Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"


“Oxu zalı”nda yeni rubrika “Feyziyyə ilə şənbə söhbəti” adlanır.

Əməkdaşımız Feyziyyə Hacıyevanın bu dəfəki həmsöhbəti şair Xanəmirdir.



"Mənim 5 çap olunmamş kitabım var. Onların çap olunması ilə mən başıma iş açmış olaram..."

"Bütün dinləri araşdırdım, qədim mətnləri, yazılı abidələri ələk-vələk elədim. Gördüm ki, əslində yazı yazmaq olmaz, qadağandır..."

Xanəmir Salam Sarvanın sualına nə cavab verdi? Həmid Herisçiyə nə sual verdi?..

O, Milli Kitab Mükafatının qalibi haqda nə düşünür?



- Çoxdandır görünmürsünüz?

- Gəl əvvəlcə mən səni başladığın bu yeni layihə münasibəti ilə təbrik edim. Uğurlu olsun! Layiq olduğun dəyəri almağını arzulayıram. Sualimiz nə idi?

- Yəni ədəbi dərgilərdə yazılarınız çap olunmur, tədbirlərdə gözə dəymirsiz? Özünüz istəmirsiz, yoxsa televiziya vaxtınızı alır?


"Bu gün ortada yüzlərlə yeni roman var. Amma mənə elə gəlir ki sanki bunlar eyni bir müəllifin əsəridir. Ola bilər biri fərqli obraz yaradıb, biri fərqli bir ifadə tapıb. Amma əsərlər ümumilikdə eyni təfəkkürün məhsulu kimi gəlir mənə".

- Mən hər şeyə vaxt ayıra bilirəm. Amma 2005-ci ildən bəri ədəbi prosesin içində görsənmirəm.

Düşünürəm ki, 2005-ci ilə qədər ədəbi prosesdə kifayət qədər rol oynamışam.

Bu gün adı bəlli bir neçə ədəbi təşkilatın dərgisinin, qəzetlərin ilkin variantlarını mən çap eləmişəm.

“Yeni Azərbaycan” qəzetinin “Yenisey” ədəbiyyat əlavəsi və “Ekspress” qəzetində “ Qızıl alma” səhifəsi hər kəsin yadındadır. “Səhifələr” adlı həftəlik ədəbiyyat qəzetini hələ də çoxları unutmayıb.

“Doqquz İklim” ədəbiyyat dərgisi də sözsüz bu sıradan olan işlərdən sayılmalıdır.

Maliyyə biabırçılığı bizi vadar elədi dərgini saxlayaq. Indi elektron variantda çıxır.

Bu kimi ədəbi prosesdə canlanma yaradan xeyli misallar çəkə bilərəm, amma mənə bir şey maraqlıdır ki, mən ani olaraq bütün bunlardan kənara dururam və çap olunmaq üçün saatlarla qapı ağzında növbəyə dayanan yüzlərlə adam sabah məni kənara çəkilmiş görəndə, ümumiyyətlə, mən yoxmuşam kimi davranırlar.

Bir də ki mənim üçün maraqlı deyil belə çap olunmaq, kimlərinsə boğazdan yuxarı sözlərinə aludə olmaq.

Ədəbiyyat adı altında ədəbiyyata dəxli olmayan söhbətlərin içində olmaq mənə heç xoş deyil.

Zatən azmı boğuluruq bu cəmiyyətin çirkabında, bir tərəfdən də ədəbiyyatın, sözün məsuliyyətini daşıya bilməyən birisi durub da nəsli, kökü, nəcabəti olmayan fikir səsləndirsin.

Sən də bu fikirləri dinləməyə zaman sərf elə. Mənə belə yaxşıdır.

- Son dövrlər yeni yazılarınız gözə dəymir...

- Mənim 5 çap olunmamş kitabım var. Onların bu gün bu cəmiyyətdə çap olunmasını məqsədəuyğun hesab etmirəm.

Onların çap olunması ilə mən başıma iş açmış olaram və açığı bu mənə gərək deyil. Əsas odur ki, yazar istədiyini yazsın, hər yazının öz dövrü var. Hər mətnin taleyi var.

