Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:28

Hikmət Hacızadə: «Biz ürək edib, o bir ili oğurladıq»


Hikmət Hacızadə
Hikmət Hacızadə
Bu il Azərbaycanın müstəqillik qazanmasının 20 ili tamam olur.

20 il əvvəlki tarixi proseslərin iştirakçısı Hikmət Hacızadə ilə o dönəmdən və müstəqil Azərbaycanda baş verənlərdən danışırıq.

- Hikmət bəy, iyirmi il əvvəl baş verənləri necə xatırlayırsız?

- Bütün bu hadisələr gözümün qabağındadır. Hər şey yadımdadır. Nə baş verirdi, insanların şəxsi həyatında, psixologiyasında, lətifələrdə... Bunlar hamısı Azərbaycan xalqının böyük tarixində ən əlamətdar gündür. Mən fəxr edirəm ki, bizim xalqımız bu sınaqdan keçdi və müstəqilliyini əldə etdi. Və var millətlər arasında imzamız indi...

- Azərbaycan xalqı müstəqilliyi qazanmağa, qorumağa hazırıydımı, Sizcə?

- Əlbəttə hazır olub. Müstəqillik yox olmadı ki... Demokratiyaya hazır deyil. O başqa məsələdir.

«BU, 19-CU ƏSRİN FİKRİDİR»

- Yeri gəlmişkən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 26-sı «Azərbaycan» qəzetində yazır: «Geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil edəndə belə qənaətə gəlirsən ki, hər yerdə mövcud olan demokratiya utopiyadır».

- Yox, mən bununla tamamilə razı deyiləm. Geo, geo, geo... Guya güclü dövlətlər demokratiyada maraqlı deyillər. Öz xeyirlərinə görə, tutalım neftə görə demokratiyanı dəstəkləmirlər. Amma bu, səhv fikirdir. Bu, 19-cu əsrin fikridir. Dünya dəyişib, artıq o maraqlar da dəyişib. Həmin sadaladığı geosiyasi güclər var ha, onlara inkişaf etmək üçün başqa ölkələrdə demokratiya lazımdır. Onsuz inkişaf edə bilmir. Bax budur sirr. Qavramaq çətindir. Neft dünya iqtisadiyyatının 4 faizini təşkil edir, qalanı istehsalatdır, ixtiralardır, intellektual məhsullardır və bunlar neftdən qat-qat bahadır.
Əbülfəz Elçibəy

Onları satmaq üçün başqa yerlərdə də demokratiya, inkişaf, qanunun aliliyi olmalıdır ki, gedib orda zavod tiksin. Artıq əməkdaşlıq qarətdən üstün olub.

«BİZ ÜRƏK ELƏYİB HƏMİN BİR İLİ OĞURLADIQ»

- Bu gün beynəlxalq qurumlar da, sizlər də Azərbaycan hökumətini siyasi azadlıqların məhdudluğuna görə tənqid edirsiz. Bəs bu gün baş verənlərə görə özünüzü, yəni sizin düşərgəni günahkar sayırsızmı?

- Məni günahkar çıxarmaq istəyirsinizsə, baş üstə, özümü günahkar sayıram. Ancaq mənim aləmimdə bütün bunlar avtoritarizmlə dolu qafaların nəticəsidir. Azərbaycanın 5 min illik tarixində cəmisi bir ili Əbülfəz Elçibəy hökuməti oğurlaya bildi. Biz o qədər zəifik ki, bu da olmamalıydı. Qazaxıstan yolu ilə getməliydik. Ancaq biz ürək eləyib həmin bir ili oğurladıq. Demokratik institutlar yarandı, partiyalar qeydə alındı, qəzet-jurnallar qeydə alındı. Bunun hamısını bizim demokratik hökumət elədi. Amma ölkədə, beynəlxalq aləmdə vəziyyət yaxşı deyildi. Müharibə gedirdi, Rusiya ilə İran əleyhimizə gedirdi, dünya isə biganəydi. Bunların qarşısında bir neçə min fəal durmuşdu. Axırda onlar da sındı. Avtoritarizm qayıtdı, hökm sürür. Amma tarix bitməyib. Ərəb ölkələrində baş verənlər bizi ruhlandırır.

««ƏRƏB BAHARI»NIN BURDA DAVAMI OLACAQMI?»

- İbrahim İbrahimli radiomuza deyib ki, 20 il əvvəl dünyada elə proseslər getdi ki, Azərbaycan müstəqilliyini qazandı. İyirmi il sonra dünyada yenə inqilablar baş verir, Azərbaycanda da bu fonda dəyişikliklər baş verə bilərmi?

- Yəni «ərəb baharı»nın burda davamı olacaqmı? Bilavasitə olmayacaq. Amma mənəvi cəhətdən təsiri var. Camaat müzakirə edir, hökumət guya korrupsiya ilə mübarizə aparır, prezident vətəndaş nəzarətindən danışır. Amma birbaşa təsiri yoxdur. Görünür, biz başqa regionda, başqa dinamikaya
Bakı, Lenin Meydanı, 6 sentyabr 1989

malikik...

- Əhalinin müəyyən zümrəsində müstəqilliyə münasibət də tədricən dəyişir. Deyirlər ki, bizi yenə aldatdılar, Azərbaycan xalqı yenə milli sərvətinə özü ağa deyil.

- Bunlar emosional-əsəbi etirazlardır. Müstəqilliklə demokratiyanı qarışdırırlar. Bizdə demokratiya yoxdursa, o demək deyil ki, müstəqilliyimiz də pisdir. Yenə vuruşmaq lazımdır. Amma istəmirlər. Böyük Britaniyada 700 il vətəndaş müharibəsi getdi. Fransa 5 dəfə inqilab elədi. Bunlarsa dindirəndə deyir ki, getdik meydanda qışqırdıq, nə oldu? Meydanda qışqırmaqla iş düzələr?

«LƏTİFƏLƏRİ, MARAQLI HADİSƏLƏRİ YAZACAM, QOY BAŞIM AÇILSIN»

- 20 il əvvəl müstəqillik aktına qol çəkənlər bir çoxu indi ya mühacirətdədirlər, ya həbsdədirlər, ya da siyasətdən qıraqda. Bu normaldırmı?

- Yox, əlbəttə ki. Acıyıram buna. Bu, demokratiyanın yoxluğu ilə bağlıdır ki, müstəqillik mübarizləri ya köçüb, ya xəstələnib, ya sınıb, ya qocalıb, ya zəifləyib. Neynək, bu da bizim taleyimizdir. Ancaq istənilən ölkə tarixində bu əzabları görəcəksiz. Onsuz görünür, heç nə alınmır...

- Söhbətin əvvəlində o illərdə yaranan lətifələri xatırladığınızı dediz. Birini danışa bilərsizmi?

- (Ucadan gülür) Yox, hazır deyiləm danışmağa. O dövrün lətifələrini, maraqlı hadisələrini, bütün bunları yazacam... Xatirələrimi yazacam. Qoy bir az başımız açılsın...
XS
SM
MD
LG