Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:34

Ayaz Mütəllibovun xahişi, Təhsil problemlərinin həllinə kompleks yanaşma


Ayaz Mütəllibov
Ayaz Mütəllibov
«YENİ MÜSAVAT»: AYAZ MÜTƏLLİBOVUN XAHİŞİ

Eks-prezident Ayaz Mütəllibov qəzetimizin redaksiyasına müraciət edib. ASDP həmsədri Araz Əlizadə vasitəsilə edilən bu müraciətin məqsədi onun «Yeni Müsavat» qəzetində kitabının hissə-hissə dərc olunmasını saxlamaqdır. Qəzetin baş redaktoruna xüsusi izahat verilmədən deyilib ki, indiki situasiyada bu kitabın qəzetdə təkrar dərci məqsədə müvafiq deyil.

Qəzet eks-prezidentin xahişini nəzərə alaraq, onun yazdığı «7 ilin 70 anı» adlı kitabının dərcini müvəqqəti olaraq saxlayır. Lakin böyük ehtimalla yaxın gələcəkdə bu mövzuya təkrar müraciət olunacaq.

«YENİ MÜSAVAT»: «ADAM DÜŞMƏNİNİ DƏ TUTANDA KİŞİ KİMİ TUTAR»

Göyçay Rayon Məhkəməsində İctimai Palatanın Təhqiqat Qrupunun sədri, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin işi üzrə məhkəmə prosesi davam edir.
V.İsgəndərli məhkəmədə ifadə verib: «Məqsədim, mübarizəm hüququn bərpa edilməsi olub. Buna baxmayaraq, məni həbs ediblər. Faktiki olaraq dövlət tərəfindən girov götürülmüşəm. Hacı Məmmədovun cinayətləri ilə dövlətin mənə qarşı törətdiyi cinayət oxşardır. Sadəcə olaraq, Hacı Məmmədov varlılara qarşı cinayət törədib, dövlət isə kasıb İsgəndərliyə qarşı. Dövlət öz zor aparatından istifadə etməklə türmələri girovxanaya çevirib. Uzun illər prokurorluqda işləmişəm, bu qurumun korrupsiya yuvası olmasının şahidi olmuşam. 2000-ci ildən baş prokuror Zakir Qaralovla konfliktim yaranıb. Bundan sonra Qaralov məni qanunsuz olaraq işdən çıxardı. 4 ay sərəncamda olandan sonra məni İsmayıllı Rayon Prokurorluğunda müstəntiq təyin etdilər. O vaxt icra başçısını və rayon prokurorunun təhdidlərindən bezən bir vətəndaş intihar etdi. Bunun araşdırması mənim öhdəmə düşmüşdü. İşi araşdırıb rüşvət olayını ortaya çıxardım. İntihar edən rayon sakini, YAP üzvü olmuş Bəşir İslamov 100 qoyun satıb icra başçısı və prokurora rüşvət verməyə məcbur edilmişdi. O, rüşvətdən boyun qaçırmaq üçün intihara əl atmışdı. Mən də bu faktı araşdırıb baş prokurorun müavini Rüstəm Usubova məruzə etdim. Dedim ki, bu adam balalarını saxlamaq üçün bu addımı atıb. Onun intihardan əvvəl apardığı qeydlər də ortaya çıxdı. O, çıxış yolunun intihar etməkdə gördüyünü yazmışdı. Bu cinayəti araşdırarkən icra başçısı ilə prokurora qarşı ifadələr almışdım. Çoxsaylı şahidlər mərhumun intiharının səbəblərini açıqlamışdı».

Vidadi İsgəndərli
Hüquq müdafiəçisi seçki ilə də bağlı danışıb. Bildirib ki, 17 saylı məntəqədə qanunsuz kəsilmiş bülletenləri götürüb: «Ancaq mən nə məntəqə sədri, nə də katibi ilə əlbəyaxa olmuşam. Kəsilmiş bülletenləri götürüb gedəndə Araz Ələkbərov qarşıma çıxdı. And verdi ki, getməyim. Telefonla da kiminləsə danışırdı. Ona heç nə etmədim. Heç barmağımın ucu ilə də toxunmadım. «Saxtakarlar, cinayətkarlar» deyib getdim. İstintaq bülletenləri götürəndə 2, 16 və 17 saylı məntəqələri niyə qeyd edir, 3, 4, 5 və başqa məntəqələrdə olan saxtakarlığı yox? Nədən başqa məntəqələrdə götürdüklərim qanunsuz bülletenləri saya saymır? Aydın görünür ki, siyasi sifariş əsasında həbs olunmuşam. Zakir Qaralovun əmri ilə cinayət işinin açılması hər şeyə sübutdur. Adam düşmənini də tutanda kişi kimi tutar».

«AZƏRBAYCAN»: TƏHSİL PROBLEMLƏRİNİN HƏLLİNƏ KOMPLEKS YANAŞMA

Məktəb
«Azərbaycan Prezidentinin təhsil sahəsinə xüsusi diqqətlə yanaşması həm də respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə şərtlənir. Belə mühüm mərhələdə mövcud uğurların qorunub saxlanılması üçün idarəçilikdə yüksək elmi-intellektual səviyyənin təmin edilməsi son dərəcə vacibdir. Müqayisə üçün bildirək ki, əgər 2003-cü ildə təhsilə 243 milyon manat ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 1338,2 milyon manat təşkil edib. Bu isə 2010-cu il büdcəsində nəzərdə tutulan vəsaitdən 50,2 milyon manat (3,9 faiz) çoxdur. Eyni zamanda, elmin inkişafına yönəldilən xərclər 2003-cü ildə əgər 16,6 milyon manat təşkil edirdisə, 2010-cu ilin dövlət büdcəsində bu məqsədlə 98,2 milyon manat, 2011-ci ilin dövlət büdcəsindən isə 108,6 milyon manat vəsait ayrılmışdır. Bu isə 2010-cu ildəkindən 5,6 faiz (5,8 milyon manat) çoxdur.
Bir faktı da qeyd edək ki, respublikada 2008-2012-ci illəri əhatə edən məktəb tikintisi proqramı üzrə 600 yeni məktəbin inşası nəzərdə tutulmuşdur. Bu müddətdə, eyni zamanda, 1500 məktəbin əsaslı təmiri və yenidən qurulması işi də həyata keçiriləcək. 500-ə yaxın məktəb üçün isə əlavə korpus və sinif otaqlarının inşası reallaşdırılacaq. Bu işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanda məktəb infrastrukturunun yeniləşdirilməsi prosesi başa çatacaq».
XS
SM
MD
LG