Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

«Amnesty International»a görə vəziyyət daha da pisləşib


Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatı
Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatı
Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. «Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar» adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir.

Noyabrın 16-da yayılan sənədə görə, Azərbaycanda küçədə «Azadlıq» şüarı səsləndirmək 10 gününü, başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətirib çıxara bilər.

Sənəddə nəticə kimi qeyd edilir ki, təşkiltın 2009-cu ildə yaydığı hesabatından bəri Azərbaycanda vəziyyət daha da pisləşib: «Hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxaql dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur»- deyə hesabatda bildirilir.

Hesabatın Azərbaycana aid hissəsini Bakıda təşkilatın Avrasiya bölümünün rəhbəri John Dalhuisenlə Azərbaycan və Mərkəzi Asiya üzrə təhqiqatçısı Natalia Nozadze təqdim ediblər.

«AZƏRBAYCANDA DEMOKRATİYANIN «SÜMÜKLƏRİ» FORMALAŞIB, AMMA SÜMÜK ÜZƏRİNDƏ «ƏT» YOXDUR»

John Dalhuisenə görə, müstəqilliyin əldə edilməsindən ötən 20 il ərzində Azərbaycanda iqtisadi inkişaf və sosial-siyasi sabitlik təmin olunsa da, demokratiyaya yol açan hüquqlara hörmət əldə olunmayıb. Son aksiyalara görə 17 nəfərin həbsinə toxunan John Dalhuisen fikrincə, hökumətin bu sahədə istifadə etdiyi üsul və atdığı addımlar demokratiyanın inkişafına yönələn cəhdlər kimi göstərilə bilməz. Onun fikirincə, Azərbaycan hökumətinin söz və sərbəst toplaşma azadlığına qarşı istifadə etdiyi üsullar dünyada despotik üsullar hesab edilir:

«Son 20 ilə Azərbaycanın nə əldə etdiyinə nəzər salsaq görərik ki, demokratiyanın «sümükləri» formalaşıb, amma üzərində «ət» yoxdur. Müxalifət partiyaları mövcuddur, amma fəaliyyət göstərə bilmirlər. Azad media çap olunan bilir, amma nə deməyə, nə yazmağa gəldikdə çox ehtiyatlı olmalıdırlar. O cümlədən QHT-lər. Onlar da fəaliyyət göstərə bilirlər, ancaq istənilən an da bağlana bilərlər».

NATALİA NOZADZE: «ƏSLİNDƏ MART-APREL HADİSƏLƏRİ VƏZİYYƏTİN PİSLƏŞDİYİNİ GÖSTƏRİR»

Amnesty international təşkilatının Avrasiya bölümünün rəhbəri John Dalhuisen mətbuat konfransı zamanı
Amnesty international təşkilatının Avrasiya bölümünün rəhbəri John Dalhuisen mətbuat konfransı zamanı
Qurumun Azərbaycan üzrə araşdırmaçısı Natalia Nozadze 2009-cu il hesabatından sonra ötən dövr ərzində Azərbaycanda insan haqlarının daha da pisləşməsini göstərən bəzi nümunələr göstərir:

«Əslində mart-aprel hadisələri Azərbaycanda vəziyyətin necə pisləşdiyini göstərir. Həmin hadisələr onu göstərir ki, Azərbaycan hökuməti addımlar atır ki, ölkədə müxalif fikirlər boğulsun və istənilən bu cür çıxış və etirazlar yatırılsın».

İSA QƏMBƏR: BU HESABAT HƏQİQƏTİN DAHA YAXŞI ANLAŞILMASINA XİDMƏT EDİR

Müsavat başqanı İsa Qəmbər hesabatın tam reallığı əks etdirdiyini düşünür:

«Artıq beynəlxalq birlik də dərk etməyə başlayıb ki, azadlıqlar sadəcə olaraq bir ideal deyil. Azadlıqlar, demokratiya, insan haqları həm də dünyanın təhlükəsiz və firavan yaşaması üçün önəmli fundamental məsələdir. Hesab edirəm ki, Amnesty İnternationalın bu hesabatı həqiqətin daha yaxşı anlaşılmasına xidmət edib və edəcək».

«YAYDA HƏBSDƏN BURAXILANLARIN YERİNİ APREL MƏHBUSLARI TUTUB»

Hüquq müdafiəçisi Səidə Qocamanlı hesabatla qismən razıdır.

Səidə Qocamanlı deyir ki, o, 2009-cu ildən sonra Azərbaycanda vəziyyətin daha da pisləşməsi fikrinə birmənalı yanaşmır:

Səidə Qocamanlı
Səidə Qocamanlı
«Ona görə ki, bu sahədə 2009-cu ildən bəri qismən də olsa, irəliləyişlər var».

Hüquq müdafiəçisi hökumətin atdığı müsbət addımlara bu ilin yayında jurnalist Eynulla Fətullayevlə yanaşı bir sıra siyasi məhbusların azadlığa buraxılmasını misal çəkir. Amma həm də etiraf edir ki, yayda həbsdən buraxılan siyasi məhbuslarının yerini sonradan aprel məhbusları tutub.

HÖKUMƏT HESABATI BİRTƏRƏFLİ, QƏRƏZLİ SAYIR...

Azərbaycan hökuməti isə Amenesty İnternational təşkilatının hesabatını birtərəfli, qərəzli, ayrı-ayrı şəxslərin fərdi fikirlərinə əsaslanmış sənəd hesab hesab edir.

Prezident Administrasiyasından Amenesty İnternationala təqdim edilən 8 səhifəlik arayışda qeyd olunur ki, hesabat əks olunan hadisələrə dair zəruri araşdırma aparmadan və hökumətin mövqeyi sorğu edilmədən hazırlanıb.

Təşkilata tövsiyə olunur ki, bu cür hesabatlarda iddia olunan məlumatların təsdiq edilməsi üçün qabaqcadan rəsmi dövlət orqanlarına müraciət etsin.

AMENESTY İNTERNATIONAL TƏŞKİLATI HÖKUMƏTLƏ GÖRÜŞƏ HƏLƏ DƏ ÜMİDLİDİR

Ancaq təşkilatın Avrasiya bölümünün rəhbəri John Dalhuisen deyir ki, həftə ərzində çox çalışsalar da hökumət nümayəndələri ilə görüşə nail ola bilməyiblər:

«Biz belə cavab aldıq ki, indi görüş üçün məqsədəuyğun vaxt deyil».

Bununla belə John Dalhuisen hökumətlə görüşüb-danışmaq ümidini itirmir. Deyir ki, xeyli müzakirə olunası məsələlər olduğundan onlar belə bir görüşün tezliklə baş tutacağına ümidlidirlər.
XS
SM
MD
LG