Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

Musa Yaqub "Köhnə dəyirmana sözüm" (Poema)


Axır ki, taledə dayandı çarxın,
Axır ki, başına gəldi bu oyun.
Axır ki, biryolluq qurudu arxın,
Axir birdəfəlik kəsildi suyun.

Novun da çürüdü, topda pərin də,
Oxun da pas atıb qaldı yerində.
Susdu о çax-çaxın, kəsildi səsin,
Unluğun söküldü, ardı qaraldı.
Dabanın ovuldu, əyildi dizin,
Düşüb ağır daşlar üz-üzə qaldı.
Axır şindanının ipi qırıldı,
Sanki çənən çıxdı, əngin cırıldı;
Daha boğazından nə keçər, heç nə,
Heç kəs bu halını almaz vecinə.

Yol gözləmə dəyirmanım,
Yolun bura gəlməz daha.
Çuval-çuval qızıl dənin
Dolub bura gəlməz daha.
Çoxun, azın olmayacaq.
Gülsənəmin gətirdiyi
О bir kasa sulufla da
Ağnağazın olmayacaq.
Bir də arxın dolmayacaq,
Bir də novun olmaz daha.
Həmin novda arx suyunu
Qovhaqovun olmaz daha.
Fırlanmırsa daşın əgər
Dəyirmançı axşam-səhər
Başına fırlanmayacaq,
О bacadan qalxmayacaq
Günümüzün

İlk tüstüsü, son tüstüsü.
Görüləsi şahad yoxsa,
Gözlənəsi növbə yoxsa,
Nə giley, nə umu-küsü,
О nağıllar bitdi daha,
О sel axıb getdi daha.

Elə deyil, dəyirmanım,
Yox deyilik, yox deyilik.
Böyük kəndik, böyük elik.
Tarla-tarla əkinimiz,
Süfrə-süfrə çörəyimiz.
Bir evimiz yüz ev olub
Böyüyüb kənd-kəsəyimiz,
Dəyirmanım,

Böyüməkdən sənə nə var,
Keçdiyimiz küçələrdən
Sənə tərəf ayaq açıb
Bircə cığır gəlirmi de.
Çayımızdan
Bircə gilə, bircə sızım
Bura axır gəlirmi de.
Durmusan yol qırağında
Burda səni görən varmı?
De, bu qədər adamlardan
Sənə salam verən varmı?
Heç qapıdan girən varmı?
Yarı uçuq divarını
hörən varmı?
Olmayacaq dəyirmanım,
olmayacaq.

Eh, indi ki,
Dən verib un almayacaq.
De səndən kim nə umacaq?
Umacağı yoxsa əgər
Kimdi sənə salam verən,
Kimdi sənə divar hörən.
Əriyib о yaxşılığın
Heç elə bil olmamısan,
Heç boşalıb dolmamısan.
Kəndimizin bərəkəti
Süfrə ilki, çörək ilki.
Heç daşın da fırlanmayıb
Olmamısan elə bil ki.

Mən nə əcəb?
Mən arabir
Çoxdan yatan hisslərimi
Ayıltmağı xoşlayıram.
Keçmişimlə danışmağı,
Öz-özümə qayıtmağı xoşlayıram.
Ötənimlə görüşməyi,
Keçmişimə gəyişməyi
xoşlayıram.
Hardasa bir yaxşılığı,
Dar günümdə
Mənə arxa olanları
yada salıb
Kövrəlməyim olur hərdən.
Soraq alıb о günlərdən
geri döndüm,
bir də gördüm
Könlümdə sən oyanmısan,
Yolumda sən dayanmısan –
İndi tənha, indi yetim,
İstədim ki, mən də elə
Salam-kəlamsız qayıdıb
dönüb gedim.

Bir də gördüm daşın mənə
yaman baxır
О köhnə yaddaşın mənə
yaman baxır.
Mamır basan tağın durub
Pərsiz qalan topun baxır
Sınıq-salxaq qapın baxır.
Səndən ümid, səndən işıq,
Kəndimizə
Biz bərəkət daşımışıq.
О xırdaca pəncərədən
Çox boylandıq bu dünyaya.
Gör о boyda yaxşılığı
Salmayanda indi saya,
О axşamdan, о səhərdən
Bu xırdaca pəncərəndən
çox utandım.

