Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:51

Vaqif Səmədoğlu. Polyak qızı, mən sənə...


Vaqif Səmədoğludan şeirlər...

***

Polyak qızı, mən sənə
Nəfəs deyim, ah deyim?
Çıxar xaçı sinəndən,
Mən bir bismillah deyim.
Əllərim bekar qalıb,
Saçlarını bəri ver,
Dodaqlarım sıyrılıb,
Sinən üstdən dəri ver.
Burnumdan əsirgəmə,
Duyacağım son ətri,
Bir eşq boyu yubansın,
Son şeirimin son sətri…

***

Gözlərində
boş yer varmı?
Varsa,
izn ver, görünüm,
Gözlərinin
qarasına bürünüm…

***

Özümdən nə için belə narazı,
kökləyib sazı,
qışı başa vurub başı aşağı.
bir dəli,
mənasız yanlış ümidlə
gözlərəm, bu gələn yazı…
Nə gələ bilər?
Könül nədən gülə bilər?
Qəlbimi min sual dələr, dələr,
bir də susan günün o lal avazı…

***

Gecə,
necə gecə!
Belə gecədə
bir gözəl qadının
yalanına aldanıb,
dönəsən heçə.
İsinəsən
yalanın isti ocağında,
günahın
müqəddəs qucağında…

***

Dalğalı Xəzərin süst balasıyam,
Onun sahilində mən qalasıyam,
Narın, sarı qumdan güc alasıyam,
Bura günlərimin ötən yeridir,
Dünyaya gəldiyim vətən yeridir…

***

Hamınıza can sağlığı,
Olanından – qalanından.
Və bir çimdik də olsa bakirəlik,
Olanından – qalanından.
Və ağıl,
Olanından – qalanından…

***

Sən mənə on yerdən baxa bilərsən,
Mənsə on birinci yerdə çay içəcəyəm,
quyruğunu açmış bir tovuz quşunun
impressioniziminə heyrətlə baxa-baxa.
və beynimin içində unudulmuş
hansısa bir kimsəsiz məzarın
üstünü təmizləyib, yerə düşmüş
baş daşını qaldıracağam.
Və dəyişəcəyəm öz yerimi,
Sən duran yerlərdən görünməyim deyə…

***

Bu yolun sonu,
ya ölümdür, ya azadlıq.
Bəlkə də
ilk azadlıq,
ilk ölümdür,
bu yolun sonu.
Azadlıq da
ölüm də yoldur,
Sonsuz bir yol.
Ölümsüz, azadlıqsız…

***

Yorğun, arğın
gəldi sorağın.
Aman Allah,
nə üzün-gözün,
nə acı, nə xoş sözün
düşmür yadıma,
yetmir dadıma.
Yalnız sınıq darağın,
nişan üzüyü çıxmış
bircə barmağın
dirildi gözlərimdə,
bərəldi gözlərimdə
yorğun, arğın
gələn kimi sorağın …

***

Bütün pəncərələr yumulmuş gözdür,
bu evlər,
küçələr deyilmiş sözdür…
Yaralı buluddan yağan yağışlar
Günah yumasa da bir az bağışlar.
Bəlkə bizdən bir az yan keçər bu gün,
həyalı söyüşlər, doğma qarğışlar.
Və quşlar,
Və quşlar qəfəsə vurğun,
İlahi, çox sağ ol,
Yenə də heysizəm, yenə də yorğun…

***

Aram gələn şeirlərin karvanı,
Ölüb gedən şerlərin qurbanı,
Bu karvanın qurban kəsilən səsi,
Sənə qurban olum, duman yiyəsi…
İki gözüm göy üzünə baxıbdır,
Göy üzünə iki günəş çıxıbdır,
Biri karvan, biri qurban üstündə,
Biri yarımçıqda, biri bütündə…
Yorulmayan bir küləyin səsini,
Yer üzünün qarğışını, nəsini,
Batır zilə qalxan səsin pəsini,
Sənə qurban olum, duman yiyəsi…

Qafqazinfo.az
2010
XS
SM
MD
LG