Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Dibçək gülünü götür, bulvara gətir…


Gülər Mehdizadə
Gülər Mehdizadə
«Şəhərimizin gözəl rəngləri var. Biz sadəcə, bu «Yaşıl həftə»də həmin rəngləri insanlara daha aydın göstərməyə çalışacaq, ən əsası yaşıllıqları artırmağa səsləyəcəyik»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Yaşıl həftə» kampaniyası Bakını hansı rəngə boyayacaq» mövzusunda açdığı müzakirəyə qoşulan «Təbiət dostları» Gənclər İctimai Birliyinin mətbuat əlaqələndiricisi Gülər Mehdizadə söylədi.

İŞƏ, DƏRSƏ VELOSİPEDLƏ...

O dedi ki, «Yaşıl həftə» ekoloji-maarifləndirici tədbirlər silsiləsindən ibarət olacaq:

«İkinci məqsədimiz velosipedi nəqliyyat vasitəsi kimi cəmiyyətə çatdırmaqdır».

YAŞIL VELOSİPEDÇİLƏR KİMİ BAŞLADIQ

Təşkilatın sədri Elşən Nuriyev 2008-ci ildə fəaliyyətə «Yaşıl velosipedçilər» kimi başladıqlarını və müəyyən vaxtdan sonra özlərini «Təbiət dostları» adlandırdıqlarını bildirdi:

«Artıq fəaliyyətimizi velosipedlə çərçivələmək istəmədik. Gördük ki, ölkədə ətraf mühitin qorunması ilə bağlı tədbirlər keçirməyə ehtiyac var. Azərbaycanda ekoloji-maarifləndirici fəaliyyəti gücləndirmək üçün velosipedi özümüzə simvol kimi seçdik».

ÖLKƏNİN YETƏRİNCƏ PROBLEMİ VAR

Üçüncü ildir ki, «Yaşıl həftə» keçirdiklərini deyən təşkilat rəhbəri bunu Azərbaycan üçün sanki yaşıl vaxt kimi dəyərləndirdi:

«Düşündük ki, bir gün bəs eləməyəcək. Ölkənin yetərincə problemi var. Ətraf mühitin problemləri o qədər sürətlə artır ki, insan oğlu onu tez bir zamanda həll edə bilmir. Odur ki, həftə ərzində «Yaşıl həftə» adlandırdığımız kampaniyanı keçirmək qərarı verdik. Hər il sentyabr ayının əvvəlini bütün yaşılların bir araya gəlib ekoloji tədbirlər keçirəcəyi vaxt kimi qəbul etdik. Biz ekoloji şüuru dəyişmək fikrindəyik. Təkcə Bakını deyil, bütün Azərbaycanı yaşıl rəngə boyamaq istəyirik».

OYUNCAĞINI YIĞIŞDIR!

Elşən Nuriyev
Aparıcının: «Bakılılar «yaşıl həftə»çiləri necə qarşılayırlar» sualı belə cavablandı:

«İlk vaxtlar mənfi emosiyalar oldu. Aqressiv münasibət gördük. Deyirdilər ki, işiniz-gücünüz yoxdur? Kişisiniz, gedin ciddi işlə məşğul olun. Hətta bəzi üzvlərin valideynləri də belə düşünürdü. Zibili yerdən yığanda, bizə atmacalar atırdılar. Nəinki Bakıda, hətta Gəncədə, Ağcabədidə, Sumqayıtda da belə münasibət görürdük. Amma üç ilə dəyişiklik olub. Əvvəllər şəhərdə velosiped görən kimi deyirdilər oyuncağını yığışdır. Amma indi nəinki sürücülər, hətta polislər belə bizə yol verir. «Hə», - deyirlər - «yaşıl velosipedçilərsiniz, buyurun!».

VELOSİPED SÜRMƏYİN QIZIL QAYDALARI...

Elşən Nuriyev velosiped sürməyin qızıl qaydalarına əməl etdiklərini də bildirdi:

«Dəbilqəsiz sürmək olmaz! Xüsusi geyim forması olmalıdır. İnsanlar bilsinlər ki, velosiped bu şəxsin nəqliyyat vasitəsidir, əyləncə vasitəsi yox!».

BU GÜN «YAŞIL DOSTUNU TANI» KAMPANİYASI OLACAQ!

Gülər Mehdizadə sentyabrın 8-də «Yaşıl dostunu tanı» kampaniyası keçirəcəklərini dedi:

«Bütün yaşılsevərlər öz evində bəslədiyi dibçək gülünü gətirəcək və onun xüsusiyyətləri barədə danışacaq. Kimin marağı varsa, bizə qoşula bilər. Tədbir «Park bulvar»da saat 18:30-da başlayacaq. Təqdimatdan sonra hər kəs öz dibçək gülü ilə bulvarda gəzəcək və insanlara yaxınlaşıb gülü barədə məlumat verəcək».

-- Verilişin zərif qonağı Gülərin velosipedi varmı?

-- «Yaşıl həftəçilər» velosiped sürmək üçün hara toplaşırlar?

-- Bakı velosiped sürmək üçün əlverişli məkandırmı?

-- «Yaşıl həftə»yə kim dəstək verir?

-- İndiyədək şəhərdə gedən sökasök, ağacların qırılması təşkilatın diqqət mərkəzində olubmu? Olubsa, hansı kampaniyalar keçiriblər?

«Can Bakı» qarşınızdadır.

XS
SM
MD
LG