Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:39

Ermənistanda yol hərəkəti qaydalarının vəziyyəti


Ermənistan. Yerevan
Ermənistan. Yerevan
BAŞ NAZİRİN TƏŞƏBBÜSÜ

ATƏT-in Yerevan ofisinin rəhbərinin müavini Karel Hofstranın məlumatına görə, hər il dünyada yol-nəqliyyat hadisələri zamanı 1 milyon 300 min insan ölür. Bu say Yerevan əhalisinin sayına bərabərdir. Hər 3 dəqiqədən bir dünyada bir uşaq ölür.

Bu ilin 4 ayı ərzində Ermənistanda baş verən yol- nəqliyyat hadisələrinin sayı barədə Dövlət yol polisi idarəsinin rəsmisi Marqar Ohanyan məlumat verir:

733 yol-nəqliyyat hadisəsi zamanı 93 vətəndaş ölüb, 1080 adam müxtəlif növ xəsarətlər alıb.

Ötəni il Ermənistanda yol hərəkəti qaydaları sərtləşdirilib. Ermənistanın baş naziri Tiqran Sarqsyanın təşəbbüsü ilə təhlükəsizlik kəməri taxmayan sürücülər cərimələnməyə başlayıb. Əvvəllər isə belə təcrübə yox idi. Təhlükəsizlik kəməri taxmadığına görə hər bir sürücü və yanında oturan sərnişin 5 min dram cərimələnə bilər (təxminən 14-15 dollar həcmində).

Ermənistanda təhlükəsiz yol hərəkəti ilə bağlı baş nazirin rəhbərliyi altında Milli Şura yaradılıb. Bu ildən isə avtomobil icbari mülki məsuliyyət sığorta sistemi fəaliyyət göstərəcək. Yol polisinin rəhbəri Marqar Ohanyan deyir ki, hazırda Ermənistanda 1 milyona yaxın sürücü var. O, kəmər taxmadığına görə cərimələnənlərin sayını da təqdim edir:

-Mənə iki gün öncə, dünən və bir də bu gün cərimələnənlərin sayını verin.

- Mayın 24-də 460, 25-də 427, 26-da isə 455 nəfər.

-Bu göstərici bütün Ermənistanı əhatə edir, bəs təkcə Yerevanda nə qədərdir?

-Dünən 189, sırağagün 190, 24-də 193 olub.

Aparılmış dəyişikliklərə baxmayaraq sürücülər hesab edir ki, nə sürücü, nə də yollar qüsursuz deyil və pozuntular bəzən labüddür.

POLİS RƏSMİSİNİN ETİRAFI

Margar Ohanyan
Yol polisinin rəsmisi Marqar Ohanyan da etiraf edir ki, bəzən piyadaların qaydanı pozmaqdan başqa seçimi qalmır:

-Bəzən onların seçimi olmur: piyada zolağı uzaqdadır, hətta avropalılar da bu qədər yolu getməyə razılaşmaz.

Yol polisi ilə sürücülər arasında korrupsiya hallarının azaldılması məqsədilə son zamanlar polis maşınlarına videokameralar quraşdırılıb. Əgər əvvəllər qayda pozuntuları polis və sürücü arasında həll olunurdusa, indi baş verənləri kamera çəkir. Ancaq qanunun növbəti maddəsi əvvəlkinə ziddir. Daha doğrusu qeyd olunur ki: kameralara baxmayaraq sürücünü cərimələyib, cərimələməmək yenə də polisin ixtiyarındadır. «Axilles» sürücülərin hüquqlarını müdafiə mərkəzinin sədri Eduard Hovanisyanın dediyinə görə, bu, kameraların rolunu sıfıra endirir:

«Əgər yol polisi pozuntu görərsə qanuna dayanaraq cərimələyə bilər. Orda isə lent yazılarının istifadəsi nəzərdə tutulmur. Hərçənd deyirdilər ki, kamera qoyulacaq və sürücülərlə müfəttişlər arasında mübahisə olmayacaq. Qanunsa bunu tənzimləmir. Müfəttişin fikri video görüntüdən daha vacibdir».

SÜRÜCÜ HÜQUQLARININ MÜDAFİƏÇİLƏRİ DEYİR Kİ...

Təyin olunmamış yerdə saxlanan avtomobillərdən dövlət nömrə nişanlarının çıxarılması yol polisi əməkdaşları tərəfindən geniş yayılmış təcrübədir. Sürücü hüquqlarının müdafiəçiləri deyir ki, yalnız təyin olunmamış yerdə saxladığına görə, avtomobillərdən nömrələrin çıxarılması qanunsuzdur. Son zamanlarsa Yerevanda belə hallar artıb:

«Əgər maşın təcili olaraq təmirə aparılmalıdırsa və ya texniki yoxlamadan keçməyibsə onda nömrəsi açıla bilər, bu zaman müvəqqəti nömrə verilir. Yalnız bu hallar qanunidir. Digər istənilən halda maşından nömrəni açmaq və maşını nömrəsiz qoymaq olmaz».

BMT-nin 2011-ci ildə elan etdiyi Beynəlxalq «Onillik fəaliyyət» proqramının məqsədi 2020-ci ilə qədər 5 milyon insanın həyatını xilas etməkdir.
XS
SM
MD
LG