Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:47

Musa Yaqub. Bağrım başı, gözüm yaşı


Başım üstə dar ağacım,
Əlim altda nar ağacım.
Gövdən düyün, qabar-qabar,
Bu nə haldır, qarağacım?!
Bəlkə elə səndən gəlir
Əzablarım, ağrım, acım –
Sən eləsən, mən də belə -
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Qeyli-qalda keçdi günüm,
Hər hicrandan bir düyünüm,
Hər payızdan bir xalım var,
Bir durumda min halım var-
Oxu məni, boğcama bax,
Toxu məni, xalçama bax –
İlmələnib, qönçələnib
Dərd naxışım dönüb gülə,
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Mən ilahi eşqin qulu,
Hürufilər dərdi ulu -
Qəzalidə qəm müqəddəs,
Mənim dərdim nədəndi bəs?...
Qoy heç məni bilməsinlər,
Peyğəmbərin hörümçəyi,
Gəl sinəmdə tor hörgülə
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Mən yanğılı bir zəmiyəm,
Məni görən cuvarım yox.
Yalqız bitən bir sünbüləm
Yel ağzında qərarım yox.
Bu ayrılıq səndən gəlir,

Bu qəm yeli məndən əsib -
Tənhalıqdan könlüm bezim
Durub gedim eşqimgilə;
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Ayaqlarda yol dolaşıq,
Cığır kəsir bir-birini.
Tərəzisiz bir ölkədə
Haqqım tapmaz öz yerini.
Çox dərdləri udardım mən,
“Qəmi pünhan tutardım mən”
Dərdiməndi etdim agah
Məslək əhli olan gördüm,
Onda da ah, məndə də ah,
Əlac varmı bu nisgilə -
Bağrım başı düyün-düyün,
Gözüm yaşı gilə-gilə.

Yay, 2010 Buynuz
XS
SM
MD
LG