Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

«Yahova şahidləri» icması niyə qeydiyyata alınmır?


«Bizim bir bayramımız var, o da İsa Məsihin ölüm gününü qeyd edirik. O, bizim üçün canından, qanından keçib»
«Bizim bir bayramımız var, o da İsa Məsihin ölüm gününü qeyd edirik. O, bizim üçün canından, qanından keçib»
Bu həftənin əvvəli Gəncədə «Yahova şahidləri» adlı dini icmanın üzvlərini polis saxlayıb. Bir müddət sonra onlar sərbəst buraxılıblar. Səbəb kimi onların qanunsuz dini mərasim keçirməsi göstərilib.

Mərasimdə 37 nəfəri öz evində qonaq edən «Yahova şahidi» icmasının üzvü Yeganə Qəhrəmanova deyir ki, qanuni fəaliyyət göstərmək üçün sənədlərini dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim ediblər. Amma qeydiyyatlarından imtina edilir. Yeganə Qəhrəmanova düşünür ki, onların hüquqları pozulur:

«TEZLİKLƏ YER ÜZÜNDƏ SÜLH OLACAQ»

«Din azaddır, hər bir insanın seçimidir. Allahın kəlamından oxuyuram, araşdırıram, Allaha qulluq edirəm. Biz məlumat vermişik qurumlara, sənədləşdirmişik, göndərmişik. Cavabları gözləyirik. Amma yenə də yığılırıq, yığılacağıq da. Bizim məqsədimiz odur ki, insanları doğru yola çəkək. İnsanlar oğurluq etməsin, yalan danışmasın. Qadınlar zina etməsin. İnsanlar həqiqəti dərk etsinlər ki, Allah tezliklə xoş xəbər çatdıracaq. Tezliklə yer üzündə sülh olacaq».

Yeganə Qəhrəmanovanın evində icma üzvlərinin dua etmələri üçün cərgələnmiş stullar düzülüb. Divarda isə «Yahovanın adına sığının» sözü yazılmış vərəq asılıb. Yeganə Qəhrəmanova deyir ki, «bu kağıza baxıb Yahovanın şahidini köməyimizə çağırırıq».
Divarda «Yahovanın adına sığının» sözü yazılmış vərəq asılıb
4 ildir ki, Yahova şahidi olduğunu deyən bu qadın hər həftənin 3-cü və bazar günləri evində təşkil etdiyi mərasimlərdən danışır. Deyir ki, qeyd etdikləri tək bayram aprelin 9-u və 10-u İsa Məsihin ölüm günüdür. Danışır ki, İsa Məsihin qanını xatırladan şərab və bədəninin təsviri olan çörək bayram mərasimlərinin ən vacib ünsürüdür:

«İSA MƏSİHİN ÖLÜM GÜNÜNÜ QEYD EDİRİK»

«Allah deyir ki, şərabı içmək olar, qədərində. İsa Məsihin özü də şərab içib. Bizim bir bayramımız var, o da İsa Məsihin ölüm gününü qeyd edirik. O, bizim üçün canından, qanından keçib. Öz bədənini bizim üçün qurban verdi. Aprelin 9-10-u İsa Məsihin mərasimini qeyd edirik».

Yeganə Qəhrəmanova deyir ki, nə olur olsun, hətta qeydiyyatlarından imtina edilsə belə, mərasimlərini keçirəcəklər:

«Biz işimizi davam etdirəcəyik. Burada üstünlük odur ki, həqiqət var, doğru yol var. Çox sevinirəm ki, belə həqiqət yolundayam».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə nümayəndəsi Firdovsi Kərimov isə deyir ki, bu icma qeydiyyatdan keçməyincə, onların fəaliyyəti qanunsuz hesab edilir və qadağandır:

«ONLARIN QEYDİYYATINDAN İMTİNA EDİLİB»

Elşad Miri
«Mərasimdə saxlanılanlara İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsi ilə inzibati protokol tərtib edilib. Qanuna əsasən, qeydiyyatdan keçməyiblər. Dini icmalar isə yalnız qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilərlər. «Dini Etiqad Azadlığı haqqında» qanunun 12-ci maddəsinə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməlidir. Sənədlərini komitəyə təqdim ediblər. Hal hazırda sənəd vermiş olsalar da, onların qeydiyyatından imtina edilib. Bakıdakı icmanın təkrar qeydiyyatından imtina edilib».

Firdovsi Kərimov icmanın qeydiyyatından imtina edildiyini söyləsə də, səbəbini açıqlamır.

İlahiyyatçı ekspert Elşad Miri bu icmanın fərqli iddialarından danışır və onların qeydiyyata alınmamasının səbəbləri ilə bağlı öz ehtimallarını irəli sürür:

«TƏBİİ Kİ, DÖVLƏT BU MƏSƏLƏYƏ TƏHLÜKƏSİZLİK BAXIMINDAN DA YANAŞA BİLƏR»

«Onlar xristianlığın protestant mənsəbinə mənsub olan sektadırlar. Bunlar dövlətin bəzi atributlarını qəbul etmirlər. Onların başlarına hadisə gəldiyi zaman başqalarından qan qəbul etmirlər. Onlar alternativ hərbi xidmət məsələsini gündəmə gətirirlər. Onlar hərbi xidmətdən də imtina edirlər. Təbii ki, dövlət bu məsələyə təhlükəsizlik baxımından da yanaşa bilər».

Elşad Miri deyir ki, hüququnun pozulduğunu düşünən hər bir icma üzvü məhkəməyə müraciət edə bilər.

Qərb bölgəsində 49 islam, 6 qeyri-islam yönümlü dini icma fəaliyyət göstərir. Onların əksəriyyətinin qeydiyyatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yenidən baxışdan keçirilir.
XS
SM
MD
LG