Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:55

Dalğa Xatınoğlu. Mustafa


Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
ürəyim titrəyər əllərimdə
Titrəyər də, gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa
Otağımda namaz qılar qəsdən
Əri ölmüş Ayişə bibim
Bəzənər, qırcanar və nazlanar Tanrının önündə
qeyrətim coşar!
Gözlərimin içi tərlər hırsımdan, yanaram
Və dizə çökər
dizə çökər Tanrının önündə fahişə bibim, qısqanaram
Hələ də sümüyü tirtrər məzarda anamın
35 il öncəni xatırlar ap-aydın
Utanar qız körpəsindən,
Qoynunda gizlədər, bir bax!
Və hırıldar bibim
Və guruldar bibim- oğlan doğmuş-
Guruldar buludlar kimi şax-şax!
Yaxalar ölüm məni,
düşün məni bu halımda
düşün bir azda olsa…
yaxalar ölüm məni
Yaxalar məni ölüm
Və əjdahadır,
Qan gölündə çimdirər məni hər gün
Didib də udar
Qurtar məni, gəl də məni qurtar
Qulun olaram, gülüm!
Evdən qaçdım bir səhər
15 yaşım varkən də qaçdım
Daş divar hörərdik Mustafa və mən
Qarın əkməyinə, qarın yeməyinə işlərdik
Barmaqlarımız göyərdi Duzalın sazağında, yorulurduq
Və qovruldu ətimiz Qulanın istisində, bişərdik
Cəfa çəkdik, cəfa!
O axşam darıxırdı Mustafa
Dışarı çıxdı,
hüzündən gözləri dolmuşdu
qayıtmadı bir daha
Və sonra vay hayını dinlədik Culfada
ölmüşdü- Arazda boğulmuşdu gözü yaşlı Mustafa
Bə hara getdi,
Hara getdi 13 yaşlı Mustafa?
Və zindanı xatırlaram
Əlim-gözüm bağlı
Və beş qarış quru yer
üstümə bağırar müfəttiş
başım gicələr
və beynimi dələr sorğular birər-birər
Bir selloldaydıq İsmayıl və mən
qarısı ac və uşağı çılpaq gəzər məhəlləni
çörək oğurluğunda tutulmuş
Və həmən basıldı İsmayıl
Ax, nə günlər gördük!
Can verdik, qan qusduq, ömür sürdük
Və sonra elanını gördüm duvarlara vurulmuş:
Boğarçığından asıldı İsmayıl!
Aaaax, nə hüzünlər gördük
Atılmış yavrusun gördüm,
Divarlar bucağında
Satılmış qarısın gördüm
Kişilər qucağında!
Hər addım qarşıma çıxdıqda ölüm,
Süzülüb barmaqlarımdan damlar göz yaşım
Və qan gölündə çimərəm hər gün
Ürəyim titrəyyər əllərimdə
Titrəyər də, gülüm!
Düşün məni bu halımda
Düşün bir az da olsa…


kultaz
XS
SM
MD
LG