Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Qori seminariyasının arxivi niyə yandı?


Araşdırıcı-jurnalist Şəmistan Nəzirli
Araşdırıcı-jurnalist Şəmistan Nəzirli
«Bu kitab bir xeyli böyük ola bilərdi. Ancaq maliyyə ucbatından kiçildi»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına araşdırıcı-jurnalist Şəmistan Nəzirli söylədi.

«QOHUMLAR SAĞ OLSUN! BƏS DÖVLƏT?!»

«Can Bakı»nın «Qoridən gələn qatar Bakıya nə gətirdi?» mövzusunda açdığı müzakirəyə qatılan və təzəcə çapdan çıxmış «Qoridən gələn qatar» kitabının müəllifi olan Şəmistan Nəzirli kitabın çıxması üçün qohumlarına təşəkkür etdi (!): «Sağ olsunlar, kömək etdilər. Maliyyə ucbatından gecikirdi»- dedi...

QORİ SEMİNARİYASININ SƏNƏDLƏRİ YANIB...

Vaxtilə Qori, Tiflis, Bakı, Peterburq arxivlərində işləyərkən çoxlu sənədlər, şəkillər gətirdiyini deyən tanınmış araşdırıcı onları qoruyub saxladığını bildirdi. «Niyə bu sənədlərin, şəkillərin çap olunmasını istəyirdim? 1999-cu ilin dekabrında Tiflisdə Şevardnadze ilə Qamsaxurdiya arasında gedən döyüşlərdə Qori seminariyasının arxivi olan binaya mərmi düşüb yanıb. Heç nə xilas edə bilməyiblər. 1876-cı ildən bu yana yığılan sənədlər məhv olub gedib...»

TAMARA XANIM NİYƏ AĞLADI?

Arxiv binasının yerində gül-çiçək əkildiyini görən araşdırıcı əvvəlcə arxivin başqa yerə köçürüldüyünü zənn edib. Ancaq ona həqiqəti deyiblər. «O saat soruşdum ki, Anna Mixaylovna Smanidze dururmu? Dedilər, hə. Bu yaşlı qadının arxivdə işləyəndə mənə çox köməyi dəymişdi. Dedilər, Çavçavadze küçəsi- 52-də yaşayır. Getdim tapdım. Əvvəl tanımadı. Şəmistan olduğumu deyəndən sonra o qədər ağladı ki... Dediyinə görə, gecə arxivin yandığını eşidib ora gəlib, əlindən bir şey gəlmədiyindən, səhərə kimi alovlara baxıb ağlayıb. Çünki Tamara xanım həyatının 52 ilini qapı-qapı gəzib bu sənədləri toplamışdı».

YAXŞI Kİ, SƏN SƏNƏDLƏRİN ÜZÜNÜ ÇIXARIB APARDIN!

Bu sözləri də Tamara xanım Azərbaycandan gələn araşdırıcıya deyib. «O vaxt kseroks yox idi. Mən gürcü fotoqrafına cibimdən pul verib sənədlərin şəklini çəkdirirdim. Dedim, gəlmişdim əlavə sənədlər toplayım. Tamara xanım dedi ki, nə aparıbsan, möhkəm saxla, indi heç nə yoxdur!».

SİÇAN GƏMİRƏN SƏNƏDLƏR...

Şəmistan bəy ilk gedişində arxivdə işləyərkən, bəzi qovluqları siçanların gəmirdiyini görüb. «Gördüm Mirzə Hüseyn Əfəndi Qayıbzadənin qovluğunun bir hissəsi yoxdur. Dedim, Tamara xanım, təkcə bizimkiləri belə saxlayırsınız, yoxsa... Dedi yox, özümüzünkülər də bu gündədir. Ən yaxşısı, gəlin öz sənədlərinizi aparın, yaxşı şəraitdə saxlayın».

«SEYÇAS MNE NEKOQDA...»

Şəmistan bəy Bakıya qayıdan kimi, bu məsələni Azərbaycan Yazıçılar İttifaqına çatdırır. O dövrdə İttifaqın sədri olan bir yazıçı (dünyasını dəyişdiyindən adını çəkmirik—S.İ.) deyir: ««Mne seyças nekoqda»—yəni indi vaxtım yoxdur»...

SEMİNARİYA NƏ ZAMAN YARANDI?

Ş. Nəzirli 1876-cı ildə Qori şəhərində üç- rus, gürcü, erməni şöbələri ilə fəaliyyətə başlayan seminariyanın Azərbaycan bölməsinin açılması uğrunda mübarizə getdiyini vurğuladı. «Üç il ərzində Mirzə Fətəli Axundzadə və Mirzə Hüseyn Əfəndi Qayıbzadə çar idarələrinə məktublar yazıblar. Mən o məktubları tapmışam. Məktublara təhqiredici cavablar verilib: «Qafqaz tatarları oxumaq qabiliyyətinə malik deyil. Ancaq Şeytanbazarda alverlə məşğul ola bilirlər. Açsaq da, oxuya bilməyəcəklər»- tipli».

