Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:38

Son 8 ildə Azərbaycanda nə qədər iş yeri yaradılıb? (Müzakirə)


Azərbaycan hakimiyyəti rəsmi elan edir ki, son 8 ildə Azərbaycanda 950 min iş yeri yaradılıb.
Ancaq müstəqil işqtisadçılar bu rəqəmin dəqiqliyinə şübhə edirlər.
Elə cəmiyyətin özündə də bu rəqəmlərə inamsızlıqla yanaşan çoxdur.

Azadlıq Radiosunun iqtisadiyyat saytı AzadlıqEko-nun sorğusunda oxucularımıza bir sual verilir:

“Sizcə 8 ildə yaradılan iş yerlərinin sayı 950 min ola bilərmi?”

Sorğuda təklif olunan iki cavab variantına səs verənlər belə bölünür:

Ola bilər - 3,8%

Heç cür ola bilməz - 96,2%

AzadlıqEko elə bu mövzunu müzakirəyə çıxarır- 8 ildə yaradılan iş yerlərinin rəsmi elan olunan miqdarı niyə şübhə doğuruir və təxminlərə görə, yaradılan iş yerlərinin sayı nə qədər ola bilər?

İqtisadçıları, sosioloqları, eləcə də bütün oxucularımız müzakirəyə dəvət edirik.

Müzakirəmizdə ilk sözü isə iqtisadçı ekspert Natiq Cəfərliyə veririk.


Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli:


Azərbaycan prezidenti son illərdə 1 milyona yaxın yeni iş yerlərinin aşılması haqqında dəfələrlə ictimaiyyətə məlumat verib, hökumət üzvləri də, dəfələrlə bu rəqəmi təkrarlayıblar.

Amma, bu qədər iş yerləri doğrudan da açılmış olsa idi, bəzi rəsmi rəqəmlərdə özünü göstərməli idi.

Məsələn, 2011-ci ilin büdcəsinə baxdıqda, və ya, 2012-ci ilin büdcə proqnozlarını araşdırdıqda, məlum olur ki, nə fiziki şəxslərin gəlir vergisində, nə də Sosial Müdafiə Fondunun topladığı vəsaitlərdə ciddi artım olmayıb və bu təzad, açıqlanan rəqəmlərin dəqiqliyini şübhə altına qoyur.

Ölkə qanunlarına görə, hər hansı bir şəxs, cəmi 3 gündən artıq bir müəssisədə, təşkilatda işlədikdən sonra, həmən onun adına Şəxsi Uçot Kartı (və ya, sosial yığım kartı) açılmalıdır.

Qanuna görə, həm işə götürən, həm də işçi maaşından, və ya qazancından Sosial Müdafiə Fonduna, öz şəxsi hesabına hər ay vəsait köçürməlidir.

Nəzərə alsaq ki, rəsmi məlumatlara görə ölkədə 4 milyondan artıq potensial işçi qüvvəsi var, deməli, şəxsi uçot kartı olanların sayında da bir mütənasiblik olmalıdır.

Amma son rəsmi rəqəmlərə görə, Sosial Müdafiə Fondunda qeydiyyatda olan insanların sayı 1,652 min nəfərdir.

Bu o anlama gəlir ki, ya işsizlərin sayı rəsmi rəqəmlərdən dəfələrlə çoxdur, ya da qeydiyyatsız, qanunsuz, rəsmiləşdirilmədən çalışan yüz minlərlə insan var. Hər iki halda bunun günahı hökumətdədir.

Beləliklə, elə açıqlanan rəsmi rəqəmlər, məlumatlar, prezidentin səsləndirdiyi “son illərdə 1 milyon iş yeri açılıb” sözlərinə şübhə ilə yanaşmağa kifayət edir.



Hafiz Babalı
Hafiz Babalı
Turan Informasiya Agentliyinin eksperti Hafiz Babalı:

Hər ölkədə iqtisadi siyasətin uğurlu nəticəsi kimi hökumətin üzünü ağardan - açılan yeni iş yerlərdidir. Bu, ölkədə işgüzar mühitin sağlamlığına, iqtisadi dinamikanın yüksəlişinə dəlalət edən ən mühüm əmillərdən biri hesab edilir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də 2003-cü ildə hakimiyyət olimpinin zirvəsinə qalxarkən söz verdi ki, ölkədə 600 000 yeni iş yeri yaradacaq. Bununla o, həm işsiz vətəndaşların, həm də öz pulunu iqtisadiyyata yatırmaq istəyən yerli iş adamlarının rəğbətinə ümid edirdi. Təəssüf ki, sonrakı proseslər göstərdi ki, bu, siyasi populizmdən o yana getmədi..

