Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

Yaşar Nuri: ««Şöhrət» ordeni gəzdirən adam gərək bir az şöhrətli olsun»


Yaşar Nuri
Yaşar Nuri
Sentyabrın 1-də prezident İlham Əliyev xalq artisti Yaşar Nurinin «Şöhrət» ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb. Yaşar Nuri bu ordenə Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Sentyabrın 3-də 60 yaşını qeyd edən sənətkar AzadlıqRadiosunun bir neçə sualını cavablandırıb:

- Yaşar müəllim, dünən «Şöhrət» ordeni ilə təltif olunmağınız, sabah isə 60 yaşınızın tamam olacağı münasibətilə Sizi təbrik edirik. 60-da vəziyyət necədir ?

- «Necə görmüşsə Nuh, eyləcədir»...

«ŞÖHRƏT» ORDENİ OLMAYAN ŞÖHRƏTLİ AKTYOR

- Yəni, yaxşıdır...

- Day Sabir yazıb da, mən yazmamışam ki...

- Sabir sonra nə deyir?

- Sonra deyir ki: «Əfsus qocaldım, ağacım düşdü əlimdən, Səd heyf cavanlıq! Zəf eylədi aciz məni, qaldım əməlimdən, Çəkdim nə ziyanlıq!»

- Hər halda Siz Sabirin yazdığı halətdə deyilsiz. Qarşıda hansı işləriniz var?

- Teatrda iki pyes var. Onları məşq edəcəm. Adlarını deməyəcəm amma. Düşər-düşməsi olur. Bir də Vaqif Mustafayevin filmində çəkilməyə başlayacam.

- Yaşar müəllim, Azərbaycanda Siz məşhursunuz, ya «Şöhrət» ordeni ?

- Nə bilim vallah. Bir dəfə ««Şöhrət» ordeni olmayan şöhrətli aktyor» adlı məqalə yazmışdılar. Mən onu çap etdirməyə qoymadım. Hər halda «Şöhrət» ordeni gəzdirən adam gərək bir az şöhrətli olsun da. Yəni yaraşsın da ona. Yoxsa çıxanda görürsən bunu heç kim tanımır, amma yaxasına «Şöhrət» ordeni taxıb, bu, bir az....

ƏN MARAQLI ELƏ ÖZÜMƏM

- Bu gün Sizi «Şöhrət» ordeninə görə təbrik edirlər, sabahsa doğum günü münasibətilə təbrik edəcəklər. Hansı daha maraqlıdır ?

- İkisi də maraqlıdır. Amma bu saat ən maraqlı elə mən özüməm. Gedirəm, baxıram, görürəm elə həmin adamam. Bir dəyişiklik yoxdur. Məsuliyyət var. İstəyirəm tez durub gedib təzə bir rol oynayım. Nə bilim, təzədən mənə bir həvəs, güc gəldi. Qılçalarımda bir az ağrılar var, elə bil hamısı yaddan çıxdı. Sanki bu saat durub qaçacağam. Ona görə yox ki, mən bu ordeni almışam. Ona görə ki, gələn nəsil bu barədə eşidəndə, heç olmasa biləcək ki, Yaşar Nuriyə ordeni nəyə görə veriblər. Bilirsiniz, mən gələcək üçün yaşayan adam olmuşam. Yəni gələn nəsil deməsin ki, bunun nəyinə «xalq artisti» adı veriblər, kimdir axı bu? Mən xalqın tanıdığı və sevdiyi xalq artistiyəm.

- Ordenə, medala münasibətiniz necədir?

- Sovet dövrünün öz orden və medalları var idi. Xoşbəxtəm ki, müstəqil Azərbaycanın ordenini almışam. Münasibətim necə olacaq, hər halda pis şey deyil. Töhmət deyil, tənqid deyil. Tənqiddən qorxan deyiləm əlbəttə. Amma işinə qiymət verilirsə, biri zəng edib ««Bəyin oğurlanması» filmi 5 dənə «Şöhrət» ordeninə layiqdir» deyirsə, mən nə deyim?..

- Bundan sonra hansı mükafatı almaq istərdiniz?

- Can sağlığı. Satırlarsa....
XS
SM
MD
LG