«Qoridən gələn qatar» kitabı

TƏCRÜBƏ ÜÇÜN AÇIN...

Şəmistan bəy hər iki ziyalının cavab məktubunda «təcrübə üçün açın, biz uşaq yığacağıq»- mesajını verdiyini deyir. «Nəhayət, 1878-ci ildə Qafqaz canişini Mixail Nikolayeviç Romanov hər ikisini görüşə dəvət edib. Mirzə Fətəli canişinə layihə təqdim edib. Mirzə Fətəli həmin il dünyadan köçdü. Açılacağını bildi, amma uşaqların yığılmasını görə bilmədi... Canişin soruşub ki, niyə istəmirsiniz ki, bu şöbə Azərbaycan şəhərlərində açılsın? Mirzə Fətəli deyib: «Qorxuram Şamaxıda və ya Gəncədə bu şöbə açılarsa, mollalar mane olsunlar, dağıtsınlar». Onda canişin yazır ki, üç il müddətinə seminariyanın nəzdində tatar (Azərbaycan-- S.İ.) şöbəsi açılsın, özünü doğruldarsa, Azərbaycanın hər hansı bir şəhərinə köçürülsün və orda fəaliyyət göstərsin.

İLK MƏZUNLAR KİM OLUB?

Şəmistan bəy ilk məzunların adını çəkdi: «İlk məzunlar- Şuşalı Səfərəli bəy Vəlibəyov, Lənkəranlı Teymur bəy Bayraməlibəyov, Naxçıvanlı Mirzə Alməmməd Xəlilov idi. Firudin bəy Köçərli onlardan sonra- 1885-ci ildə bitirdi. Ona qədər seminariyanın məzunlarına ancaq kənd ibtidai məktəblərində işləməyə icazə verirdilər. İlk dəfə Firudin bəyi əla qiymətlərlə, əla əxlaqla bitirdiyi üçün İrəvan Şəhər Gimnaziyasına müəllim göndərdilər».

DONUZ ƏTİ VƏ QƏBİRİSTANLIQ...

Ş. Nəzirli seminariyaya uşaq yığmağın çox müşkül iş olduğunu qeyd etdi. «Heç kim uşağını vermək istəmirdi. Deyirdilər ki, uşaqlarımıza donuz əti yedirəcəklər. Din xadimləri söz yayırdılar ki, Qoridə müsəlman qəbiristanlığı yoxdur. Odur ki, seminariyanın ilk inspektoru olmuş Aleksey Osipoviç Çernyayevski ildə 3.500 verst yol gedirdi, uşaq yığırdı. Dərbənddən İrəvana qədər, Naxçıvana qədər, Şuşaya qədər... Tozun-torpağın içində, hərdən faytonla, hərdən piyada gedirdi. Hətta bir dəfə İrəvanda onu öldürmək istəmişdilər. Şəkidə onu hökumətə casusluqda suçlayırdılar. Deyirdilər, sən gavursan, qəsdən balalarımızı ruslaşdırırsan».

MİLYONÇU DADAŞOVUN YARDIMI

Proqramımızın qonağı Bakılı milyonçu Dadaşovun adını xüsusi hörmətlə çəkdi: «Bakılılar onunla fəxr edə bilərlər. Hökumət lazımınca pul ayırmırdı. Dadaşov getdi seminariyanı şefliyə görüşdü. Hər il maddi yardım göstərirdi». Ş.Nəzirli ilk dəfə Qorinin Bakıya gələn məzununun Həbib bəy Mahmudbəyov olduğunu deyir. «İki qardaş idilər- Mahmud bəy və Həbib bəy. Bakıda məktəb açdılar».

300 SPARTALI... 310 AZƏRBAYCANLI...

Şəmistan bəy Qori seminariyasında 1898-ci ildən 1918-ci ilə kimi 310 Azərbaycanlının təhsil aldığını vurğuladı. «Gözəl ziyalılar- barmaqla göstərilən ziyalılar yetişdi. Məndə onların siyahısı var. Özümə hərdən dua edirəm: Nə yaxşı ki, gətirdim! Yanıb getmişdi...Onu da deyim ki, bütün Dağıstanda, Şimali Qafqazda inqilaba qədər müəllimlərin hamısı bu seminariyanın məzunları idi».

SEMİNARİYA NİYƏ QAZAĞA KÖÇDÜ?

Söhbətimizin ən maraqlı yerinə gəldik. «Niyə Gəncə, Şamaxı və digərləri yox, Qazax»- sualımıza Şəmistan bəy belə cavab verdi: «Üç ildən sonra seminariyanın Azərbaycana köçürülməsi vədi baş tutmadı. Çünki canişin dəyişildi. Vorontsov-Daşkov gəldi. Zaman-zaman bu məsələ qalxdı. Amma nəticəsi olmadı. Çünki seminariyanın Qoridə olması maliyyə cəhətdən onlara əlverişli idi».

QORİ SEMİNARİYASI NƏRƏDƏ OLMALI?

