparmağın bilən,
Dəlilərə sərdar gələn,
Eyvazı pişvaz eləyin.
Atı gətirər cövlana,
Ox atar namərd düşmana,
Nigar da Eyvaza ana,
Eyvazı pişvaz eləyin.
Nigar xanımın sözü ilə yeddi min yeddi yüz yetmiş yeddi dəli at
belinə doldu. At, qılınc, xələt götürüb Koroğlu ilə Eyvazı pişvaz elədilər.
Görüşdülər, danışdılar, şadlıq məclisi quruldu. Qoyunlar kəsildi,
ətlər doğrandı, kabablar yeyildi, içkilər içildi. Güldülər, oynadılar,
oxudular, damaxlar duruldu, keflər açıldı. Nigar Eyvazın üzündən öpdü,
köynəyinin yaxasından keçirdib özünə oğul elədi.

davamı
XS
SM
MD
LG