Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Elşad Xose və Natəvan Həbibi «Leyli və Məcnun» tamaşasında


Leyli və Məcnunu gənclərə hip-hopla çatdırır
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Beləsini hələ ki görməmisiz: Məcnun rep oxuyacaq, Leyli R&B, amma muğam və meyxana da yox deyil. "Leyli və Məcnun" müziklinin hazırlığı haqda Şahnaz Bəylərqızı və Nüşabə Fətullayevanın reportajı.

Beləsini hələ ki görməmisiz: Məcnun rep oxuyacaq, Leyli R&B, yəni ritm və blyuz. Bir növ bir qədər fərqli, musiqi dillərində danışacaqlar. Leyli Natəvan Həbibidir, Məcnun Elşad Xose.
Dolaşıqlıq olmasın deyə əvvəldən başlayaq. Nizami Gəncəvinin «Leyli və Məcnun» poeması əsasında müzikl hazırlanır. Özü də hip-hop janrında. Ancaq burda müxtəlif musiqi janrlarından, o cümlədən muğamdan, meyxandan istifadə olunacaq. Bəstəkar Murad Quliyevdir.
Bəlkə düşünəcəksiz ki, heç Natəvandan Leyli, Elşaddan Məcnun olar? Natəvanı bilmərəm. Amma Elşad Xose AzadlıqRadiosuna etiraf edir:
«ÖZÜMÜ MƏCNUN ROLUNDA ÇƏTİNLİKLƏ GORÜRƏM»
- Rejissorun qoyduğu vəzifəni bir qədər icra edə bilmirəm. Onun istəyi başqadır, o Məcnunu başqa cür görür, mənim də xasiyyətimə bu uyğun deyil. O Məcnunu bir az utancaq, vəhşiləşmiş, uzun müddət heyvanlarla yaşamış biri kimi, belə də… Allaha, ilahiyyata bağlı, dünyadan uzaq olan bir personaj kimi görür. Mənə bir az uzaqdır. Mənə bir az uyğun gəlmir. Amma yenə də obrazdır, çalışıb canlandıracağıq…
- Bəs, siz Məcnunu necə görərdiz?
- Elə mən də belə görərdim. Amma vəhşi adam utancaq ola bilməz, yəni vəhşiliyindən bilmir necə davransın, necə tənzimləsin. Hər halda Məcnundur da, Qeys deyil…
TAMAŞANIN MESAJINA GƏLİNCƏ…
Elşad Xose:
- Bu Leyli Məcnuna müasir baxışdır. Həm də cavanları klassikamıza meylləndirməkdir.
- Ən müxtəlif janrları bir yerə yığaraq?
- Bəli. Nə qədər klassik mövzu olsa da, müasir formada təqdimatı daha maraqlı olardı. Amma mətni olduğu kimi saxlayacağıq...
Tamaşanın rejissoru İradə Saya Gözəlova da bu fikirdədir:
- Əsas məqsəd cavanların ürəyinə yol tapmaqdır. Onların marağını çəkən yolla. Onlar repi, müasir musiqini sevirlər... Biz fikirləşdik ki, dahi Nizamini bu yolla çatdıra bilərik. Məncə alınacaq.
ƏSƏRİN QƏHRƏMANLARI ZEYDLƏ ZEYNƏBDİR
Məşq prosesindən:
- Fəsil 73. Zeydlə Zeynəbin sevgisi... Başqa bir aşiq də o zaman varmış, o da bu dərd ilə zəncir qırarmış....
Tamaşada Leyli Məcnundan başqa bir sevgi cütlüyü də var: Zeydlə Zeynəb. Onlar Leyli Məcnunun dostları və ya müasiri deyillər. Onlar XXI əsrin uşaqlarıdır. Elə əslində əsərin qəhrəmanı da onlardır. Zeynəb sevir, Zeyd eşqə-filana inanmır.
Yenə məşqdən:
- Demək istəyirsən ki, sən məni sevmirsən? Bəs sən nə üçün mənimlə danışırsan?
- Biz axı səninlə dostuq, Zeynəb.
Azad Şabanov və Oksana Rəsulova səhnədə məşq edərkən
Azad Şabanov və Oksana Rəsulova səhnədə məşq edərkən
Rejisssorun replikası:
- Kişilərin əclaflığı...
- Mən səninlə dostluq etmirəm, mən səni sevirəm.
