Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:27

Bayıl sakini: «Milyon istəmirəm ki. İki evimin haqqı niyə verilmir?»


Esmira İlyasova
Esmira İlyasova
Adil Qaçayev küçəsi, ev 9, mənzil 5. Köhnə soba, geniş otaqlar, dənizə açılan pəncərələr, qarşıda da güllü bağça. Artıq bu mənzilin sakinləri köç üstündədirlər. Yataqları döşəmədə, əşyalar qutularda. Hara köçəcəklərini isə bilmirlər.

Bu mənzil Esmira İlyasovanın anasının evidir. Mənzil 29-da isə həyat yoldaşı ilə yaşayırmış. Yaşayırmış deyirəm, çünki mənzil artıq uçurulub. Bu haqda az sonra.

Mayın 31-də bu evdə yaşayanlara bildiriş gəlib. Bildirişdə deyilir ki, ««İpək Yolu» çəkilir, ona görə sizin evlər köçürülməlidir».

ARAYIŞ:

Esmira İlyasova 33 yaşındadır. Həkimdir. İşləmir. Yeni Azərbaycan Partiyasının üzvü olub. Həyat yoldaşı xarici şirkətlərdən birində sürücüdür. 4 yaşında oğlu var.
Esmira İlyasova beş ayda məmurlarla yazışmaqdan, onlarla mübahisələrdən canı boğazına yığıldığını deyir.

Bu müddətdə yaşadığı blokda qonşuların hamısı köçüb, bircə o qalıb. Hətta yoldaşı da təslim olub – danışmaq istəmir. Amma o yox. Hələ ki, mübarizə aparır. Yəni, evini bazar qiymətlərinə uyğun satmaq niyyətindədir:

«Məcburən çağırtdırmışam ki, gəlin baxın, mənim evimin kvadrat metri 1500 manata gedir, ya getmir. Yəni, alqı-satqıdırsa, evimin dəyəri bu deyil. Onda baxıb dedilər ki, niyə narazısız, real qiymətdir. Dedim ki, real deyil, özüm evi satmıram, siz məni məcbur edirsiz. Onda belə çıxır ki, mənim evimin qiyməti 40 mindir ki, siz evimə 61 min pul verirsiz?».

İKİ MƏNZİLƏ BİR MƏNZİLİN PULU

Esmira İlyasova bu günlərdə 250 manat verib, hər iki mənzilə yeni texniki pasport alıb. Bu pasportda anasının mənzilinin ərazisi 52.7 göstərilib, öz mənzilinin ərazisi isə təxminən 45 kvadratmetr. Esmira İlyasovasa iddia edir ki, onun mənzillərinin ərazisi daha böyükdür və hesablama düzgün aparılmayıb.

İndi ona iki ev üçün təxminən 130 min manat pul verilməlidir. Amma Esmira İlyasova deyir ki, bu məbləğə ürəyi istəyən ev ala bilməz. Dediyinə görə, tək onun mənzilinin qiyməti az qala elə bu qədər edir:

GETDİ PASPORT ALMAĞA, GƏLƏNDƏ GÖRDÜ Kİ...

Ötən şənbə - oktyabrın 8-də Esmira İlyasova öz mənzili - 29 saylı mənzil üçün texniki pasport almağa gedib. Qayıdanda görüb ki, mənzilin damını uçurublar:

«Bu, mənim evim idi. Bir həftə əvvələ qədər saxlamışdım. Dörd aydır vuruşuram ki, çardağına-filan dəyməsinlər. Bu hansı «bespredel»dir ki, evdən çıxıram, sənəd dalınca gedirəm, özü də bilirlər hansı sənəd dalınca gedirəm, gələndə görürəm ki, tavan yoxdur. Məcbur qaldım qapı-pəncərəni sökdüm. Burda qoysaydım, prorablar satacaqdılar.

Bakı şəhər İcra Hakimiyyətində həmin söküntü ilə bağlı yaradılmış komissiyanın üzvü Zülfəli İsmayılov oktyabrın 9-da AzadlıqRadiosuna deyilənlərdən xəbərsiz olduğunu demişdi. Oktyabrın 11-də ona yenidən nə qədər zəng vursaq da, dəstəyi qaldırmadı.

«MƏN QORXURAM...»

Esmira İlyasova deyir ki, son beş ayda əsəbləri də korlanıb. Anasını və oğlunu rayona göndərib ki, əsəb müharibəsində onlar da sıradan çıxmasınlar. Mənzilinin tavanı söküləndən sonrasa qorxmağa başlayıb:

«Qorxuram ki, mənə bir şey edərlər. Övladım var. Yoldaşım var. Ali savadlı həkiməm, indiyədək qışqırmamışam, söyməmişəm, qarğış etməmişəm. Məni o vəziyyətə gətiriblər ki, özümü küçə arvadı kimi hiss edirəm. Mənən məni öldürüblər. Amma mən dözəcəm, axıra qədər dözəcəm. Neyləyəcəklər mənə? Gecə məni öldürməklərinə də inanıram... Deyirlər traktora nə edəcəksən? Öldür məni. Birdəfəlik dünya bilsin ki, siz öldürürsüz insanları».

BİR ÇAMADANLIQ MÜRACİƏT

Esmira İlyasovanın dövlət qurumlarına yazdığı və aldığı cavablar bir çamadana sığar. «Neyləmək fikriniz var?» soruşuram:

«Məhkəməyə necə gedim ki? Çətindir, 3 il, 5 il proses getməlidir ki, axırda Avropa Məhkəməsinə çıxsın. Mənim qalacaq yerim yoxdur, elə pulum yox,
kirayədə qalım. Mənim uşağım var, xəstə anam var».

Esmira İlyasovanın keçmiş mənzilindən baxanda, dünyanın ən uca bayraq dirəklərindən birində Azərbaycan bayrağı görünür. O, bayrağa baxa-baxa deyir:

«Mehriban xanım bayrağı açanda, sevinmişdim. İki dəfə müraciət etdim, amma... Mən milyon istəmirəm ki. Mənim iki evimin haqqı niyə verilmir? Hüququm yoxdursa, mən bu dövləti, bu vətəndaşlığı atıb getmək istəyirəm...».
XS
SM
MD
LG