Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:39

5 milyon manata hansı teleserial çəkilsin?


Ramiz Həsənoğlu
Bu «İz» teleseriallar haqqındadır. Daha doğrusu, dövlət büdcəsindən telefilm və serialların çəkilişinə ayrılan 5 milyon manatın necə və nəyə xərclənməsi barədə. Müsahiblərimizə eyni sualla üz tutduq. Suallarımızı telerejissor Ramiz Həsənoğlu, yazıçı-dramaturq Əli Əmirli, aktyor Ramiz Məmmədov, kinoşünas Aygün Aslanlı və jurnalist Sevinc Telmanqızı cavablandırdılar.

S.İ.— Ölkə prezidenti milli televiziya filmlərinin istehsalına maliyyə yardımı göstərilməsi barədə sərəncam imzaladı. 5 mln. manat ayrılıb. Demirəm azdı, ya çoxdur... Sadəcə soruşuram: bu pulu necə xərcləmək və ya hansı meyarlara dayanıb xərcləmək lazımdır?

KONSEPSİYA ORTAYA QOYULMALIDIR

Ramiz Həsənoğlu:--Mənə elə gəlir ki, bunu alqışlamaq lazımdır. Dövlət axır məqamda bu işi nəzarətə aldı və pul ayırdı. Amma bu dəstək kifayət eləmir, yetmir. İstəyirlər ki, bunu Milli Teleradio Şurasının səlahiyyətinə versinlər. O da telekanallarla əlaqə saxlasın və müəyyən qərarlar alsın. Fikrimcə, ilk növbədə bir proqram olmalıdır ki, bu pulu nəyə xərcləyək? Hansı filmlər daha gərəklidir? Bunun üçün də fikir mübadiləsi lazımdır. Konsepsiya ortaya qoyulmalıdır.

BİZDƏ SERİAL MÜHİTİ YOXDUR

Əli Əmirli:--Azərbaycan gerçəkliyində bu pulu az hesab eləmirəm. Düşünürəm ki, 5 milyonu xərcləməyi bacaran adamlara vermək lazımdır. Hər bir televiziyaya ayrılan pullar səmərəli xərclənməlidir. Hələ bilmirəm ki, televiziyalara bu vəsait hansı kriteriyalarla paylanacaq? Məncə, ilk növbədə hər bir televiziya bir prodakşn yaratmalıdır. Müqavilə bağlamalıdır, sifarişlər verməlidir. Çünki tamaşaçıların nə istədiyini onlar daha yaxşı bilirlər. Keyfiyyətli material lazımdır. Onun üçün də bu işi bilən xiridarlar işə cəlb olunmalıdır. Bizdə serial mühiti yoxdur, yaranmayıb. Onun qaydaları ilə işləyən rejissorlar, aktyorlar və s. yoxdur. Amma nədənsə başlamaq lazımdır. Məncə, sərmayə olandan sonra bu işə başlamaq olar.

5 MİLYONLA 50 MİLYON QAZANMAQ OLAR

Ramiz Məmmədov:-- Bu pulu yaxşı ssenariyə, yaxşı aktyora xərcləmək lazımdır. Daha özfəaliyyətə yox! Yaxşı istifadə etsələr, o 5 milyon 50 milyon gətirəcək.

Aygün Aslanlı:--Yaxşı olardı ki, məqsədəuyğun xərclənsin. Meyarlara gəlincə, bilirsiniz ki, kanallarda daha çox dövlətin siyasəti izlənilir, ona nəzarət olunmağa çalışılır ki, əks bir şey deyilməsin. Bütün sahələrdə olduğu kimi, televiziyada da marketoloqlar olur. Onlar əhalinin arasında sorğu aparırlar və hansı mövzunun maraq doğurduğunu öyrənirlər ki, qoyulan pul hədər getməsin.

Əli Əmirli
MƏBLƏĞİ ARTIRMAQ LAZIMDIR

Sevinc Telmanqızı:--5 milyon manatı bu sahənin dirçəlməsi üçün böyük məbləğ hesab etmirəm. Neft məmləkətində bu çox kiçik para sayılmalıdır. Ssenaristləri, rejissorları, aktyorları stimullaşdırmaq olar. Xaricdən peşəkar kadrlar dəvət etmək, onların təcrübəsindən yararlanmaq olar. Türkiyədən bu sahənin peşəkarlarını dəvət edib təcrübə mübadiləsi aparmaq olar. Təkrar edirəm, bu məbləği artırmaq şərti ilə!

-- İlk olaraq hansı mövzular əsas götürülməlidir?

