Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:44

Rəssamlıqda «dayı» söhbəti


Azerbaijan. Baku. Painter Emin Gahramanov
Azerbaijan. Baku. Painter Emin Gahramanov
«Tək-tək olur ki, hansısa rəssamlar maliyyə baxımından qabağa çıxır . Hansısa adamlara görə, kimsə kiməsə kömək edir. Amma başqa cür də ola bilər. Bəlkə də, səni tanıyacaqlar. Amma ki, rəhmətlik Van Gogh kimi... Öləndən sonra...»

«GƏRƏK KİMLƏRİSƏ TANIYASAN...»

Rəssam Emin Qəhrəmanov belə düşünür. 35 yaşlı rəssam deyir ki, Azərbaycandakı «dayı» söhbəti incəsənət sferasında da keçərlidir:

«Çox çətindir bir-iki sərgi eləmək. Təkcə güclü rəsmlərlə rəssamın işləri irəli getmir. İstər-istəməz sənin bir köməyin olmalıdır. Dayı söhbəti... Tutaq ki, mən bir sərgi eləsəm, baxmayaraq əminəm ki, mənim əsərlərim çox yaxşıdır, kimlərisə çağırmaq üçün gərək kimlərisə tanıyasan ki, o adamları da ora dəvət etsinlər, onlar da sənin işlərini görsün».

Emin Qəhrəmanov Tbilisi Rəssamlıq Akademiyasının məzunudur. Müxtəlif incəsənət cərəyanlarında qarışıq çəkməyi sevir. «Bulvarda nərd oynayan kişilər», «Novruz», «Dərvişlər» kimi əsərlərində Azərbaycan cəmiyyətini göstərməyə çalışır.

«EMALATXANAM DA YOXDUR, EVİM DƏ»

Emin uşaqlıqdan sənətlə məşğul olsa da, hələ ki fərdi sərgisini keçirməyib:

«İndiyə qədər mənim emalatxanam da yoxdur. Heç evim də yoxdur, kirayədə yaşayıram. Ümumiyyətlə, kim üçün asandır? Guya ki Picasso üçün yüngül idi əvvəllər? Zirzəmidə-zadda çəkirdi. Və ya Modigliani... Demək olmaz ki, rəssam əsərlərini satmaqla qabağa gedəcək. Amma demərəm ki, rəssam acından da ölməlidir. Məsələn, Rafael Santi çox varlı rəssam olub».

EMALATXANADA MƏKTƏB

Gənc rəssam hazırda işlədiyi emalatxanaya görə ayda 500 manat kirayə haqqı verir. Bütün xərclərini qarşılamaq üçün kiçik emalatxanasında rəsm çəkmək istəyən uşaqlara dərs də keçir:

«Yalan deyərəm desəm ki, «dərslər qazanc əldə etmək üçün deyil». Sözsüz ki, pul lazımdır. Çünki çox çətindir. Rəssam və pul – bu gün var, sabah yoxdur. Belə də ki, pulun dalınca qaçsaydım, hər halda bu işlə məşğul olmazdım. Ümumiyyətlə, dərs deməkdən xoşum gəlir, çünki mən daha çox insanla ünsiyyətdə oluram. Daha çox uşaqlarla işləməyi xoşlayıram, 5 yaşından başlayaraq şagirdlərim var. Uşaqlarla həddən artıq maraqlıdır, elə işlər çəkirlər ki, bəzən, böyük rəssam onu çəkə bilməz».

«FACEBOOK»UN SƏNƏTƏ XEYRİ...

Emin Qəhrəmanovun çəkdiyi əsər
Emin Qəhrəmanovun çəkdiyi əsər
Emin deyir ki, sosial medianın Azərbaycanda populyarlaşması rəssamların da işini yüngülləşdirib. İndi təşkil olunan sərgilər, çəkilən əsərlər barədə məlumat yaymaq üçün rəssamlar «Facebook»dan xeyli yararlanırlar:

«Studiyada işlərimin getməyində «Facebook» mənə kömək edir. Orada daha çox ünsiyyət olur. «Facebook» çox güclü bir şeydir. Onu düzgün istifadə etsən, plyusu daha çoxdur».

Emin onu da əlavə edir ki, bütün çətinliklərinə baxmayaraq gələn ilin mayında Avropa ölkələrinin birində fərdi sərgisini öz hesabına təşkil edəcək.
XS
SM
MD
LG