Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:28

Siyasi partiyaların maliyyəsi gündəmə gəldi


Azərbaycan parlamenti
Azərbaycan parlamenti
Bu günlərdə hakim Yeni Azərbaycan Partiyası Milli Məclisə «Siyasi Partiyalar Haqqında» qanun layihəsini təqdim edib. İllərdir haqqında danışılan məsələ- yəni dövlətin partiyaları maliyyələşdirməsi layihədə nəzəri baxımdan, ancaq müəyyən şərtlər əsasında öz həllini tapıb.

YAP hesab edir ki, siyasi partiyalar dövlətdən maddi dəstək almaq üçün yenidən qeydiyyatdan keçməlidirlər. Maliyyənin miqdarı- yəni dövlət büdcəsindən kimə nə qədər pul ayrılması isə partiyaların seçkilərdə toplayacaqları səslərin faizinə uyğun olaraq parlamentdə əldə edəcəkləri mandatların sayına uyğun müəyyənləşəcək.

Hazırda Azərbaycanda təşkilatların qeydiyyat məsələsi ilə bağlı ciddi problemlərin olduğunu nəzərə alsaq, eləcə də parlamentdəki partiyaların əslində hakimiyyətə yaxın qüvvələr adlandırıldığı bir mühitdə bu şərtlər nə dərəcədə məqbul sayıla bilər?

QOHUM- ƏQRƏBA PARTİYASI QALMAYACAQ?

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı layihə ilə hələ tanış olmasa da deyir ki, o da partiyaların yenidən qeydiyyatdan keçməsinin və parlamentdə qazandığı mandatlara uyğun maliyyələşməsinin tərəfdarıdır. Çünki qüvvədə olan qanuna görə, 1000 nəfərin imzası və sənədləri ilə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmək mümkündür. Bu isə o deməkdir ki, istənilən birisi qohum -əqrəbası, dost-tanışı hesabına partiya yarada bilər. Və belə partiyalar da var. Fəzail Ağamalının sözlərinə görə Azərbaycanda 50-dən çox partiya var. Amma o, cəmi 10-dək partiyanın siyasi fəaliyyət göstərdiyini düşünür.

Fəzail Ağamalı

AVP sədrinin fikrincə, yeni qanunda bu kimi məsələləri həll etmək üçün daha ciddi şərtlər olmalıdır. Qeydiyyatdan keçmək istəyən partiya ölkənin inzibati ərazisinin 3-də 2-sini əhatə etməli, üzvlərinin sayı 10 mindən az olmamalıdır. Fəzail Ağamalı hesab edir ki, haqqında danışılan şərtlər dünya təcrübəsində mövcuddur. Özü də bu və digər şərtlər əslində partiyaların siyasi fəallığını artırmaq üçündür:

«Siyasi partiya anlayacaq ki, o, öz işinə laqeyd yanaşmaqla, yaxud seçkiləri boykot etməklə, heç nə qazanmayacaq. Əksinə, dövlətdən maliyyələşmək üçün istər bələdiyyə, istərsə də parlament seçkilərində fəal iştirak edib mandat qazanmalıdır. Mandat qazandıqdan sonra dövlət tərəfindən maliyyələşməklə öz işini qura biləcək. Bu stimulverici şərtlərdən biri və ən vacibidir. Ona görə də müxalifətin müəyyən qanadı özünün şərtlərini cəmiyyətə diqtə etmək arzusunda olsa da, hər şey reallığa söykənməli və qanun çərçivəsində öz həllini tapmalıdır».

MƏSƏLƏ CİDDİLƏŞİR

Fəzail Ağamalı hesab edir ki, müxalifətin radikal qanadının bu kimi şərtlərə qarşı çıxmaları təsadüfi deyil. Onlar parlamentə şəffaf və demokratik keçirilən son seçkilərdə öz rəqiblərinə məğlub olublar. Bunu beynəlxalq müşahidəçilər də etiraf edib. Fəzail Ağamalıya görə, müxalifət artıq tükəndiyini bilir və belə ədalətli şərtlərlə fəaliyyətini davam etdirə bilməyəcəyini anlayır.

