Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:35

Korrupsiyaya qarşı şar bayramı


Korrupsiyaya qarşı şar bayramı
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00
Direct-ə keçid

Sülh və Demokratiya İnstitutu korrupsiyaya qarşı şar bayramı keçirib. Polis isə şarları partladıb, plakatları cırıb.

İyulun 19-da Sülh və Demokratiya İnstitutu şar bayramı təşkil edib. İnstitut bununla prezidentin korrupsiyaya qarşı mübarizəsinə dəstək vermək istədiyini bildirir.

Tədbirə hazırlıq məqsədilə Bakıda institutun ofisi qarşısında üzərində şüarlar yazılan şarlar asılıb, plakatlar yapışdırılıb. Amma çox keçməyib ki, ofisin yerləşdiyi Şəmsi Bədəlbəyli küçəsinə polislər gəlib, şarlar partladılıb, plakatlar cırılıb. İnstitutun rəhbəri Leyla Yunus:

«Biz bu şarları ona görə burada asdıq ki, prezident İlham Əliyevin sözlərinə dəstək verdiyimizi göstərək. «Korrupsiyaya yox, qanuna hə!» deyirik. Amma bu polislər prezidentin korrupsiya ilə bağlı kampaniyasına qarşı çıxırlar. Onlar şarları partlatdılar, plakatları cırdılar. Plakatlarda yazılmışdı ki, «Sülh və Demokratiya İnstitutu toxunulmazdır», «Qanun şahdır, şah qanun deyil»».

«LEYLA YUNUS CAMAATI İTAƏTSİZLİYƏ ÇAĞIRIR»


Tədbirin təyin olunduğu yerə gələn polis əməkdaşları isə öz əməllərində haqlı olduqlarını iddia edirdilər. Nəsimi rayon Polis İdarəsinin şöbə rəisi Muxtar Muxtarov deyir ki, Sülh və Demokratiya İnstitutu insanları bura toplamaqla ictimai asayişi pozur:

«Söhbət prezidentin dediklərindən getmir. O, oraya şarları asmaqla camaatın diqqətini çəkir, onları itaətsizliyə çağırır. Ona görə də xəbərdar etdik ki, nə hüquqları varsa, qanuni yolla aidiyyəti təşkilatlara müraciət etsin. Camaat toplanırsa, itaətsizliyə çağırılırsa, ictimai asayiş pozulur».

Jurnalist: «Bəs şəhərdə atəşfəşanlıq olanda ictimai asayiş pozulmur?»

Muxtar Muxtarov: «Ona Bakı şəhər İcra Hakimiyyəti icazə verir. Buna isə icazə verilməyib».

EHTİYAT ŞARLAR VƏ PLAKATLAR

Leyla Yunus
Tədbirin təyin olunduğu vaxt ofisin qarşısında yalnız partladılmış şarlar və cırılıb yerə atılmış plakatlar görünsə də, məlum oldu ki, Leyla Yunus ehtiyatını əvvəlcədən görübmüş. Başqa sözlə, ofisdə ehtiyatda şar da var, plakat da. Polis camaatın dağıldığını görüb ərazidən uzaqlaşandan sonra Sülh və Demokratiya İnstitutunun şar bayramı baş tutdu.

İnstitut rəhbəri Leyla Yunus aksiyaya toplaşmış şəxslərə, xüsusən də mülkiyyət hüquqlarının pozulmasından şikayətlənən Şəmsi Bədəlbəyli küçəsinin sakinlərinə korrupsiya əleyhinə mübarizə reseptləri də təqdim etdi. Məsələn, «korrupsioner təklifləri dərhal lentə alın və internetdə yayın, evinizin divarlarına şüarlar yazın» və s.:

«Onlara təklif etdim ki, bir daha qanunu oxusunlar, məhkəmələrə müraciət etsinlər. Qanunsuz sənədlərə imza atmasınlar. Öz evlərindən şarlar, plakatlar assınlar. Üzərilərinə prezidentin «Korrupsiyaya yox, qanuna hə!» sözlərini yazsınlar».

MEHRİBAN ƏLİYEVA VƏ AĞ SÜFRƏ

Leyla Yunusun bu reseptindən artıq istifadə edənlər də var. Mirzağa Əliyev küçəsindən zorla «20 Yanvar» metrostansiyası yaxınlığına köçürüldüyünü deyən Qalina Mirzoyeva kömək üçün prezidentin həyat yoldaşı, millət vəkili Mehriban Əliyevaya üz tutub:

- Mehriban Əliyeva Heydər Əliyev Sarayından çıxırdı, biz də əlimizə ağ süfrə alıb eyvana çıxdıq. O da bizi gördü, dayanıb baxdı.

- Süfrənin üzərinə nəsə yazmışdız?

- Yox, heç nə yazmamışdıq. Sadəcə, əlimizi yellədik ki, bizə kömək edin.

Hələ ki, yardım müraciətinə cavab almasa da, Qalina Mirzoyeva müraciətinə müsbət reaksiya olacağına ümidlidir.
XS
SM
MD
LG