Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:56

Yusif Səmədoğlu "Bayatı-Şiraz" (Hekayə)


Tavanı tələm-tələsik krantda yuyub Səbzəli dayı bir yumurta sındırdı. (Bir yumurtadan artıq yeyə bilməzdi, həkim qadağan eləmişdi.)

Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı.

Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı…

Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya yağ salaydı, sonra yumurta. Yağ tamam yadından çıxmışdı.

Hirsləndi, ürəyində «cəhənnəmə ki!» deyib yağ qabını götürdü, tavaya bir qaşıq yağ qoydu, qazı yandırdı.

Siftə tikəni ağzına aparan kimi hiss elədi ki, yumurtanın ağı bişib, amma sarısı soyuqdur. İkinci dəfə «cəhənnəmə ki!» dedi.

Gəlib restorana çatana qədər yolboyu azı beş dəfə «cəhənnəmə ki!» dedi.

Restoranın seyf qapısı kimi ağır qapısını açanda ürəyi başladı döyünməyə.

Çünki yadından çıxmışdı, bilmirdi qazı bağlayıb, ya yox. Amma daha «cəhənnəmə ki!» deməyə hövsələsi çatmadı, içəri girdi, asılqanın sağ tərəfinə, restoran işçilərinə məxsus hissəsinə keçdi, paltosunu çıxarıb asdı.

Vestibüldə, güzgü qabağında dayanıb saçlarını darayan gözəl bir qadına müştəri gözü ilə baxıb köksünü ötürdü. Sonra zümzümə eləyə-eləyə yuxarı, ikinci mərtəbəyə qalxdı.

Kök əllərini dizləri üstə qoyub, dəhlizin bir küncündə oturmuş xidmətçi arvad Fatma xalanı gördü. Səbzəli dayı Fatma xala ilə salamlaşdı, ondan saatı soruşdu.

Fatma xala dedi ki, yeddinin yarısıdır. Səbzəli dayının hələ yarım saat vaxtı vardı. Buna görə də sola dönüb Movses Sergeyeviçin yanına getdi.

Movses Sergeyeviç kişi tualetinin əl-üz yumaq üçün ayrılmış balaca, işıqlı, güzgülü otağında, divara bitişik qoyulmuş enli stolun yanında dayanmışdı.

Stolda səliqə ilə bükülüb üst-üstə yığılmış ağ dəsmallar, iki şüşə bahalı odekolon və papiros-siqaret vardı. Səbzəli dayı astanada görünən kimi Movses Sergeyeviç əlini yuxarı qaldırdı.

- Axşamın xeyir, Səbzəli dayı! – dedi, dirsəyindən tutub silkələdi, - Əhvali-şuma?

Səbzəli dayı:

- Kamas-kamas, - dedi, sonra çiyinlərini çəkdi, yəni necə olacaq? Stolun yanındaca, söykənəcəyi bir-iki yerdən yırtılmış meşin kresloda əyləşib davam elədi: - Yarım saat bundan qabaq qayğanaq yemişəm, indi ödüm ağzıma gəlir. Dedim bu gün evdə yeyim gedim işə. Bilmirəm ördək yumurtasıymış, hinduşka yumurtasıymış… Nə bilim, əşşi!

- Sən onu deyirsən. Bir gözlərimin altına bax! – Səbzəli dayı baxdı: Movses Sergeyeviçin yaşıl gözləri altında yenə noxud boyda şişlər əmələ gəlmişdi. – Bu gecə səhərəcən ilanvuran yatıb, mən yatmamışam, - deyə Movses Sergeyeviç yazıq-yazıq Səbzəli dayıya baxdı.

Səbzəli dayı dedi:

- Sən heç olmasa dərdini bilirsən, bilirsən ki, böyrəyində daş var. Mən neynim? Yumurta yeyirəm, ajoq oluram, ət yeyirəm, ajoq oluram, Allahın quru çörəyini yeyirəm, genə ajoq oluram. Mənim işim qalıb Allaha. Gətirməyəndə gətirmir buna deyiblər!

Movses Sergeyeviç aşağı əyilib, stolun orta yeşiyindən filtirli siqaret çıxartdı, Səbzəli dayıya verdi.

- Ala çək, bolqarskidir. Əsl Samsun tütünüdür. Dərd çəkincən papiros çək.

Səbzəli dayı siqareti götürüb barmaqları arasında övkələdi, yarısından çoxunu qırıb zibil yeşiyinə tulladı, başını tərpətdi.

- Çox olar mənə, - dedi, - ürəyim də sən deyən döyül, gup-gup atır.

Siqareti yandırdı, boğazını arıtlayıb çəkməyə başladı. Sifətində qəribə ifadə vardı: elə bil dadlı bir şey yeyirdi. Birdən Movses Sergeyeviçdən soruşdu:

- Sən bilən, bu yay dava başlamaz ki?

Görünür, Movses Sergeyeviç Səbzəli dayının belə qəfil suallarına öyrəncəli idi. Buna görə də müharibə haqqında çoxdan danışırlarmış kimi, aram-aram Səbzəli dayının cavabını verdi:

- Başlamaz, inşallah… yaponlar qəmiş olmasa.

- Yox, bu, yapon girən kol döyül. Başlasalar amerikanlar başlayacaq.

Movses Sergeyeviç əlini oynatdı.

- Ay-hay! Sənin dünyadan xəbərin yoxdur. Buna Yaponiya deyərlər. Elə ki, görəcəklər ara qarışdı, salacaqlar özlərini ortaya. Elə bilirsən Yaponiyanın atomu yoxdur! Lap çoxdan var. Qırx beşinci ildə amerikanlar ora üç bomba atıblar. İkisi partlayıb, biri yox. Həmin o partlamayanı yaponlar götürüb veribər öz alimlərinə. Onlar da açıb sekretini tapıblar… Baş tapdın? Bunları mən özümdən demirəm, adam var, o danışır.

Səbzəli dayı soruşdu:

- Sən bilən bir bomba neçəyə başa gəlir? Atomu deyirəm…

- Köhnə pula düz bir milyon iki yüz minə.

- Mən ölüm?

Movses Sergeyeviç başını tərpətdi.

Bir milyon iki yüz min. Səbzəli dayının ajoqu qurtardı. Fikirləşdi ki, onun bir milyon iki yüz mini olsa neylər?! Heç nə!

Bir belə pulu xərcləyib qurtarmaq olmaz ki! Yox, niyə? Xərcləyərsən, lap canını da alarsan! Əvvəlcə otağı əməlli-başlı düzəldərəm, dəlmə-deşiyini tutaram. Divarları eləyərəm aboy, sarı rəngdə.

