Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:32

ANAR: "Nazirlərin bir çoxu zənglərimə cavab vermir" (Müsahibə - 3-cü hissə)


Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın "Yeni Müsavat" qəzetinə müsahibəsi

əvvəli burda


- 5 il əvvəlki ilə müqayisədə ədəbi mühitdə canlanma var, insanların mütaliəyə marağı bərpa olunur. Sizin müşahidələriniz nə deyir? Müasir Azərbaycan ədəbiyyatının mənzərəsi necədir?

- Məsələ ondadır ki, dövr çox dəyişib. Amma biz ədəbiyyata hələ də köhnə meyarlarla yanaşırıq. Əvvəllər bizim “Azərbaycan” jurnalı 70 min tirajla çıxırdı. Bu jurnalları hökumət, partiya xətti ilə bütün icra başçıları almalı idi, kitabxanalara gedirdi. İndi o şərtlərin heç biri yoxdur. Tiraj 2000-ə düşüb. Bu jurnalın təqsiri deyil ki, deyək, jurnal indi pis çıxır. Əksinə, indi daha yaxşı çıxır. Obyektiv səbəblər var. Sovet dövründə ədəbiyyat rəsmi təbliğatdan başqa yeganə vasitə idi ki, az-çox həqiqətləri deyə bilirdi. İndi hansı qəzeti açırsan istənilən nazir haqqında kəskin tənqidi materiallar verirlər, yazırlar. Kimdən, desən böhtan da yazırlar. Ona görə də ədəbiyyatın etiraz, həqiqəti demək kimi funksiyası çox dəyişib. İndi ədəbiyyata o adamlar sadiq qalırlar ki, o adamlar ədəbiyyatdan bədiiliyi gözləyirlər, siyasəti, partiyalılığı yox. Bizim yazıçılara qarşı əsas irad da odur ki, onlar niyə siyasətlə məşğul olmurlar. Yazıçının öz işi var da. Siyasətçilərə demirlər ki, niyə ədəbiyyatla məşğul olmursunuz. Siyasətçi siyasətlə, hərbçi hərblə, mühəndis mühəndisliyi ilə məşğul olmalıdır.

- Bəs ziyalı öz sözünü nə vaxt deməlidir?

- Yazıçı əgər əsər yazırsa, o, öz sözünü deyir də. Elə hesab olunur ki, yazıçının əsərinin heç bir əhəmiyyəti yoxdur, onun ancaq siyasi mövqeyinin əhəmiyyəti var. Sizin qəzetdə də bu, az da olsa var. Bir yazıçı hökumət əleyhinə bir söz deyirsə, o dəqiqə yazırsınız “vicdanlı yazıçıdır”. Belə çıxır ki, o birilərin hamısı vicdansızdır? Sabah bu başqa şey deyəndə təzədən yazırsınız ki, ay aman, bu satıldı. Hərənin öz fikri var axı. Bu gün belə deyir, sabah fikrini dəyişə bilər. Yazıçıya yaradıcılığına görə qiymət vermək lazımdır. Bir vaxtlar Rüstəm İbrahimbəyovu müdafiə edirdilər, sonra nəsə başqa şey dedi, başladılar tənqid etməyə. Olmaz axı belə...

- Anar müəllim, amma başqa bir məqam da var. Vaqif Səmədoğlunun gözəl şerləri, Əkrəm Əylislinin, Anarın maraqlı nəsr əsərləri var. Amma ölkədə seçki saxtakarlığı baş verir. Bu gözəl yazıçı qalxıb deyir ki, yox, ölkədə hər şey yaxşıdır, seçkilər düzgün keçirildi. Bu halda onun mövqeyinin qıcıq doğurması, hətta gözəl əsərlərini də kölgədə qoyması başadüşülən deyil?

- Mən o birilərinin əvəzinə cavab verə bilmərəm. Amma bir yerdə tapa bilməzsiniz ki, mən “hər şey yaxşıdır” deyim.

- Amma seçkilərin demokratik keçirildiyini demisiniz.

- Yox, onu da deməmişəm. Necə demokratik ola bilər ki, mən sənə müsahibə verəndə 2005-ci il seçkilərində mənimlə bağlı necə saxtakarlıq edildiyini demişəm. Sual vermişdin ki, bəs başqa dairələr. Demişdim ki, başqa dairələrdən xəbərim yoxdur, exit-poll deyiləm ki. Ölkədəki nöqsanları mən də görürəm. Rüşvətxorluq, məmur özbaşınalığı, işsizlik, sosial bərabərsizlik var. Heç birini danmıram. Amma tərəzinin bir gözünə müstəqilliyi, o biri gözünə bu problemləri qoysaq, müstəqillik daha ağır gələr. Qonşuluğumuzdakı dövlətlərin bizə hansı münasibətdə olduğunu bilirik. Bu baxımdan müstəqilliyimizi itirmək qorxusu var. Ona görə də müstəqilliyimizin qorunması vacibdir. Gördük də, 1991-92-ci ildə Azərbaycanda nələr oldu. Halbuki şəxsən Əbülfəz Elçibəyə hörmətim var, təmiz adam idi. Amma nə hadisələr baş verirdi? Azərbaycan parçalanırdı - bir tərəfdən “Sadval”, o biri tərəfdən “Talış-Muğan Respublikası”, Surətin qoşunları oradan gəlirdi, ermənilər bu tərəfdən irəliləmişdi. İndi sevinə-sevinə deyirlər ki, görün Liviyada belə oldu. Azərbaycanda Liviya hadisələrinin olmasını istəyirik? Azərbaycanın yarısı qırılmalıdır ki, o biri yarısı “yaxşıdır” desin?