Mətnin taleyi, oxucudan, oxucu marağından, oxucu ünsiyyətindən milyon dəfə üstün, əvəzedilməzdir mənim üçün.

Hər gün özünü təbliğ edən qeyri-ciddi qələm adamlarının oxucuya göstərdiyi hörmətsizliyin müqabilində qoy bu da mənim onlara verdiyim dəyər olsun.

- Bütün geriçəkilmələr hücum olacağınamı işarədir?



- Vallah məni oxumayan adam mənə necə hücum edə bilər ki. Məni tanımayan adam gəlib necə yaxamdan yapışa bilər ki, sən mənə pislik eləmisən. İndinin oxucusu ayrı tipologiyanın, zövqün, xarakterin adamlarıdır.

Mən də kimlərinsə “çevir tatı, vur tatı” zövqüylə ömrümü çürüdəsi deyiləm əsla.

- Sizin yazılarınız bir çoxları tərəfindən dilbilməzlik kimi qarşılanır.

Buna səbəb kimi insanların eyni səsləri eşitməyə, eyni əşyaları görməyə alışqan olmalarını göstərmək olarmı ki, bu da gətirib fərqliliyi həzm edə bilməməyə gətirib çıxartsın, yoxsa həqiqətən də yazılarınızda oxucuların nəzərindən qaçmayan bir problem var?


- Təbii ki narazıçılıq varsa, demək ki ortada mütləq bir problem var. Bu gün ortada yüzlərlə yeni roman var.

Amma mənə elə gəlir ki sanki bunlar eyni bir müəllifin əsəridir. Ola bilər biri fərqli obraz yaradıb, biri fərqli bir ifadə tapıb. Amma əsərlər ümumilikdə eyni təfəkkürün məhsulu kimi gəlir mənə.

Yəni Azərbaycanda çeşidli təfəkkür sisemi yoxdu. İsa Hüyenov var idi, Əkrəm var idi, Yusif Vəzir Çəmənzəminli var idi... Bunaların hər birinin ayrı-ayrı estetikaları, düşüncə tərzləri var idi.

Kimsə onların yarıda qalmış, ya elə ədəbiyyatımız üçün yarıda qalmış ədəbi təfəkkürünü götürüb gətirə bilmədi ədəbiyyata.

Elə biləsən bu gün hər kəs eyni kitabları oxuyur, eyni qaynaqdan bəslənirlər. Mən Azərbaycanda ilk ədəbi cərəyan yaradanlardan biri olmuşam.

- Yeri gəlmişkən, nə idi ədəbi cərəyanınızın adı? Çölçülər?

- Yox, “2+ Mistik Poeziya” cərəyanı. Mən 16-17 yaşlarında yazdığım şeirləri çap eləmişdirlər.

O şerlər mənim imzamı ədəbi aləmə kifayət qədər tanıtmışdı. Mindən artıq məktub almışdım oxuculardan.

Orta məktəbi bitirib Bakıya gələndə ədəbi çevrədəkilər yaxınlaşıb “Xanəmir sənsən?” deyə soruşurdular.

Mən o zaman ondan qorxurdum ki, məni beş-on adama tanıdan o şeirləri sabah həmin adamlar lağa qoysun, aşağılasınlar.

Heç bir əziyyət çəkmədən götür şeirlər yaz, hər kəs səni tanısın, üstəlik də, hörmət-izzətlə sənə yanaşsınlar. Bu lap ağ eləməkdir.

Haqsızlıq kimi bir şey idi. Mənə belə gəlirdi. Getdikcə anlayırdım ki, ədəbiyyata mal ola biləcək hər hansı bir mətn belə asan, rahat başa gələ bilməz.

Demək ortalıqda, məndə bir sorun var, problem var. Mən bir müddət bütün dinləri araşdırdım, qədim mətnləri, yazılı abidələri ələk-vələk elədim.

Gördüm ki, əslində yazı yazmaq olmaz, qadağandır. Bir müddət heç yazı da yazmadım. Yazı yazmaq niyə olmaz?

Bu düşüncə əsasən dinlə bağlı bir yanaşmaydı. Belə söhbət eləyəndə çoxlarının məsələnin məğzindən xəbəri olmadığından ya qıdığı gəlir, ya da gülməyi tutur.

