Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:26

"Hətta zarafatla Nobel nitqimin adını da müəyyən etmişik"


Sessiyanın oğlan çağında onun vaxtını aldığıma görə vicdan əzabı çəkirəm. Amma, günah özündədi. AzadlıqRadiosunun "Ədəbi Azadlıq" müsabiqəsini udmayaydı, mən də onu sorğu-sual atəşinə tutmayaydım... İndicə imtahandan çıxıb. Müəllimlərin çək-çevirindən birbaşa AzadliqRadiosu oxucularının hüzuruna. Həyəcandan-həyəcana, əlbəttə, əgər əsəbləri poladdan deyisə...Musa Əfəndi, “Onları yol apardı” hekayəsinin müəllifi. Görək o özünü necə təqdim edir...


Sən kimsən?

- Mən Azərbaycan vətəndaşıyam.

İstəyin nədir?

- İstəyim odur ki, xoş arzularıma çatım. Arzularım müxtəlif sahəlidir. Xaricdə təhsilimi davam etdirmək istəyirəm, sonra yaxşı iş tapmaq arzusundayam, yaradıcılığı da öz işlərimlə paralel aparmaq iqtidarında olduğumu düşünürəm.

Ümumi məlumat – doğulduğun yer, yaş, nə işlə məşğul olursan, harda oxuyursan, harda qalırsan?

- 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən, qazaxlıyıq. Xırdalanda yaşayıram. Gözümü açandan orda yaşamışam, 3 saylı orta məktəbdə oxumuşam. Azərbaycan Dövlət İqtisad Universitetində, Beynəlxalq İqtisadi Münasibətlər\Xüsusi istedadlar qrupunda təhsil alıram. Burada tədris ingiliscədir.

Valideynlərin nə işlə məşğuldur? Təsadüfən qələm əhli deyillər ki?

- 4 nəfərlik ailədə yaşayıram. Bir qardaşım var. Atam mühəndis işləyir, anam universitet məzunu olsa da, müəyyən bir müddət işlədikdən sonra işləməyib. Evdar qadındır. Qardaşım bu il Turizm İnsitutunu bitirir. Əsgər getməyə hazırlaşır. Aralarında yazıçılıqla məşğul olanı, mən bilən, yoxdur. Bəlkə də, atam əsgərlik illərində və ya daha əvvəl şeir-filan yazıb, xəbərim yoxdur. Gərək dəqiqləşdirim, axı qazaxlıdır. Amma, belə tanınmış yazıçılar arasında qohummuz yoxdur, bildiyim qədər... İlyas Əfəndiyevin qohumu deyiləm (gülür..)

Təkcə yazıçılıq, yoxsa başqa işlə də məşğul olmaq fikrin var?

- Əslində, bayaq da dediyim kimi, mən iqtisadiyyat üzrə təhsil alıram. Yazıçılıq, ədəbiyyat mənim həyatıma son iki ildə girib. Birinci kursda oxuyanda bəzi dostlarım xırda yazılar, etüdlər, hekayələr yazırdı. Və olduğum forumlarda da şeir yazan dostlarım, tanışlarım vardı. Onlardan həvəslənib mən də yazmağa başladım. Əsas mütaliəyə üstünlük verdim və öz üzərimdə işləməyə başladım, öyrəndim, yazdım, yazdım, yenə öyrəndim. Və get-gedə yazıçılıq mənim həyatımda rol oynamağa başladı. Amma elə də uzun müddət yazmamışam, iki il nədir ki. Öz işləmək istədiyim sahə marketinq, PR sahələridir. Düşünürəm, yazıçılığın və yaradıcılığın bu sahələr üzrə, reklam sahəsində çox böyük üstünlüyü olacaq mənə. Özüm reklamları, mottoları, sloqanları izləyirəm tez tez. Düşünməyə, özüm də nəsə yeni fikir istehsal etməyə çalışıram. Hələ, təzə başlamışam buna. Konkret bir yerdə işləmirəm. Amma, tezliklə bir iş tapacağıma inanıram.

Yaradıcılıq nə verir insana?


