Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:38

Elmar Hüseynovun qəbri ziyarət edilib (VİDEO)


Jurnalist Elmar Hüseynovun məzarı
Jurnalist Elmar Hüseynovun məzarı
«Fransada olarkən Sərhədsiz Reportyorlar Təşkilatının ofisinə də getdim və gördüm ki, burda dünyada qətlə yetirilən jurnalistlərin büstü qoyulub. Təklif etdim ki, bura Elmar Hüseynovun da büstü qoyulsun. Onlar da razılaşdılar və dedilər ki, büstün qoyulması üçün kampaniya keçirib vəsait toplamaları lazımdır». Bu sözləri yenicə məhbəsdən çıxmış Eynulla Fətullayev «Monitor» jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun məzarı başında bildirib.

Bir qrup KİV nümayəndəsi iyulun 17-də Elmar Hüseynovun anadan olmasının 44-cü ildönümü münasibətilə onun məzarını ziyarət edib. Elmar Hüseynov Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirib ki, Elmar Hüseynov qətlə yetiriləndən sonra həmkarları onun ad gününün bu şəkildə qeyd olunmasını bir ənənəyə çeviriblər.

«Turan» İnformasiya Agentliyinin baş redaktoru Mehman Əliyev deyib ki, Azərbaycanda müstəqil jurnalistlər azdır və onlar hələ də basqı, təzyiq altında fəaliyyət göstərirlər.

Jurnalist Rövşən Hacıbəyli isə təklif edib ki, gələn il Elmar Hüseynovun anadan olmasının 45-ci ildönümü ilə əlaqədar «ən cəsarətli jurnalist işi» üzrə müsabiqə keçirilsin: «Yerli hökumətdən də xahiş edə bilərik ki, Elmar Hüseynovun xatirəsinin əbədiləşdirilməsi üçün Bakının mərkəzi küçələrinin birində, bu mümkün olmasa, Mətbuat prospektində onun büstü qoyulsun».

Elmar Hüseynov 2005-ci ildə Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. İstintaqı Milli Təhlükəsizlik Nazirliyi aparır.

XS
SM
MD
LG