DÜNYA TELEVİZİYA BAZARINA ÇIXMAQ OLAR

R.H.--Həm ailə-məişət, həm də maarifçilik mövzusunda sənədli seriallar ola bilər. Azərbaycan tarixini öyrənmək və çatdırmaq məqsədi güdə bilər. Təkcə Azərbaycan tamaşaçısına deyil, mübadilə yolu ilə dünya televiziya bazarına çıxmaq lazımdır. Bu pul quyuya atılan pul olmasın. Özünü doğrultsun. Elə edək ki, gəlir əldə edə bilək, onun hesabına da başqa işlər görə bilək. İlk təşəbbüs kimi gözəl təşəbbüsdür. Amma 5 milyonu verməklə iş bitmir. Proqram olmalıdır, o proqram əsasında iş görülməlidir.

Ə.Ə.--Məncə, bizim tamaşaçıya məişət mövzusu daha yaxındır. Özü də bu mövzular gözəl süjetlə, personajlarla zəngin olmalı, maraqlı hadisələr üzərində qurulmalıdır. Yəni hamı bilir ki, serial böyük sənət deyil, amma serial əyləndirici olmalıdır. Əylənmənin özü də keyfiyyətli olmalıdır. Mən demirəm ki, bizim seriallar Braziliya serialları kimi olsun. Amma Türkiyə seriallarına yaxınlaşsa, daha yaxşı olar. Məişət mövzusunun maraqlı qurulması üçün isə yaxşı ssenari lazımdır. Bu iş özfəaliyyətə yox, peşəkar dramaturqlara, ssenaristlərə tapşırılmalıdır.

R.M.--İndi mövzular çoxdur. Qabaq senzura var idi, söz azadlığı yox idi. İndi göz önündə elə mövzular var ki, işləsələr, inanın ki, xalqımıza da, dövlətimizə də xeyir gətirər. Məsələn, narkomaniya mövzusunda elə gözəl ssenarilər yazmaq olar ki. Elə insanların övladları o xəstəliyə düçar olurlar ki... Kim onları bu dərdə salır? Bu çox böyük mövzudur. Onun maraqlı ssenari ilə canlandırılması fayda verərdi.

Aygün Aslanlı
İ.ƏFƏNDİYEVİN, S.QƏDİRZADƏNİN ƏSƏRLƏRİ SERİALA UYĞUNDUR

A.A.—Başlanğıc üçün Azərbaycan yazıçılarının əsərlərinə müraciət etmək olardı. Məsələn, sovet dövründə yaşamış yazıçılar—Salam Qədirzadə və İlyas Əfəndiyevin əsərləri seriala çox uyğundur. Əsl serial süjetləridir. Daha rahat olması üçün onlardan başlamaq olardı.

S.T.—Adətən, serial üçün ailə-məişət, sevgi-məhəbbət mövzusu əsas götürülür. Bizdə də belə etmək olar. Ailə-məişət, uşaq problemləri, narkomaniya və s. Bizdə o qədər mövzular var ki, heç zaman qıtlıq olmayacaq...

ANCAQ DÖVLƏT TELEVİZİYASI SERİAL ÇƏKƏ BİLƏR

--Azərbaycan TV-lərini serial istehsalına nə dərəcədə hazır saymaq olar?

R.H.- Söhbət mənim çalışdığım Azərbaycan Dövlət Televiziyasından gedirsə, onun maddi-texniki bazası serial çəkməyə imkan verir. Amma mən inanmıram ki, o biri telekanallarda, ya da hər hansı prodakşnda belə şərait olsun. Yaradıcı potensial baxımından ölkədə teleserial istehsal edən bir qurum tanımıram. İlk növbədə prodüserlər institutunu möhkəmləndirmək lazımdır. Onlar həm ssenari, həm də maliyyə məsələlərində səriştəli adamlar olmalıdır.

Ə.Ə.—Hesab edirəm ki, bizdə heç bir televiziya kanalı serial çəkməyə hazır deyil. Bunun üçün baza lazımdır. Komandanı yığmaq lazımdır. Peşəkarlar yığılmalıdır. İlk dövrlərdə xaricdən mütəxəssislər dəvət etmək olar. Özümüzdə də işləyə biləcək rejissorlar gərəkdir. İlk növbədə yaradıcı nəfəs olmalıdır. Yaxşı seçim etməyi bacarmaq lazımdır.

R.M.—Mən deməzdim ki, bizim TV-lər hazırdırlar... Çünki onların çəkdiyi seriallar o səviyyədə deyil. Mövzu baxımından da alınmır, yeyilmir. İnsanlar baxır Amerikanın, Braziliyanın, Çilinin, Türkiyənin, İranın seriallarına. Onlar çox üstələyirlər bizi. Yaxınlaşa bilmirik onlara...

ÇOX GEC QALMIŞIQ!