- Yaradıcılıq insana çox şey verir. İnsanın düşüncə qabiliyyətini, düşünmə miqyasını, İQ-sünü artırır, fikrimcə. Hadisələrə müxtəlif formalarda yanaşmağa başlayırsan, müxtəlif yollarla izah etməyə çalışırsan, alternativlər təklif etməyə səy göstərirsən. Yaradıcılıq insanın sərhədlərini qıran, rutindən, klişedən uzaqlaşdıran bir şeydir. Yaradıcı insan, yaradıcılığı digərlərinə nisbətən üstün olan insan daha fərqli yanaşır hadisələrə. Çox adamın görmədiyi sahələri, hissələri, xırdalıqları görür.

Bəs nə alır?


- Yaradıcı düşünmə, fərqli yanaşma insandan elə də çox şey almır, fikrimcə. Sadəcə, qismən normal insan səndən soyumağa başlayır. Sənin fərqli yanaşmaların, bəzən də fərqli həyat tərzin çox vaxt insanlar tərəfindən normal qarşılanmır və uzaqlaşdırırlar səni özlərindən. İnsan özünə daha da qapanır. Ünsiyyəti azalır, kitablara meyl edir.

Özünü yazıçı hesab edirsənmi?

- Özümü yazıçı hesab etmirəm, əslində hələ ki özümü heç bir sahənin, peşənin adamı kimi hiss etmirəm. Əvvəllər, vəziyyət daha faciəvi idi (gülür). Özümü tam tapa bilmirdim, hər işlə məşğul olmaq istəyirdim və bir nöqtəyə çatanda bezirdim. Amma, indi nə istədiyimi bilirəm, mənə maraqsız gələn şeyləri, sahələri öz maraq dairəmdən çıxarmışam və istəklərimə fokus olmuşam. Düşünürəm ki, istədiyim sahələr üzrə biliklərimi təkmilləşdirsəm, öz üzərimdə işləsəm alınacaq. Gözəl günlər görəcəyik.

Nobel almaq necə, könlündən keçir?

- Əlbəttə, keçir. Klassik bir deyim var - general olmaq istəməyən əsgər əsgər deyil. Hətta, zarafatla Nobel nitqimin adını da müəyyən etmişik. Bu adı mənim virtual əmim Novarg təklif edib. "əgər əmim olmasaydı..." adlanacaq Nobel nitqim. Yazdığım müddətdə o məni çox tənqid etsə də, mənəvi dəstəyi də çox olub. Mənim e-həyatım var, günümün böyük hissəsini internetdə, kompyuter başında keçirirəm deyə, bütün qohumlarım da virtualdır (gülür…)

Bu müsabiqə sənə nə verdi, ən dəyərlisi nə oldu?

- Bu müsabiqənin qalibi olmağımdan cəmi 2 gün keçsə də, artıq bir çox şeylər qazanmışam. Ən əsası isə müxtəlif insanlar tərəfindən qəbul olunduğumu görürəm. Bir növ özümü onlara təsdiq etmiş oldum bu vəsitə ilə. Əvvəllər, yanaşmalarıma ciddi baxmırdılar, fikir vermirdilər. Adi, götürək ailəmi. Mən çox kitab oxuyuram, təqaüdümü kitablara xərcləyirəm, bir neçə kitab klubunun üzvüyəm hər ay müxtəlif

yerlərdən - abunə olduğum yerlərdən kitab alıb oxuyuram. Bu ailəmi qismən də olsa narahat edir. Semestr ərzində də istədiyim və zövqünə inandığım dost-tanışlarımın məsləhət gördüyü kitabları alıb oxuyuram, daim mütaliə edirəm. Bir növ bibliomaniya yaranıb, qorxuram bu bibliofiliyaya keçsin. Kitablardan asılı deyiləm, amma oxuduqca zövq alıram, hər gün müxtəlif bloqları, elektron kitablar, hekayələr və adi kağızdan hekayələr, romanlar, şeirlər oxumağa çalışıram. Oxuduğum müddətdə yazmamağa cəhd edirəm, imitasiyaya səbəb olur, plagiatliqdan qorxuram. Amma, hələ ki, elə də güclü təsirləndiyimi, kitabların mənim yazılarıma təsir etdiyini düşünmürəm.

Ən böyük təsir ailəmlə münasibətimdə oldu və dostlarımın bəzilərinin mənə baxışı dəyişdi. Artıq bu qalibiyyət özümü sübut etdiyimi göstərirdi və fikirlərimə daha önəm verməyə başladılar. Eləcə də ailəm. Əvvəllər kitab oxumağımdan narahat olurdularsa, indi bu elə də qorxuducu deyil. Onlar elə düşünürlər ki, oxuduğum kitablar mənim düşüncələrimi dəyişər və psixoloji qüsurlara gətirib çıxarar. Amma, indi daha da həvəsləndirirlər oxumağa. bu iki gündə bir xeyli şey dəyişdi, yəni. Hələ də, gələcəkdə dəyişəcəyinə, müsbət yolda mənim xeyrimə yönələcəyinə ümid edirəm.