Bu, Nəriman Nərimanovun bir məqaləsinin adıdır. Şəmistan bəyin dediyinə görə, müəllif seminariyanın Ağdama köçürülməsini münasib sayıb: «Ona görə ki, Ağdam Azərbaycanın mərkəzinə düşür. Hamı ora gələ bilər. Rəşid bəy Əfəndizadə də, Üzeyir bəy Hacıbəyli də bu fikri dəstəklədilər. Heç olmasa Qəbələyə köçürülsün dedilər. Yerli camaatdan da məktublar getdi ki, bəylərin-ağaların maliyyəsi ilə saxlayacağıq seminariyanı. Qəti yaxın qoymadılar».

Mirzə Fətəli Axundov

ÇAR DEVRİLDİ...

Ş. Nəzirlinin dediyinə görə, çar devriləndən bir il sonra 1918-ci ildə yeni yaranmış Gürcü menşevik hökumətinin bir alayı Qoridə seminariya binasında yerləşmək istəyib. «Bu, xüsusi mülk idi. Hökumət Azərbaycan bölməsi üçün satın almışdı. Gəldilər, dedilər, çıxın buradan. Menşevik alayının kazarması olacaq. Yay tətili idi. Firudin bəy Köçərli və həyat yoldaşı Badisəba xanım qalmışdı seminariya binasında».

ÖZ XƏRCİNƏ VAQON TUTDU...

F.B. Köçərli öz xərcinə vaqon tutur və Azərbaycan şöbəsinə məxsus olan bütün ləvazimatı vaqona yükləyir: «Dəftər-kitab, jurnal, ensiklopedik kitablar, hətta stol-stulacan götürdü və Ağdama getmək məqsədilə yola çıxdı. Menşevik hökuməti bundan xəbər tutdu və üç zabit Böyük Kəsikdə onların qabağını kəsdi. Dedilər, sizin nə ixtiyarınız var ki, Gürcüstan hökumətinə məxsus şeyləri aparırsınız?».

FİRUDİN BƏY HƏYATINDA İLK KƏS YALAN DANIŞDI...

Ş. Nəzirlinin dediyinə görə, o vaxt Badisəba xanımın əmisi oğlu topoqraf general İbrahim Ağa Vəkilov Gəncə qubernatoruymuş: «Firudin bəy deyir ki, Gürcü hökuməti ilə Gəncə qubernatorluğu arasında danışıq olub, razılaşma var». Böyük Kəsikdə telefon rabitəsi yox imiş. Zabit Gelaşvili danışıq üçün qatarı Ağstafaya sürdürməyi əmr edir. Badisəba xanım Böyük Kəsikdə düşüb faytonla qohumlarına- Qazax bəylərinə xəbər çatdırmağa tələsir...»

ONDA SİZİ GÖRMƏMİŞİK

Ağstafada stansiya rəisi deyir ki, telefon işləmir: «Şəmkirlə Gəncə arasında dəmiryolu xətti dağıdılıb. Türk qoşunları vuruşa-vuruşa Bakıya doğru gedir». Qazax bəyləri stansiyaya gəlir. Zabit Gelaşviliylə Mənsur ağa Vəkilov tanış çıxır. Ataları dost imiş. «Onda Mənsur ağa dedi ki, bu adam (Firudin bəy) bizim yeznəmizdir. Sizin maarifçilərdən- filankəsdən-filankəsdən Azərbaycana maarif işığı aparır. Gelaşvili qayıtdı ki, onda biz sizi görməmişik».

YOLLAR AÇILMADI...

Avadanlığı qatardan boşaldıb müvəqqəti Qazaxda Məşədi İbrahimin 24 otaqlı malikanəsinin həyətinə yığırlar. «Bu fikirlə ki, yollar açılanda Ağdama apararlar. Ancaq yollar açılmadı... Firudin bəy məcbur olub seminariyanı Qazaxda açdı. 1918-ci il noyabrın 10-da ilk dərs başladı».

- Şəmistan Nəzirli seminariyanın Azərbaycan bölməsinin ilk müdiri olmuş Aleksey Osipoviç Çernyayevskidən daha nələr danışdı? Milliyyətcə molokan olan bu şəxsi niyə unutmamağa çağırdı?

- Çernyayevski Azərbaycan dilini niyə belə mükəmməl bilirdi? Dövrün ziyalıları onu necə qiymətləndirirdi?

- Mərəzədə poçtxanada çalışan, iş yerinin bir guşəsində Azərbaycan balalarına dərs keçən Aleksandr Osipoviçi kim kəşf etdi?

- İlk dəfə seminariyada işləyən Azərbaycanlı müəllim kim olub?

- Şəmistan Nəzirli bütün bu işlərdə Həsən Bəy Zərdabinin rolunu necə qiymətləndirdi?

- Qori seminariyasının tələbəsi olarkən yazıçı Süleyman Sani Axundovun başına nələr gəldi? O niyə özünü öldürməyə cəhd etdi?

Verilişi elə bu səhifədən Şəmistan Nəzirlinin şirin dilindən eşitmək şansınız da var.
XS
SM
MD
LG