Bir taxta çarpayı alaram, əlasından, importnı. Bir dənə də samovar alaram, dədə-baba samovarından, iki vedrəlik.

Bəs sonra? Hə, canım sənə desin... Alaram özümçün bir dəst kostyum, üç düyməlidən. İki cüt yalınayaq çəkmə, ikicüt neylon köynək, uzunqol… Daha nə? Hə, tokla işləyən ütü, mütləq lazımdır. Bəs radio? O da mütləq, vəssalam.

Qalanın qoyaram əmanət kassasına. Yox, o qədər pulu əmanət kassası götürməz. Hamısını edərəm qızıl, saxlaram yanımda.

Xərclərəm özümçün yavaş-yavaş. Amin, ya rəbbül-aləmin! Şükür verən gününə!

Səbzəli dayının gözləri qabağına təzəcə təmir olunmuş «kukla» kimi göyçək otaq gəldi. Taxta çarpayını da gördü.

Gördü ki, Movses Sergeyeviç qonaq gəlib, samovar pıqqapıqla qaynayır, çarpayıda bardaş qurub oturub ordan-burdan söhbət eləyirlər, televizora baxırlar. Bayırda da qar dizəcəndir. Bəh-bəh!

Bu, birinci dəfə deyildi. Həmişə pul söhbəti, özü də az pul, on-on beş manat yox, çox pul, miqdarı yüz mini, milyonu aşan pul söhbəti Səbzəli dayının beynini yerindən oynadırdı.

Başqa vaxt kefi duru olanda belə nə qədər əlləşirdisə, nə qədər hıqqanırdısa yaxşı, ürəkaçan bir şey xatırlaya bilmirdi.

Elə bil ömrü yarısı olan xatirələr, keçmiş günlər birdəfəlik onunla şərt kəsmişdilər: bizi havayı çağırma, gələn deyilik…

İndi də Movses Sergeyeviç nəsə danışırdı, uzun qollarını oynada-oynada nə isə mühüm bir şeyi ona başa salmaq istəyirdi, amma Səbzəli dayı zahirən özünü qulaq asırmış kimi göstərsə də, fırlanıb-fırlanıb elə keçmişə qayıdırdı.

Əvvəla, orda, keçmişdə adamı «ajoq» eləyən yumurtanın qayğanağı yox idi. Orda təzə qoyun əti, qatıq vardı, süd vardı.

Orda qaz yanmırdı. Quyunun yanında, meh tutan yerdə balaca ocaq qalanmışdı.

Bürkü olanda tüstüsü burula-burula yuxarı qalxıb, qarağacın budaqları arasından süzülüb ulduzların yanına gedirdi.

Orda Movses Sergeyeviçin tövşük səsi, Yaponiya barədə, Karlsbad duzu haqqında uzun-uzadı söhbətləri də yox idi… Bir səs hərdən iki-üç kəlmə deyirdi: «Qurban olum, get yat».

O biri səs: «Ədə, nə zırrama adamsan, get yat demirlər sənə!» Səbzəli dayının öz səsi: «Yuxum gəlmir». Sonra yenə birinci səs: «Dəymə uşağa, qoy otursun…» Bu səsin şirin dadı indiyə kimi Səbzəli dayının damağında qalmışdı.

Bu, bir milyon iki yüz minin təxminən üç yüz mini. Yerdə qalır doqquz yüz mini… Gilavar, xəzri əsəndə hovuzun suyunda əks olunan ulduzlar bir-birinə qarışıb yox olurdu.

Səbzəli dayıya elə gəlirdi ki, ulduzları ikibir-üçbir udan hovuzdakı qızıl balıqlardır, külək dayanan kimi yenə suya buraxacaqlar.

Hovuzun üstündə, iri məcməyinin içində anası həmişə üzüm saxlardı. Səbzəli dayı bir salxım götürüb, hər gilədə axşam şehinin sərin təmasını hiss edə-edə üzüm yeyərdi. Sonra yenə səs gəlirdi:

«Ədə, ay uşaq, ay Səbzəli, ay ciyəri yanmış gəl yat!»

O biri səs: «Tez ol, qulyabanı gəlib yeyəcək səni».

Səbzəli dayı əllərini qoşalayıb ağzına aparırdı, qışqırırdı: «Yeməz!»

Doğrudan da nə o gecə, nə də ondan sonrakı gecələr qulyabanı Səbzəli dayını yemirdi...

Həyətin o başında yatırdı. Amma Səbzəli dayı qorxmurdu, gecələr ora da gedirdi. Oturub ayaqlarını quma basdırırdı.

Günorta ocaq kimi qızıb isti püskürən qum, axşamlar, gün batandan sonra soyuyub bumbuz olurdu. Səbzəli dayının cavan xalası deyirdi ki, gecələr odabaşı cəhənnəmdə tiyanları söndürür, ona görə qum soyuyurdu.

Anasından da çox istədiyi xalasının səsi Səbzəli dayının yadında deyildi: bu səs elə yerdə gizlənmişdi ki, üzə çıxması üçün azı iki milyon lazımdı…

Vaxt azdı. Çox azdı. Movses Sergeyeviçin yanında oturub, bir milyon iki yüz mini yavaş-yavaş, ləzzət çəkə-çəkə xatirələrə xırdalamaq üçün Səbzəli dayının vaxtı yox idi.

Səkkiz dəqiqədən sonra o, restoranın nağara təkin dəyirmi səhnəsinə çıxıb kontrabasını kökləməli idi.

Düz yeddi tamamda bədii rəhbər klarnetçi Adıgözəlin işarəsi ilə dörd nəfərlik estrada «orkestrosu» öz çıxışına başlamalı idi.

Qurban olum Kərəminə, ya imami-zühur! Düz iyirmi üç il hər axşam hıqqına-hıqqına səhnəyə çıxmaq, saat yeddidən on birə kimi kontrabas çalmaq olar?

Buna can davam edər? Sonra da şikayət eləyirsən ki, nə bilim ajoq olmuşam, ürəyim döyünür. Döyünər də!.. Görəsən, bu dünyanın işi niyə belə tərsə-mayallaq qurulub?

Yəni Allah-taala niyə birinə can deyir, o birinə zəhrimar! Görürsən ki, birinə hər şey verir: maşın, qulluq, kalan pul, gül kimi arvad-uşaq, deyir yaşa özünçün. O birisinə də deyir sən get, ördək yumurtası yeməyə, sənin alnına yazmışam ajoq.

