Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:32

İctimai Palata monitorinq qrupları yaradır


Müxalifətin keçirdiyi etiraz aksiyasından görüntü. 19 iyun 2011
Müxalifətin keçirdiyi etiraz aksiyasından görüntü. 19 iyun 2011
İctimai Palatanın 19 iyun aksiyasında saxlanılanlardan 4 nəfərə sutkalıq həbs verilib, 3 nəfər 5 sutka, 1 nəfər isə 3 sutkalıq həbs cəzası alıb. 3 müxalifətçi 20-60 manat cərimə olunaraq sərbəst buraxılıb.

Müsavat Partiyasından Gülağa Aslanlının sözlərinə görə, aksiya günü Müsavat Partiyasından ümumilikdə 20 nəfər saxlanılıb. AXCP-dən Faiq Əmirov deyir ki, aksiyada 41 cəbhəçi saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğun yaydığı məlumata görə isə İctimai Palatanın aksiyası zamanı 23 nəfər saxlanılıb. Onlardan 10 nəfərin işi məhkəməyə göndərilib, daha 13 nəfər haqqında isə ərazi polis orqanlarında müvafiq qərarlar qəbul edilib.

İctimai Palatanın iyunun 19-da yaydığı bəyanatında isə bazar günü Bakıda keçirilən aksiyanın polis tərəfindən dağıdılmasını pislənməklə yanaşı, həmin aksiyadan sonra növbəti etirazların hazırlanması üçün məhəllə, həyət, qəsəbələrdə müstəqil monitorinq qruplarının yaradılmasına başlanıldığı bildirilir.

İctimai Palatanın iyunun 19-da eyni vaxtda paytaxtın bir necə yerində aksiya keçirmək taktikasına və bundan sonrakı planlarına münasibət isə birmənalı deyil.

YENİ MİTİNQ TAKTİKASI ÖZÜNÜ DOĞRULDUB

İctimai Palatanın liderlərindən AXCP sədri Əli Kərimli deyir ki, müxalifətin aksiyaları həmişə dinc xarakterli olub. Amma hökumət əlindən gələni edib ki, bu aksiyalarda zorakılıq elementləri olsun. Bu, heç cür alınmayanda isə hakimiyyət özü şüşələri sındırmaq və digər dağıdıcı əməllər törətməklə belə vəziyyət yaradıb ki, İctimai Palatanın fəallarını cinayət məsuliyyətinə cəlb etsin. Əli Kərimlinin sözlərinə görə, bu səbəbdən də, onlar İctimai Palatanın fəallarını aksiyalar zamanı polislə qarşıdurmadan yayınmağa çağırıblar:

Əli Kərimli

«Eyni vaxtda bir çox yerlərdə aksiyanın keçirilməsi fəalların özlərinin düşüncəsinin məhsuludur. Bu, xüsusi olaraq hazırlanmış məsələ deyil. Və görünür bizim «polislə qarşıdurmadan yayının» -mesajımıza fəallar da bu şəkildə cavab veriblər. Polisin nisbətən az olacağını düşündükləri yerlərdə aksiyalar keçiriblər. Bu taktika özünü doğruldub. Şəhərin müxtəlif yerlərində aksiyanın keçirilməsi yeni bir haldır və mən bunu uğurlu sayıram».

Növbəti etirazların hazırlanması üçün məhəllə, həyət, qəsəbələrdə müstəqil monitorinq qruplarının, komitələrin yaradılmasına gəlincə, Əli Kərimli bildirir ki, bu, təşkilatlanmanın tərkib hissəsidir.

«BUNLAR İMİTASİYA İLƏ MƏŞĞULDURLAR»

İctimai Palatanın 19 iyun aksiyasını «baş tutmamış» hesab edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə hesab edir ki, kütləvi aksiyalar müvafiq icra hakimiyyətinin münasib bildiyi yerdən kənarda keçirilirsə, bu, qanunun pozuntusudur.

Onun fikrincə, Konstitusiyada sərbəst toplaşmaq azadlığının təsbit olunması ölkədə xaos yaratmaq üçün əsas kimi qəbul edilə bilməz:

Mübariz Qurbanlı
«Görünür İP-in tərəfdarları ümumiyyətlə mövcud deyil. Bunlar imitasiya ilə məşğuldurlar. Bunlar hansısa adamlara hesabat vermək üçün, «biz də varıq» deyə bu cür aksiyalar keçirmək haqqında şişirdilmiş məlumatlar yaymaqla məşğuldurlar. Yer ayırıblar. Tərəfdarları varsa, gedib orada aksiya keçirsinlər. Metronun çıxışında, parkda kütləvi aksiya keçirtmək adı altında ictimai asayişi pozmaq olmaz».

MÜXALİFƏTİN İNDİYƏDƏK KEÇİRDİYİ AKSİYALARIN ƏN UĞURLUSU

Politoloq Məmməd Süleymanov isə hesab edir ki, aksiyaların bu formasına çoxdan keçilməli idi. Yəni eyni vaxtda müxtəlif yerlərdə bir neçə aksiya keçirilməlidir. Haralarda keçirilməsindən asılı olmayaraq bu cür taktika aksiyanın effektini gücləndirir. Onun fikrincə, bu cür hərəkət etmək hətta ən zəif aksiyaya belə vizual keyfiyyət verir və təbliğati baxımdan əhəmiyyətli olur:

«Dünənki etiraz forması müxalifətin indiyədək keçirdiyi aksiyaların ən realisti, ən uğurlusu idi. O ki, qaldı komitələrin, qrupların təşkilinə, bu, heç bir effekt verməyəcək ideyadır. Əgər burada söhbət strukturlaşmadan gedirsə, belə strukturlaşmanın heç bir əhəmiyyəti yoxdur. Çünki hansısa bir məhəllədə, yaxud küçədə bir komitə yaradıldısa, onun üzvləri məlum oldusa, həmin adamlara qarşı qabaqlayıcı tədbirlər işə düşəcək və onlarla polis dövlətlərində olduğu kimi davranılacaq. Nəticədə heç bir iş görə bilməyəcəklər».

Məmməd Süleymanov hesab edir ki, Azərbaycanda formal xarakterlidən daha çox leqal xarakterli mübarizə tendensiyalarına keçilməlidir. Digər tərəfdən 20 ildir eşidilən bayağı şüarlardan imtina edib qeyri- standart şüarlara keçmək lazımdır. Onun fikrincə, hələlik nə səsləndirilən, nə də kağız üzərində olan şüarlar barədə bunu demək mümkün deyil. Halbuki, mübarizə təkcə romantika tələb etmir. Mübarizə həm də yaradıcılıqdır.
XS
SM
MD
LG