Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:39

2 aprel aksiyasına görə tutulanların istintaqı başa çatır


İctimai Palatanın keçirdiyi 2 aprel aksiyası
İctimai Palatanın keçirdiyi 2 aprel aksiyası

ALTI NƏFƏR NƏDƏ İTTİHAM OLUNUR?

İctimai Palatanın 2 aprel aksiyasından sonra 14 nəfər saxlanmışdı. Onlardan altısının istintaqı başa çatıb.

İş baxılmaq üçün Səbail rayon məhkəməsinə göndərilir. Bu haqda Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib.
Yerdə qalanlarla bağlı istintaq hərəkətləri isə davam etdirilir.

İstintaqı başa çatanlar Babək Həsənov, Zülfüqar Eyvazov, Elşən Həsənov, Arif Alışlı, Elnur İsrəfilov və Sahib Kərimovdur.

Onlar Cinayət Məcəllləsinin 233-cü maddəsi ilə ittiham olunur. Yəni ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə.

Dördünə qarşı isə həm də ikinci maddəylə ittiham sürülüb – 186.1-ci maddə ilə. Yəni əmlakı qəsdən məhvetmə və zədədləmə.

«AVTOBUSU TƏPİKLƏMƏKLƏ MƏHV ETMƏK OLMAZ»

2 aprel məbuslarından 2-nin vəkili Yalçın İmanova görə, cinayət işinin materiallarında dəlil-sübut yoxdur:

Vəkil Yalçın İmanov
«Ədalətli, açıq məhkəmə olsa, həmin şəxslər bəraət hökm alacaqlar. Başqa cür mümkün deyil. Dörd nəfərə 186.1-ci maddə ilə iş qaldırıblar. Həmin maddənin dispozisiyasında məhvetmədən və ya zədələmədən söhbət gedir. Məhvetmə odur ki, əmlak yararlılıq xüsusiyyətini ititir, zədələnmə zamanı isə qismən yararlığını itirir. Avtobusa təpik vurmaqla onun məhvi və ya zədələnməsi mümkün deyil».

Yeri gəlmişkən, AXCP üzvü Arif Alışlı da avtobus sahibinə ziyan vurmaqda ittiham olunur. Onun vəkili Mənsum Bayramov da hesab edir ki, istintaq qərəzli aparılıb:

«2 aprel aksiyası ilə bağlı cinayət işi əsassız və absurd ittihamlar üzərində qurulub. Məsələn, müdafiəçisi olduğum Arif Alışlı deyir ki, o sərbəst toplaşmaq azadlığı və Konstitusiyaya uyğun oalaraq kütləvi tədbirə çıxıb. Bu zaman zorakılıqla üzləşib. Xüsusən vurğulayır ki, Gözəl Bayramlı avtobusda olanda gözyaşardıcı qazdan istifadə olunub. Avtobusa ziyan vurmaqda ittiham olunan Arif Alışlı deyir ki, məqsədi qapını açmaq və içəridəkiləri xilas etmək olub. Polis qazdan istifadə etməklə zorakılığa yol verib. Arif Alışılının qadınları xilas etməsinisə Cinayət Məcəlləsinin son zərurət maddəsi kimi tövsif etmək lazım idi. Amma istintaq siyasi motivlərlə aparıldı».

«2003-CÜ İL NÜMUNƏSİ»

2 aprel aksiyasına görə təqsirləndirilən daha 8 nəfərin istintaqı isə hələlik başa çatmayıb.

2 aprel aksiyasından sonra saxlanılan Arif Hacılı
Onlardan biri də Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılıdır. Onun vəkili Əsabəli Mustafayevə görə, istintaq qeyri-şaffaf gedir, məlumat qıtlığı var:

«Vəkillər də səbəbini bilmirlər ki, niyə bu iş məhkəməyə gedir, o biriləri qalır. Heç bir istintaq hərəkəti aparılmır. Arif Hacılı ilə bağlı istintaq hərəkəti olsa, mən vəkil kimi bilməliydim. Ola bilsin bu dörd nəfəri axıra saxlayıb təkilatçı kimi qələmə versinlər. Ola bilsin ki, məhkəməni daha rahat aparmaq üçün qruplara bölürlər. 2003-cü ilin nümunəsidir. Bizdə olan məlumata görə, 3 qrup olacaq. Birinci qrup bu altı nəfər olacaq. Dörd nəfərsə rəhbərlikdə olanlardır: Arif Hacılı, Fuad Qəhrəmanlı, Tural Abbaslı və Əhəd Məmmədliini bir qrupa yığırlar, qalanalarını da bir ayrı».

Baş Prokurorluğun sözçüsü Eldar Sultanov isə istintaq haqda vəkillərin dedikləriylə razılaşmır. O AzadlıqRadiosuna bildirib ki, istintaq Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun, hərtərəfli və obyektiv aparılır.
XS
SM
MD
LG