Evdə hədiyyələrinə nə dedilər? Ümumiyyətlə, evdəkilərin reaksiyası necədir sənin yaradıcılığına?

- Əvvəllər yazdığımı gizlədirdim. Yəni, ciddi yanaşmırdılar, burda onların mövqeyinin çox düzgün olduğunu düşünürəm. Çox az yazıçı öz yazdıqları ilə dolana bilir bu ölkədə. Bu böyük zaman tələb edir, ciddi yanaşılmır ədəbiyyata. Türkiyədəki tendensiya burda da var, bizdə yazanlar oxuyanlardan çoxdur. Kaş yazanlar qədər oxuyanlar da olsa, Elif Şafak demiş. Hamı yazır, şeir deyir deyə bu artıq adiləşib, fərqli bir şey göstərmir. Burda mətnə önəm vermirlər, saya, kəmiyyətə önəm verirlər deyə və kəmiyyət böyük olduğuna görə bu qədər insan arasında fərqlənməyin, onlardan yaxşı yazmağın mümkünlüyünü izah etmək çətinləşir. Mən fərqli və güclü yazdığımı düşünmürəm, amma buna cəhd edirəm və istəyirəm. İndi isə, bir qədər ciddi olduğumu düşünürlər, fikirlərimə önəm verməyə başlayıblar. Ömrümün ikinci taymını, təxminən 30-35 yaşından sonrasını, Allah ömür verərsə, yazıçılıqla məşğul olmağı düşünürəm. Bunu da qəbul etməyə və etdirməyə çalışacağam.

Evdə qardaşım yazdığımı bilirdi, amma tam olaraq, hamıya deməmişdim. Özüm yazanda, əsasən "dərsinlə məşğul ol, o daha önəmlidir, bunlar həvəsdir sadəcə" tipli cümlələr işlədirdilər. Dəyişən bir şey də oldu, adım. Musa idim mən hamı üçün.

Musa Əfəndi oldum. Mənə ancaq virtualdan tanıdığım insanlar belə xitab edirdilər, hələ də öyrəşməmişəm. Musa daha xoşdur. Əfəndi deyiləndə özümü Osmanlı Sultanı kimi hiss edirəm.

Kompyuterin əvvəllər də var idimi?

“Əlbəttə, kompyuterim var idi. Mən məktəb vaxtı İT sahəsi üzrə gedəcəyimi, təhsil alacağımı, işləyəcəyimi düşünürdüm. Evdə bir PC`im, bir notebookum var. Yeni bir notebookum da oldu. Qardaşım əsgər gedir, bu qədər komputeri neyləyəcəyimi bilmirəm, yəqin ki, yaxın bir insana, dostuma-qohumuma-tanışıma bağışlayacam birini”.

Ilk dəfə idimi əsərinin çap olunmağı?

- Mən özümü virtual bir insan hesab edirəm, e-həyat yaşayıram və yazıram. Qəzetlərdə çox az çap olunmuşam. Əsasən, forumlarda yazmışam. Bloq işlətmişəm müxtəlif adlarda. İndi bir blog işlədirəm, http://cartoondan-evler.blogspot.com/ - bu bloqda izlədiyim filmlər, oxuduğum kitablar haqda öz mövqeyimi bildirməyə çalışıram. Çox mütaliəli insan imici yaratmışam müəyyən bir mühitdə, hərçənd özümü elə də mütaliəli hesab etmirəm, amma müəyyən kitab tövsiyələri, film məsləhətləri istəyirlər deyə, filmi, kitabı bitirdikdən sonra öz fikirlərimi bu bloqa yazıram, maraqlananlarla bölüşürəm. Sonra həmin insanlar izləyir oxuyur və diskussiya aparırıq. http://sheytaninayagi.com/ saytında da bədii yazılar yazmağa çalışıram. Bir neçə aydır ki, bu bloqu işlədirik, Əli Xəyyam, Or Cuvarlı, Nərmin Nöqtə və başqaları (http://sheytaninayagi.com/yazarlar) bu bloqda birlikdə yazırıq. Bu insanların, gənc qələmlərin yazılarını çox xoşlayıram. Bu bloq vasitəsilə bir birimizi oxuyuruq, təhlil edirik və insanlarla bölüşürük.

