Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

Eynulla Fətullayevin cəza çəkdiyi kamera


Eynulla Fətullayev
Eynulla Fətullayev
«Səhər oyananda, ayaqyolu tapa bilmirdim. 1000 məhkuma 23 ayaqyolu nəzərdə tutulub. Həmin kabinələrdə isə su gəlmir. Həbsxanada qeyri-ənənəvi qayda var, gündə bir dəfə «vurulmuş» məhkumlar oranı təmizləyir. Ora daim növbədir, ora düşmək olmur. Yaxud hamam məsələsi. 12 saylı cəzaçəkmə müəssisəsində 1000 məhkuma 9 duş nəzərdə tutulmuşdu. Mən sabunlanırdım, növbə tuturdum. Duşa yaxınlaşanda, hiss edirdim ki, sabun mövcud deyil. Qışda isə vaxt vardı həmin hamamda xəstələnməmək üçün 1-2 ay çimmirdim».

Bir müddət əvvəl əfv fərmanı ilə azadlığa çıxan jurnalist Eynulla Fətullayev həbsxana xatirələrini bölüşür. O, həbsxanalardakı vəziyyətin ağır, nəzarətsiz olduğunu iddia edir. Sovetlər həbsxanasında «oğru vəziyyəti» – «obşaq» deyilən sistemin bu gün Azərbaycanda davam etdiyini, qapalı tipli təcridxanalarda kriminal ünsürlərin hakimiyyətinin hökm sürdüyünü deyir.

Jurnalistin iddiasına görə, hazırda «obşaq» iki təcridxanada - Bakı İstintaq Təcridxanasında və Qobustan həbsxanasında saxlanmaqdadır:

«OBŞAQ»LARIN MƏQSƏDİ

«Onlar sanki bir koalisiyaya daxil olaraq vahid məqsədlərə işləyirlər. Həbsxana rəisi hansısa kiçik bir məsələyə müdaxilə edə bilmir, məhkumdan pul götürə bilmir. Həmin «nüfuzlar» vasitəsilə pulları əldə edir, eyni zamanda birbaşa narkotik satdıra bilmirlər. Həmin «obşaqdan» narkotik satmaq üçün də istifadə olunur. Üçüncüsü, son zamanlar həmin «obşaqlar» siyasi məhbuslara, vicdan məhbuslarına qarşı cəza mexanizmi kimi istifadə olunmaqdadır».

Eynulla Fətullayev ilin əvvəlindən ölkədə korrupsiya əleyhinə elan olunan kampaniyanın bəlkə də ən çox məhbuslara təsir etdiyini deyir. Müvəqqəti də olsa, rüşvətin aradan qaldırılmasını kədərlə qarşıladıqlarını deyən Eynulla Fətullayev özünün də həbsdə
Eynulla Fətullayev məhkəmədə, 25 yanvar 2011
rüşvət verdiyini əlavə edir:

KARSERƏ DÜŞMƏMƏK ÜÇÜN 1-2 MANAT

«Məsələn, rüşvəti nə üçün alırdılar? 12 saylı cəzaçəkmə müəssisəsində saat 6-da yataqdan qalxmalısan və axşam 17:00-a kimi ayaqda olmalısan, uzanmağa belə icazə verilmir. Bəzən mən gecələr işləyirdim, yazırdım-oxuyurdum. Elə olurdu ki, 5 dəqiqə gec oyanırdım. Bu məqam nəzarətçi gələndə, 1-2 manat verirdin ki, bu haqda məlumat verməsin. Məlumat verilsəydi, dərhal ən azı 3 sutka karserə salırdılar».

JURNALİSTİN «CƏFƏNGİYATI»?

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov isə ümumiyyətlə, həbsxanalarda neqativ halların olmasını qəbul etmir. Deyir ki, jurnalistin iddiaları «cəfəngiyatdır»:

«Əlbəttə, bəzi pozuntular var, problemlərimiz də var, onlarla mübarizə aparırıq. Amma demək olmaz ki, dözülməz şərait, kütləvi korrupsiya halı var və yaxud «obşaq» qrupları cəzaçəkmə müəssisəsini idarə edir».

«BƏZİ MƏHKUMLAR «OBŞAQ»IN ZƏRURİ OLDUĞUNU DEYİR»

Eynulla Fətullayev həbsxanalarda monitorinq keçirən, Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin fəaliyyətindən də narazılıq edir. O, bu quruma alternativ bir orqanın yaradılmasını ya da qurumun tərkibinin dəyişdirilməsini təklif edir.

Sahib Məmmədov
İctimai Komitənin üzvü Sahib Məmmədov isə jurnalistin iradına cavab olaraq həbsxanalarda müəyyən problemləri istisna etməsə də, 10 il əvvəllə müqayisədə hazırda vəziyyətin daha yaxşı olduğunu dedi:

«Hər dəfə yeməkxanaları yoxlayırıq, minimum qida rasionunun tələbinə cavab verən qida var. Apteklərdə müəyyən dərman var. «Obşaq»a gəlincə, məhkumlarla danışanda, bunu inkar edirlər. Qabaq olduğunu, indi ləğv olunduğunu deyirlər. Hətta bunun zəruri olduğunu deyənlər də var».

İctimai Komitənin fəaliyyətinin səmərəliyinə toxunan Sahib Məmmədov bildirdi ki, onlar hər dəfə təcridxanalara gedəndən sonra konfidensial hesabat hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edirlər. Bu hesabatların nə qədər səmərəli olduğunu isə komitə üzvləri daha yaxşı bilir.

EYNULLANIN HƏBSXANADAKI KAMERASI BOŞ QALMAYIB

Eynulla Fətullayevin Bakı İstintaq Təcridxanasındakı kamerası isə hazırda boş deyil. Jurnalist deyir ki, «23 saylı kamera» 2 aprel mitinqinə görə həbs olunan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının nəsibi olub.

Eynulla Fətullayev 2007-ci ildən 2011-ci iləcən həbsdə yatıb. Vergidən yayınma, terrorçuluğu qızışdırma və sairə ittihamlarla ona 8.5 il iş kəsilmişdi. 2010-cu ildə Avropa İnsan Haqları Məhkəməsi jurnalistə bəraət vermiş və pul kompensasiya təyin etmişdi. Narkotik saxlama ittihamıyla həbsdə saxlanan jurnalist bu ilin mayında prezident əfvi ilə azadlığa çıxıb.
XS
SM
MD
LG