Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:38

Musa Yaqub "Şirvan alverçisi və Nəsimi" (Poema)


Hələbin bazarı qaynaşır yenə,
Təngiyir insanm ürəyi burda.
Cır səslər qarışıb bir-birinə:
- Hə, gəl, gəl
Şirvanın ipəyi burda,
Gəl, Şirvan ipəyi...
Bu səs hardan gəldi, görəsən hardan?!
Dəydi qulağına bir kəlmə:
- Şirvan.
Diksindi Nəsimi,
Durdu bir qədər
Bədəni isindi,
Gözləri yandı.
Yatdı ürəyində min-min fıkirlər,
Beynində,
ruhunda Şirvan oyandı.
Bir torpaq oyandı könlündə onun...
Belini düzəltmək istədi,
bildi
Bir həsrət yükü var belində onun.
Səs gələn tərəfə boylandı yenə
Bir ümid şöləsi dəydi üzünə,
Bir haqq çırağı var əlində onun.
Yeridi qabağa.
Durub bir qoca
Düzülüb yanında ipək parçalar,
- Hə, burda ipək var,
Burda parça var!..
Qoca haray salıb qoparır həşir,
Müştəri axtanr,
müştəri gəzir.
Şairin, qəlbində məhəbbət, qürur,
Ərk ilə qocanın önündə durur.
- Uzaqdan eşitdim gur səsinizi,
Salam!
Nə var, nə yox bizim vətəndə?!
Mən də şirvanlıyam,
görəndə sizi
Elə bil açıldı gözüm vətəndə.
Qoca dodaq büzüb
qımışdı bir az:
- Malın qabağında dayanmaq olmaz;
Hə, demək, yerliyik?..
- Yerliyik, bəli!
- Yerlinin yerliyə xeyri dəyməli,
Ölçüm? Neçə arşın?..
- Qoca bir dayan,
danışma belə,
Vətəndən danış bir,
vətəndən danış,
Sən özgə sözləri gətirmə dilə.
Sən Allah, о yerdən ayrıldığın gün,
Girdiman kükrəyib çağlayırdımı?
Ürəyim danxır burda qar üçün,
Şamaxı dağları indi qardımı?
Könlüm ümidini niyə kəsibdir?!
Dağlar tanıyarmı məni görüncə?
Bir vətən çiçəyi görsəm bəsimdir
Görüm bitir necə,
açılır necə.
Yəqin ki, Girdman axır eləcə,
eh, təki axsın.
Pirqulu düzlərə baxır eləcə,
eh, təki baxsın.
Səndən el-obanı soruşmuram, yox,
Vətəndədirlərsə nə dərdləri var,
Həsrətsiz yaşarlar,
qəmsiz yaşarlar.
Bəlkə bilmək olmaz о yerlərdə sən,
Imadəddin adlı bir gənc görəsən.
Onun cığırlarda izi qalıbmı?
El-oba dilində sözü qalıbmı?..
Döşdə maralların güzarı üçün,
Bir az meşələrin payızı üçün,
Bir az yaylaqların baharı üçün
Darıxır ürək...
о məxmər yamaclar,
ipək çəmənlər
Necədir, ay qoca,
bir danış görək?!
- Hə, ipək?.. Hə, ipək?..
İpək yaxşıdır,
İpəkdən yediyim çörək yaxşıdır.
Şükürlər olsun ki, böyük Allaha,
Şirvanın ipəyi satılır baha
Ordan ucuz alıb baha satmışam,
Bilirsən alverlə nə yaratmışam!
Şair vətən deyir,
ona can deyir,
Qoca hey alverdən,
qazancdan deyir.
Duymayır şairi, qoca duymayır,
О yanıb odlanır, qoca pul sayır.
Şair bir ah çəkir:
- Nə isə qocaldıq,
Vətən, ay vətən...
Mənə də bir arşın ver bu ipəkdən.
- Bir arşın?
Baş üstə,
Verərəm, bəli. Yerlinin yerliyə xeyri dəyməli.
Pulunu?..
Hə, hə də bildim pulun var,
Verməsən də olar, versən də olar.
Buyurun, bir arşın...
Şair alıb onu sıxır köksünə.
Şirvan torpağında bitib boy atmış
Bir topa bənövşə taxır köksünə,
Bir tut yarpağını sıxır köksünə.
О sıxır ipəyi ovcunda bərk-bərk...
Fikri bir anlığa uçanda onun
Barmaqlar boşalır,
Tellənir ipək,
Bir lalə açılır ovcunda onun.
Lalə yarpağını sürtür üzünə,
Ələnib, yoğrulub bu ipəkləşən
Şirvan torpağını sürtür üzünə.
Durur gözlərində ellərin toyu...
Bu nədir -
Bir ovuc Girdiman suyu...
Bu bir qız nəfəsi,
Bir az el səsi,
Bir yamac yaşıllıq -
bir az doğma yurd,
Bu vətəndən gələn bir əsim külək,
Bir əlçim bulud...
Gəzdirir buludu şair üzündə
Kipriyi nəmlənir ipək buluddan,
Bir damcı yağışa dönür gözündə.
Qoca təəccüblə baxır şairə:
- Əhsən, min əhsən...
Hələ mən sənintək bir ipəksevən
Adam görməmişəm;
Var olsun Hələb,
Amma çox az aldın,
Bəs bu nə əcəb?!
Eşitmir,

gözündə susubdur bazar,
Ürəklə danışır şair Nəsimi.
İpəyin üstündə bir damcı yaş var.
İpəklə danışır şair Nəsimi.
- Bəlkə görüşmədik,
Keçibdir yaşım...
Mən sənsiz heç nəyəm,
gör nə gündəyəm,
Çıxmısan əlimdən, torpağım, daşım.
Bir arşın ipəyin ümidindəyəm...
Ah, ipəyim mənim,
Çiçəyim mənim.
Ah, Şirvanım mənim,
Gümanım mənim!
Yanğımı, odumu soyut bir qədər,
Kövrək ürəyimi ovut bir qədər,
Bir az dinclik gətir ruhuma görüm,
Bir az sərinlik qat ahıma görüm!
Bir arşın ipəyim,
Çölüm, çəmənim!
Qoy sıxım köksümə səni bir də mən.
A sinə dağımın sarğısı mənim,
A sinə dağımın ağrısı, vətən!
Vətən! Ay vətən!
XS
SM
MD
LG