Indiyə kimi nə yazımısan, nələrdən yazmısan?

“Bu günə qədər, baxmayaraq ki, iki ildir yazmağa çalışıram, bir neçə sahədə özümü sınamışam. Şeir də yazmışam, esse də yazmışam, etüd də yazmışam, xatirə də, məktub da yazmışam. Roman yazmağa da cəhd etmişəm. Daxili və xarici səyahətlə bağlı, inanclarla bağlı, motivasiya ilə bağlı, adi həyatla bağlı, sevgi ilə bağlı - bir növ hər şeylə bağlı nələrisə yazmağa çalışmışam. Hətta, detektiv yazmağa belə cəhd etmişəm. Hərçənd, sadə alınmışdı, oxuyanlar sonluğu tez tapırdı, amma böyük təcrübə olmuşdu, yazdıqca çox şey öyrənmişdim”.

Neçə əsərin var?

“Əslində, ilk il daha məhsuldar idim. Çox yazırdım, yazırdım, oxumağa daha az vaxt sərf edirdim. Amma, bu ilin əvvəli yazdığım ilk yazılarımın hamısını silmişəm. Tək-tük hekayəm qalıb və onları nə vaxtsa redaktə etməyə çalışacam”.

Kimlərdən təsirlənirsən?

“Kimlərdən təsirləndiyimi belə deyə bilmərəm, oxuduğum hər əsərdən texniki bir şeylər öyrənməyə çalışıram. Sevdiyim yazarlar var. Yerli ədəbiyyatı götürsək, Fəxri Uğurlunun hekayələrini çox bəyənirəm, Tanrı dağı silsiləsi çox xoşuma gəlmişdi, Orxan Fikrətoğlunun hekayələrini maraqla oxumuşam, Rafiq Tağını oxumağı xoşlayıram. Əslində, adlar çoxdur. "Ən yeni ədəbiyyat" seriyasından çıxan kitabların çoxunu almışam və yavaş yavaş onları da oxuyuram. Nərmin Kamalın kitabını xoşlamışdım. İlqar Fəhmini maraqla mütaliə edirəm. Bəzi adları unutmuş ola bilərəm. Imtahandan çıxmışam, qınamayın. Belə, təsirləndiklərim isə klassiklərdir. Oxuduqca çox şey öyrənirəm. Şərq ədəbiyyatını çox xoşlayıram, məsələn. Türk ədəbiyyatında da sevdiyim imzalar var, hansı ki, elə də məşhur deyillər bizim ölkədə. Məsələn, İhsan Oktay Anar, Hasan Ali Toptaş kimi imzalar var. Bunların yazı dili çox gözəldir, əsl divan ədəbiyyatını, əsl şərqi xatırladır. Orhan Pamuku, Elif Şafakı da çox xoşlayıram. Şərqə, onun ədəbiyyatına əsl postmodern yanaşmaları var. Bakı da Qərb və Şərq arasında bir körpü olduğu üçün, düşünürəm, bu yazarlardan öyrəndiklərim də öz yazılarıma da siraət edəcək, lokal mövzuları qlobal texnika ilə, tərz ilə nə vaxtsa yazacağıma inanıram”.

“Onları yol apardı” hekayəsini necə oldu yazdın?

- “Onları yol apardı”nın çox qəribə xatirəsi var məndə. Keçən il müsabiqədə iştirak etmişdim. Bu il də iştirak edəcəyimi düşünürdüm. Bir dostum müsabiqənin artıq elan olunduğunu, yazı göndərib-göndərməyəcəyimi soruşdu. Mövzu tapsam göndərəcəyimi dedim. Əslində, mövzu problemim yoxdur, sadəcə yeni bir mövzu

