Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:53

40 dərəcə hərarəti olan əsgər və növbətçi qülləsi


Arxiv foto
Arxiv foto
«QIZDIRMALI VƏZİYYƏTDƏ NÖVBƏTÇİ OTAĞINA ATIB GEDİBLƏR»

Naxçıvan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qulluq edərkən ötən ilin noyabr ayında xəstəlikdən vəfat etmiş əsgər Məhəmməd Əliyevin atası Abasət Əliyev oğlunun ölüm faktının dərindən araşdırılmadığını və ölümə səbəb olanların cəzasız qaldığını deyir. Ata iddia edir ki, xəstə oğluna tabor rəhbərliyinin biganə münasibəti onun ölümü ilə nəticələnib.

«OĞLUM BAXIMSIZLIQDAN ÖLÜB»

Abasət Əliyev deyir ki, həbsxana qülləsində növbətçilik xidməti aparan oğlunu 40 dərəcəlik hərarəti ola-ola növbətçi qülləsinə çıxarıblar. Ancaq hərarətli əsgər cəmi 15 dəqiqə növbədə dayana bilib. Vəziyyətinin ağırlaşdığını görən əsgər yoldaşları onu növbətçi otağına gətiriblər:

«Noyabrın 25-də oğlumla telefonda danışmışam, səsindən hiss olunurdu ki, xəstədir. Həmin gün onu o vəziyyətdə onu qülləyə çıxarıblar. Noyabrın 26-da səhər saat 7-də növbədən çıxıb, növbətçi otağına gəlib. 1 saat sonra növbə rəisi onu yenə də 40 dərəcə hərarəti olmasına baxmayaraq qülləyə növbəyə çıxarıb. 15 dəqiqə qüllədə dayanandan sonra vəziyyəti ağırlaşıb, əsgər yoldaşları onu növbətçi otağına qaytarıblar. Gün ərzində qızdırmalı vəziyyətdə otaqda qalıb, heç kəs yardım göstərməyib, oğlum baxımsızlıqdan dünyasını dəyişib».

Əsgər Məhəmməd Əliyevin ölümü ilə əlaqədar Naxçıvan Hərbi Prokurorluğunda 1 il əvvəl cinayət işi başlanıb və hərbi taborun feldşeri Amin Babayev cinayət məsuliyyətinə cəlb olunub. O, səhlənkarlıqda təqsirləndirilərək məhkəmə tərəfindən 2 il 6 ay müddətinə şərti cəzalandırılıb.

FELDŞERİN ETİRAFI

Amin Babayev əsgərin ölümündə özünü təqsirli bilir: «Noyabrın 26-sı səhər saatlarından əsgər Məhəmməd Əliyevdə yüksək hərarət və təzyiqinin aşağı düşməsini müşahidə etmişdim. Gün ərzində ona bir dəfə iynə vurmuşam. Tez-tez təzyiqini və hərarətini ölçmüşəm, axşam əsgərdən vəziyyəti ilə maraqlandım. Vəziyyətinin normal olduğunu dedi. Mən də növbədən çıxıb evə getdim. Bir neçə saatdan sonra zəng vurub dedilər ki, əsgərin vəziyyəti ağırlaşdığından hospitala götürüblər, ancaq əsgər yolda keçinib». Bu, feldşer Amin Babayevin məhkəmə ifadəsindəndir.

ATA DEYİR CƏZASIZ QALANLAR VAR

Hakim Amin Babayevə «nəyə görə əsgərə iynə vurmağınız barədə qeydiyyat kitabında hər hansı qeydiyyat aparmamısınız» sualını verib. Amin Babayev deyib ki, «əsgərin səhhətində ciddi problem olmadığını gördüm, ona görə də qeydiyyat kitabına onun xəstəliyi və ona iynə vurulması barədə qeydlər aparılmasına ehtiyac görmədim».

Əsgər atası Abasət Əliyev isə deyir ki, oğlunun ölümünə görə məsuliyyəti feldşer yox, hərbi tabor rəhbərliyində və növbə rəisində daşıyır. Onları xəstə əsgəri növbətçiliyə təyin etməkdə, onu vaxtında hospitala köçürməməkdə günahlandırır. O, prezidentə müraciət edərək əsgər oğlunun ölümünün yenidən araşdırılması və ölümdə təqsiri olanların cəzalandırılması üçün kömək istəyib.

XS
SM
MD
LG