- Bax, bu sənə elə gəlir. Sevgi yoxdur.
- Bəs Leyli və Məcnun?
-
Zeynəblə mübahisədən sonra Zeyd Leyli ilə Məcnunu yuxuda görür.
İradə Saya Gözəlova:
İKİ DÜNYANIN TOQQUŞMASI...
- Bu iki dünyanın toqquşmasıdır. Leyli ilə Məcnun o cavanlara, Zeydlə Zeynəbə kömək edəcəklər ki, əsl sevgini anlasınlar. Mənim çağırışım budur ki, əsl sevgi özünü qurban etməkdir, bir-birindən istifadə etməməkdir.
AMANSIZ ÇARLZ LAURENS
Məşqlər iki aydır başlayıb. Amma Elşad Xose bir etiraf da edir ki, məşqlər ağır gedir. «Yavaş-yavaş bişəcəyik» deyir ardınca da...
Məşqlər iki ünvanda gedir: Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında və Mahnı Teatrında.
Filarmoniyada tamaşanın rəqsləri məşq olunur. Rəqslərə quruluş vermək üçün ABŞ-dan xoreoqraf dəvət olunub - Çarlz Laurens. O, səhvləri bağışlamır. Kiçik bir yanlış və... Çarlz gülə-gülə Azərbaycan dilində yenidən «başladıq» deyə göstəriş verir. Bir elementi o qədər məşq edirlər ki, axırda biz darıxmağa, aktyorlar əsəbiləşməyə başlayırlar.
Aktyorlar hər dəfə «biz bunu bilirdik ki» deyəndə Çarlzın cavabı belə olur: «Əgər bilirsizsə, səhv etməyin...» Bu iradlar xüsusən də Oksana Rəsulovaya yönəlir. O özü də etiraf edir: «Məndə heç nə alınmır». Amma köməyə Elşad Xose gəlir və bəzi detalları onunla ayrıca məşq edirlər.
Qısası, Çarlzla iki saatlıq məşqdən çıxanda Oksana Rəsulova ilə Azad Şabanovun (onlar Zeynəblə Zeydi oynayırlar) dizləri sözlərinə baxmır.
«KİTABIN SONU» VƏ YA «UJAS»
Ancaq bu dəfə onlar Mahnı Teatrında rejissor İradə Saya Gözəlova ilə məşqləri davam etdirməlidirlər. Növbəti iki saatda aktyorlar yorğun, hirsli görünürlər, az qala dilləri söz tutmur. Ara-sıra etirazlar eşidilir... Rejissor isə gah tələb, gah xahiş edir ki, məşqə köklənə bilsinlər. Bir epizodu dəfələrlə təkrarlamalı olurlar. Layihənin müəllifi və rəhbəri Mirsahib Musayevin müdaxiləsindən sonra atmosfer dəyişir.
Məşqlər
Məşqlər
Oksana ilə rejissorun dialoqu:
- Rahatlıq görmədi fani dünyada, indi yetişmişlər yalnız murada...
- Burnunuzu çəkin, guya ağlayırsız, başınızı hətta yastığa qoya bilərsiz.
- Zeydin yuxudan ayılması, 82-ci fəsil...
- Bu artıq «happy end»dir. Zeyd ayılacaq və sizə evlənmək təklif edəcək. Onda siz guya öpüşəcəksiz və bu zaman dönüb deyəcəksiz: «kitabın sonu». Yəni arxada yazıq Leyli ilə Məcnun ölür, burdasa siz...
- «Ujas» olacaq.
- Yox ey, əla olacaq, fərqli olacaq...
Tamaşa rejissorun dediyi kim «əla» olacaqmı? Bilmirik, çünki hələ məşqdir, hələ cilalanası, düzəliş ediləsi çox şey var. Premyera dekabrın ilk yarısında olmalıdır.
LEYLİ MƏCNUNSUZ «LEYLİ MƏCNUN»
Hə, bir də... Dörd saatlıq məşqlərdə Leyli ilə Məcnunu - Elşad Xose ilə Natəvan Həbibini ifasını dinləyə bilmədik. Natəvan Həbibi gələ bilməmişdi deyə Elşad Xose də oxumadı. Amma Zeydin - Azad Şabanovun ifasını eşidə bildik. O da musiqisiz...
Tamaşanın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi ilə «İrəli» İctimai Birliyidir.
XS
SM
MD
LG