Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Şahbaz Xuduoğlu. Sumqayıt: Başçı və kitab


Şahbaz Xuduoğlu
("Qanun" nəşriyyatının direktoru)


SUMQAYIT: BAŞÇI VƏ KİTAB

Bu gün Sumqayıtda kitab yarmarkası oldu. Saat 11-də başlasa da, artıq saat 10-dan Sumqayıtın mərkəzinə gedən yollar bağlı idi.

Köhnə avtovağzalın yanında, Heydər Əliyev parkında böyük bir sahədə Sumqayıt kitabçıları öz stendlərini bəzəyib Başçının gəlişini gözləyirdilər.

Saat 11-də başçı gəldi, və gəlişiylə mikrofondan ­­millətimizin tarixindən, kitaba məhəbbətindən, Nizamisindən, Fizulisindən sitatlar səslənməyə başladı.

Başçı Heydər Əliyevin heykəlinin yanında ayaq saxladı, arxasınca gələn əshabələr də dayandı, səslənən fikirləri dinlədi.

Polis mühafizəsi ətrafda dayanan camaatı kənara qovdu. Başçı bir az da irəli gəlib tədbiri aparan aktyorların önündə dayandı.

Kişi aktyor Nizami, aktrisa isə Natəvan libasında idi. Səhnədə Dədə Qorqud libasında daha bir aktyor dayanıb arabir əlindəki ağacı havaya qaldırırdı.

Bu an aktyorun dilindən Nizaminin kəlməsi səslənir: “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”.

Sonra Başçı gurultulu musiqi sədaları altında bir-bir stendlərə yaxınlaşdı, kitablara kənardan baxdı, (bəli məhz kənardan, onun hansısa kitaba toxunduğunu görmədim) bəzi izahatları dinlədi və saat əqrəbi istiqamətində meydanı dolandı.

Bu an mən köhnə kitablar arasında Axundovun “Kəmalüddövlə məktubları”nı vərəqləyirdim.

“...padşah küçəyə çıxdığı zaman əllərində çubuq və çomaq tutan fərraşlar hökmdarın övladı sayılan camaatı onun yolu üstündən qovub uzaqlaşdırılar, bu işdə zərrə qədər gecikən adamın baş-qulağını əzişdirirlər.

Əgər camaatı qovmaqda məqsəd düşmənlərin padşahın canına qəsd etməsinin qarşısını almaqdırsa, bəs nə üçün dəfələrlə bəla gülləsinə hədəf olan Avropa padşahları, yenə də inam və cəsarəti əldən verməyib həmişə tək-tənha bayırda gəzirlər. ”

Kitabdan gözümü çəkəndə gördüm ki, Başçı yarmarkanın sonuna çatmamış yola çıxdı və maşınına əyləşdi, korteji görünməz oldu.

O getdi, yollarda hərəkət bərpa oldu. Başçının arxasınca hərəkət edən mühafizə dəstəsi və məmur ordusu dağıldı.

Az sonra nəşriyyatların stend və stollarına bir dəstə qadın yaxınlaşdı. “Tez olun boşaldın stolları!”- əmrini verdilər.

Sən demə bu stollar yaxınlıqdakı məktəbdən gətirilibmiş, indi də geri istəyirdilər.

Nəşriyyatlar qadınlarla əlbəyaxa olmasın deyə stolları geri qaytardılar və suları süzülə-süzülə Bakıya döndülər.

Su demişkən, Ceyranbatan gölü Zümrüd rəngindəydi...

Facebook
22.06.2011
XS
SM
MD
LG