Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

Sayman Aruz. Gözəllik


Duman Ərdəmə:

Gözəllik,
sənin canlandırdığın möcüzədir.
Yoxsa bu mənim ağzımda və onun əllərindəki dəmir,
həqiqətin nüqsanıdır qısa-qısa dolanır ağzı-əllərimizə.
Burda
qanun
ədaləti dilənməyə oturur
və yaşama oxşar bir şey cərəyandadır.
Cərəyan dadı dadır bütün hadisələr.
Sən isə girdə-dolaşıq bu girdabın ortasında qalırsan.
Qablıyırlar sənə həyatı səsin çıxmır
və Qabili yox səni doğuran qabiləni qaba tutub,
buyur donbal qabağında deyirlər, təzim elə!
Nə var-nə var səni salıb bu çirkabın kitabına fahişə!
Sonra da qəhbələrin başını kəsib “Ana yasa”ya yapışdırılar.
“Ana yasaq”dır deyirlər.
Gərək tüpürəm amma üfürürəm bu közə.
Qoy alışsın yansın.
Bu cərəyan”cəhrə” c-yı ilə yazılıb dostum!
Qaça-qaçırtdılar bizi ölkəmizdən.
Qurumsağı porsuqnan* qorxudan
Özü qorxudan öləcək
Və zindanların nəmişində Havay adalarını yadına salıb
“Pox yedim vallah məni buraxın” deyəcək.
Sonra da təvvab* olub Amerikaya gedəcək!
Adamda şərəf olsun gərək
Milli olanda nə olar!

Sözümü deyə bilmirəm axı neynirəm bu həyatı?
Dostum düşmənimdir divar olubdur damba-damb başıma çalınır.
Qeyrətim Araz kimi axır ortalıqda var yoxumu bölə-bölə sulanır.
Sülənir illər boyudur böyümür ağıllanmır.
Atana lənət deyirəm Araz!
Səni bizə ürcah eliyəni eləsinlər, eləsinlər, eləsinlər dura bilməsin üzümüzə.
Üzümüz çoxlu üzlər görür “Q”lanır.
Üzü üz görənin başını kəsirlər “Ana yasaqdır” düzəldirlər adamı.

Başımı ayağıma çırpıram,
Tuuuu səin süfətinə məni gətirdin buraya!
Yeri yaraya-xoraya, bir də xatirəyə, bir də xuxana dolmuş buraya.
Dinmə-danışma lal ol!
Laaaaləələəəəər... laaləələər...
Aşıq söz tapanmayanda nanay-nanay deyirəm mən.
Nanay-nanay aşiqəm
Mən aşiqəm o maşıqəm
Gəlin öldürün məni
Mən Mikayil Müşfiqəm!
Dinmə-danışma lal ol deport olarsan ha!
Göyərçini deport edirlər bu qaqaşlar!
Ədə dami dəyişərik amma dəni dəyişmərik biz.
Adam olarıq amma ad-am olmarıq biz.
Nə olsun yaranı-xoranı bir də zəhrimarı uduram amma dinmirəm mən.
Tüpürüm o sözə ki dilimə yapışıb amma dillənə bilmir.
Vətəni istəyirəm mən, tənlərin tərini.
Zindanların zirramasında böyüyən cücələri.
Zəlimxan, zülümxan, zalimxan
Bu Elxandı, bu Telmandı, bu Sayman
Bu sənin imarətin o da onların türbələri...
Hardasa Hollivudun filimlərini yada salır.
Öldürürürlər ölürük,
Öldürürürlər ölürük.
ölürük qəhrəman olmuruq, olmur.
Ortamızda vətən boyda fasilə var
Vətən boyda xəyanət.
Hardasa Bollivudun filmlərini yada salır.
Yarı qəhrəman, yarı aşiq, yarı kasıb, yarı heçzadıq biz
Uzağı hardasa ya haçansa
Lirik bir mahnı ola bilərik
Və yazıqyana- yazıqyana hansısa axmağı ağlada bilərik bəlkə də.
Bu həqiqətin nüqsanıdır dostum.
Qarşımda uzun bir yol var.
Səndən hərəkət , məndən bərəkət “Milli hərəkət”!
Yatanı oyadan olar, özünü yuxuda verəni yox!
Şirra-şir vətənin dibinə su qoşurlar
Və yuxularımda cavan uşaqları görürəm ki, ölürlər.
Səidimsən* heeeeyyyyy! Mən burdayam!
ədalətin nüqsanında
və həyat kimi bir şey cərəyandadır.

Biri alır, biri satır, millət isə qıra batır, qarmağa batır.
Uzaqdan baxırsan döyüşdür,
Yaxına gəlirsən öpüşdür, görüşdür!
ədə alın bu qara-quruların əlindən millətçiliyi
daşdı bu, dəmirdi bu, oddi bu, Cızdı bu.
Ad deyil ki, anlamdı bu, şərəfdi bu.
Adama verməzlər qazanmalısan, qanmalısan.
Biri alır, biri satır. Biri isə zindanda yatır...
Təbriz, Bakı, Ankara
Düşmən hara, biz hara?
Araz axır, Kürd axır.
Isfahandan fars baxır.
Moskvadan Rus baxır,
Qarabağdan erməni.

***

Damarsız yarımın yarasını sarımağa durdum, sarıyanmadım.
əlim qoluma bağlı idi, qolumsa qandala
mükafatımsa sən idin.
Gözəllik sənin möcüzəndir ,
Ay sənsən
Özünü bu qalmaqaldan bir qırağa çəkibsən
Və bizə baxırsan!

___________
*Porsuq: diksindirmək
*Səidimsən: Səid Muğanlı və bütün zindanda olan milli fəallar nəzərdə tutulur
*Təvvab: tövbə eliyib zindandan canını qurtarana deyərlər.
XS
SM
MD
LG