yazmaq istədim. Elə bu haqda düşünürdüm, dərsə gedirdim ki, hekayə yolda yaşadıqlarımdan yarandı. Bizim evin yanında dayanacaqda yanaşı mağazalar, dükanlar var. Bir ət dükanında bir oğlan olur. Heç vaxt fikir verməmişdim buna. Ət dükanında işləyən qəssab bu oğlana yolu keçib mağazadan stul götürməsini tapşırdı. Oğlan yolu keçməyə qorxurdu. Halbuki, yol bomboş idi. İnsanların yolla bağlı, yol keçmək qorxusu olduğunu oxumuşdum fobiyalar siyahısında. Yaxşı mövzu olduğunu düşündüm və yazmağa başladım. Elə avtobusda yazdım. Sonra bunun səbəbini düşünməyə başladım. Uşaqlıq qorxusunun səbəb olacağını düşündüm və yazdım, nəticəni də beynimdə qurdum. Hərçənd, o Veysəlin prototipi - adını dəqiq bilmirəm - sağdır və yoldan keçən maşınlara istiqaməti göstərir. Hələ də yolu keçə bilməyib. Hekayədəki bəzi hərəkətlər, məsələn onun dabanı ilə topuğuna vurması-filan bunlar realdır, əsl təsvir yaratmaq üçün oğlanı müşahidə etdim bir neçə dəqiqə. Avtobusda yazdım, gəldim sonra evə. Komputerə köçürdüm və bacardığım qədər redaktə edib yolladım. Hərçənd, bəzi dilçi və yazıçı dostlarım daha da yaxşı redaktəyə ehtiyacı olduğunu deyirdilər. Razıyam.

Niyə məhz bu hekayəni verdin müsabiqəyə?

“Sırf bu müsabiqə üçün yazmışdım bu hekayəni”.

Boş vaxtlarında nə edirsən?

“Boş vaxtlarımda gəzirəm. oxuyuram, dinləyirəm, izləyirəm və müşahidə edirəm. Ən əsası isə düşünürəm. Hər şey barədə, sevdiyim insanlardan tutmuş, öz gələcəyim haqda da. Bu mənə zövq verir, mən gələcəyin öz əlimizdə olduğuna inanıram, necə təsəvvür ediriksə, necə yaşamaq istəyiriksə, onu da yaşaya bilərik. Sadəcə dəqiq hədəfi bilib, ən səmərəli və əyləncəli, maraqlı, gözəl yollarla həmin hədəfə çatmaq haqda düşünürəm boş vaxtlarımda. Yazıçılıqla bağlı böyük arzularım var, bunu feilə çevirmək, gerçəkləşdirmək istəyirəm. Uğur qazanmış insanların getdiyi yolları izləyirəm. Amma, mənim həyat devizim başqadır - Meşədə iki yolla qarşılaşdım və mən ən az gedilmiş olanı seçdim. Bu Robert Frostun sözüdür. Dead Poets Society filmində, Coelhonun "Portobellolu Cadugər" əsərində bu ifadədən istifadə olunub. Mən özüm öz uğur xəttimi çəkmək arzusundayam. Ən azı, bunu arzulayıram, inanıram, ümid edirəm, bəlkə bu alınmayacaq, amma istəmək belə çox xoşdur, doğmadır”.

Növbəti addımın nədir?

- Növbəti addımlarım müxtəlif tərəflidir. Təhsilimi xaricdə davam etdirmək istəyirəm. İngiltərənin öndə gələn universitetinə şərtsiz qəbul olmuşam. Maliyyə dəstəyi alsam, getmək istəyirəm. İT üzrə qəbul olunmuşam, öz keçmiş arzularımı reallaşdıra da bilərəm. Başqa alternativlər də mövcuddur təhsillə bağlı, Kipr, Türkiyə, İrlandiya - Dublin... Qəbul haqda məktublarımı gözləyirəm.

İstədiyim sahə üzrə iş tapsam, işə meyl edəcəm. Artıq bir yerdən başlamaq lazımdır. İşləsəm, master təhsilimi sonraya saxlamağı düşünürəm, ixtisas artırmaq haqda planlarım var.

Yazıçılıq da həyatımda artıq ciddi rol oynamağa başlayır, adi həvəskar bloq yazarından bircə pillə daha yuxarı qalxmışam. Daim mütaliə edirəm, zatən. Daim yazıram, yazdıqlarımı oxuyuram, redaktə edirəm, çox vaxt silirəm yazdıqlarımı. Amma, çalışıram. İnanıram ki, hər şey gözəl olacaq, günəşli günlər görəcəyik, Nazim Hİkmət demiş, inanırıq.

Təşəkkür edirəm müsahibə üçün

- Çox sağ ol, çox xoş oldu.
XS
SM
MD
LG