Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:35

2 aprel məhbuslarının məhkəməsi qarşısında «Azadlıq» şüarları eşidildi (VİDEO)


2 aprel məhbuslarının məhkəməsi
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

2 aprel aksiyasına görə saxlanılanların məhkəməsi qeyri-müəyyən müddətə təxirə salındı.


Avqustun 12-də İctimai Palatanın 2 aprel aksiyasında saxlanan 4 nəfərin - Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlının işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Ancaq bir qədər sonra da qeyri-müəyyən vaxta qədər təxirə salındı. Səbəb də vəkillərin və təqsirləndirilən şəxslər hakimin dəyişdirilməsi barədə vəsatət olub.

Arif Hacılının vəkili Əshabəli Mustafayev hakim Famil Nəsibovun prosesi obyektiv aparacağına inanmadığını dedi:

«Famil Nəsibov heç bir hüquqi və maddi əsası olmadan Arif Hacılının barəsində əvvəl iki aylıq həbs qətimkan tədbiri seçilməsinə, sonra isə həmin müddətin uzadılmasına qərar verib».

HƏMÇİNİN OXU
Arif Hacılı isə bildirdi ki, mayın 18-dən bəri heç bir istintaq hərəkatı aparılmayıb və qanunsuz olaraq indiyədək həbsdə saxlanır. Arif Hacılı da dedi ki, hakim Famil Nəsibov ona qarşı qərəzlidir. O hesab edir ki, işlə tanış olan istənilən hüquqşünas təqsirləndirilən şəxslərə bəraət verib məhkəmə zalındaca azad edər, onları qanunsuz həbs edənlərə qarşı isə ittiham irəli sürərdi.

«ÖZ OTAĞINDA ÇAY İÇİB, TELEVİZORA BAXARAQ HƏBSİM BARƏDƏ HÖKM VERDİ»

Təqsirləndirilən Məhəmməd Məcidli də hakimin dəyişdirilməsini tələb etdi:

«Mitinq zamanı saxlanaraq Səbail rayon Məhkəməsinə gətirildim. Hakim Famil Nəsibov öz otağında çay içib televizora baxaraq həbsim barədə hökm verdi. O, işə obyektiv baxa bilməz, çünki qərəzlidir».

Məhəmməd Məcidli
Tural Abbaslı isə hakim Famil Nəsibovu tanımadığını, amma ölkədə hakimlərin necə işləməsi barədə eşitdiyini, buna görə də yoldaşlarına dəstək naminə hakimə etiraz etdiyini söylədi. O, əlavə etdi ki, bu hakimin daha ədalətli hakimlə əvəz ediləcəyinə də inanmır.

Digər təqsirləndirilən şəxs Fuad Qəhrəmanlı da digər təqsirləndirilənlərlə həmrəyliyini bildirdi :

«Əgər hakim Arif Hacılıya qarşı qərəzli davranıbsa, o, bu məhkəmə prosesinə ədalətli baxa bilməz».

Dövlət ittihamçısı hakimin dəyişdirilməsi ilə bağlı vəsatətin baxılmamış saxlanılmasını istədi.

Vəkillər təqsirləndirilənlərin dəmir barmaqlıqlardan azad edilib onlarla yanaşı əyləşmələri barədə də vəsatət qaldırıblar. Vəkil Osman Kazımov deyib ki, iyirmi il əvvəl dövlətin müstəqilliyinə səs vermiş bir şəxsin heç bir cinayətə yol vermədiyi halda dəmir barmaqlıqlar arxasında saxlanması yaraşmaz.

«VƏSATƏT BAKI APELYASİYA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİR»

Bu vəsatətlə bağlı hakim bildirib ki, onun dəyişdirilməsi ilə bağlı vəsatətə münasibət göstəriləndən sonra bu məsələyə qayıtmaq olar.

İki saat yarımlıq fasilədən sonra isə hakim Famil Nəsibov elan edib ki, Səbail Rayon Məhkəməsinin sədr əvəzi səlahiyyətləri imkan vermədiyi üçün onun dəyişdirilməsi ilə bağlı vəsatətə baxa bilməz. Buna görə də vəsatət Bakı Apelyasiya məhkəməsinə göndərilir. Hazırlıq iclası isə qeyri-müəyyən müddətə təxirə salındı.

MƏHKƏMƏ QARŞISINDA «AZADLIQ» ŞÜARI

Avqustun 12-də proses bitsə də, Arif Hacılının, Məhəmməd Məcidlinin və Tural Abbaslının tərəfdarları məhkəmə qarşısına yığışıb onları gözləməyə başladı. Bir müddət sonra isə gözləməkdən usanan və təqsirləndirilən şəxslərin içəridən çıxarılmasının qəsdən ləngidildiyini güman edən adamlar əl çalıb, «Azadlıq» qışqırmağa başladılar. Məhkəmə qarşısında olan Çevik Polis Alayının əməkdaşları isə içəridən çıxaraq onları sakitliyə çağırdı.

Ancaq sonradan Arif Hacılının qardaşı Vaqif Hacıbəyli xəbər verdi ki, içəridə başqa bir cinayət işi ilə bağlı proses gedir, oradakı təqsirləndirilən şəxsi də 2 aprel məhbusları ilə birgə aparacaqlar.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı
Elə polislər də adamlarla məhkəmə qarşısında canlı sədd olmaqdan usanmış görünürdülər. Onlar bir- birlərilə «düzlənin, gətirirlər» deyə zarafatlaşırdılar.

Təxminən saat 17-30 radələrində 2 aprel məhbuslarının məhkəmə binasından çıxarılması ətrafda canlanma yaratdı. Bayaqdan sərbəstləşib yerlərini tərk etmiş polislər yenidən canlı sədd qurdular. Sakitliyə riayət olunması tələblərinə məhəl qoymayan, başları üstə 2 aprel məhbuslarının, gənc fəallar Cabbar Savalan və Bəxtiyar Hacıyevin şəkillərini qaldıran onlarla adam isə yenidən «Azadlıq» şüarı səsləndirməyə başladılar.

Arif Hacılı, Tural Abbaslı və Məhəmməd Məcidlini aparan Penitensiar Xidmətin xüsusi maşını ərazidən uzaqlaşsa da, bir müddət «Azadlıq» şurları davam etdirildi. Ancaq onların bütünlükdə aksiya keçirmək cəhdləri baş tutmadı. Az keçmiş Çevik Polis Alayı əməkdaşları məhkəmə qarşısında toplaşanlara müdaxilə etdilər.

Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli və Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilirlər.

Əgər ittiham təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG