Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:37

«Mən görmədiklərimi yaza bilmərəm!»


Mehriban Vəzir
Mehriban Vəzir
Həmidə xanım Cavanşirin «Xatirələrim» kitabının Azərbaycan dilində tam nəşri çapdan çıxdı. Rusca yazılan həmin əsəri dilimizə çevirən yazıçı-publisist Mehriban Vəzir bu kübar və ziyalı qadının həyat hekayəsini AzadlıqRadiosunun «İz» proqramına anladır.

--Mehriban xanım, Həmidə xanım Məmmədquluzadənin Mirzə Cəlil haqqında xatirələrini təkrar çap etdirmək haradan ağlınıza gəldi?

-- Görün, siz necə ifadə elədiniz--Həmidə xanımın Mirzə Cəlil haqqında xatirələri. Bu, bizim cəmiyyətə belə təqdim olunmuşdu. Əslində belə deyil. Həmidə xanımın bu adda kitabı olmayıb. Həmidə xanımın 100 şagird dəftəri həcmində yazılmış «Xatirələrim» əsəri olub. Rusca yazılıb, adı belədir— «Moi vospominaniya». Mən də «Xatirələrim» deyə tərcümə etdim—doğrusu budur.

«XATİRƏLƏR» MİR CƏFƏR BAĞIROVUN SİFARİŞİ İLƏ YAZILIB

Amma Bağırovun sifarişindən əvvəl Həmidə xanım atası haqqında—Əhməd Bəy Cavanşir haqqında xatirələrini yazırdı. Əhməd bəy kim idi? Qarabağ xanlığının qurucusu Pənah xanın qohumu. Pənah xanın idarəetmədə iştirak edən oğlu Mehralı bəy və İbrahim xan idi. Həmidə xanım Mehralı bəyin nəvəsi, yəni Pənah xanın dördüncü qurşaq nəvəsidir. Belə bir əsəri Qarabağda xan ailəsindən çıxmış savadlı, ziyalı, yüksək təbəqədən çıxmış bir qadın yazıb. Həmidə xanımın birinci əri İbrahim bəy Davatdarov olub. O da Qarabağın pambıq bəylərindəndi. Polkovnik idi. Brestdə, Qarsda qulluq etmişdi. Həmidə xanım onunla birgə Avropada olanda həndəsə öyrənmişdi, digər elmlərlə maraqlanmışdı, çoxlu mütaliə etmişdi. O vəfat edəndən sonra Həmidə xanım Mirzə Cəlillə ailə qurmuşdu.

«XATİRƏLƏRİM»Ə NİYƏ YASAQ QOYULDU?

Mir Cəfər Bağırovun sifarişindən sonra Həmidə xanım əsərin sərhədlərini genişləndirir, yazını sürətləndirir. Ancaq Bağırovun sifarişi ilə yazılan bu əsərə sonralar elə onun öz göstərişi ilə yasaq qoyulur. 1967-ci ildə mərhum professor Abbas Zamanov bu əsərin kiçik bir hissəsini—ancaq Mirzə Cəlilə aid hissəsini sərbəst tərcümə edib, bir az da dövrün ideologiyasına uyğunlaşdırıb. Məsələn, Həmidə xanım yazıb—«biz türklər», Abbas Zamanov onu «biz azərilər» edib...Ön sözündə hətta Həmidə xanımı ciddi tənqid edib. Onu öz zümrəsinin—zadəganların nümayəndəsi sayıb. Bu da düşünürəm ki, dövrün şərtləri idi. Amma Abbas Zamanov çox mühüm iş görmüşdü və bu əsəri bir az təhrif olunmuş şəkildə olsa da Azərbaycan ictimaiyyətinə çatdırmışdı. Abbas Zamanovun təqdimatında kitab belə adlanırdı: Həmidə Məmmədquluzadə «Mirzə Cəlil haqqında xatirələrim». Mənim təqdim etdiyim kitab isə belə adlanır: Həmidə xanım Cavanşir «Xatirələrim».

BAĞIROV YOLKƏSƏN İMİŞ?!

--Qayıdaq 30-cu illərə. O dönəmdə sifarişlə yazılan əsərə niyə yasaq qoyuldu?

--Bu dönəmdən əvvəl çox dönəmlər var. Hər dönəmin də sirri əvvəlki dönəmdədir...Hələ Sovetlərdən də, Cümhuriyyətdən də əvvəl Mir Cəfər Bağırov Qarabağda yolkəsənlik edirmiş... Onun quldur dəstəsi varmış. Qarabağ zəngin olduğundan digər bölgələrdən də bura quldurluq etməyə gəlirlərmiş. Və bu dəstələrin də nüfuz dairəsi olurmuş. Bir dəfə bu dəstələrin arasında savaş olur. Mir Cəfərin dəstəsini sıxışdırıb çıxarır, məhv edirlər. Bir neçə nəfər kahada gizlənir. Mir Cəfər Həmidə xanımın üstünə bir adam göndərir ki, göydə Allah, yerdə sən—bizə kömək ol! Həmidə xanımın Tiflisdən hökumət qonaqları varmış. O öz nökərini qoşur bu adamlara və göndərir bir qohumunun --Abdal Gülablı kəndində Mirzalıoğullarının evinə. Mir Cəfər bir ay bu ailədə qalır. Yeyir-içir, sağalır, cibinə pul, heybəsinə yemək qoyub gizli yolla Bakıya yola salınır.

İLLƏR KEÇDİ

İllər keçir... Mir Cəfər Azərbaycan SSR-in rəhbəri olur. Və Həmidə xanımın etdikləri yada düşür.

--Ona qədər heç görüşməmişdilər?

--Həmidə xanım xatirələrində yazır ki, Sovet hökuməti qurulmuşdu. Mir Cəfər Bağırov Qarabağa gəldi. O mənimlə də görüşdü. O vaxt Həmidə xanım Kəhrizlidə yaşayırdı. İndi Ağcabədinin kəndidir. Yəni Mir Cəfər onun yaxşılığını heç vaxt unutmurdu. Çünki onu ölümdən qurtarmışdı. Qarabağda o qədər bəy kişilər ola-ola Həmidə xanıma sığınmışdı. Çünki bilirdi Həmidə xanım kimdir! Hə, indi 30-cu illərdir. Ölən-ölüb, qalan-qalıb. Bolşevik hökuməti repressiyaya başlayıb. Onun quldurluğunu bilənlər aradan götürülüb. Artıq Mir Cəfərə nə lazımdır? Həmidə xanım kimi bir ziyalının köməyi. Sanki ikinci dəfə ondan həyat istəyir. Nə deyir?

MƏN GÖRMƏDİKLƏRİMİ YAZA BİLMƏRƏM!

Deyir ki, mənim bolşevik fəaliyyətimdən də yaz! Ərizə yazdırıb onu bir günün içində Yazıçılar İttifaqına üzv seçirlər. ​Yüksək maaş, xüsusi xidmət maşını (M-1), «Kremlovskiy payok» deyilən ərzaq payı və s. imtiyazlar verilir. Qonorarlar vəd olunur. Dərsliklərə salınacaq və s. Təki onun inqilabi fəaliyyəti orada əks olunsun. Sanki ikinci dəfə dirilmək istəyir. Ancaq onu bir dəfə ölümdən qurtaran Həmidə xanım nə cavab verir? 1936-cı il idi. Repressiyaların dəhşətli vaxtı idi. Həmidə xanım deyir: «Mən görmədiklərimi yaza bilmərəm»...

BU, ƏBƏDİYAŞAR SÖZ OLMALIDIR

Sevda xanım, mənə elə gəlir ki, «Mən görmədiklərimi yaza bilmərəm» qənaəti ziyalı və hakimiyyət, ziyalı və hökmdar arasında olan dərin bir uçurumdur. Ziyalı və hökmdar problemi hər zaman olub, bu gün də var. İndi təsəvvür edin. 30-cu illərin bu vaxtında bir qadının cavabını. Artıq Mirzə Cəlil yox idi. O təkdi. Və təkliyi ilə də nə qədər böyük bir insan, şəxsiyyət, böyük bir qadın idi. O, cavab verdi: «Mən görmədiklərimi yaza bilmərəm! Bu, əbədiyaşar bir söz olmalıdır. Bu, ölçü olmalıdır. Azərbaycan ziyalısı bu sözü dərk etməlidir. Halbuki, Həmidə xanım yazsaydı, kim şübhə edəcəkdi?