Hazırda iqtidar ölkədə 1 milyona yaxın yeni iş yerlərinin yaradılması barədə məlumat verməkdən çəkinmir. Çünki əmindir ki, bunun əksini ona sübut edəcək siyasi institutlar demək olar ki yoxdur. Statistikaya görə, Azərbaycanda əhalinin real artımı 2003-cü ildən bəri aşağı-yuxarı elə bir o qədər təşkil edir. Yəni, hökumət “işsizliyi nəzarətdə saxlayır, iqtisadiyyat demoqrafik vəziyyətlə ayaqlaşır”. Əslində bu, arzu olunanı reallıq kimi təqdim etmək cəhdidir.

İş yerlərinin yaradılması barədə ən real mənzərəni DSMF-nin sosial sığorta olunanların uçotu barədə məlumatları yarada bilərdi. Lakin Azərbaycanda bu informasiya qüsurlu olacaq.
Ona görə yox ki, DSMF-nin fərdi uçot sistemində duranların sayı son illər ərzində 500 000-dək artıb və bizim 1 milyon yeni iş yeri barədə təkzib mövqeyimizə bir qədər kölgə salır.

Həqiqətdə bunin özü də kifayət qədər ciddi rəqəmdir. İş yerlərinin yaradılması ilə bağlı real rəqəmin ortaya çıxması üçün məlumatın qüsurluluğu ondan yaranır ki, o, əsasən iş yerlərinin leqallaşdırılması, həm də kənd yerlərində fərdi təsərrüfatçılıqla məşğul olanların pensiya almaq ümidi ilə kütləvi uçota alınması nəticəsində formalaşıb.

Digər tərəfdən yüz minlərlə iş yerinin fiziki şəxslər tərəfindən açıldığı iidia olunur. Lakin bu iş yerlərinin xarakteri açıqlanmır. Bu isə məlumatın həqiqiliyini şübhə altına almağa əsas verir.

Təxmini hesablamalara görə, son 8 il ərzində ölkədə 300 000-dək yeni iş yeri yaradılıb. Bunun bir qismi dövlət sektorunun payıma düşür. İş yerlərinin bir qismi müvəqqəti xarakterlidir, yəni infrastruktur obyektlərinin inşası ilə bağlıdır.

Hakimiyyət yeni yaradılan müəssisələr barədə çox danışa bilər. Nümunə olaraq, Sumqayıt Texnologiyalar Parkı, Akkord, Gilan, Azərsun və s.-ni göstərə bilər.

Amma bu dövrdə Gəncə və Sumqayıt alüminium zavodları, Sumqayıt boruyayma zavodunun minlərlə, Quba konserv zavodunun, özəlləşdirilmiş “Xəzərdənizsosialtikinti”, “Xəzərdənizneftqazmatikinti” trestinin yüzlərcə işçiləri işsiz qalıblar. Molla mindiyini saymadığı kimi, hökumət də bağlanan iş yerlərini saymır.


Iqtisadçı-ekspert Qadir Ibrahimli:

Rəsmi statistikaya görə, son 8 ildə Azərbaycanda 950 min iş yeri açılıb. Hakimiyyət “problemlərin kağız üzərində həlli” siyasətini “uğurla” davam etdirir. Bu yaxınlarda Azərbaycanın Rusiyadakı səfiri rəsmən elan etdi ki, 700 mindən çox azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib.

Hər iki statistikanı ciddi qəbul etsək, belə çıxır ki, Azərbaycanda işıq sürəti ilə iş yerləri açılmağa başlayandan bu ölkənin sakinləri kütləvi şəkildə ölkəni tərk edir. Normalda isə Rusiya vətəndaşlığını qəbul edən soydaşlarımız elə işsizlik ucbatından qonşu ölkəyə üz tutur. Həqiqətən də bir elə iş yeri açılsaydı, 700 min (ən azı bir o qədər də Rusiyada hələ vətəndaşlıq ala bilməyən soydaşımız əmək miqrantı kimi çalışır) soydaşımız “anoloqsuz inkişafda edən” ölkəsinin vətəndaşlığından imtina etməzdi.