Get otur Movsesin yanında, ayaqyolunda, çək Samsun tütününü, şükür elə ki, soxulcan xəlq olunmamısan. Uzun sözün qısası: öl, necə ki, ölürsən…

Səbzəli deyərdi ki, oğlumu oxutdurub narkom eləyəcəyəm. Anası da deyərdi «Allah qoysa». Bir nənəsi heç nə deməzdi.

Başını bulaya-bulaya burnunun altında deyinərdi. Səbzəli dayının nənəsinin narkom tayfasından zəhləsi gedərdi.

Bundan başqa, atası deyərdi ki, adam gərək bir işdən yapışanda möhkəm yapışsın, kişi olan kəs gərək işləsin, daşdan pul çıxartsın, nə bilim daha neyləsin. Amma nə atası deyən oldu, nə anası deyən.

Səbzəli dayının hələ səkkiz yaşı tamam olmamışdı ki, evlərinə vay-şüvən düşdü, qapıları açıq qaldı. Bir-birinin dalınca əvvəlcə nənəsi, sonra atası, lap sonra da anası öldü.

Çox-çox sonralar Səbzəli dayının özünün dediyi kimi, əhvalat beş ayın müddətində vaqe olub qurtardı. Səbzəli dayı köçdü xalasıgilə. Gecələr xalası ağlayanda Səbzəli də durub ağladı, xalası toxtayanda o da toxtadı.

İlk günlər Səbzəli dayı xalasıgildə durra bilmirdi, evlərinə qayıtmaq istəyirdi, ağlayıb, sısqayıb, iki ayağını bir başmağa dirəyib dönə-dönə xalasına yalvarırdı ki, apar məni evə.

Xalası da onu qorxuzmaq, birdəfəlik bu fikirdən döndərmək məqsədi ilə deyir evə qayıtsan, Əzrayıl gəlib səni aparacaq, necə ki, nənəni, atanı və ananı apardı.

Amma Səbzəli dayı nə qədər çalışırdısa heç cür təsəvvür eləyə bilmirdi ki, onun atası kimi yekəpər, ağır adamı Əzrayıl necə qoltuğuna vurub aparıb…

Bəs necə oldu ki, Səbzəli dayı kontrabas çalmağa başladı? Bu, uzun və xoşagəlməz əhvalatdır. Soruşanda cavab verir ki, hər adamın alnına bir şey yazılır.

Mənim də alnıma bu yazılıbmış… Yazılıb ki, sən gərək kontrabas çalasan, çünki yazıya pozu yoxdur.

Sonuncu sözləri, deyəsən, Movses Sergeyeviç dedi. Səbzəli dayı kirpiklərini aralayıb təəccüblə ona baxanda Movses Sergeyeviç başını tərpətdi, davam elədi:

- Bəs necə, - dedi, - elə bilirsən adam yazıdan qaça bilər? Bax bura – o, şəhadət barmağını bir neçə dəfə alnına vurdu, - bu şoğəribə nə yazılıbsa olur. Qalan şeylərə inanma. Əgər yazılıbsa ki, bu yay müharibə olacaq, onda demək olacaq.

- Hə, - deyə Səbzəli dayı uzatdı.

Sonra «Allah eləsin, müharibə olmasın, cavanlar yazıqdır» deyə fikirləşdi.
Ötən müharibə başlananda Səbzəli dayının otuz bir yaşı vardı.

Qırx ikinci ilin əvvəlində onu hərbi komissarlığa çağırdılar. Şələ-küləsini yekə bir kisəyə yığıb, kisəni də dalına alıb getdi.

Hərbi komissarlığa çatanacan yolda bir-iki dəfə ayaq saxladı, istədi getməsin, aradan çıxsın, amma yadına düşəndə ki, dezertrləri iyirmi dörd saatın ərzində harda olsa tapırlar, ağaca bağlayıb güllələyirlər, fikrindən vaz keçdi.

Qorxa-qorxa, özünə, dünyaya lənət oxuya-oxuya yola düzəldi.

Komissarlığın qaranlıqtəhər, taxtalı-şalbanlı həyətinə girəndə yenə ayaq saxladı, orda-burda, küncdə-bucaqda ikibir-üçbir dayanmış başı qırxıq cavanlara baxdı. Baxdı və həmin saniyə içərisinin od tutub yandığını hiss elədi.

Səbzəli dayının birinci «ajoq»u hərbi komissarlıqda başladı.

Onu həkimin yanına göndərdilər. Həkimin sərəncamı ilə Səbzəli dayı soyuyub oldu lüt anadangəlmə.

Əyildi, qalxdı, kök, şişman həkim qarnını onun qarnına söykəyib ürəyinə qulaq asdı. Səbzəli dayını taxta uzadıb ciyərini, dalağını yoxladı, üz-gözünü turşudaraq başını buladı. «Sən braksan, - dedi, - səndən adam olmaz».

Səbzəli dayı kisəsini dalına alıb tez-tələsik evə qayıtdı. Cəmi səkkiz yumurtası vardı, beşini aparıb elə həmin gün Ətağaya nəzir verdi.

Sonra üç gün evdən eşiyə çıxmadı. Qorxdu ki, birdən yekəqarın həkim fikrini dəyişər, adam göndərib Səbzəli dayını təzədən apartdırar hərbi komissarlığa, ordan da basarlar birbaş davaya.

Səbzəli dayı davaya getmək istəmirdi, heç istəmirdi. Çünki bilirdi, əmin idi ki, elə birinci gün onu vurub öldürəcəklər. İndi Səbzəli dayı dünyada iki şeydən qorxurdu: bir Əzrayıldan, bir də faşistdən…

Məhəllədə danışırdılar ki, sovet əsgərləri almanların əlinə düşən kimi bir-bir tutub süngüyə keçirirlər. «Allah, özün uzaq elə, - deyə Səbzəli dayı fikirləşdi. – Mən yazığın başından qada-balanı uzaq elə, qoyma bu cavan vaxtımda qara torpaq udsun məni».

Amma qada-bala çox da uzağa getmədi. Qırx üçüncü ilin ortalarında Səbzəli dayını tutdular. Milis gəlib Səbzəli dayını rayon şöbəsinə apardı.

Orda onu çox saxlamadılar, bir soldata qoşub tamam ayrı yerə, şəhərin o başına göndərdilər.

