Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:43

Ayaz Mütəllibova Azərbaycana qayıdış şəhadətnaməsi verilib


Fuad Ələagərov
Fuad Ələagərov

Prezident Administrasiyasında Hüquq-mühafizə Orqanları ilə İş şöbəsinin müdiri Fuad Ələsgərov keçmiş prezident Ayaz Mütəllibpvun Azərbaycan qayıtması ilə bağlı APA informasiya agentliyinin suallarına cavab verib.

Bu, Ayaz Mütəllibovun Azərbaycan olduğu son bir neçə gün ərzində rəsmilərədn ilk reaksiyadır, ona görə söhbəti olduğu kimi təqdim edirik:

  • Eks-prezident Ayaz Mütəllibov oğlunun vəfat etməsi ilə əlaqədar Azərbaycana qayıdıb. Onun Azərbaycana qayıtmasına ölkə rəhbərliyinin razılıq verməsi barədə məlumatlar hələ oğlu Azad Mütəllibov vəfat etməmişdən bir neçə gün əvvəl də mətbuatda səslənirdi.

- Doğrudur. Ayaz Mütəllibov hələ bir müddət əvvəl - iyulun 22-də oğlunun ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək ölkəyə qayıtmasına şərait yaradılmasını xahiş etmişdi.

Cənab Prezident ölkəmizdə formalaşmış dövlətçilik siyasətinin humanizm prinsipindən və xalqımızın milli adət-ənənələrindən çıxış edərək A. Mütəllibovun oğlunun ağır xəstəliyi ilə əlaqədar ölkəyə qayıtmasına razılıq verib. A. Mütəllibov həmin ərəfədə Azərbaycana gələ bilməyib, indi isə oğlunun vəfatı ilə əlaqədar Azərbaycana qayıdıb. Ona Rusiyadakı səfirliyimiz tərəfindən ölkəyə qayıtmaq üçün qayıdış şəhadətnaməsi verilib.

Ayaz Mütəllibov bu humanist addıma görə cənab Prezidentə öz minnətdarlığını bildirib.

  • Ayaz Mütəllibov barəsində cinayət işinə xitam verilməyib. Mətbuatda ona qarşı ittihamların siyasi xarakter daşıdığı barədə fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?

- İlk növbədə onu qeyd etmək istərdim ki, milli adət-ənənəmizə uyğun olaraq Ayaz Mütəllibova oğlunun yas mərasimini yola vermək üçün şərait yaradılıb. İnsani baxımdan belə hüzn məqamında insanları öz dərdləri ilə baş-başa qoymaq daha məqsədəuyğun olardı. Belə hüzn məqamından və Azərbaycan Respublikası Prezidentinin bununla bağlı atdığı insanpərvər və mərhəmətli addımdan hər hansı siyasi spekulyasiya məqsədilə istifadə etmək ən azı milli dəyərlərimizə hörmətsizlikdir.

O ki, qaldı Ayaz Mütəllibov barəsindəki cinayət işinə, doğrudur, belə cinayət işi mövcuddur, həmin cinayət işi siyasi xarakter daşımır. Ayaz Mütəllibova qarşı Cinayət Məcəlləsinin konkret maddələri üzrə ittihamlar irəli sürülüb.

Vurğulamaq istərdim ki, Ayaz Mütəllibovun ittiham olunduğu 20 yanvar və Xocalı hadisələri ilə bağlı ilk cinayət işləri məhz AXCP–nin iqtidarda olduğu dövrdə başlanıb. O, həmçinin hakimiyyəti zorla ələ keçirməyə hazırlıqda və digər ağır cinayətlərin törədilməsində də ittiham olunur. Həmin cinayətlərə görə konkret şəxslər artıq məhkum olunublar.

Lakin Ayaz Mütəllibovun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə etdiyi müraciətlə bağlı olaraq onun həbsi ilə əlaqədar qərarın icrası müvəqqəti dayandırılıb.

  • Keçmiş prezidentlər haqqında qanun qəbul olunarsa, Ayaz Mütəllibov cinayət məsuliyyətindən azad edilə bilərmi?

- 2009-cu ildə keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 108-ci maddəsinə II hissə əlavə edilib. Həmin müddəaya əsasən əvvəllər Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin təminatı qaydaları Konstitusiya qanunu ilə müəyyən edilməlidir. Hazırda həmin qanun layihəsi üzərində iş aparılır. Qanun layihəsində hansı müddəaların, hansı təminatların nəzərdə tutulacağı barədə fikir yürütmək hələ tezdir.

Hazırlanan qanun layihəsində keçmiş prezidentlərin təhlükəsizliyinin təmin edilməsi, maddi, sosial və tibbi təminatı məsələləri, habelə prezident səlahiyyətlərinin həyata keçirilməsi zamanı etdikləri əməllərə görə cinayət və inzibati məsuliyyətə cəlb edilməmələri barədə müddəalar nəzər tutula bilər.

Müsahibənin sonunda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının həyata keçirdiyi siyasət ölkəmizdə sabitliyin, təhlükəsizliyin, vətəndaş sülhü şəraitində Azərbaycanın davamlı inkişafının təmin olunmasına, həmçinin cəmiyyətdə həmrəyliyə və harmoniyanın əldə edilməsinə yönəlib.
XS
SM
MD
LG