- Amma indiki Azərbaycan da uzun müddətə bundan sonra dözüləcək, yaşanacaq Azərbaycan kimi qala bilməz.

- Get-gedə düzəlir. Konkret tənqidlər olanda ona cavab vermək olur. Mənə hərdən irad tuturlar ki, həbsdə olanlarla bağlı müraciət etmirsiniz. Bu kitablara baxın (kitablarını göstərir-S.T.) görün nə qədər adamı türmədən xilas etmək üçün yazılar yazmışam, müraciətlər etmişəm.

- Bəs bu il aksiyalarda həbs olunanlarla bağlı ziyalıların müraciətinə niyə qoşulmamısınız? Sizə müraciət etməyiblər?

- Yox, xəbərim yoxdur. Mənim prinsipim həmişə belə olub ki, heç kim həbsdə olmasın. Amma konkret kiminləsə bağlı soruşulanda deyirəm ki, mən onun nəyə görə həbs olunduğunu bilmirəm axı.

- Niyə? Bunu araşdırmaq çətindir?

- Əlbəttə çətindir.

- Ən azı mövqe bildirmək, elə dediyiniz “heç kim həbsdə olmamalıdır” tezisini səsləndirmək olmaz?

- Mövqe odur ki, istəmirəm heç kim, jurnalist də, siyasətçi də həbsə düşsün. Mənimçün Çexovun sözləri çox vacibdir. Deyir ki, bəlkə də Dreyfus günahkardır. Amma Zolya haqlıdır, çünki yazıçının işi hətta günahkarı müdafiə etməkdir. Günahkarı
AYB
AYB
ittiham etmək üçünsə prokuror, jandarma var. Mən bu prinsiplə çıxış edərək, adamın təqsirinin olub-olmadığını bilmədən həmişə onu müdafiə etmişəm. Amma bu, o demək deyil ki, mən hər kəsin günahsız olduğunu düşünürəm.

- Bu sayaq müraciətlərə atılan imzalar sonradan status, vəzifə sahibi olan ziyalılara baş ağrısı yaradırmı? Məsələn, siz 2005-ci il seçkilərindən sonra uzun müddət aktiv oldunuz, sərt çıxışlar etdiniz və bu, 2009-cu ildə latın qrafikası ilə kitab çapının əlinizdən alınması ilə nəticələndi. Məsələn belə cəza mexanizmlərinə görə müraciət məsələsində ehtiyatlısınız?

- Cəzalandırma deyil. O vaxt Pənah Hüseyn, İsgəndər Həmidovu müdafiə edəndə məsələ qaldırıldı ki, məni deputatlıqdan geri çağırsınlar. Hətta seçicilərimin bu barədə müraciəti oldu. Təşkil olunmuş məsələ idi. Kitab məsələsində isə maddi maraqlar var idi. Latın əlifbasıyla kitabların nəşri məsələsini mən qaldırmışdım. Sonra nəsə hesab olundu ki, Yazıçılar Birliyi bu prosesdən uzaqlaşdırılsın. Mənim üçün isə əsas o idi ki, bu kitablar nəşr olundu.

- Onda dedilər ki, Anarı “vurdular”.

- (gülür) Qəribədir, əgər hökumət dairələrindən, siz demiş məni vururlarsa, buna ən çox sevinən müxalifət olur. Mən deputat seçilməyəndə müxalifətdəkilər çox sevindi. Müxalifət bütün seçkilərdə öz namizədlərini mənə qarşı qoyub. Amma mən bir dəfə də olsun müxalifətin əleyhinə nəsə demişəm? Yox. Ona görə ki, hər demokratik quruluşda müxalifət olmalıdır, Azərbaycanda da həmçinin. Amma 5-6 seçkidə harda namizədliyimi vermişəmsə, Müsavat və AXCP ora öz namizədlərini göndəriblər. Mən bunu normal qəbul edirəm ki, onlar öz adamlarını istəyirlər. Amma onda niyə onları müdafiə lazım olanda mən yada düşürəm?

- Sizi ziyalı kimi dəstəkləyirlər, öz partiya üzvlərini isə siyasətçi kimi...

- (gülür) Qəribə məntiqdir. Tutulanda mənə müraciət edirlər, namizədliklərini verəndə öz adamlarını verirlər.

- Müxalifət demişkən, yadıma sizə müxalif olan yazarlardan birinin - Seymur Baycanın açıqlaması düşdü. Bizə müsahibəsində Seymur demişdi ki, bir dəfə onu intihardan xilas etmisiniz.

