Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:39

Şıxəli Qurbanov "Telefon zəngləri" (Hekayə)


Necə deyərlər, hər adamın bir şeydən xoşu gəlir.

Mən də iki il olardı ki, telefon dəlisi idim. Evə telefon çəkdirmək həvəsi bütün planlarımı alt-üst eləmişdi.

Desəm ki, hətta bu arzu evlənmək məsələmi də təxirə salmışdı, inanın. Fikirləşirdim ki, telefonum olsa, daha mənə zaval yoxdu.

O ki qaldı evlənmək, yəqin ki, bu məsələ nə qədər çətin olsa da, telefon çəkdirməkdən asan olar.

Hələ indiyədək bir kişiyə zaqsda deyən olmayıb ki, «siz texniki səbəblərə görə evlənə bilməzsiniz».

Başınızı nə ağrıdım, nəhayət, bir gün arzuma çatdım. Usta telefonu danışmaq xəttinə qoşub gedən kimi dəstəyi götürdüm.

Məndən olsaydı, hər yerə zəng çalıb car çəkərdim ki, telefonum var! Amma tərs kimi ha çalışdım, bir dənə də telefon nömrəsi yadıma sala bilmədim.

Dəstəyi yerinə qoyub rahatlıqla şam elədim və belə qərara gəldim ki, bir balaca dincəlim, canımın ağrısı çıxsın.

Sözün düzü, bu vaxta qədən mən çimir almağın ləzzətini bilmirdim. Taxtın üstünə uzanan kimi elə bildim ki, məni beşikdə yırğalayırlar, kirpiklərim çoxdan bəri bir-birinin həsrətində olan dostlar kimi qovuşdular.

Yuxuda gördüm ki… Yəqin fikirləşəcəksiniz, bu iki daşın arasında nə yuxu?! Mənim yerimdə olsaydınız, əlbəttə, belə deməzdiniz. Yuxuda bədheybət bir telefon gördüm.

Bəli, bəli, telefon! O qədər nəhəng idi ki, onu güclə tanıya bildim. Zənginin səsi aləmi bürümüşdü.

Qulaqlarımı tıxadım, səs kəsilmədi ki, kəsilmədi. Yuxudan hövlnak ayıldım, ayılan kimi də yuxum çıxdı.

Mizin üstündəki telefon elə çığırırdı ki, uzaqdan baxan olsaydı, deyərdi yəqin bu yazığın aylarla haqqı verilmir. Heç bilmirəm dəstəyi nə vaxt qapıb qulağıma yapışdırdım.

- Bəli!

- Ququş, sənə qurban olum! Nə olar, bu dəfə də sən gəl!

- Bağışlayın, siz hara zəng…

- Kimsə cır səsi ilə qulağıma çığırdı, elə bil bədənimə elektrik cərəyanı buraxdılar.

- Vətəndaş, mane olma, qoy işimizi görək! Alo, alo..

- Hi… hi…

- Axı siz hara zəng?..

- Sənə nə var?

- Necə yəni… Mən bilməyim ki…

- Ə kişi, mədəniyyətin olsun, çıx telefondan bayıra!

Dəstəyi yerinə qoyub, özümü taxtın üstünə saldım. Mənə elə gəldi ki, telefon zənginin üstünə oturdum. Çünki oturmağımla telefonun haray salmağı bir oldu. Rezin kimi dik atıldım.

- Alo!

- Zivulyanı, zəhmət olmasa.

- Zivulya kimdir?

- Hi… hi… yazıq Zivulya deyirdi ki, atamda yaman yumor var, inanmırdım.

- Bacı, siz…

- Xahiş eləyirəm, qızınızı bir dəqiqə…

- Nə qız? Məni narahat eləməyin. Mən evlənmişəm ki, qızım da ola?

- Siz ki, bu mədəniyyətin sahibisiniz, heç inanmıram ki, evlənəsiniz!..

- Bura bax.

- Dud… dud… dud.

Dişim bağırsağımı kəsə-kəsə dəstəyi yerinə qoydum. Mizdən yenicə aralanmışdım ki,
telefon ələ öyrənmiş çağa kimi otağı başına götürdü…

- Alo!

- Saxlamışam, tez gəl apar!

- Nəyi?

- Sən deyən qarnituru.

- Qarnitur nədir?

- Mən ölüm, zarafatı boşla, özün də tez gəl, min göz baxır.

- Ay yoldaş!..