Səbzəli dayı qurumuş boğazını minbir əzabla arıtlaya-arıtlaya güxlə soruşa bildi: «Məni hara aparırsan?» Soldat dedi: «Molçi, doxodyaqa!» Səbzəli dayı soldatın qara çəkmələrinə baxa-baxa, çəkmələrin dünənki yağışdan qalmış lehməli gölməçələrdə əmələ gətirdiyi şappıltını dinləyə-dinləyə getdi.

Səbzəli dayını soldat içəri ötürəndə müstəntiq stol arxasında oturub gülə-gülə telefonla danışırdı. Bir azdan telefonun dəstəyini yerinə qoydu, iki əlini qoşaladı, çənəsinə dirədi və ayaq üstə dayanıb kiprik çalmadan onu baxan Səbzəli dayıdan soruşdu:

- Hə, deməli, gəlir, hə?

- Kim gəlir? – Səbzəli dayının səsi elə bil qəbirdən çıxdı.

Müstəntiq gülə-gülə:

- Şoşkə oğlu Ağabala, - dedi, necə yəni kim? Daydayın…

- Mənim dayım yoxdur.

Müstəntiq gözlərini bərəltdi.

- Adə, - dedi, - utanmırsan yalan danışırsan? – Sonra stolun yeşiyindən bir əzik-üzük şəkil çıxarıb Səbzəli dayıya göstərdi. – Bəs bu kimdir, dayın deyil!

Səbzəli dayı şəkli görəndə ayaq üstə olsa da dik atıldı, şəkil Hitlerin şəkli idi.
Müstəntiq dedi:

- Adam yalan danışmaz. Sən Sovet hökumətini aldatmaq istəyirsən. Biz hər şeyi bilirik. Deməli, yolunu gözləyirsən, hə? Deməli, camaat orda, frontda qanını tökürr, müqəddəs vətənimizi müdafiə edir, sən də burda panika yayırsan, hə?
Səbzəli dayı məsələnin nə yerdə olduğunu anladı. Dili birdən açıldı, başa düşdü ki, danışmalıdır, mütləq özünü müdafiə etməlidir.

- Vallah mən heç nə deməmişəm, Allaha and olsun heç nədən xəbərim yoxdur. O gün məhəllədə uşaq-muşaq danışırdı ki, Hitler qoşununu Bakıya göndərmək istəyir. Mən də onların ağzından vurdum, dedim utanmırsız belə axmaq şeylər danışırsınız? O ki qaldı Hitlerin məsələsi, onu Kərimin oğlu Qulyabanı Həsən deyirdi! Vicdan haqqı! Mən bəgəm başa düşmürəm?! Yoldaş Stalin özü əmr eləyib ki, kim Bakını Hitlerə versə tutub güllələsinlər. Əgər bilmək istəyirsiz mən bir-iki dəfə quleybanı Həsənin üzünə də tüpürmüşəm belə-belə sözlərin üstündə. Bütün məhəllə, Allah şahiddir, vallah, mənim heç nədən xəbərim yoxdur. Dayı nədir? Allah onu vurmuşdu o mənim dayım olsun! Zəhləm onun sir-sifətindən gedir. Özüm neçə dəfə davaya dabrovol getmək istəmişəm, aparmayıblar. Həkimlər qoymayıb. Dayı ha? Qohum-əqrabadan bir xalam vardı, o da bu yaxında rəhmətə gedib. Vicdan haqqı düz deyirəm. Hələ ili çıxmayıb. Dayım-zadım anadangəlmə olmayıb. Atamın goru haqqı düz deyirəm. Hitler nemes, mən müsəlman. O hara, mən hara! Kül qoyum onun başına… Adama da oxşamır. Mən zadı…

Müstəntiq əlini qaldırıb onun sözünü kəsdi: lap vaxtında elədi, çünki Səbzəli dayının daha deməyə sözü qalmamışdı.

- Qurtar! Hitlerin də atası belə-belə olsun, sənin də.

- Olsun, olsun…

- Nə olsun?

- Gorbagor.

- Adə, öz atana deyirsən?

- Mən demirəm, siz dediz.

- Sən kişi olsaydın, mən elə deyəndə qoyardın bir dənə əngimə!

- Allah eləməsin.

- Yaxşı, qurtar.

- Baş üstə.

Səbzəli dayı başını aşağı saldı. Qaldıranda gördü ki, müstəntiq bığını eşir. Uzun şeşə bığları vardı. Bayaq soldat onu itələyib içəri ötürəndə Səbzəli dayı ilk nəzərdən elə bilmişdi ki, onu Budyonnunun yanına gətiriblər.

Lap qorxmuşdu. Yalnız müstəntiqin telefonla təmiz Azərbaycan dilində danışdığını eşidəndə ürəyi bir az sakit olmuşdu. «Necə olsa öz müsəlmanımızdır, çox əziyyət verməz mənə».

Müstəntiq ona əziyyət verməsə də, işi elə gətirdi ki, düz bir həftədən sonra Səbzəli dayıya iş kəsdilər.

Dörd il. Kontrabas çalmağı da Səbzəli dayı qazamatda öyrəndi. Bədii özfəaliyyət dərnəyində.

Əgər əvvəllər Səbzəli dayı iki şeydən – Əzrayıldan və davadan qorxurdusa, indi bu qorxunun üçüncüsü də artdı.

Qazamat. Qazamatın adamın sümüklərini şaqqıldadan zirzəmi soyuğu, dustaqların içində hər addımbaşı rast gəldiyi anasının əmcəyini kəsənlər, gündə bir dəfə içdiyi, əncir şirəsi kimi bulanıq olan horra, ağac göbələyitək rütubət qoxuyan çörək və sair bu kimi adamın ömrünü gödəldən şeylər.

Bütün bunların ucbatından Səbzəli dayı başladı günbəgün, saatbasaat ət töküb arıqlamağa. Arıqladı, arıqladı, oldu bir dəri, bir sümük. Ac toyuq yuxusunda darı görən kimi o da gecələr yuxuda qoyun əti gördü, aş yedi, ayran içdi…

Baxtı onda gətirdi ki, qazamata düşdüyü gündən təxminən altı ay sonra orda özü kimi bir müsəlmana rast gəldi. O da Bakıdan idi. Cəbrayıl. Elə birinci gün Səbzəli dayıya dedi ki, sən mənə Cəbi de.

Sonra göz vurub əlavə elədi: «Fikir eləmə, nə qədər mən varam qoymaram sənin başından bir tük də əskik ola. Nöşün ki, mən blatnoyam, istəsəm bağırsaqlarını tökərəm bayıra».