«Siyasi Partiyalar Haqqında» qanunun qəbul edilməsinin zəruriliyi fikrini əvvəlki və indiki çağırış Milli Məclisdə təmsil olunan bütün qüvvələr müxtəlif vaxtlarda səsləndiriblər. Amma son vaxtlar Prezident Adminstrasiyasının şöbə müdiri Əli Həsənovun, Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynlinin və digər rəsmilərin bu barədə danışması artıq məsələnin həll edilmək üzrə olduğu anlamına gəlir.

«KAĞIZ PARTİYALARI»

İsa Qəmbər

Müsavat başqanı İsa Qəmbər deyir ki, onlar heç də qanunun bu şərtlərlə qəbul edilməsinin əleyhinə deyillər. Əgər qəbul olunan qanunlar ölkədə hamıya eyni qaydada şamil edilsə, bunlar normal təkliflərdir. Amma Azərbaycanda qanunların bərbad olması, eləcə də onların işləməməsi bunun əksini düşünməyə əsas verir.

Siyasi partiyaların təkrar qeydiyyatı məsələsini misal gətirən Müsavat başqanı bildirir ki, əgər Ədliyyə Nazirliyi bu məsələyə obyektiv yanaşacaqsa olsun. Amma hazırda Azərbaycanda 60-dək partiya qeydiyyatdan keçib. Onların təxminən 30-a qədəri ümumiyyətlə heç bir fəaliyyətlə məşğul deyil. Kağız üzərində qalıblar. İsa Qəmbər hesab edir ki, təkrar qeydiyyat şərti real müxalifət partiyaları üçün problem də yarada bilər. O istisna etmir ki, bu hakimiyyət real fəaliyyət göstərən müxalifət partiyalarını qoyub kağız üzərində olan partiyaları qeydiyyatdan keçirə bilər.

«Prinsip etibarı ilə normal ölkələrdə partiyalar dövlətdən maliyyələşərkən onların seçkilərdə topladığı səslər və parlamentdəki deputatların sayı nəzərə alınır. Ancaq hamıya bəllidir ki. hazırda Azərbaycanda seçkilərin nəticələri saxtalaşdırılır. Bu rejimin hakimiyyəti dövründə Azərbaycanda heç bir normal seçki keçirilməyib. Və bu günkü parlament də saxta parlamentdir. Orada təmsil olunan partiyalar xalqdan səs almayıblar ki, həmin göstəricilərə görə onların dövlətdən maliyyələşməli olduğunu düşünək».

İsa Qəmbər təklifləri nəzəri cəhətdən normal saysa da hər şeyin onların necə reallaşdırılacağından asılı olacağını deyir.

Mirəli Hüseynov

PARLAMENTDƏN KƏNAR PARTİYALARIN SONU?

«Demokratiyanı öyrənmə» İctimai Birliyinin sədri Mirəli Hüseynov isə düşünür ki, təklif edilən yeni qaydalar əslində Azərbaycanda siyasi partiyaların fəaliyyət imkanlarını məhdudlaşdıracaq. Xüsusilə parlamentdən kənar partiyaların demək olar ki, sonuna gətirib çıxardacaq. Mirəli Hüseynova görə, əgər bu qaydalar rəsmiləşsə, onlar parlamentdə təmsil olunmayan partiyaları məlum olmayan başqa mənbələrdən maliyyələşməyə cəhd göstərmək məcburiyyətində qoyacaq.

«Çox yaxşı olardı ki, sivil ölkələrdəki kimi hakimiyyət partiyalara maliyyə ayırmaq qaydalarını parlamentdə təmsilçilik meyarı ilə müəyyən etməsin. Cəmiyyətdə müəyyən mövqe tutan, sosial qüvvələri ətrafında birləşdirən partiyalara maliyyə ayrılmasının başqa meyarları da var ki, hakimiyyət əslində onlara istinad etməlidir».

Mirəli Hüseynov əlavə edir ki, əgər hakimiyyət cəmiyyətdə sabitlik istəyirsə, gərginlik yarada biləcək belə meyarları əsas götürməməlidir. Onun fikrincə, bu cür yanaşma əslində partiyalar arasında ayrı-seçkilik, ümumilikdə isə qeyri- şəffaf mühit yaradır.
XS
SM
MD
LG