BU QADIN QURD ÜRƏYİ YEYİB!

--Mehriban xanım, görmədiklərini yazmayan Həmidə xanım gördüklərindən nə yazdı?

--Kitabın girişində Ədalət Tahirzadənin Ön sözü var. Sizin bu suala orada cavab verilib. Ədalət bəy o dövrün ən yaxşı araşdırıcılarındandır. O kitabı oxuyanda, təəccüb elədi. Dedi, bu qadın qurd ürəyi yeyibmiş. Bu şeyləri necə yazmaq olar? Özündən deyən kişilər Nuru paşa ilə, Cəmil Cahid paşa ilə rastlaşdıqlarını, onları qarşıladıqlarını, evində ziyafət verdiyini, evində üç gün qonaq saxladığını boyunlarına almırdılar. Amma Həmidə xanım yazırdı. Bütün bu olanları göstərirdi. Cümhuriyyət hökumətindən Şuşaya gələn, ona millət vəkilliyi təklif edən məktubu da, ona zənginlərdən kasıblara paylamaq üçün verilən pulu da, hər şeyi, hər şeyi elə yazır ki, heyrət doğurur...

--Mən indi anladım ki, Abbas Zamanov niyə bütün bunların üstündən keçib...

--Abbas Zamanov məcbur idi. Onun ən böyük xidməti o idi ki, belə bir əsərin mövcudluğunu bizə çatdıra bildi. Düzdür, mən hər zaman ailəmdən eşitmişdim. Kitaba yazdığım Ön sözdə nənəmin də xatirələrinin bəzisini bölüşmüşəm. Qarabağda Həmidə xanıma Həmdəm xanım deyirdilər. Və mən ailədə həmişə onun haqqında danışıldığını görmüşəm. Amma Abbas Zamanovun tərcüməsi də ictimai bir xidmətdir. Bu işi gördüyünə görə mənim ona böyük sayğım var.

--Kitabın tərcüməsi çətin olmadı?

--Üç min səhifə...Bizim bildiyimiz 3 min ağ vərəq. Texniki tərəfi son dərəcə çətin idi. Onu Əlyazmalar İnstitutunun arxivindən çıxarmaq, film şəklinə, sonra kağız şəklinə salmaq illər apardı. Bizdə filmdən kağıza köçürən texnologiya yox idi. Ön sözdə hamısını qeyd eləmişəm...Tərcümədə də bir az sərbəstlik var. Eynən Abbas Zamanovdakı kimi. Həmidə xanımın ruscası maraqlı bir ruscadır. Mütəxəssislərin dediyinə görə, Mirzə Cəlilin ruscası daha kamildir. Çünki o, Qori seminariyasını bitirmişdi. Həmidə xanım isə yazma-oxumağı və dili evdə öyrənmişdi. Odur ki, müəyyən problemlər oldu.

HƏMİDƏ XANIM DÜNYA VƏTƏNDAŞIYDI

--Tərcümə zamanı xatirələrdə sizi sarsıdan, heyrətləndirən yerlər oldumu?

--Çox oldu. Biri var idi-- mənim ailədən eşitdiyim Həmidə xanım, biri-- Abbas Zamanovun tərcüməsindəki Həmidə xanım, biri də var idi 80 il yasaq olmuş-- «Xatirələr»dəki Həmidə xanım...Nəyə heyrətləndim? Həmidə xanım son dərəcə beynəlmiləlçi olub. Dünya vətəndaşıdır, bəşəridir. Təsəvvür edin. Epidemiya var, qıtlıq var. Bu xanım erməni kəndinə də kömək edir, Azərbaycan kəndinə də. Yəni bu, insandır. Amma eyni zamanda da Həmidə xanım millətçidir. Məsələn, Həmidə xanım Tiflisdə Qızlar İnstitutunda oxuyan qızının yanına gedir, görür bütün millətlərin ana dili müəllimi var, amma azərbaycanlıların yoxdur. O, illərlə danışıqlar aparıb ora müəllim təyin etdirir. Amma necə, Sevda xanım?

