Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:54

T. Hammerberq: «Jurnalistlərin müdafiəsi başlıca məsələdir»


Tomas Hammerberq
Tomas Hammerberq
Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq (Thomas Hammarberg) jurnalistlərin zorakılıqdan müdafiəsi problemi ilə bağlı bəyanatla çıxış edib. Bəyanatda deyilir:

«Son illər Avropada bəzi aparıcı jurnalistlər amansız qətllərin qurbanları olublar. Türkiyədə Hrant Dink, Ukraynada Georgi Qonqadze, Azərbaycanda Elmar Hüseynov, Rusiyada Anna Politkovskayanın öldürülməsi də bura daxildir.

Hammerberq təkcə qətllərin icraçılarının deyil, həm də bu cinayətlərin sifarişçilərinin aşkar edilərək cəzalandırılmasının vacibliyini vurğulayıb.

1992-ci ildən Avropa ölkələrində 100-dən çox jurnalist öz peşə fəaliyyətinə görə öldürülüb. Çoxları fiziki hücumlara məruz qalıb və ya hədələnib. Jurnalistlərin ölümü ilə bağlı 30 haldan yalnız 10%-də istintaq məhkəməyə qədər aparılıb.

Bu, hüquq-mühafizə orqanlarının və məhkəmə sisteminin effektivliyini şübhə altına alır. Bu, insan haqlarının görünməmiş dərəcədə pozulmasıdır. Belə ki, hakimiyyət günahkarların cəzasız qalmasına yol verir.

DEMOKRATİYANIN ƏSASI

İnformasiya və fikir azadlığına əsaslanan azad, müstəqil və plüralist media istənilən demokratiyanın mühüm elementidir. Media azadlığı digər insan hüquqlarının müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır.

Jurnalistikada məqsəd hakimiyyətdə olanları sevindirmək və ya hökumətin carçısına çevrilmək deyil, «ictimai nəzarəti» həyata keçirməkdir.

Mətbuat azadlığı. Karikatura
SENZURA FORMASI

Bir jurnalistin hədələrə məruz qalması digərlərinin susdurulması kimi dağıdıcı effekt verə bilər. Bununla da zor tətbiqi ilə bağlı hədə senzura formasına çevrilir. Bu, mediaya nəzarətlə məhdudlaşdırıcı qanunlara və digər tədbirlərə də aiddir. Məsələn, bəzi Avropa ölkələrində jurnalistləri böhtanda ittiham edərək həbs etmək olar. Bu cür cinayətlər dekriminallaşdırılmalı və məhkəmələr tərəfindən mülki hüquq çərçivəsində baxılmalıdır.

HÖKUMƏTLƏR TƏHLÜKƏSİZLİYİ TƏMİN ETMƏLİDİRLƏR

Hüquq-mühafizə və məhkəmə orqanları jurnalistlərə qarşı cinayətlərin daha tez və effektiv təmin olunmasında əsas məsuliyyət daşıyır.

Hökumətlər və parlamentlər prokuror və müstəntiqlərin müstəqil, peşəkar və siyasi baxımdan qərəzsiz olmalarına zəmanət verməlidirlər.

Jurnalistlərin təqiblərdən, hücum və qətllərdən qorxmadan təhlükəsiz şəraitdə öz işini görməsi Avropada mətbuat və ifadə azadlığı üçün mühüm əhəmiyyət daşıyır.

Oktyabrın 5-də AŞPA sessiyası çərçivəsində bu mövzuda dinləmələr keçiriləcək. Dinləmələrdə Tomas Hammerberq və ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç (Dunja Mijatović) çıxış edəcək».
XS
SM
MD
LG