İkncisi, hökumət hələ ölkədə işsizlərin sayını müəyyənləşdirə bilməyib. 2003-cü ilin rəsmi statistikasına görə, Azərbaycanda 600 min işsiz var idi. Əgər həqiqətəndə son 8 ildə 950 min iş yeri açılsaydı, onda Azərbaycanda işsizlik problemi olmamalıydı. Əksinə indi Azərbaycan işçi qüvvəsi idxal edən ölkəyə çevrilməliydi. Ancaq bu gün Azərbaycanın istənilən regionunda “qul bazarları” mövcuddur. Məşhur “O olmasın bu olsun” filmindəki hambal sindromu 21-ci əsr Azərbaycanı üçün daha aktualdır.

Üçüncüsü, bu gün Azərbaycanda yeni iş yerləri yalnız oliqarxlara məxsus holdinqlərdə, bazarı inhisara götürən müəssisələrdə yaradılır. Məsələn, bu il Ağsuda şirə bazarını inhisara götürməyə iddialı olan “Az-Granat” MMC işə başlayıb. Əvəzində isə şirə istehsalı ilə məşğul olan onlarla kiçik müəssisə qapadılıb. Azərbaycan iqtisadiyyatında yalnız monopolist şirkətlər investisiya yatırır və məhdud sayda iş yeri açılır. Hər bir monopolist işə başlayanda isə onlarla kiçik müəssisə sıradan çıxır.

Nəhayət, son 8 ildə 950 min iş yeri açılsaydı fiziki şəxslərdən gəlir vergisinin həcmi əhəmiyyətli dərəcədə artmalıydı. Gələn ilin büdcəsində 696 milyon manat gəlir vergisinin yığımı proqnozlaşdırılır. Bu məbləğin 209 milyon manatı Hasilatın Pay Bölgüsü hesabına, 195 milyon manatı büdcə təşkilatlarının hesabına təmin edilcək. 42 milyon manat isə ARDNŞ-in hesabına ödəniləcək. Qalan 250 milyon manat özəl sektorun üzərinə düşür. Məsələni bir az da sadələşdirək. Əgər ARDNŞ-də işləyən 70 min nəfər il ərzində 42 milyon manat gəlir vergisi ödəyirsə, deməli, bir neftçi orta hesabla ayda 50, ildə 600 manat gəlir vergisi ödəyir. Bu göstəricini əsas götürsək, özəl sektorda cəmi 420 min nəfər gəlir vergisinin ödəyicisi var.

Hökumət arqument gətirə bilər ki, neft sektorunda əməkhaqqı yüksəkdir, onu başqa sektorlarla eyniləşdirmək olmaz. Arqumenti qismən qəbul edirik. Neft sektorunda əməkhaqqı çox yüksək olmasa da, hər halda başqa sektorlarla müqayisədə üstündür. Ona görə hesab edək ki, özəl sektorda bundan 2 dəfə çox gəlir vergisinin ödəyicisi var, yəni 840 min nəfər. Yenə hökuməti sevindirən rəqəm alınmır. Axı 950 min iş yeri açılmışdı. Bəs hanı qalan 110 min nəfər? Hələ 2003-cü ilə qədər özəl sektorda bir neçə yüz min nəfər çalışırdı. Bəs onlar hara qeyb oldu?

İstənilən təhlil hökumətin rəsmi statistikanı ifrat həddə şişirtdiyini ortaya qoyur. Hökumət potensialını göstəriciləri şişirtmək əvəzinə, problemlərin real həllinə yönəltsəydi daha effektli olardı.





Müzakirə davam edir. Cavablar gəldikcə saytımızda yerləşdiriləcək.

Siz nə fikirləşirsiniz, 8 ildə 950 min iş yeri yaradılıbmı? Yaradılan iş yerlərinin sayı nə qədər ola bilər?
Bizə yazın.
XS
SM
MD
LG