- (təəccüblənir) Necə?

- Yəni depressiyada olduğu, intihar etmək istədiyi vaxt sizin barənizdə tənqidi yazı yazıb, yüngülləşib və intihar qərarından vaz keçib. Belə bir situasiyada xilaskar statusunda olmaq necə hissdir?

- Əcəb şeydir. Vallah, əgər zəhərini mənə tökməklə özünü intihardan xilas edibsə, təki həmişə belə olsun. Heç vaxt intihar etməsin. Deyəsən, o adam yazmışdı “Anarın qanını şərbət kimi içərəm, ”uf" demərəm". Yaxşı, bu, tənqiddir? O biri yazır ki, “biz bilirik ki, böhtan yazırıq. Amma bilirik ki, böhtan yazanda birinin təzyiqi qalxacaq, o birinin ürəyi ağrıyacaq. Bununla sakit oluruq”. Beləsinə adamın ancaq yazığı gəlir ki, Allah bu məxluqunu belə bədbəxt xəlq eləyib, ömrünün yeganə təsəllisi kiminsə qanını qaraltmaqdır.

- Bildiyimə görə, onların fəaliyyətindəki əsas prinsiplərdən biri həm də “Anara nifrət”dir.

- Olsun. Mənim “Əsrin əsiri” kitabımı oxuyun. Onda görəcəksiz ki, ermənilər mənim haqqımda nə yazıb, bizimkilər nə. Fərqi tapsanız mənə də xəbər eləyin.

- Yazıçının cəmiyyətlə təması, informasiya alması baxımdan, səhər evdən işə, axşam işdən evə maşınla gedib-gəlməsi ona maneədirmi? Yəni bu halda onun cəmiyyəti duyması nə dərəcədə mümkündür?

- Düz deyirsiz, bu, mənim səhhətimə də təsir edir. Evdə otururam, maşınla işə gəlirəm, işdə də otururam, sonra yenə maşınla evə gedirəm. Bakıda bulvarı yenidən düzəldiblər, amma mən bulvarı görməmişdim. 5 gün bundan qabaq qızım qolumdan tutub zorla apardı. O baxımdan həyatla yaxın təmasımız olmadığını düz deyirsiz. Amma biləsiniz ki, hər gün Yazıçılar Birliyinə nə qədər adam dərd-səri ilə gəlir. Yəni, mən həyata getməsəm də həyat gəlib məni tapır. Özü də bura min problemi ilə gələn təkcə yazıçılar yox, çoxu ən müxtəlif adamlardır. Bir adam çalışsın, görüm nazirin qəbuluna düşə bilirmi? Mənim iki hökumət telefonum var, amma çox vaxt nazirlərlə əlaqə yarada bilmirəm. Adi adamlar dərdlərini kimə desinlər. odur ki, hər yerdən əlləri üzülənlər Yazıçılar Birliyinə gəlir. Qapımız hamının üzünə açıqdır.

- Son günlər milli teleserialların çəkilməsi ilə bağlı dövlət sərəncamı olub. Necə düşünürsünüz, köçürülmə serialların əvəzinə, klassik əsərlərdən, ya da dramaturqlarımızın yeni yazacağı əsərlərdən yararlanmaq mümkün deyil? Belə potensial varmı?

- Şübhəsiz ki, var. Prezidentin sərəncamından sonra mənə də müraciət elədilər. Mən 10-a yaxın yazıçının adını çəkdim ki, bu adamlar gözəl televiziya əsərləri yarada bilərlər. Ondan başqa bizim klassik əsərlərimiz var. Məsələn, Ordubadinin “Qılınc və qələm” romanından, “Əli və Nino”dan tarixi serial çəkmək olmazdımı? Müasir yazıçılara da müraciət eləsinlər. Hamımız yazarıq. Mənə elə gəlir ki, türk seriallarından pis yazmarıq. Amma hər yerdə maddi maraqlar var. Nə izah edim sizə?(gülür)

- İndi nəsə yazırsınız?

- Yazıram. Bu kitabları götürdüm ki, sizə göstərim, görəsiz ki, avaraçılıq eləmirəm (bir neçə kitabını hədiyyə edir - S.T.).

- Söhbəti yekunlaşdırmaq istəyirəm. Amma müsahibə boyu diqqətimi bir məqam çəkdi ki, siz heç dəyişməmisiniz. Məsələn, 2003, 2005, 2009-cu ildə sizinlə müsahibə götürəndə necə idinizsə, indi də təxminən o cür qalmısınız. 70-li yaşların özəlliyidir bu, yoxsa nəsə başqa sirr var?

- Təki elə olsun. Məndən ən çox müsahibəni sən götürmüsən deyə, yəqin çox müşahidə etmisən. Amma deyim ki, 73 yaşın bir özəlliyi odur ki, hər şey arxada qalıb, qabaqda çox az şey var.

Sevinc TELMANQIZI, Zabil MÜQABİLOĞLU
XS
SM
MD
LG