Yekəpər, hərəkətlərində ağır, qızıldiş bir kişi idi. O, qazamata gələn gündən Səbzəli dayı başladı qram-qram, misqal-misqal kökəlməyə. Amma çox kökəlmədi.

Çünki necə olsa işləyirdi, az yatırdı, hələ üstəlik işdən sonra qızıldiş Cəbinin ayaqlarını yuyurdu.

Cəbinin kefi duru olanda Səbzəli dayıya deyirdi: «Sənə qurban olum, çiynində gedim».

Qazamatda bədii özfəaliyyət dərnəyi vardı. Yeddi nəfərdən ibarət. Qalan dustaqlar səhər alaqaranlıqda yola düzəlib gedirdilər ağac mişarlamağa, odur yarmağa. Onlar işdən qayıdanda sıra ilə düzəlib başlayırdılar marş çalmağa.

Günlərin bir günündə qızıldiş Cəbi orkestrin rəhbərini yanına çağırıb dedi mənim qardaşıma, yəni Səbzəli dayıya bir iş ver. Üstəlik başına bir qapaz da vurdu ki, dediyi sözlər orkestr rəhbərinə tez çatsın.

Bu qapazdan sonra orkestrin rəhbəri Səbzəli dayı ilə oldu canbir qəlbdə. O gündən Səbzəli dayı orkestrdə kontrabas çalmağa başladı. Çünki başqa alət yox idi. Ancan kontrabas qalmışdı.

Bu minval ilə Səbzəli dayı gündüzlər kontrabas çalmaq öyrəndi, axşamlar Cəbinin ayaqlarını yuyub ona dua oxudu.

Gecələr isə bardaş oturub onun oxuduğu mahnıları dinlədi. Cəbinin gözəl səsi vardı, ələlxüsus pəsdən oxuyanda adamın tükləri biz-biz olurdu.

Bayıl türməsindən min beş yüz nəfər,
Göndərirlər bizi Sibirə tərəf.
Amandır, amandır, anam, ağlama,
Ölməmişəm, sağam, bacım ağlama.

Söhbətləri mahnılarından da ləzzətli idi.

Barakın axşam qaranlığında Səbzəli dayı sulanan gözlərini onun ağzında papiros kimi közərən qızıl dişdən çəkməyərək diqqətlə, ləzzət apara-apara qulaq asırdı.

Cəbinin danışdığı əhvalatlar, nəql elədiyi vaqiələr elə bil heç bu dünyada, Səbzəli dayının ömür sürdüyü torpaq üstündə baş verməmişdi.

Haradasa çox-çox uzaqlarda, ola bilsin, lap ayrı ulduzlarda olmuşdu. Banklardakı atışmalar, qızıl onluqlar, Nikolay yüzlükləri, nə bilim daha nələr barədə gedən söhbətlər Səbzəli dayıya davadan çox-çox qabaq xalasının təkidi ilə içdiyi iştaha dərmanı kimi təsir edirdi.

Canını xoş, sümüklərinin donunu açan bir qızdırma tuturdu. Bu söhbətlərdən sonra o öz yerinə girib, adyalı başına çəkəndə də, hələ uzun müddət qulaqlarında qızıldiş Cəbinin səsini eşidirdi: Odessa, Batum, Leninqrad, Soçi…

İlk dəfə milyonları, yüz minləri, yeşiklə qızıl onluqları xatirələrə xırdalamağa da Səbzəli dayı qazamatda, yerinin içində adamın qulaqlarında cingilti qoparan sakitlik içərisində xəyallara daldığı vaxtlar başlamışdı.

Odessada yüz min –xalasının səsi, Batumda beş yüz min – nənəsinin səsi, Bakıda bir milyon – anasının səsi. Bir dəfə Cəbi o qədər pul saydı ki, Səbzəli dayı gecə yuxuda anasının məmələrini gördü, əmdiyi südün qoxusunu duydu.

Yuxudan ayılıb səhərə qədər qızıldiş Cəbiyə dua oxudu.

…Movses Sergeyeviç dedi:

- Səbzəli dayı, vaxtdır.

Ayaqyoluna bir kişi girdi, saymazyana onların yanından ötüb keçdi, bir azdan «ay mənim Arzu qızım» oxuya-oxuya geri qayıtdı, krantlardan birini açıb əlini yudu.

Sonra dedi:

- Usta müəllim, əlimizi odekolonla, görək başımıza nə gəlir.

Movses Sergeyeviç odekolonu götürüb onun əllərinə fısıldatdı, bir abbası alıb ağ pencəyinin döş cibinə saldı.

- Allah bərəkət versin, - dedi.

…Restoranın iri, işıqlı zalında bir uğultu vardı ki, elə bil vağzaldı. Neçə il idi ki, Səbzəli dayı bu restoranda işləyirdi, hər gün qara, nimdaş paltosunu geyib, maşından, avtobusdan ehtiyat etdiyi üçün yolunu xəlvət küçələrdən salıb «cəhənnəmə ki!» deyə-deyə bura gəlirdi.

Amma bütün bu illər ərzində o bu boğuq, payız zökəmi kimi labüd uğultuya öyrəşə bilməmişdi.

O, qeyri-adi büzüşürdü, zəhlətökən səs-küydən, insan gülüşündən gizlənmək, qorunmaq istəyirmiş kimi, başını sinəsinə əyib, restoranın qapısından səhnəyə qədər olan kiçik məsafəni qət edincə elə bil o dünyanı görüb qayıdırdı.

Bu gün şənbə idi, saat yeddidən stolların hamısı tutulmuşdu. Bu gün restoran da planı dolduracaqdı, Adıgözəl də.

Təxminən doqquzun yarısından ofisiantlar Adıgözələ sifarişlər gətirəcəkdilər. «Şələbiyyə», «Reyhan», «Dərələr», «Ay mənim Arzu qızım», tanqo, muğamat və sairə.

Hər sifarişdə də beş manat, üç manat, on manat. Düdəmə ol, baxtın olsun buna deyiblər.

Adıgözəl doqquzun yarısından başlayacaq cibişdanı doldurmağa, axırda hamıya beş, on verəcək, Səbzəli dayıya isə cəmi-cümlətani iki manat.

Çünki Səbzəli dayı solist deyil, yəni ki, Səbzəli dayı züy tutandır bir növ. Zalım oğlunun dini-imanı yoxdu. Özü hər yay arvad-uşağını Kislovodskiyə göndərir, amma Səbzəli dayı deyəndə ki, heç nə yeyə bilmirəm, dişlərimi saldırmağa pulum yoxdur, çiyinlərini çəkir.

