Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:52

Münsiflər Heyətinin 3 üzvü etiraz olaraq MKM-i tərk etdiyini bildirdi


Rəşad Məcid
Rəşad Məcid
Yazıçı Pərviz Cəbrayılın "Yad dildə" romanının Milli Kitab Mükafatının qalibi seçilməsinə etiraz olaraq Münsiflər Heyətinin 3 üzvü istefa verdiyini bildirib.

Bu barədə "Oxu zalı"na münsiflərdən biri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, P.Cəbrayıl birinci yerə layiq deyil, onu münsiflər heyətindəki bəzi qruplaşmalar birləşib, sözü bir yerə qoyub qalib ediblər.

"Bu, MKM-ə ziyan vuracaq. Hətta sponsorlar da MKM-i dəstəkləməkdən imtina edə bilər. Mən gələn il MKM-in münsifləri sırasında olmayacam".

R.Məcid Azerxeber.com-a deyib ki, "Sovet dövründə kolxozdan yazan zəif əsərlərə mükafat verirdilər, indi isə hökümətin əleyhinə yazılan primitiv əsəri mükafatlandırırlar. Bu nəticəyə etiraz olaraq Çingiz Abdullayev, mən daha sonra isə Rəbiyyət xanım münsiflər heyətinin sıralarını tərk etdik.

Bilirsiniz ki, mən keçən il MKM-ə çox böyük həvəslə qoşulmuşdum və onun təbliğatını çox böyük həvəslə aparırdım. Mən hesab edirdim ki, MKM bədii ədəbiyyatın təbliğatına həsr olunmuş obyektiv bir müsabiqədir. Amma, təəssüflər olsun ki, aradan bir il keçməsinə baxmayaraq müəyyən dairələrin təsiri altına düşmüş Milli Kitab Mükafatı bir qrup münsiflər heyətinin üzvünün oyuncağına çevrildi.

Və bunun nəticəsidir ki, hökümətin əleyhinə olan çox zəif və primitiv bir əsəri birinci yerə layiq gördülər. Burada ən əsas məsələ əsərin bədii dəyərinin zəif olmasıdır. Nəzərə almaq lazımdır ki, münsiflərdə olan bəzi insanların maraqları əsərlə uyğun gəldiyi üçün “Yad dildə" romanı bu cür qiymətləndirilib.

Hesab edirəm ki, münsiflər heyətinin bir qrup üzvü əvvəldən qruplaşmışdı və məqsədli şəkildə Pərvizin əsərini birinci yerə çıxartmağa çalışırdılar. Bizdə bu nəticəyə uyğun olaraq öz istefamızı verdik".

Müsabiqənin təşkilatçısı Nigar Köçərli isə "Oxu zalı"na müsahibəsində sözügedən münsiflərin belə bir addım atması haqda hələ məlumatı olmadığını, onların bunu etməsinə inanmadığını bildirib.

O deyib ki, belə bəyanatlar emosional reaksiya ola bilər. N.Köçərli inanmır ki, P.Cəbrayılın qalib elan edilməsi belə ciddi reaksiya doğura bilər.

O P.Cəbrayılın qalib gəlməsinin gözlənilməz olmadığını da bildirib. "Mən o əsərə inanırdım, ən azı ilk üçlükdə olacağına inanırdım".
XS
SM
MD
LG