Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:38

Lütfi Zadə: «Rafiq Əliyev «Nobel» mükafatı ala bilər»


Lütfi Zadə
Lütfi Zadə
Akademik Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən kənarlaşdırılmasına onun yaxın dostu, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadədən münasibət öyrənməyə çalışdıq:

«NƏ BAŞ VERİB?»

- Bu günlərdə akademik Rafiq Əliyevi vəzifəsindən kənarlaşdırıblar.

- Mən bu barədə eşitdim. Amma xəbərin həqiqət olub-olmadığını bilmədim. Tanışlarıma e-mail göndərdim aydınlaşdırım ki, deyilənlər həqiqətdir ya sadəcə hansısa söz-söhbət.

- Eşitdikləriniz həqiqətdir. Bu, artıq təsdiqlənib.

- Nə baş verib? Mənə izah edə bilərsinizmi niyə belə olub? Mənim üçün Rafiq Əliyev çox görkəmli bir alimdir. Ola bilsin ki, o, «Nobel» mükafatı alacaq. Düşündüm yəqin şayiə olar onun işdən çıxarılması. Deməli, gerçək imiş. İşdən çıxardıblarsa, bəs indi o nə edəcək?

- Onu kafedra müdirliyindən kənarlaşdırıblar, amma ADNA-da dərs deyə bilər. Qərarda Rafiq Əliyevin əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmə, vəzifələrini kobud şəkildə pozması səbəbindən vəzifədən azad edildiyi qeyd olunur. Sizcə, onu məsuliyyətsiz adam hesab etmək olar?

- Mən bunu başa düşmürəm. o, həmişə çox məsuliyyətli adam olub.

«O, «NOBEL» MÜKAFATI ALA BİLƏR»

- Rafiq Əliyev tez-tez öz çıxışlarında ölkədə korrupsiya, insan hüquqlarının pozulması hallarından danışır, hakimiyyəti tənqid edir. Belə fikirlər var ki, onu işdən bu cür mövqeyinə görə kənarlaşdırıblar.

- Bilmirəm. Buradan mənə çətindir bütün bunların səbəbini anlamaq. Bəli, mən eşitmişəm ki, o, hakimiyyəti tənqid edir. Amma mənim onunla istər telefon söhbətlərimdə, istərsə də hərdən görüşdüyümüz konfranslarda o, heç vaxt hakimiyyəti tənqid etməyib. Ona görə də, bu tənqidin mahiyyətinin nədən ibarət olmasını anlaya bilmirəm. Deyə biləcəyim odur ki, Rafiq Əliyev Azərbaycanda yox, bütün dünyada ən görkəmli alimlərdən biridir. Və o, «Nobel» mükafatı ala bilər. Mən onun hakimiyyəti tənqid etməsindən və sair bu kimi məsələlərdən danışmıram. Mən onun barəsində bir alim kimi danışıram.

Rafiq Əliyev
Rafiq Əliyev
- Bax, belə bir alimi vəzifəsindən kənarlaşdırmaq Sizcə, nə dərəcədə ədalətlidir?

- Mən belə suallara cavab verə bilmərəm. Çünki mən bütün bunlardan çox uzağam. Bu barədə danışa bilmərəm. Mən artıq sizə demiş olduğumu bir də təkrar edirəm. Rafiq Əliyev dünyanın ən görkəmli alimlərindən biridir. Amma o, hakimiyyəti tənqid edir, yaxud etmir, mən bilmirəm...

- Yaxşı, tənqidi bir kənara qoyaq. Ümumiyyətlə, Siz dünya səviyyəli bir alimin vəzifəsindən bu cür kənarlaşdırılmasına dünyanın harasındasa rast gəlmisinizmi?

- Bilirsiniz, mən deyə bilmərəm dünyada nələr olur. Bütün ölkələrdə müxtəlif hadisələr baş verir. Odur ki, mən sizin sualınıza cavab verə bilmirəm. Təkrar edirəm ki, mən sizin ölkə barədə öz fikrimi söyləyə bilmək üçün çox uzaqdayam. Amma Rafiq Əliyevi özümün yaxın dostum hesab edirəm. Mən onu uzun illərdir tanıyıram. Mən onun işləri ilə 30 ildən artıqdır tanışam. Odur ki, onun işdən çıxarılması xəbəri mənim üçün gözlənilməz oldu. Sadəcə, inana bilmədim.

«MƏNİM AZƏRBAYCAN RƏHBƏRLİYİ İLƏ ÇOX YAXŞI MÜNASİBƏTİM VAR»

- Siz həmişə Azərbaycan rəhbərliyinin işini pozitiv dəyərləndirmisiniz. Necə düşünürsünüz, bu hakimiyyət belə bir alimin vəzifədən kənarlaşdırılmasına yol verə...

- Mənim Azərbaycan rəhbərliyi ilə çox yaxşı münasibətim var. Mənim prezident İlham Əliyevə, Əli Abbasova (rabitə və informasiya texnologiyaları naziri - İ.R) və digərlərinə böyük hörmətim var. Amma mən indi Bakıda baş verənlər barədə fikir söyləyə bilmərəm.

- Mən istəyirdim deyəm ki, Siz prezidenti və digərlərini tanıyırsınız. Necə hesab edirsiniz, onlar belə bir alimi hansısa tənqidlərinə, yaxud insan hüquqları, demokratiya barədə düşüncələrinə görə vəzifədən kənarlaşdırmağa qadirdirlərmi? Çünki indi belə iddialar səslənməkdədir.

- Mən bu suala cavab verə bilmərəm. Bu artıq mənim işim deyil...
XS
SM
MD
LG