О nağıllı qucağından
Od aldığım ocağından,
İllah da ki,
Un aldığım unluğundan
çox utandım.
Ağı deyib sənə yandım.
«Dəyirmanlar qoşa-qoşa,
Suyu gəlir daşa-daşa»..
Bu ömrü kim vurdu başa...
Dəyirmanım,
Sən yaxşını, sən yamanı
görürsənmi?
Sən zamanı görürsənmi?
Sən zamanın işlətdiyi
Dəyirmanı görürsənmi?
Görürsənmi səni necə üyütdü,
Almayıb heç nəyi vecə, üyütdü.
Su dəyirmanları...
min illik ömrü,
О arxı, о çarxı üyütdü yaman,
üyütdü zaman.
Barı yadındamı, a dəyirmanım,
Buğdan nəm olanda xəmirləyərdin,
Dənin sərt olanda oxu əyərdin.
Görürsən zamanın sərt dəyirmanı,
Vermədi fürsəti, aldı amanı,
Səni də gör necə üyütdü rahat.
Əvvəl cığırını, xoş salamını,
Sonra kətilini, sonra damını,
Sonra divarını, sonra daşını,
Əvvəl baharını, sonra qışını
üyütdü rahat.
Üyütdü, çıxmadı səsin, nəfəsin,
Vardı bir düz çəkən köhnə tərəzin.
О nizam-tərəzi, çəki üyündü.
Bu əlin о ələ ərki üyündü.
Görürsən zamamn sərt dəyirmanı,
Heç kəsə, heç nəyə verməz amanı
Yamanlar boş yerə öyünüb gedib,
Çox-çox yaxşılıqlar üyünüb gedib.
Çox təzə üyünüb köhnə adıyla,
İgidlər üyünüb səmənd atıyla,
Üyünüb çox ali şöhrətlər, adlar.
Nə bilim, üyünüb bir çox elatlar.
El var ki, bir dünya varı üyünüb.
Zaman elə bilib darı üyünüb.
Üyünüb bəlkə də bir dərdi-sərim,
Çox dərdlər göyərib libası təzə.
Köhnə dəyirmanda görüşdüklərim,
Təzə dəyirmanda dəyməyir gözə!
Eh, sənə nə var ki, ay dəyirmanım,
Qoy gəlib lap sənə yaxın dayanım.
Bay səni!
Sən əvvəl çox nəhəng idin
О coşan arxında bir pələng idin.
Hər dəfə baxanda deyirdim ki, mən
Bir anbar dən tutar sənin bu təknən,
Bir çuval dən tutar sənin şindanın.
Yəni bu unluqla olub ad-sanın?
Mən elə bilirdim qayadır yerin,
Barın da qayanın sərt divarıdır.
Mən elə bilirdim topunda pərin
Bir Simurq quşunun qanadlarıdır.
Oxunu nazildib kim belə döyüb?
Suyun harda isə lillənib donub.
Yəqin ki,
ya mənim dünyam böyüyüb,
Ya səni zamanın rəndəsi yonub.

Qoy bir də lap gəlib yaxından baxım
Yox, ağır daşların yaxşıdır, qalıb.
Lap əsil dəyirman daşıdır qalıb.
Demə bu daşlarla nə etmək olar,
Hələ çox şeyləri üyütmək olar.
Nə lazım, bu dirək, bu uçuq divar,
Belə ağır yükü alıb çiyninə.
Kəndimə mənim bir vəsiyyətim var.
Elə bu daşları versinlər mənə.
Dəyməz dünya gəzib yer axtarmağa,
Burda tapşırsınlar məni torpağa.
Burda - kəndimizdə - о qəbristanda,
О çinar altında yuyunum onda.
Qoy elə bu yerdə bitim, cücərim,
Burda da bədxahım qan qaraltmasın.
Torpağım yoxdur ki, əkib-becərim,
İki daş nədi ki, mənə çatmasın.
Orda başım üstə - deyirəm sizə,
Bu ağır daşları qoyun üz-üzə.
Hündür eləməyin baş daşımı ki,
Bu daşlar uzaqdan görünsün gözə.
О çəmən bir bahar xalçası kimi
Daşlar da bir qaya parçası kimi,
Qap-qara, mamırlı, üzü göytəhər,
Daşlarım, yox, sizi rəngləməsinlər.
Alt daşım, üst daşım bir dəyirman ol!
Fırlan başım üstə mənə həyan ol.
Ömrümə, günümə bir imtahan ol,
Bura duman çöksə dumanı üyüt,
Üyüt payız çağı о xəzəlləri.
Durub başım üstə zamanı üyüt,
Üyüt fəsilləri, üyüt illəri.
Əvvəl, gərəksizdi bezimi üyüt,
Eldə izim yoxsa, izimi üyüt,
Dildə sözüm yoxsa, sözümü üyüt.
Sən başım üstündə dözüm ol, dözüm,
Getmə arxasınca hər cür avazın
Boğazından diri çıxsa bir sözüm,
Вurах о sözümü gedib yaşasın.
Deyirəm bu boyda yaxşılığınla
Yaddan çıxmısansa, ay dəyirmanım,
Məni unutmağa nə var ki, canım.
Dünya çox bənd olmur yaxşı-yamana,
Вахmа yalvarışa, baxma amana,
Gördün ki, çayımız yanımdan axmır,
Gördün ki, dost-tanış heç mənə baxmır,
Gördün ki, vələslər bir bahar dəmi,
Daha pıçıldamır nəğmələrimi.
Gördün ki, el-oba unudub tamam,
Heç məni yadına salmır bir adam,
Salamsız-kalamsız keçir yanımdan,

Gördün ki, gələnə-gedənə yadam,
Gördün, bir cığır da gəlmir üstümə,
Onda, dəyirmanım, sən dur qəsdimə;
Onda fırlancığım, məni də üyüt,
Sən unudulmuş dəni də üyüt,
Üyüt ünvanımı, üyüt adımı,
Üyüt torpaq adlı son həyatımı.
Ömrümə, günümə bir imtahan ol,
Döyəclə sözümü çəkic-zindan ol,
Onda, fırlancığım, sən dur qəsdimə
Elə cür amansız, sərt dəyirman ol
Zamanın tozunu ələ üstümə.
Mən də korun-korun yanım tüstümə.
Hələ ki, ömürlə qalıb savaşım,
İndi mən bir qonaq, daim yaşar sən.
Var ol, salamat qal, dəyirman daşım,
О təzə mənzildə görüşənəcən.

1986
XS
SM
MD
LG