Eybi yox! Pis günün ömrü az olar! İndi dövran sənindir, kef eləyirsən özünçün. Vaxt gələr, biz də deyərik sözümüzü, açarıq sandığımızı, tökərik pambığımızı…

Adıgözəlin bir qızı var, on dörd yaşında, doxsan iki kilodur zalımın qızı. Amma Səbzəli dayının altmış yaşı var, cəmi əlli doqquz kilodur.

Eybi yox! Mən sənin atanı elə yandırım ki, sən də bax...

Amma Səbzəli dayı yaxşı bilirdi ki, heç kəsin atasını yandıran deyil. Çünki həmin atasını yandırmaq üçün adamın gərək ya canı olsun, ya da dayısı. Şükür verən gününə, ya xudavəndi-aləm.

Orkest çalmağa başladı. «Yol ver bizə, mavi Xəzər». Restoranın uğultusu eşidilməz oldu: elə bil orkestrin səsi bu uğultunu yaxalayıb boğdu.

Səbzəli dayı arxadan Adıgözəlin yoğun peysərinə baxa-baxa, ürəyində onu söyə-söyə şəhadət barmağı ilə kontrabasın simlərini dartışdırırdı. Orkestrin piano çalanı Natan Zelmanoviç, pianonun not qoyulan yerinə iki dilim keks qoymuşdu. Həm çalırdı, həm də yeyirdi. «Sənə nə var, ey – deyə Səbzəli dayı fikirləşdi, - o boyda Amerika durub dalında, beşdə alacağın yox, üçdə verəcəyin. Bu gün də Adıgözəldən bir qırmızı onluq qapıb aparacaqsan evə».

Marş qurtardı. Adıgözəl ağır-ağır geri dönüb «vals» dedi. Orkestr başladı vals çalmağa.

Müharibə olsa yəqin ki, Adıgözəli aparardılar. Çünki cəmi qırx beş yaşı vardı. Süngüdən-zaddan soxsalar qarnına süngü sınar, vallah! O qədər piyin qabağında süngü davam edər?! Onun qənimi ancaq atomdur.

Düz kəlləsinin ortasına düşsə əncilə dönər. Bir milyon iki yüz min! Dədəm vay, gör bir pullar hara gedir…

Rəqs üçün ayrılmış dairəvi yerdə hələ ancaq iki nəfər oynayırdı.

Qız, deyəsən, Səbzəli dayının bayaq vestibüldə gördüyü qızdı. Sağ əlini oğlanın çiyninə qoymuşdu. Oğlan qımışa-qımışa onun qulağına nəsə pıçıldayırdı. «Yəqin bişirir» - deyə Səbzəli dayı fikirləşdi. Oğlan göyün yeddinci qatında idi. Olar da, niyə olmasın! Bu cür cananı alıb ağuşuna, hələ gör restorandan gedəndən sonra nə vurçatlasın başlayacaq…

Səbzəli dayı təsəvvüründə qızı soyundurdu, yumru daş kimi məmələrin ilıq təmasını sifətində hiss elədi: gördü ki, qız onun uzun, ətsiz burnunu məmələrinin arasına alıb sıxır... Qulaqlarında elə bil at kişnədi...

Tənəffüsdə Adıgözəllə Natan Zelmanoviç bir-birinə him-cim eləyib bufetə getdilər. Natan Zelmanoviç keksini də apardı. Gitara çalanla barabançı stullarını üzbəüz qoyub başladılar futbol söhbətinə.

Gitara çalan cavandı, olsa-olsa 22-23 yaşında olardı, həm də göyçək oğlandı. Restorana gələn qızlar, qadınlar hərdən məqam tapıb kişilərin çiyinləri üzərində, yan-yörələrindən ona baxırdılar. Bu baxışların adına Səbzəli dayı «gəl məni apar» qoymuşdu.

Bu açıq-saçıq «gəl məni aparlar» Adıgözəli cin atına mindirirdi, dalaş, qanıqaraçılıq düşəcəyindən, orkestrə söz gələcəyindən qorxurdu. Səbzəli dayı isə, əksinə ləzzət çəkirdi.

Çünki hər dəfə qızlar gitaraçalana baxanda Adıgözəlin balaca, bic gözləri hirsli-hirsli parıldayırdı. O əsəbləşirdi. Adıgözəl əsəbiləşəndə, özündən çıxanda isə bir qayda olaraq, klarneti xoruz buraxırdı.

Bir dəfə andıra qalmış klarneti elə bədheybət xoruz buraxmışdı ki, restorandakıların hamısı səhnəyə tərəf dönüb qaqqanaqla gülüşdülər. Bu hadisədən sonra düz üç gün Səbzəli dayı «ajoq» olmamışdı.

Səbzəli dayı hələ bayaq, Movses Sergeyeviçin yanında oturduğu zaman qərara gəlmişdi ki, birinci tənəffüsdə bufetə gedib əlli qram konyak içsin.

Movses Sergeyeviçin atom bombası barədə söhbətindən sonra atasının, nənəsinin, anasının, səsini eşidəndən sonra konyak mütləq lazım idi.

Adamın qanı niyə qaralır? Ona görə ki, adam yaşa dolduqca damarlarında qan başlayır qatılaşmağa və hüceyrələrin ki, maqniti azaldı, adam başlayır laxlamağa.

Hərdən, lap dilxorçuluq olanda bu bəlanın öhdəsindən ancaq konyak gələ bilər. Amma çox yox. Əlli qram. Çünki alışqana da benzini çox tökəndə görürsən ki, işləmir.

Adıgözəl əsbabəsi də yanında bufetə getdiyi üçün, Səbzəli dayı əlli qramlıq konyak həvəsindən vaz keçməli oldu.

İndi bufetdə qoyun ətinin lüləkababını yeyən Adıgözəlin qalın sarı bığları, qırmızı dodaqları, ağ dişləri və həmişə puçur-puçur tər tökən ikiqat buxağı təsəvvürünə gələndə Səbzəli dayının qanı lap qatılaşdı və hüceyrələrinin maqniti lap azaldı. Əlli qramlıq konyak həvəsi qalxdı yüz əlli qrama.

- Səbzəli dayı!

Ağır-ağır sola dönüb baxanda səhnədən sağ tərəfdə, divar dibindəki stollara xidmət edən Valyanı gördü. Valyanın yenə qanı qara idi, yenə üzündən zəhrimar yağırdı. Valyanı tanıdığı gündən Səbzəli da yı onu gülən görməmişdi.

