Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Hemodializ xəstələrinin pulsuz və pullu müalicəsi


Süni böyrək rolunu oynayan hemodializ aparatları təxminən 3-4 saatlıq seans zamanı qanı bədəndən kənar təmizləyir
Süni böyrək rolunu oynayan hemodializ aparatları təxminən 3-4 saatlıq seans zamanı qanı bədəndən kənar təmizləyir
36 yaşlı Güldəstə Əsgərova 5 ildir kəskin böyrək çatışmazlığından əziyyət çəkir. Qanının zəhərlənməməsi üçün o, həftədə üç dəfə «hemodializ» adlanan əməliyyatdan keçir. Süni böyrək rolunu oynayan hemodializ aparatları təxminən 3-4 saatlıq seans zamanı qanı bədəndən kənar təmizləyir. Güldəstə Əsgərova ilə Respublika Klinik Xəstəxanasının urologiya şöbəsindəki hemodializ otağına keçmək üçün növbəsini gözləyərkən söhbətləşdim:

QURU ADI OLAN PULSUZ TİBBİ XİDMƏT

- Beş ildir bu xəstəlikdən əziyyət çəkirəm. Müxtəlif yerlərdə müalicə olundum, heç birinin köməyi olmadı. İndi də həftədə 3 dəfə hemodializ olunuram. Əvvəllər pul verirdim. Sonradan pul ödəyib, qeydiyyata düşdüm. İndi pulsuz əməliyyat olunuram.

- Hara verdiniz pulu?

- Mən bilmirəm. Bacımgil vermişdilər.

Səhiyyə Nazirliyinin avqustun 1-ə olan məlumatına əsasən, hazırda Azərbaycanda 1647 xəstə tam həcmdə hemodializ seansları ilə dövlət hesabına təmin olunur. Dializ xəstələri üçün dövlət müəssisələrində hemodializ seansları, analizlər və dərmanlar pulsuzdur.

«MÜALİCƏ ÜÇÜN EVİMİZİ SATMALI OLDUQ»

Oğlunu hemodializ seansına gətirən Nabat Quliyeva isə iddia edir ki, dializ xəstələri üçün tibbi xidmətin pulsuz olmasının yalnız quru adı var:

- Heç hara pulsuz deyil. Bircə pulsuz dərman verirlər. Bankdan kreditlə pul götürdük, sonra da ödəyə bilməyib, evimizi satıb krediti ödədik. Heç bir yerdən heç bir köməklik yoxdur.

Nabat Quliyeva yalnız tibbi xidmətin ödənişli olmasından yox, onun keyfiyyətsizliyindən də gileylənir:

Foto: Arxiv - Azərbaycanda 1647 xəstə tam həcmdə hemodializ seansları ilə dövlət hesabına təmin olunur
- Əlimi hər yerə atıram. Hətta lazım gələndə, Tehrana da aparıram. Müxtəlif yerlərdə analizlər etdirirəm. Eyni analizin cavabları hər yerdə bir cür olur. Dünən Cavadzadə adına Klinik Xəstəxananın urologiya şöbəsindən bizə elə bir cavab veriblər ki, dəli olmuşduq, təzyiqim qalxıb, dünəndən özümə gələ bilməmişəm. Guya, heç bir yolu yoxdur, uşağın işi yalnız Allaha qalıb.

BİR XƏSTƏ DEYƏ BİLMƏZ Kİ...

Səhiyyə Nazirliyinin 2006-cı il 25 oktyabr tarixli əmri ilə «Hemodializ müalicəsinə ehtiyacı olan xəstələrin qeydiyyata alınmasına və dövlət hesabına hemodializlə təmin olunması» üçün komissiya yaradılıb. Respublika üzrə bütün xəstələr həmin komissiyadan keçir və komissiyanın rəyi əsasında hemodializlə təmin olunurlar.