Yazı mədəniyyəti qədim dövrlərdə, əski çağlarda kahinlərin əllərində olub. Onlar çalışırdılar ki, yazı vasitəsi ilə insanları, insanlığı əldə saxlaya bilsinlər.

Onların ibtidai anlayışında bir monapoliyaçılıq vardı. Insanları ram eləməyin, kama çəkməyin yollarıydı bu.

Yazı yazan adam təxəyyülünə güc verdiyi üçün real hadisələrdən, baş verən sitüasiyalardan təcrid olunur.

Həqiqət kənarda qalarkən təxəyyül və uydurma enerjinin gücü düşüncə ərazisində fəsadlar yaradır, şərə yardımçı olmağa çalışır.

Təhriflər getdikcə güclü şəkildə işə düşür. Bu anlayışı bir neçə nəsil arasında sınaqdan keçirdiyin zaman əzəldə söylənilən, ya var olan bir fikirdən əsər- əlamət qalmır.



Təhrif gətirib şərə, antihəqiqətə dayadır məsələnin kökünü.

Mədəniyyətlər də düşüncələrdən su içdiyindən, düşüncələrin əsasən torpağında barındığından, hal beləykən, ya etnosların mədəni sərhədləri, özgürlüyü pozulur, ya erroziyaya uğrayır, gücünü başqa mədəniyyətlərə ötürür, yaxud gücünü başqa mədəniyyətlər çəkir.

Ona görə də ilkin olaraq yazı yazacaq adam öncə insan yetişdirmək məcburiyyətini dərk edir. Necə ki özü də yetişir.

Bilgisini, həm də hal bilgisini bir neçəsinə tələbələr ötürə bilirsə, yəni canlı kitab yaza bilirsə, sonrakı dövriyyədə, öyrətdikləri də bir başqalarını öyrətməyə başlarkən, onun yazıya başlamasına icazə verilir.

Yəni həqiqət, canlı kitab yazma körpüsündən keçən kəs, bundan sonra kağıza da, daşa da, dəri üzərinə də, su üzərinə də, bilgisayara da yazısını yazıb, sözünü dondura bilər.

Bu uzun söhbətdir. Bu barədə elmi bir kitabım hazırdır.

- Çölçülər ədəbi birliyinin yaranmasının səbəbi nə idi? Bu ədəbi mühitdə fərqli bir aura yaratmaq, yoxsa “dava-dava” oyununda özünü müdafiə və hücum üçün yeni bir cəbhə açmaq?

- Mən indi nəsə yaratmaq eşqinə düşənlərdən deyiləm. Bir şeylər ötənlərdə olub. Elə cərəyan kimi.

Hətta o cərəyanla poeziyanı ədəbiyyatdan ayırmışdım. “Çölçülər” ədəbiyyat mərkəzini mən tək qurmamışam.

Bu ədəbi qurumun yaranmasında mənim çox sayqı duyduğum qələm dostlarım məndən daha artıq çaba göstərib.

Cəlil Cavanşir, Bəxtiyar Elcan, Raqif Raufoğlu, Oktay Hacimusali, Anar Gülümsoy, Bahadur Qobustanli və başqaları bu təşkiltda fəallıq göstəriblər. Bir də bizdə yanlış anlaşılır.

Ədəbi təşkilat həm də elə olmalıdır ki, orda çoxluq olmasın. Ikincisi, o təşkilatın fəaliyyəti orda bulunan yazarların fəaliyyəti nəticəsində nəzərə alınmalıdır.

Yəni onların varlığı məsələni artıq həll etmişdir. Bu gün bu qurumun başında gənc və istedadlı yazar Şahlar Ruhi durur. Sıramızda Namiq Rəssam kimi məncə, bənzərsiz bir gənc şair ilhamıyla, yaxşı ki Müşfiqə bənzəmir, amma Müşfiqi xatırladır.

Bizdə sistemi çoxları anlamadığından, elə bilirlər ki, bu da mahiyyət etibarı ilə digər ədəbi təşkilatlar kimidr.

Bizim anlayışımız çevrədir, dairədir. Burda baş, ayaq söhbəti yoxdur. Hər kəs başdır, hər kəs ayaqdır.

