Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:21

Əvəz Zeynallını niyə tutublar?


Əvəz Zeynallı
Əvəz Zeynallı
REDAKTORUN EVİNDƏ KÜLÇƏ AXTARIŞI

«Bizim evimizdə axtarış aparıblar. Evdə xəstə atam yatır. Bu adam anlaqsız sayılır, onu iflic vurub. Ondan tələb ediblər ki, pul verin, külçə qızıl verin, iri karatlı brilyant və bir də avtomat silah. Baş redaktorun evində avtomat silah hardan ola bilər ki?»

Bunu deyən Məlahət Zeynallıdır. Oktyabrın 28-də korrupsiyada ittiham olunaraq, haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilən «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının həyat yoldaşı. Onların evində axtarışı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları aparıblar. «Xural»ın redaksiyasında, redaktorun evində və avtomobilində olduğu kimi. Artıq vəkil bununla bağlı apelyasiya şikayəti verib.

REDAKTORUN EVİNDƏ TAPILAN DƏFTƏRÇƏDƏ NƏLƏR YAZILIBMIŞ

Məlahət Zeynallı deyir ki, axtarış aparanlar evdən onun dəftərçəsini götürüblər. Həmin dəftərçədə o, evlərinin tikintisi ilə bağlı qeyd aparırmış:

«Yəni nə qədər daş istifadə olunub və s. Hər adamda sərfiyyatlarla bağlı belə dəftərçə olub. Həmin qeydləri sevincək götürüblər ki, gəlir-çıxar qeyd olunub. Mən bir daha bəyan edirəm ki, bu, siyasi məsələdir. Maraqlanın ki, Əvəz Zeynallını son aylarda kimlər məhkəməyə verib, cərimə etdirib. Bircə o siyahıya baxmaq kifayətdir ki, nəticəsini görəsən...»

Yada salaq ki, «Xural» qəzetinin əmlakı oktyabrın 19-da müsadirə olunub. Buna səbəb Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin qəzetə qarşı qaldırdığı iddia olub.

Az sonra isə redaktora Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4 maddələri ilə iş qaldırılıb, o, böyük həcmdə rüşvət qoparmaq cəhdində ittiham olunur. Cinayət işinin qaldırılmasına səbəb deputat Gülər Əhmədovanın ərizəsidir.

KORRUPSİYA, YOXSA SİYASİ İTTİHAM?

Qənimət Zahid
Qənimət Zahid
Oktyabrın 31-də hüquq müdafiəçiləri ilə bir yerdə toplanan Redaktorlar Birliyinin iclasında da əsas fikir bu oldu: «Bu korrupsiya yox, siyasi ittihamdır».

«Bütün işimiz-gücümüz, cəhdlərimiz bu olmalıdır ki, bütün cəmiyyət, bütün dünya inansın: bu saxta və qurama işdir». «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid toplantıda belə dedi və əlavə etdi:

«Ortalıqda cinayət yoxdur. Hətta cinayət niyyəti də yoxdur. Bircə niyyət var. O da bir insanı şərləyib tutmaqdır».

SƏS YAZISI SÜBUT SAYILA BİLƏRMİ?

Gülər Əhmədova
Gülər Əhmədova
Əvəz Zeynallının vəkili Elçin Sadıqov isə deyir ki, istintaqın sübut kimi əlində bircə dənə səs yazısı var. Ancaq ondan da sübut kimi yararlanmaq Konstitusiyanın 33-cü maddəsinə görə yolverilməzdir. Vəkilin dediyinə görə, söhbət Gülər Əhmədovanın ərizəsinə əlavə etdiyi diskdən gedir.

«Orda Əvəz Zeynallının rüşvət tələb etməsi eşidilirmi?» AzadlıqRadiosunun sualına vəkilin cavabı belə oldu:

«Onu biz hələ eşitməmişik. Bu haqda ekspert arayışı var. Yəqin ki, ekspertiza təyin olunacaq. Amma yenə deyirəm ki, bu qanunsuz yolla əldə olunmuş sübutdur. İstənilən şəxsin səsini, son 6 aydakı danışıqlarını götürüb istənilən halda montaj etmək olar. Hətta yeni texnologiyalar əsasında şəxsin səsindən istifadə edərək istənilən ifadəni əldə etmək olur. Bütün hallarda bu şübhəli məsələdir. O məhkəmə qərarı ilə əldə olunsaydı, biz onu real sübut kimi qəbul edərdik. Mən düşünürəm ki, həbsi jurnalist fəaliyyəti ilə bağlıdır və bunu təxribat sayıram».

«ŞÜBHƏLİ MƏQAMLARA GÜLƏR ƏHMƏDOVA AYDINLIQ GƏTİRƏ BİLƏR, AMMA O DA SUSUR»

Əyyub Kərimov
Əyyub Kərimov
«Femida 007» qəzetinin redaktoru Əyyub Kərimov belə deyir. Onun fikrincə, Gülər Əhmədova danışmasa belə, onun Əvəz Zeynallı ilə üzləşməsi qaçılmazdır. Və bu, hüquqşünaslara fikir deməyə imkan yaradacaq. «İndiliksə suallar çoxdur, danışansa bir tərəfdir».

Redaktor ona da diqqət çəkir ki, istintaqı Korrupsiyaya qarşı Mübarizə İdarəsi kimi ciddi qurum aparır. Və idarə ciddi dəlil-sübut olmadan çətin həbs aparsın:

«Guya hansısa yazının getməməsi üçün pul tələbi qoyulub. Mən deyə bilmərəm Gülər Əhmədovanın əlində nələr var. Ancaq beləydisə pul niyə götürülmürdü? Adətən pul tələb edən daha çox zəng edir. Biz hələ də bilmirik söhbət hansı şantajdan gedir. Gülər Əhmədova deputatdır. Onun şəxsi həyatı da cəmiyyətə maraqlıdır. Bu da sual doğurur».

Deputat Gülər Əhmədovanın Kiprdə olduğu bildirilir. O, oktyabrın 31-də «Facebook» səhifəsində yazıb ki, suallara bir qədər sonra ona yaxın olan «merkez.az» saytında cavab veriləcək. Hələ ki, cavab yoxdur...
XS
SM
MD
LG