Komissiyanın rəhbəri Fariz Babayev xəstələrin qeydiyyata alınması və müalicəsi zamanı onlardan pul tələb olunmasını inandırıcı saymır:

- Dövlət xəstəxanalarında bir xəstə deyə bilməz ki, ya həkim, ya da tibb bacısı ondan nə isə istəyib. Belə hallar varsa bizə, ya da Səhiyyə Nazirliyinə müraciət etsinlər, məsələni yerində araşdıraq. Dializ xəstələrinin müalicəsini dövlət tam təmin edir. Bu xəstələrdən heç kim pul ala bilməz. Xəstənin iynəsindən tutmuş, bütün tibbi ləvazimatlarına və avadanlıqlarına qədər hamısı dövlət hesabına təmin edilir. İnnovasiya Dərman Təchizat İdarəsi tərəfindən də dərmanlarla təchiz edilirlər. Yəni, bunu nə həkim, nə də ki, tibb bacısı edir. Bütün bunlar dövlət vəsaiti hesabına dializ xəstələri üçün hazırlanıb.

2011-Cİ İL ÜÇÜN 21 MİLYON MANAT AYRILIB

«Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı» çərçivəsində 2011-ci il üçün dövlət büdcəsindən bu sahəyə 21 milyon manat vəsait ayrılıb. 2006-2010-cu illərdə isə 61 milyon manat vəsait ayrılmışdı. Hazırda Azərbaycanda 22 hemodializ mərkəzi fəaliyyət göstərir. Bunlardan 8-i regionlarda, 14-ü isə Bakıda yerləşir. Bu mərkəzlərdən cəmi ikisi özəldir.

«Ekspert» jurnalının redaktoru Dünya Sakit hemodializ xəstəliyi ilə bağlı araşdırma aparıb.
Hemodializ aparatı
O, Azərbaycanda xəstəxanalarda boş yerlər olmadığı bir halda dövlətin bu sahəni hələ də tam nəzarətdə saxlamasını başa düşə bilmir:

DÜNYANIN HEÇ BİR YERİNDƏ HEMODİALİZ TAM DÖVLƏTİN NƏZARƏTİNDƏ DEYİL

- Dünyanın heç bir yerində hemodializ tam dövlətin nəzarətində deyil. Özəl sektora şərait yaradırlar. Türkiyədə hansı bölgədə neçə dializ yerinə ehtiyac olduğu öyrənilir, sonra müsabiqə elan olunur. Özəl şirkətlərə üstünlük verilir, şəraitlər yaradılır, güzəştlər tətbiq olunur. Bu, həm dövlətə ucuz başa gəlir, həm də tibbi xidmət daha keyfiyyətli olur. Dünyanın bir çox yerlərində hemodializ mərkəzləri yaradan «Baxter», «Gambro» şirkətləri dəfələrlə daha əlverişli şərtlərlə Azərbaycanda da bu cür mərkəzlərin açılması ilə bağlı müraciət ediblər, amma buna da imkan verilməyib. Səbəbi məmurların marağında axtarmaq lazımdır.

Səhiyyə Nazirliyi bildirir ki, hemodializ mərkəzlərindəki avadanlıqlar və aparatlar tender əsasında Almaniyanın «Freseneius» şirkəti tərəfindən alınır. Hazırda Bakıda 187, regionlarda isə 112 dializ aparatı var. Bir aparatdan ay ərzində 6 xəstə istifadə edə bilir.

ORA GETMƏYƏ QORXURAM

İki ilə yaxındır böyrək çatışmazlığından əziyyət çəkən Rizvan Rəsulov dövlət tərəfindən ödənişsiz hemodializlə təmin olunmaq üçün qeydiyyata götürülsə də, bundan imtina edib. Həftədə 3 dəfə hər seansına 70 manat ödəməklə o, özəl klinikaya üz tutur. Deyir ki, bu, ona baha başa gəlsə də, dövlət müəssisəsində həyatını təhlükəyə salmaq istəmir:

- Mən «Semaşko»da qeydiyyatda varam. Amma getmirəm ora, qorxuram getməyə. Bilirəm ki, orda personal zəifdir. Burdakı kimi baxa bilməzlər. Mənim ümidim yalnız buradır. Biz arzulayaq ki, pulsuz xəstəxanalarda da xidmət belə olsun, heç olmasa, yarısı qədər olsun.

Bir hemodializ xəstəsinin müalicəsi dövlətə il ərzində təxminən 13-15 min manata başa gəlir.

Səhiyyə Nazirliyi bildirir ki, yaxın zamanda Sumqayıt, Xızı və Mingəçevirdə hemodializ mərkəzlərinin açılışı gözlənilir.
XS
SM
MD
LG