--Necə?

--Öz hesabına! 1907-1917-ci illər arasında həmin müəllimə ayda 30 manat qızıl pul verir.

--Ömrünün sonlarını necə yaşadı Həmidə xanım?

--Həmidə xanım 20-ci ilə qədər—bolşeviklər gələnə qədər zənginlik içində yaşayıb. Bu zənginlik havayı gəlməyib. Həmidə xanım böyük bir təsərrüfatı idarə edib. 20-ci ildən sonra Təbrizə gedib Mirzə Cəlillə. Sonra N.Nərimanov teleqram vurdu, qayıtdılar Bakıya. Çox çətinliklərə düşdülər. Nərimanov Moskvaya gedəndən, dünyasını dəyişəndən sonra Mirzə Cəlili saymadılar. Yoxsul vəziyyətdə yaşadılar. Bir misal deyim. Mirzə Cəlil özünə nazik bir palto alıbmış ki, yazda geyinsin. Həmidə xanım yazır ki, ömrünün axırına qədər ən sərt qışda da, o paltonu geyinməli oldu...Amma Həmidə xanımın dəyişməz qaydaları var idi. Nə qədər çətinlik olsa da, evində qulluqçusu var idi. O başqa cür yaşaya bilmirdi. Nəvəsi rəhmətlik Mina xanım danışırdı ki, Həmidə xanım öz dəsmalından başqa heç nə yumamışdı...Ömrünün sonunacan o aristokrat havanı saxlaya bildi. Amma çətinliklər içində...O, ən çətin məqamlarda da çıxış yolu tapmağı bacarırdı. Oğlu Midhət 26 yaşında vərəmdən ölür. Qızı intihar edir. Amma Həmidə xanımın bu 400 səhifəlik kitabında siz bir cümlə belə sızıltı tapa bilməzsiniz! O, sızıldamır, ağlamır. Daha çox ağlayanlara yardım edir. Müsibət içində müsibəti olana yardım edir. Qəribə bir qadın olub. Onun şüuru bizim bildiyimiz qadın şüuru deyil. Bu, bəşəri şüurdur, vətəndaş şüurudur. Bu şüur təbliğ olunmalıdır. Həmidə xanım beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadınıdır. Azərbaycanda ilk xeyriyyə cəmiyyətlərinin yaradıcısıdır.

ONUN ÜÇÜN BİR DƏYƏR VARDI—ŞƏRƏF!

--Həmidə xanım Mir Cəfər Bağırova o məşhur sözünü dedi. Sonra nələr oldu?

--Böyük oğlu Müzəffəri işdən çıxardılar. O, evin yeganə çörəkgətirəni idi...Məhbubə nənəm danışardı ki, Həmidə xanım hər axşam pəncərə qabağında dayanıb sakitcə baxarmış və fikirləşərmiş ki, görəsən uşaqlar bu gecə evə salamat qayıdacaqlarmı ? Həmidə xanım əzablı bir həyat yaşadı. Təhdid altında yaşadı. Amma Həmidə xanım üçün ehtiyacdan, həyatdan, hər şeydən qiymətli bir dəyər vardı—şərəf! O «Xatirələrim»i eynən Haşım Bəy Vəzirov demişkən, mürəkkəbə yox, vicdanına batırıb yazdı. Düzdür, altını çəkdi, amma geri durmadı. Uzun bir ömür yaşadı. 1955-ci ildə dünyasını dəyişdi. Bir şeyi də vurğulayım ki, bu kitabda bizim Azərbaycan cəmiyyəti üçün yeni olan bir obraz da var—onun atası Əhməd bəy Cavanşir. Onlar bizim dəyərlərimizdir. Dəyərlərimizin aşılandığı bir dövrdə bu insanları öyrənmək bizim xeyrimizədir.

--Mehriban xanım, kitaba görə təşəkkür edirəm. Etiraf edim ki, aylardır onun çapdan çıxmasını gözləyirdim.
XS
SM
MD
LG