Belə yanaşmalara təbii ki, nəfsli bir ədəbi zövqü fontan vuran kəsim olaraq, sözsüz öyrəşmədiyimizdən, hər kəs şarlatanlıq, söyüş, təhqir, gövdə göstəriciliyi aradığından, guya bizlər yoxuq. Amma mənə gülünc gələn də çox şeylər var bu ədəbi aləmdə.

Məqsəd yalnız və yalnız kiməsə, kimlərəsə daş atmaq deyil, ədəbi məkanda fərqliliklər sərgiləməkdir. Məncə, bu çox vacibdir.

- Deyirsiz ki, Çölçülər Ədəbi Mərkəzində sədr yoxdur, “hər kəs başdır, hər kəs ayaqdır”- sa niyə üzvləriniz hər addımlarında sizinlə hesablaşdığı kimi görünür.

- Adlarını sadaladığım qələm dostlarımız alçaqkönüllü insanlardır. Görünür içlərində yaş fərqimiz olduğundan mənə sayqı nümayiş elətdirirlər.

Onlar bunu şəxsimə qarşı edə bilərlər, mən də eləcə onların hər birinə eyni tavrı göstərirəm.

Ancaq ədəbi anlayışımızda özümümzün bildiyimiz həqiqəti heç atamıza da verən deyilik.

- Şeirlərinizin əvvəlinə “ ey dadi bidad danəndə dəhan dərviş d...”, “ ey dili qafil fil faili məchul fani f...”, kimi girişlər verirsizniz. Bu məqsədli şəkildə, yəni fərqli üslub yaratmaq niyyəti ilə əlavə olunub, yoxsa şeirlər bu ritmdə, bu ruhda gəlir?

- Bu sualı mənə çox veriblər. Çox da verəcəklər hələ. Sözsüz ki, bir sözlə, iki sözlə fərqli üslub yaratmaq mümkün deyil.

Eləyə bildiklərim məqsədli şəkildədir. Keçən il çap olunmuş “Göyə qayıdan mətnlər” adlı kitabımda bu suala və bu kimi sualların cavablarına yer ayırmışam.

Təkrar etmək istəməzdim. Ancaq xatırlatdığınız məqamlara toxunsaq, qısa şəkildə onu deyə bilərəm ki, yazılarımın, özəlliklə də şeirlərimin başlanğıcında bu misralardan birinin yer alması bir ədəbi ərkan, ədəbi örf, adətdir.

Bu adət, örf bir ayin təbiətdə, kainatda istənilən gözümüzə görünən nəsnələrdə eyni şəkildə mövcuddur.

Sadəcə görmək bizlərə qalır. Və bunu qəbul edib etməmək var. Sizcə bu gün yazılan bu qədər müəlliflərin bu qədər şeirlərini elmi nəzəri baxımdan izaha çəksək, nə qədəri salamat çıxar?

Özlərinə məxsusdurmu. Doğrudanmı, bu qədər gözəl deyilən yazı nümunələri, bu qədər eynilik, bu qədər bir-birinə bənzəmə, hətta “tək təfəkkür” deyə biləcəyin bir çəmbərin içinə asanlıqla düşmək mümkündürmü?



Bu qədər yazarların əsərlərinin taleyini boş ver, bə bu qədər yazarların öz taleyi necə olacaq bu “poetiq təkəlçilik” çəmbərində?

Bizlərdə görünür hələ də yazar kimliyinin mahiyyəti o qədər də önəm kəsb etmir?

Bunun hamısı yazan şəxsin öz yazar kimliyi qarşısında heç bir hissiyyata, bilincə, instinktə, yazar heysiyyatı, həssaslığına sahib olmamasından irəli gəlir düşüncəsindəyəm.

- Romana ramon deyirsiz...

- Mən gedilən yollari, keçilən yollari gedə, keçə bilmirəm. Ətim cimçəşir, tüklərim ürpəşir. Özümü qatil kimi hiss edirəm onda. Öz yaddaşımdan ədəbi yaddaşıma cinayətkar kimi keçmək istəmirəm.

- Müsahibələrinizdə xeyli aqressiya hiss olunur...

