Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:46

Vidadi İsgəndərlinin vəkilinin şikayətinə baxılmaqdan imtina edilib


Vəkil Xalid Bağırov
Vəkil Xalid Bağırov
Nəsimi rayon Məhkəməsinin hakimi Azər Paşayev həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin vəkili Xalid Bağırovun şikayətinə baxmaqdan imtina edib. Vəkil həmin məhkəmədə Vidadi İsgəndərlinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Hidayət Nurəlibəyova qarşı iddia qaldırmışdı. Xalid Bağırov məhkəməyə göndərdiyi iddia ərizəsində müstəntiqin istintaq vaxtı qanunsuz hərəkətlərə yol verdiyini göstərmişdi. Vəkilin AzadlıqRadiosuna bildirməsinə görə, bir neçə gün əvvəl məhkəmədən ona şifahi şəkildə bildiriblər ki, iddiaya iyunun 13-də saat 16.30-da baxılacaq. Ancaq məhkəmə iclasına bir neçə saat qalmış zəng vuraraq iclasın keçirilməyəcəyini və iddia ərizəsinin geri qaytarıldığını deyiblər.

“Məhkəmə iclasının təyin olunmasından sonra iddianın geri qaytarılması qanunsuz hərəkətdir”- vəkil bildirib.

Məhkəmədən isə AzadlıqRadiosuna bildiriblər ki, iddia ərizəsi iyunun 6-da geri qaytarılıb və məhkəmə iclası ilə bağlı Xalid Bağırova rəsmi bildiriş göndərilməyib.

Nəsimi rayon Məhkəməsi mayın 2-də hüquq müdafiəçisi Vidadi İsgəndərli barəsində 2 aylıq həbs qəti imkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə təqsirləndirilir.

V.İsgəndərli 7 noyabr parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizədliyini irəli sürmüşdü.
XS
SM
MD
LG