Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:26

"Şerlok Holms"un müəllifini "biabır etdilər"


Konan Doyl, 1913
Konan Doyl, 1913
Feyziyyə Hacıyeva


Sentyabrın 26-da İngiltərədə məşhur şotland yazıçısı, "Şerlok Holms və Doktor Vatson" haqda povest və hekayələrin müəllifi Artur Konan Doylun (1859-1930) son illərə qədər itmiş sayılan romanı nəşr edilib.

"Con Smitin hekayəti" adlanan əsər - Doylun ilk romanıdır. Yazıçı onu 23 yaşında yazıb.

Gənc Doyl əsərin yazıldığı 4 qalın bloknotu nəşriyyata göndərsə də, poçt əlyazmaları itirmişdi.

Sonradan Doyl romanı yaddaşından yenidən yazsa da, çap etmək istəməyib. Uzun müddət itmiş sayılan romanın əlyazması 2004-cü ildə üzə çıxmışdı.

Hərraca çıxarılan əlyazmanı Britaniya kitabxanası almışdı - 1,5 milyon dollara. İndi nəşr edilən roman da həmin qaralama əsasında çapa hazırlanıb.

"Con Smitin hekayəti" - xəstəliyinə görə çarpayıdan qalxa bilməyən 50 yaşlı kişinin Britaniya cəmiyyəti, müxtəlif siyasi və ictimai hadisələr barədə düşüncələrindən ibarətdir.

Mütəxəssislərin fikrincə, kitab bədii keyfiyyət baxımından yüksək dəyərə malik deyil. Hətta Doylun ilk romanının darıxdırıcı, süjetin və obrazların isə zəif olduğu deyilir.

Amma əsər həm də məşhur yazıçının yaradıcılığını öyrənmək baxımından gözəl mənbədir. "Şerlok Holms"un dünyaca məşhur müəllifinin təkrarsız üslubunun ilk işartıları artıq onun birinci romanında özünü göstərir.

Ədalət naminə deyək ki. Doyl ilk romanının çap edilməməsinə heç vaxt təəssüflənməyib.

Onun sözlərinə görə "əlyazmanın itməsi əsl faciə idi, amma onun çapı bununla müqayisəyə gəlməyən daha böyük biabırçılıq olardı".
XS
SM
MD
LG