- Məncə, bu aqressiya varsa məndə, yuxarıda söylədiyim ədəbi cinayətkar instinktini özümə yaxın buraxmamaqdan irəli gələ bilər.

Müsahibələrində çox aqressiya deyil, çox “sevgi”, “gülərüzlülük” sərgiləyənlər nələr bəxş elədilər elədiklərinə... (gülür - F.H.) düzdür, var.

Onu da mənə çox deyirlər. Elə başa düşürəm ki, bu aqressiyam kimlərəsə qarşı deyil, yaşadığım cəmiyyətdən, boğulduğum ictimai-siyasi mühitdən qaynaqlanan aqresiyya olduğu zənnindəyəm.

Üzərimdən yükümü atmaq fikrində deyiləm. Doğrudan da, insanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq.

Aqressiya olacaq da... o da kiməsə yüklənməlidi, ya yox...

- Müsahibələrinizin birində deyəsən sizi təəccübləndirəcək yazının və yazarın olmadığını demişdiniz. Doğurdanmı Xanəmir bu yarışda özünə rəqib görmür?

- Mən müsahibələrimdə çox şey demişəm. Onlara fikir verən olsa, gərək sənin yeni rubrikandakı bütün yazarların adından, yazarlıq növbəsindən mən istifadə edəm. Xeyir, elə anlaşılmamalıdır.

Mən nəyəm ki, bəyəm. Yazı və yazar anlayışı yaxşı-pis ölçülərində deyil, fərqliliklər, çeşidliliklər, bənzərsizliklər, rəngarəngliliklər ölçüsündə qavranılmalıdır.

Görünür gəlib elə bir yaşa, hətta ədəbiyyatın yaradıcılıqda elə bir yaşına yetişirsən ki, “haqsızlıq” edərək yerindən qalxıb deyirsən: “ vay anasını bə, bu dünyada könlünün sarı siminə toxunası bir yazar, bir əsər niyə görmürəm?”.

Bu o demək deyil ki, səviyyəli yazıları seçib ayrıd edə bilmirsən. Sadəcə yazar yarqısının altında hala tutulursan.

O halla, elə bir məqama çatırsan ki, bu səfər yerindən dik qalxıb deyirsən: “ Ümumiyyətlə, yer üzündə heç yazar yoxdur”.

Məncə, sənət, yaradıcılıq oyunlarını dərk edən kişi də qayıdıb bu sözü işlədən şairi budamamalıldır. Elə o halların hesabına bu dünyada nə yaranırsa, yaranır həm də.

- Bu il sizin ədəbi birlik bəyanat verib Milli Kitab Mükafatını boykot etdi. Mükafatın qalibi elan ediləndən sonra boykot qərarına peşman olmadınız ki? Müsabiqənin qalibi Pərviz Cəbrayılın "Yad dildə" romanı oldu? Münsiflərin bu seçiminə necədi münasibətiniz?

- Mənim üçün doğru doğrudur, yanlış yanlışdır.

Bilirəm ki, bu Azərbaycann ədəbiyyatının feodal ölkəsində çox şeylər baş-ayaq, nələrə görəsə olduğu kimi, bu ədəbi marafonda da, qəbul edə bilmədiyim, iyrəncliyin dibini görə bildiyim məqamlar, nöqtələr, nüanslar var oğlu var.

Məni indi bir məsələ maraqlandırır, görəsən ədəbiyyatda iyrənc işlərlə uğraşıb, ədəbiyyatdan bilmərrə xəbəri olmaya - olmaya ədəbi füqurlar düzəldənlər, bu “füqur” istehsalına gedənlər heç olmasa bircə dəfə, tək bircə dəfə özlərindən utanıblarmı?



Öz-özünə təklikdə deyiblərmi görən, bu ölkədə ədəbiyyatdan azdan -çoxdan başı çıxan üç-beş adam qalıb da, heç olmasa, axı bu eybləri görənlər var?

Bəs sabah bu oyunbazlar vədəsi yetişən bir zamanda, hər kəsi boş ver, Allaha nə cavab verə biləcəklər.