Ramiz Məmmədov
A.A. --Hazır saymaq? Məncə, çox gec qalmışıq! Dünyada teleserial elə bir səviyyəyə çatıb ki! Artıq serialları kinolentə çəkirlər. İntellektual, elmi seriallar deyilən ayırmalar, fərqlənmələr yaranıb. Bizdə isə heç əsası qoyulmayıb. Bircə keçən ildən «Xəzər TV»də göstərilir...

S.T.—Ötən həftələrdə mən bir yazı yazmışdım və qeyd eləmişdim ki, bu sahədə biz naşıyıq. Bir əlin barmaqları sayda da serialımız yoxdursa, hansı hazırlıqdan danışa bilərik? Azərbaycanda serial deyəndə, ağla «Aramızda qalsın» gəlir. Onu da tam köçürülməsi xəbəri çıxdı. Yadınızdadırsa, Türkiyədəki «Cocuklar duymasın» serialının rəhbərliyi bir bəyanat vermişdi, məhkəmə ilə hədələmişdi. Yəni gözəgələn serialımız belə kopyadırsa, demək, bu sahədə naşıyıq. Ssenaristlərimizin, aktyorlarımızın bəzi hissəsi ölkədə yoxdur, bəzisi başqa sahədə çalışmalı olublar. Serial biznes sahəsidir. Yaxşı kadrlarsız çətin olacaq. Əsas təcrübədir. Peşəkarlar dəvət etmək, Türkiyə-Azərbaycan ortaq layihələr reallaşdırmaq, Rusiya kanallarının təcrübəsindən yararlanmaq lazımdır.

--Sənədli, yoxsa bədii seriallara üstünlük verilsin?

R.H.—Hər iki istiqamətdə iş aparılmalıdır. İnformasiya bolluğunda yaşasaq da, bəziləri, xüsusən gənclər kitab oxumur. Maarifçi proqramlar ortaya qoyulmalıdır. İstər bədii, istər sənədli istiqamətdə.

TAMAŞAÇI HƏMİŞƏ HAQLIDIR

Ə.Ə.--Bədii seriallara maraq daha böyükdür. İstər sənədli, istər bədii serial keyfiyyətli olacaqsa, onun tamaşaçısı da olacaq. Ancaq mövzudan konyuktura kimi istifadə etsək, tamaşaçı ona baxmayacaq. Tamaşaçının zövqünü bilən dramaturq, rejissor, televiziya lazımdır. Tamaşaçı həmişə haqlıdır. Mən Türkiyənin «Möhtəşəm yüzil» serialını nümunə göstərərdim. Böyük sənət nümunəsi olmasa da, gözəl rejissor işi, yaxşı aktyor oyunu, keyfiyyətli ssenarisi var. Bu serial özünü doğruldur. Məsələyə ciddi yanaşma var. Amma əyləncə xüsusiyyəti onda daha güclüdür.

R.M.—Ancaq bədii serial çəkilsin. Sənədliyə nə var? Xronikadan götürürlər, çəkirlər. Yaxşı mövzu ola, xalqa xidmət edən mövzu ola, daha cəfəngiyat yox!

--Ramiz müəllim, Sizcə bu seriallar aktyorlara nə gətirəcək. Məsələn, Siz özünüz bu işdə maraqlısınızmı?

-- Əlbəttə, mən maraqlıyam. Amma bazar iqtisadiyyatıdır. Gərək aktyora pul verəsən. Gecə yatma, gündüz yatma, vaxtında yemə, rejissorun dediyini elə, buna qiymət verilməlidir. Görürsünüz, Amerikada bir filmə çəkilən aktyor
Sevinc Telmanqızı
5-10 milyon pul qazanır?

--Bilirəm, daha artıq alanlar da var. Sizə nə qədər bəs edər?

--Baxır çəkiliş gününə, yükün ağırlığına... Hər şeyi nəzərə alıb müəyyən qənaətə gəlmək olar.

BƏDİİ SERİALLAR ÇƏKİLSİN!

A.A.— Tamaşaçı toplamaq üçün bədii seriallar yaxşı olardı. Sənədli serialla tamaşaçı yığmaq Azərbaycanda çətindir. Həm də, ölkənin əhalisi azdır. Reklam verilməsi, populyarlıq qazanması baxımından xüsusi üzlər lazımdır. Peşəkar aktyorlardan daha çox üzlər. Tamaşaçının baxıb-bəyəndiyi, gözəl, xarizmatik üzlər, simalar lazımdır. Odur ki, daha çox bədii seriallara üstünlük verilməlidir.

SƏNƏDLİ SERİALLAR OLSUN!

S.T.—Məncə, bizdə bədii seriallar başlı-başınadır. O, daha böyük əziyyət, potensial tələb edir. Start kimi sənədli serial daha məqsədəuyğun olardı.
XS
SM
MD
LG