Elə həmişə fikirli, həmişə əsəbi və az danışan.

Gözlərinin ifadəsi də yağış altında qalan rezin kimi soyuq idi. Həmişə deyirdi ki, bir az pul qazanan kimi şələ-küləmi yığışdırıb gedəcəyəm Voronej vilayətinə, qardaşımın yanına, inək, toyuq-cücə alıb yaşayacağam özümçün.
Səbzəli dayı soruşdu:

- Valya, xeyir ola?

Valya ərinə-ərinə əlini uzadıb zalın o biri ucunda, qapıdan sağ tərəfdəki stolu göstərdi.

- Çağırırlar səni orda, - dedi.

- Kim?

- Nə bilim, müştərilər.

- Yəqin Adıgözəli deyiblər, səhv salmısan.

Valya başını buladı, bayaqkı bezik səslə, bu dəfə bir qədər ucadan:

- Səhv-zad eləməmişəm. Dedilər ki, kontrabas çalanı çağır gəlsin bura, - deyib, yenə nə isə soruşmaq istəyən Səbzəli dayıya qulaq asmağa daha hövsələsi çatmadı, geri dönüb, mətbəxə sarı yönəldi.

Səbzəli dayı çiyinlərini çəkdi: onu kim çağıra bilərdi axı?

Stolun arxasında iki nəfər oturmuşdu. Qara pencəkli, qalstukunun düyümünü aşağı salıb miləmil köynəyinin yaxasını açmış orta yaşlı, ağ sifətli bir kişi. Səbzəli dayının belini əyib xırda addımlarla yaxınlaşdığını görən kimi, göy soğanı dişləri arasına alaraq küt-küt qabağına baxan yoldaşının qulağına nəsə pıçıldadı. Bu, Səbzəli dayının nəzərindən yayınmadı.

Başa düşdü ki, pıçıltı ona aiddir, özü də, deyəsən, yaxşı pıçıltı deyil. Amma özünü o yerə qoymadı, yanaşıb kəmali-ehtiramla salam verdi. Qara pencəkli əlini uzatdı, yer göstərdi.

- Əyləş, - dedi, - xoş gəlmisən sən bizə. – Əlini aşağı salanda lırt sifəti titrədi. Səbzəli dayı özlüyündə bu lırt ağ sifəti xamıra oxşatdı və qımışdı. Əyləşdi. Yan-yörəsinə baxıb, nə Adıgözəlin, nə də restoran direktorunun zalda olmadıqlarını kəsdirdikdən sonra səsini alçaldıb soruşdu:

- Mənə görə qulluq?

Bu dəfə də qara pencəkli dindi. Yoldaşı elə bil heç burda deyildi. Səbzəli dayının gəlib onların stolu arxasında əyləşdiyindən bixəbərdi.

- Qulluq sahibi olasan, lələ, - deyə qara pencəkli boğazını arıtladı. Lap oxumağa hazırlaşan xanəndələr kimi. – Hələ bir bunu ver bədənə.

O, qədəhlərdən birinə qırmızı şərab süzdü, Səbzəli dayı bədənini geri verdi, iki əlini də irəli uzadıb:

- Minnətdaram, - dedi, - içən deyiləm.

Qara pencəklinin yoldaşı elə bil bu sözlərə bənd imiş. Qəflətən yuxudan ayılan adamlar kimi gözlərini döydü, əlindəki göy soğanı iki bölüb stolun üstünə qoydu və təəccüblə dilləndi:

- Niyə?

- Nə niyə?

- Deyirəm niyə vurmursan?

- Mənə içmək olmaz.

- Niyə?

- Nə niyə?

- Deyirəm niyə olmaz?

- Mədəm xəstədir.

- Niyə?

- Xəstədir də…

Qara pencəkli:

- Bu heç olmadı, - dedi.

Yoldaşı:

- Səndən mənə yar olmaz, - deyib çənəsini qaşıdı.

Səbzəli dayı gülümsünüb stola baxdı. Düz ortada, iri plov boşqabının içində soyumuş kabab tikələri vardı. Amma hər ikisinin nimçəsi boş idi. Çox içib, az yemişdilər.

Bu vaxt Valya onlara yanaşdı.

- Bir şey lazımdı?

Qara pencəkli sol əlini stolun söykənəcəyindən geri sallayıb, Valyadan soruşdu:

- Bəlkə sən deyəsən, bizim bu qonaq niyə içmir?

Valya dedi:

- Onun qastriti var.

Səbzəli dayı tez başını tərpətdi.

- Elədir, - dedi, - şərab içən kimi ajoq oluram.

Qara pencəkli səsinin qalın yerinə salıb, heç kəsdən və heç nədən çəkinmədən ucadan güldü. Xırda gözləri görünməz oldu: elə bil bir cüt qara muncuq təknədə qıcqıran xamırın içində itib batdı. Səbzəli dayı təəccüblə qara pencəkliyə baxdı, günah işlətmiş adamlar kimi yazıq-yazıq kirpik çaldı. Sonra Valyaya dedi:

- Sən mənə əlli qram konyak gətir. – Qara pencəkliyə sarı döndü. – Mənə şərab olmaz, amma konyak olar.

Valya getdi.

Nəhayət, qara pencəkli gülüşünü saxladı. Təntimiş halda yaylığını çıxarıb tərini sildi və haçandan-haçana:

- Könlümüzə yaman muğamat düşüb, lələ, nə deyirsən buna?

O dəqiqə Adıgözəlin nimçə sifəti və uzun klareti gəlib Səbzəli dayının gözləri qabağında dayandı.

- Gəlirsiniz restorana, siz də başlayırsınız adamı dəng eləməyə. Yəni Allahın muğamatını çalsanız, xançalınızın qaşı düşər?

Səbzəli dayı könülsüz dilləndi:

- Muğamat barədə Adıgözəlnən danışın, bizim klarnetçiynən. Billə-bilə «bizim klarnetçi» dedi, orkestrin rəhbəri yox. Özü də elə yavaş dedi ki, özü də öz səsini güclə eşitdi.