Görən onlar cəmiyyəti aldatdıqları kimi, Allahıdamı beləcə aldadacaqlar? Əgər bunu bacaracaqlarsa, bəri başdan, mən o kəslərin halallığını öz tərəfimdən bir insan kimi verirəm.

- Çölçülər Qərb sivilizasiyası haqda çox tənqidi fikirlər səsləndirirlər. Siz bu yaxınlarda Amerikada oldunuz. Qərbin ən öndə gedən ölkəsini öz gözlərinizlə görməyiniz Qərbə münasibətdə düşüncənizdə dəyişiklik yaratdımı?

- Yanlış anlaşılmasın, Qərbini də, Şərqini də, Amerikasını da ədəbiyyatından tanıma şansım olub. İstanbulda 7-8 il yaşayan, kitablarla haşr-nəşr olan bir azərbaycanlı qələm sahibi kimi, Amerika keşgə məndə nələrisə dəyişə bilərdi.

Bir yazımda yazmışdım ki, Türkiyənin ardınca Amerikanı görmək, Füzulinin üzərindən Eliotu oxumaq kimi bir şeydir.

Başqalarını bilmirəm, öz adıma deyə bilərəm ki, mənim düşüncəmin adı nədi, hələ kimsə bunu mənə deməyib, deyə bilməyib. Mənim insanlarla, millətlərlə, etnos və toplumlarla deyək də, işim yoxdu.

Mənimki mədəniyyətlərdir, bir də o mədəniyyətləri alətə çevirən ideologiyalar, imperial hegomonluğu özünə şüar eləmiş güclərdir.

Bu məsələlərə qarşı da ədəbiyyatda mübarizə aparmaq üçün Allah kifayət qədər imkanlar yaradır.

Demir ki, olmaz. Ümumiyyətlə, yasaq, olmaz adlı bir xəstəliyə çoxları tutulsa da, əslində belə bir xəstəlik yoxdur. Ta qədimlərdən belə bir müalicə üsulu mövcuddur.

- Yəqin ki, bizim layihənin ilk qonağı olan Salam Sarvanın müsahibəsindən xəbərdarsınız. Sizə çox maraqlı bir sual ünvanlayıb: "Xanəmir, fikir vermisənsə, hər şey sağa burulub bağlanır, sola burulub açılır–«şurup»dan tutmuş butulka qapağınadək. Saatın əqrəbləri də daima sağa burulur, ancaq bağlanmır ki, bağlanmır. Bu, nə deməkdi, zaman «sarvat» olub?"

- Suala keçməmişdən əvvəl, qardaşım Salamın doğum gününü bir daha qutlamaq keçir könlümdən.

Baxmayaraq ki, bir yazı da yazmışam. Yəqin çap olunacaq. Bəri başdan deyim ki, saatın əqrəbləri də bağlanır.

Saatın əqrəbləri bu gün Salamın 45-i üzərində köç salıb. Deyək ki, o əqrəblər bu gün mənim 40-ımda çadırını tikib. Çox təssüf ki, nə vaxtsa bu əqrəblər də dayanmalı olacaq.

Suala qardaşım Salamın məntiqiylə cavab versəm, deyim ki, elə yer kürəsi də fırlanır, bağlanmır. “Sarvat” olub.

Dünyanın Şərq-Qərb əqrəblərinin də dönüşü, bağlanmaması var. Ancaq bir gün saatın “daşı” bitdiyində əqrəbləri bağlandığı kimi, nə vaxtsa yer kürəsinin də “daşı” bitdiyində əqrəbləri bağlanacaq.

Belədə yer kürəsinin əqrəbləri bağlandığında, dini kitablarda deyildiyi kimi, Qiyamət başlayacaq.

Əgər saatın əqrəblərinin, dünyanın hərəkətinin eyni istiqamətdə dayanmamaq kimi bir şansı olsaydı, mən bu suala başqa cavab verərdim.

- Növbəti qonağımız Həmid Heriscidir. Ondan hansı suala cavab almaq istərdiniz?

- Bir şeirimdən: Suyun axışı güldür gül, Su gülün harasında soyuyar?..

Həmçinin oxu
Salam Sarvan: "Dəlisən sən? Sən şairsən, rahat otur şeirini yavaşca pıçılda da"
XS
SM
MD
LG