Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:40

Mətləb Muxtarov. Qadın kimi doğulub “kişi kimi” ölənlər


Mətləb MUXTAROV


Qəbuledilməz “siz”

(with The Rolling Stones - Paint it, black)

Bütün bucaqlar düz bucaq adıyla,
90 dərəcədə sınır.
Bəlkə də sındırılır.
Yalquzaq dostlarım iti bucaqdan,
Mənsə qıraqdan
baxıb həzz alıram.
Təkrar-təkrar deyəcəm:
“Bükülmüş qəzetlər ölümcül silah,
Stol üstündəki milçək cəsədləri,
İnsan dəhşətləri,
Bu şəhərin qanunları
Və əlahəzrətləri.
Qəbul etmirəm sizi! “
İtmiş torpaqların ilahi gülüşü,
Kiçik insanların “İlahi Komediyası”
Pullu kişilərin Dante gülləsi,
Budur həyatın demokratiyası.

Dəmir barmaqlıqlar şəhərinin
daş divarları arasında.
Mışıl-mışıl yatan şahzadələr.
Və onları qoruyan əjdahalar,
əjdahadan qorxan əsilzadələr.
Təkrar edirəm yenə:
“Qəbul etmirəm sizi!”
Gözlərindən qorxub,
pəncərədən baxan insanlar.
Bir gün daşlayacaqlar sizləri,
sındıracaqlar pəncərələri,
şüşələri.
Onda tək mən deməyəcəm,
Hamı deyəcək
“Qəbul etmirəm sizi!”


Qadın kimi doğulub “kişi kimi” ölənlər

(Ninoya həsr olunur)

Hamı doğulanda qadın doğulur.
Sonra olğunlaşır, oğlanlaşır.
Ən azı bir dəfə
ana qucağı görmüş kişinin,
analıq hissi var.
Atalıq hissi analığın kiçik qardaşıdır.
Uşaqlıq qocalığın yaddaşıdır.

Həyat baba olandan sonra başlayır,
amma tanrı buna imkan vermir.

Vərəqdəki boşluğu çərçivəyə salan sıfırlar,
biri on edəndə yazmağı,
biri yüz edəndə ölməyi öyrədir.
Hər şeyə öyrəşirik... hər şeyə.
Yaşamağa,yazmağa, sevməyə,ölməyə...
hər şeyə...

İnsan öyrəncəli varlığdır,
Daha doğrusu yoxluqdur.
Ölməyi öyrənən
yox olmağı öyrənir.

Hamı doğulanda qadın doğulur,
öləndə kişi ölür.
Hətta uşaqlarda “kişi kimi” ölür,
həyatla vuruşa-vuruşa


Tər Qoxulu Pullar

Puldan gələn tər qoxusu,
Sevir məni qadın kimi.
Qəpiyin boğuq səsi,
Dəmir əllərdə əks-səda.
Qəpiyin diyirlənməsi
yolu keçən piyada.

Dariəvi addımlarla
Mərkəzi tapan qəpik.

Yaylığa dönmüş kağız pullar,
göz yaşı silmək üçün.
Kağıza dönmüş aciz qullar,
qəpiyə gülmək üçün.
Güllələmək üçün,
varlı yoxsullar cərgə yaradıb.

"Yaşamaq üçün balansınızda pul yoxdur",
deyən kişi.
Dəmir barmaqlarında təsbeh kimi,
məni oynadır.
Bəlkə səni oynadır?
Gülür fahişə gülüşü ilə.
Dırnağımı çeynəyərək,
vuruşuram o kişiylə.
Yanağımdan öpən fahişə,
"Sevişirəm o kişiylə" deyib,
Məni qucaqlayır.
Dodağımı dodaqları varağlıyır.
Nəfəsində pul qoxusu,
Gözlərindən baxır mənə həmin kişi,
Gülür mənə,
Deyir mənə :
"Sevir məni puldan gələn tər qoxusu"
XS
SM
MD
LG