- Dud… dud… dud…

Dəstəyə elə tərs-tərs baxdım ki, dili olsaydı, bəlkə mənə ağır bir söz də deyərdi. Hə, nə başınızı ağrıdım, taxtın üstündə yenicə yerimi rahatlamışdım ki, telefon bir də zəng çaldı. Öz-özümə – durmayacağam, - dedim. Amma bu zəng o biri zənglərə oxşamırdı. Ardı-arası kəsilmədən çalırdı. Əlacım kəsildi, yenə ayağa qalxdım.

- Alo!!!

- Zınq, zınq… zınq…

- Alo?!

- Tbilisini qoşuram. Alo, Tbilisi! Danışın, Tbilisi!

Qulaqlarıma inanmadım. Dayan görüm… Yox canım, bu ola bilməz. Bəlkə… yox, bu da ola bilməz…

- Alo, Tbilisini qoşuram. Danışın, vətəndaş!

- Alo, alo, alo!!!

- Vətəndaş, imkan verin, nə alo-alo salmısınız?! Tbilisi, Tibilisi, alo, Tbilisi!..
Vətəndaş, dəstəyi yerinə qoyun!

Dəstəyi qoymağımla təzədən götürməyim bir oldu.

- Bəli!

- Zəhrimar bəli, dərd bəli! İndi mən bildim, sən niyə bizi gətirib bura atmısan. Bircə onu görməyəcəksən, cüvəllağı!

- Alo, alo!!!

- Qulaq as, alo-alo salma, vicdansız!

- Bacı, siz hara zəng çalırsınız?

- Öz xarabama!

- Siz axı başqa yerə düşmüsünüz!..

Deyəsən bu axşam mənimki danlamaqdan gəlib.

- Zınq… zınq.

- Alo!

- İki maşın əla taxta göndərdim bağınıza.

- Bura bax!

- Arxayın olun. Bu rübdə xeyli qənaətimiz var, sabah da fəhlə göndərərəm, qoy hovuzu qurtarsınlar, sonra...

Telefon dəstəyini hirslə yerinə qoydum. Amma deyəsən yeri narahat oldu, heç əlimi ondan ayırmamış bir ağız zingildədi.

- Alo!!!

- Deyəsən bayaq adboy oldu. Yadımdan çıxdı soruşam. Rüblük planın 3-4 faizi kəsirdə qalır, yenə planı girdələyək, ya necə?

Deməli, belə… Bundan sonra mənim işim-peşəm yanlış zənglərə cavab vermək olacaq?! Gözüm yazı stolunun üstündəki sanatoriya vərəqəsinə sataşanda sevindim ki, heç olmazsa bir ay bu telefon zənglərini eşitməyəcəyəm.

- Zınq…

- Nə var, nə istəyirsiniz?

- Vallah, bizi öldürsəniz də haqqınız var. Heç cür mümkün eləyə bilmədik. Kurorta
nə vaxt gedirsiniz?

- İki gündən sonra.

- Söz verirəm ki, xəcalətinizdən teleqrafla çıxım. Bir həftəyə çatar.

- Nə çatar?

- Haqqınız… Ötürməyə gələcəkdim, amma qorxdum, söz-söhbət olar. Alo… alo…
yoldaş Haramzadə, yoldaş Haramzadə…

Dəstəyi yerinə tulladım. Amma sonra özüm də tutduğum işə peşman oldum. Axı yazıq telefonun nə təqsiri?..

Bu dəfə artıq taxta yox, paltarasana yaxınlaşdım. Papağımı götürüb qapıya yönəldim. Mən qapını açana qədər telefonun növbəti zəngi özünü yetirdi.

- Alo!

- Sizi doğum evindən narahat edirlər. Bağışlayın, mümkünsə, yoldaşınız bir azca da dözsün; narahat olmayın, ona yer hazırlamışıq. Təsəvvür edə bilərsiniz ki, o artıq xəstəxanadadır.

- Bura bax, siz…

- Xahiş eləyirəm hirslənməyin, niyə hirslənirsiniz? Təcili yardım maşını gedib inventar gətirməyə, gələn kimi göndərərik, xəstəni gətirər. Di sağ olun. Məni o biri telefona çağırırlar. Dud… du… dud…

Dəstəyi mizin üstünə atıb evdən çıxdım. Nədənsə küçədə də özümü çox narahat hiss edirdim. Telefon zəngləri hələ də qulağımda zingildəyirdi.
XS
SM
MD
LG