Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:40

Qusarda alışqan və saqqal məsələsi


«Dindarlarla təhqiramiz davranış həmin dindarların radikallaşmasına səbəb olur»
«Dindarlarla təhqiramiz davranış həmin dindarların radikallaşmasına səbəb olur»
ƏVVƏL YANDIRILIR, SONRA QIRXILIR

«Şöbəyə apardılar, orda saqqalımı «zajiqalka»yla yandırdılar, ağızlarına gələni dedilər».

Qusar rayon sakini Zaur Hacıağayev deyir ki, bəzi kəndlərdə saqqal saxlayan dindarlara təzyiqlər artıb. Deməsinə görə, belə dindarları rayon polis şöbəsinə aparırlar, onlarla təhqiredici şəkildə davranırlar, saqqallarını əvvəl yandırırlar, sonra isə qırxırlar:

«Kim və nəyə görə bizə deməlidir ki, saqqalını qırx? Nə dində, nə qanunda belə bir şey yoxdur axı, kimsə saqqalını məcburi qırxmalıdır. Şəriət də icazə verir ki, saqqal saxlamaq olar. Tək mən deyiləm, burda qardaşlar da var, onları şöbədə söyüblər, döyüblər».

«DEYİRƏM VƏHHABİ OLUB NEYNİRƏM Kİ»

Rayonda yaşayan başqa bir dindar Kamal Baqişev də tez-tez Qusar rayon polis şöbəsinə aparılaraq saqqalının məcburi qırxıldığını deyir:

«Pis formada təhqir edirlər. Məni polis serjantları saxlamışdılar. Polisə aparandan sonra orda Mövlud adlı polis mayoru gəldi, dedi, «xeyirdimi, sən uşaqlara avtomat silahdan atmağı, blindaj qazmağı öyrədirsən». Üstümə böhtan atmağa başladı. Deyir ki, sən vəhhabisən, deyirəm vəhhabi olub neynirəm ki?».

Kamal Baqişev deyir ki, rayonda dindarlara cüt-cüt gəzmək qadağası qoyulub, onların sayı üç nəfəri keçəndə isə, vəziyyət daha da gərginləşir:

«Əbu-Bəkr» məscidində Cümə namazı, 2007-ci il

«3 gün əvvəl mən və üç nəfər tanışım çayxanada oturub çay içirdik, Firudin adlı əməliyyatçı gəldi, girdi çayxanaya, çayçıya sillə vurdu ki, bunları bura niyə buraxırsan, çay verirsən?».

«POLİSİN ÇAYXANADA NƏ İŞİ VAR»

Quhuraba kəndində yaşayan Mais Kərimov, Azər Kərimov, Feyzulla Sədullayev, Ramal Ağabəyov da polis şöbəsinə aparılaraq saqqallarının məcburi qırxıldığını, onlarla təhqiramiz davranıldığını deyirlər. Polis işçiləri onları hədələyirlərmiş ki, Bakıdakı dövlət qurumlarına şikayət etsələr, evlərindən silah-sursat «tapacaqlar».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, məsələni araşdırıblar. Həmin şəxslər hər biri ayrı-ayrılıqda inzibati hüquqpozmalarla əlaqədar rayon polis şöbəsinə gətiriliblər. O, saqqallarının məcburi qırxılması ilə bağlı dindarların dediklərini əsassız sayır:

«Polisin çayxanada yığışanlarla nə işi var? Bunlar hamısı əsassız söhbətlərdir. Azərbaycan hüquqi dünyəvi dövlətdir, tolerantlığına görə də başqa ölkələrə nümunə sayılacaq ölkələrdən biridir. Kiminsə dini baxışlarına görə təqib olunmasını iddia etmək həqiqətdən uzaq fikirdir».

«BİLMİRƏM DİNDARLAR NƏDƏN NARAZIDIR»

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədr müavini Yevda Abramov deyir ki, çox vaxt dindarların belə şikayətləri yoxlandıqda, təsdiqini tapmır:

Elşad Miri

«Günü gündən məscidlər tikilir, sinaqoqlar tikilir. Dünyanın heç bir yerində dövlət məscid tikmir. Bilmirəm bu dindarlar daha nədən narazıdır?».

DİNDARLARI NƏ RADİKALLAŞDIRIR?

İlahiyyatçı Elşad Miri deyir ki, Azərbaycanda «Dini etiqad haqqında» qanun var. Onun fikrincə, dindarlarla təhqiramiz davranış həmin dindarların radikallaşmasına səbəb olur:

«Belə hərəkətlər insanları qarşı-qarşıya qoyur. Çünki bir insan öz əqidəsinə uyğun hər hansı formada yaşamaq istəyirsə, bu zaman onun əqidəsinə, inancına dil uzadılmamalıdır. Əks halda, dindarlar bunu törədən insanlara həmişə ikrah hissi ilə yanaşırlar».

Elşad Miri deyir ki, təhqirə məruz qalan hər bir dindarın məhkəməyə müraciət etmək hüququ var.

Azərbaycanda dini azadlıqların pozulması beynəlxalq təşkilatların da hesabatlarında yer alır.

ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda illik hesabatlarında da deyilir ki, din azadlığının məhdudlaşması özünü mülkiyyət mübahisələrində, saqqal və baş örtüyü, bəzi yerlərdə azan səsinə qoyulan qadağalarda göstərir. Dövlət Departamenti bildirir ki, hökumət vətəndaşların əksəriyyətinin din azadlığına hörmət etsə də, qeyri-ənənəvi dini icmaların üzvləri istisnadır.
XS
SM
MD
LG