- Bayaq segaha oxşayan bir şey çaldı, onu deyirsən?! Ay hay! Adam sözü danış.
Səbzəli dayı dirçəldi, stulunu qabağa çəkib stola dirsəkləndi, yavaş, lakin ötkəm səslə sözünə başladı:

- Əlbəttə, muğamat hara, Adıgözəl hara. Əvvəllər heç bilirsən harda işləyirdi? – Səbzəli dayı lap qabağa əyildi. –Ölü basdıran orkestrdə. – Güldü. – Dünyanın işidir də! İndi gətirib qoyublar bura. O da başlayıb mənəm-mənəm deməyə. Muğamat hara, Adıgözəl hara? – O, əlini yellədi, ah çəkdi. Sonra: - Muğamat şərbət kimi şeydir, - dedi, -çalanda gərək ləzzət alasan, oxqay deyəsən. Elə çalasan ki, külli-camaat ayağa qalxıb sənə tamaşa eləsin, qulaq assın… Mən uşaq olanda bizim kənddə İrandan bir kamançaçı gəlmişdi. Əşşi, nə deyim! Zalım oğlunun bir barmaqları vardı ki, adamın içi-içalatı od tutub yanırdı. O gedəndən sonra bütün kənd düz bir həftə kefli kimi gəzdi. Deməklə qurtaran şeydir bəyəm? Eh, hanı indi muğamat çalan, muğamatın qədrini bilən?

- Aşna, deyəsən, aranızda möhkəm intriqa var?

- Nə var?

- İntriqa… Yəni çəkişmə, didişmə, badalaq qurma.

- Yox, canım. Mənim onunla nə işim. Qoca kişiyəm, heç kəsə dəyib dolaşan deyiləm. Adıgözəl kim, mən kim?

Valya gətirdiyi konyakı içəndən sonra Səbzəli dayı yüngülləşmək əvəzinə daha da ağırlaşdı. Gərək iranlı kamançaçının söhbətini eləməyəydi. Çünki yenə keçmişə qayıtmışdı. Anasının, nənəsinin səsini qoyub gəldiyi keçmişə. Bir milyon iki yüz mini son qəpiyinə kimi xərcləmişdi… Şükür verən gününə, ya xudavəndi-aləm! Min şükür!

Səbzəli dayının qanı qaraldı. Dostunun, Movses Sergeyeviçin yanında olmağı, kresloda oturub filtrli siqaretlərdən birini çəkməyi, ordan-burdan danışmağı arzuladı. Hətta Səbzəli dayıya elə gəldi ki, burada iki kefli adamın məclisində yox, Movses Sergeyeviçin yanındadır, indiki söhbət də dünən olub, bəlkə də, lap beş gün bundan qabaq…

Qara pencəkli Səbzəli dayını fikrindən ayırdı:

- Bura bax, - dedi, - yəqin o Adıgözəl dediyin pis qazanmır, hə?

Yenə Səbzəli dayının yaralı yerinə toxundular.

- Pis qazanmır da sözdür? Zalım oğlunun hər axşam ölüsü bir qırmızı onluğu var. Maaşı da ki, öz yerində. Evində televizoru, mebeli, arvadı, hər cah-calalı.

- Bəs sən necə, qazanmaq istəmirsən? – Bu dəfə qara pencəklinin arıq, qalınqaş yoldaşı dilləndi. Səbzəli dayının təəccüblə ona baxdığını görüb sualını bir də təkrar etdi. – Hə də, hamı qazanır. Bəs sənə nə olub?

- Neynim. Bacarmıram da.

- Ay-hay! Rəhmətliyin oğlu! Necə yəni bacarmıram. Camaat daşdan pul çıxarır, sən də başlamısan ki, bacarmıram.

Qara pencəkli:

- Gəl sən bizə bir Bayatı-şiraz çal, biz də çıxaq xəcalətindən.

- Nədə çalım?

- Necə yəni nədə? Elə onda… Sən çaldığın zurnapetin adı nədir?

- Kontrabas.

- Hə, kontrabasda.

Səbzəli dayı yalnız indi başa düşdü ki, onu bura, bu stolun arxasına nə üçün çağırıblar. Dilxor oldu. «Ajoq»u qalxdı lap kəllə-çarxa. Qalxıb, yumruğunu stola vurmaq istədi.

Amma saxladı özünü. Müqabilində oturub, intizarla ona baxan bu iki nəfərin direktora şikayət edəcəyindən, direktorun yenə «atamın oğlu deyiləm səni qoymasam» deyəcəyindən qorxdu...

Direktora şikayət eləsələr yaxşıdır. Hirslənib adamın qol-qabırğasını sındırarlar, vallah!

Qara pencəkli əlini cibinə saldı. Səbzəli dayı özünə gəlməmiş, cibindən iki dənə şax əllilik çıxarıb stolun üstünə, düz Səbzəli dayının qabağına qoydu.

- Atalar məsəlidi: pul bir bizdə, bir də ingilisdə, - dedi, - sən Bayatı-şirazını çal, bu yüz manat da sənin peşkəşin. Hə, necə sağlıqdı?

Səbzəli dayı heç nə demədi. Bayaq içdiyi əlli qram konyakın nəşəsi yalnız bu sözlərdən sonra onu kefləndirdi. Əlini uzadıb pulları götürdü, tələsmədən qatlayıb qoltuq cibinə qoydu:

- Bəçeşm! – deyib ayağa qalxdı və səhnəyə yönəldi.

Sonra nə oldu? Yaxşı yadında deyil. Bircə o yadındadır ki, kontrabasdan əcaib səslər çıxırdı. Zalda ilk anlar hənirti belə eşidilmirdi.

Sonra hamı bir-bir, növbə ilə gülməyə başladı. Səbzəli dayı isə heç kəsi görmədi. Ayaqları altına baxa-baxa Bayatı-şirazını çaldı.

Arada bir başını qaldırdı, təkcə Adıgözəlin heyrətdən bərəlmiş gözlərini, sonra restoranın qapısı ağzında dayanıb tazı dovşana baxan kimi gözlərini ona zilləmiş Movses Sergeyeviçin balaca, sısqa bədənini gördü.

Səbzəli dayı çox çaldı. Çünki yüz manata az çala bilməzdi. Adamın gərək insafı olsun.

Zaldakılar elə gülüşdülər ki, kontrabasın əcaib qıjıltısını belə aydın, yəqin ki, yalnız Səbzəli dayının özü eşidirdi…


* * *

Yüz manat – iki dənə şax əllilik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş gedirdi.

Az getdi, üz getdi, sevindiyindən birdən başını qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox?

Uca binaların zil qara siluetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi.

Çünki əlli ildən yuxarı idi ki, süd yolunu görməmişdi.

Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu. Ta ürəyi boşalanacan ağladı...
XS
SM
MD
LG